Siyəzən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Siyəzən şəhəridir.

Tarixi "Siyəzən" sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində "qara torpaq" digərlərinə görə isə hələ qədimdən buradan cıxan neftlə əlaqədar "quru su" deməkdir.

Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 1992-ci ildə Siyəzən yenidən ayrı rayon olmuşdur. Dəvəçi rayonundan ayrıldıqdan sonra Siyəzənin qədim kəndləri Ağbaş və Qalaalti sanatoriyasi Şabran rayonuna qalmışdir Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir.

Coğrafi mövqeyi Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur–Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub–şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz–çəmən, şabalıdı–qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə–çəmən landşaftı xarakterikdir. Ərazisi əsasən neft və təbii qaz, həmçinin əhəng daşı, çınqıl, gil və s. təbii ehtiyatlarla zəngindir. Siyəzən rayonunun ərazisindən respublika əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bakı–Quba magistral avtomobil yolunun 40 kilometri, Bakı–Mahaçqala dəmir yolunun isə 47 kilometri rayon ərazisinə düşür. Rayon ərazisində 4 dəmir yolu stansiyası fəaliyyət göstərir. Bunlar Qızıl–Burun, Zarat, Siyəzən, Gil–gilçay dəmir yolu stansiyalarıdır.

İqlimi Rayonda ovalıq və dağətəyi zonalarda yarımsəhra və quru çöl iqlimi, alçaq dağlıq sahələrdə yayı quraq keçən mülayim isti iqlim hakimdir. Havanınorta temperaturu yanvarda 1,5 °C, iyulda 23–25 °C-dir. Yay isti və quraq keçir. Yağıntıların illik miqdarı 200–400 mm arasında dəyişir. Rayon ərazisindən axan Gilgil və Ata çayları Xəzər dənizinə tökülür.

Geoloji quruluşu Rayon ərazisinin geoloji quruluşu Paleogen–Neogen və onun üzərində olan–Üst təbaşir çöküntülərindən ibarətdir.

Çayları və su hövzələri Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Gilgilçay başlanğıcını Gülümdostu dağının (2713 m) yamacından 1980 m yüksəklikdən alır.

Əhalisi

Siyəzən rayonunun əhalisi 43,8 minAzərbaycan Dövlət Statistika Komitəsi :Siyəzən rayonu nəfərdir (3mart 2023). Əhalinin orta sıxlığı hər kv. km-ə 58 nəfər (1 yanvar, 2020) düşür. Rayonun kənd əhalisi (33,39%) şəhər əhalisinə (65,61%) nisbətən azdır (13–22 aprel, 2009 s.a. əsasən). Ümumi əhalinin isə 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir. Əhali əsasən azərbaycanlılardan ibarətdir, həmçinin rayonda ləzgilər, ruslar, türklər, tatar, ukraynalılar və digər millətlərin nümayəndələri də yaşayır.

Görkəmli şəx Ağası Məlikov (1957–)— AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. Bakı mühəndislik universitetinin prorektoru. Rəsul Muradov — Fizika riyaziyyat elmləri doktoru, BDU-nin prorektoru, Prezident aparati yanında AAK-nın fizika üzrə müşahidə şurasının sədri. Elşən Hacızadə (1961–) — İqtisad elmləri doktoru, professor. Fuad Hacızadə (1952–) — Texnika elmləri doktoru. Əhliman Muradov (1951–2015) — Fizika riyaziyyat elmləri doktoru, professor. Kərimov Əflatun Xutkar - Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Bəybala Abbasov (1923–2012) — Tibb elmləri doktoru, professor.əməkdar həkim,əməkdar elm xadimi Dadaşov Ədalət İmamcan oğlu - Tibb elmləri doktoru Ramazanov Vaqif Gülmurad oğlu - Geologiya-mineralogiya elmləri doktoru,professor Mütəllimov Şəmsəddin Mütəllim oğlu - fizika riaziyyat elmləri doktoru,professor,Nyu-york Elmlər Akademiyasını həqiqi üzvü Mustafayev Heybətqulu Səfər oğlu - fizika riaziyyat elmləri doktoru,professor Bağırov Taləddin Orucqulu oğlu - fizika elmləri doktoru,professor Füzuli Hacıyev (1956–) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (1995–2002), Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007). Elza Seyidcahan (1968–) — Azərbaycanlı bəstəkar, müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Hüsniyyə Mürvətova (1971–) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti . Elnur Kərimov (1981–) — Azərbaycan aktyoru, Əməkdar artist. Həsən Əlövsətov — Hava döyüş komandanlığının qərərgah rəisi, general–mayor.

İqtisadi xarakteristikası Siyəzən rayonunun iqtisadiyyatının əsasını neft və qazçıxarma sənayesi təşkil edir. Rayonun ümumi məhsul buraxılışı 2005-ci ildə 39,3 mln manat olmuşdur. Rayonda pərakəndə əmtəə dövriyyəsi isə 12.7 mln manatdır. Həmçinin rayonda 2005-ci ildə 11,7 mln manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında isə taxılçılıq, heyvandarlıq və tərəvəzçilik mühüm yer tutur. 2005-ci ildə 21,6 mln manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, onun da çox hissəsi heyvandarlığın (92,7%) payına düşür. Son illər rayonda quşçuluq daha yaxşı inkişaf etmiş sahələrdən hesab olunur. Hazırda rayon ərazisində "Siyəzən–Broyler" ATSC fəaliyyət göstərir.

Maddi–mədəni irsi Dünya əhəmiyyətli abidələr: Beşbarmaq paralel müdafiə səddi (IV–VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Hazırda dövrümüzə qədər səddin bir hissəsi gəlib çatmışdır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir–birindən 200 m. aralı iki divardan ibarət idi. Gilgilçay müdafiə istehkamlar kompleksi (V əsr) — Abidə Siyəzən rayonunun Yenikənd, Kolanı, Eynibulaq, Daşlı Calğan, Qala–altı kəndlərindən keçərək Çıraq qala ilə birləşir.

Ölkə və yerli əhəmiyyətli abidələr: Pir Xəlil türbəsi (XVIII əsr) — Gil–Gilçay qəsəbəsində yerləşir. Hazırkı dövrə qədər salamat qalmışdır. Qala qalıqları — Dindar qalası (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır. Şeyx Heydər türbəsi (XV əsr) — Qədim Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır. Karvansara qalıqları (XV–XVII əsrlər) — Bakı–Dəvəçi şose yolunun 87 km. sağ tərəfində yerləşir. Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir. Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir. Daş mağara — Dib kəndində yerləşir. Dəmiryol vağzalı (1898) — Gil–Gilçay stansiyası. Dəmiryol vağzalı (1913) — Zarat stansiyası. Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir. Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası. Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.

Xatirə abidələri: Cəfər Cabbarlının heykəli. Mikayıl Müşfiqin heykəli. "1941–1945" abidə kompleksi. "20 Yanvar" abidə kompleksi. "Neftçi şəhidlər" abidə kompleksi. Heyder Eliyev heykeli

İstinadlar

Mənbə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri. — Kənd rayonları, səhifə 870–871. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017

Həmçinin bax Şimali Qıraq Daşı