Əli Şəmsi (1964, Şəki) — Azərbaycan rəssamı.
Həyatı Əli Şəmsi 1964-cü ildə Şəkidə anadan olub.
1981–1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil almışdır. 1985-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərlərindən biri Vatinkan muzeyindədir. Rəssamın əsərləri dünyanın bir çox prestijli qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Neftlə çəkilmiş bir əsəri Heydər Əliyev tərəfindən Bill Klintona hədiyyə edilmişdi.
İlk sərgisi 1995-ci ildə Bakıda keçirilmişdi. 1998-ci ildən etibarən mütəmadi olaraq ABŞ, Almaniya, Latviya, İtaliya və digər ölkələrdə Əli Şəmsinin fərdi sərgiləri təşkil olunur.
Rəssamın İçərişəhərdə yerləşən emalatxanası Bakıya gələn əcnəbi qonaqların sevimli turist məkanlarından biridir. Emalatxana İçərişəhərin məşhur görməli yerlərindən biri sayılır. Emalatxananın ətrafında müəllifi Əli Şəmsinin özü olan məşhur "qız ağacı" yerləşir.
31 mart 2012-ci ildə Qırğızıstan Prezidenti Almazbek Atambayev Azərbaycana rəsmi səfəri çərçivəsində Əli Şəmsinin İçərişəhərdə yerləşən emalatxanasında olmuş, rəssamın çəkdiyi rəsmlərə baxmışdır, və Əli Şəmsi qonağa xatirə hədiyyəsi təqdim etmişdir.
26 may 2016-cı ildə Londonun "The Framers" qalereyasında Əli Şəmsinin fərdi sərgisi açılıb, və "Yeni müasir rəsmlər" (New Contemporary Paintings) adlı sərgidə rəssamın müasir dünyaya baxışını əks etdirən sənət əsərləri nümayiş olunmuşdu.
Əli Şəmsi İkinci Qarabağ müharibəsindən sonra İçərişəhərdə yerləşən emalatxanasının önündə qələbənin şərəfinə "Dəmir yumruq" abidəsi düzəldir. Lakin abidə sosial şəbəkələrdə və mediada tənqidlərə məruz qalaraq 20 may 2023-cü ildə sökülür.
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Şəkidə doğulanlar
Xarici keçidlər
Qeyri adi yaradıcılığa, pozitiv enerjiyə malik – Əli Şəmsi