Milix İlxananoviç Yevdayev () — Azərbaycan ictimai-dini xadimi, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri (2012-ci ildən).
Həyatı Milix İlxananoviç Yevdayev 26 iyul 1946-cı ildə Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Qırmızı Qəsəbədəki 1 nömrəli tam orta məktəbdə almışdır. Ali təhsilini Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsində almış və 1971-ci ildə buradan məzun olmuşdur. Daha sonra Belarus Xalq Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir.
Ali təhsilini başa vurduqdan sonra təyinatla Ulyanovsk şəhərində əmək fəaliyyətinə başlamışdır. Daha sonra Azərbaycanda işlə təmin olunmuş, Bakıda 1 nömrəli ayaqqabı fabrikində nəzarətçi kimi çalışmış və bir il ərzində sex texnoloqu vəzifəsinə irəli çəkilmişdir. Sonralar Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində mühəndis kimi fəaliyyətə başlamış və şöbə rəisi vəzifəsinədək yüksəlmişdir.
Təqaüdə çıxdıqdan sonra ictimai-dini fəaliyyət göstərmişdir. 2011-ci ilin avqust ayında Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması sədrinin müavini, 2012-ci ilin mart ayında isə icmanın sədri seçilmişdir.
Milix Yevdayev Azərbaycanda yəhudi icmasının ictimai və dini həyatında, eləcə də dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı müxtəlif tədbirlərdə iştirak etmişdir. 27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olmuşdur. 2018-ci ildə nəşr olunmuş "Jewish Life in Azerbaijan" ("Azərbaycanda yəhudilərin həyat tərzi") kitabının müəllifidir.
Milix Yevdayev Azərbaycan və xarici mətbuatda dağ yəhudilərinin tarixi, Azərbaycandakı yəhudi icmasının həyatı, dinlərarası münasibətlər və multikulturalizm mövzularında çıxış etmişdir.
Ailəlidir, 3 övladı var.
Təltifləri Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 16 noyabr 2015 "Şöhrət" ordeni — 25 iyul 2016 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 10 avqust 2018 "Şərəf" ordeni — 26 iyul 2021 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 25 iyul 2026
İstinadlar
Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycanın din xadimləri