Quntis Ulmanis və ya 1939–1955-ci illərdə sahib olduğu Quntis Rumpitis () — Latviyalı Dövlət və Siyasi Xadim; 8 iyul 1993-cü ildən 8 iyul 1999-cu ilə qədər Latviya Respublikasının 5-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Quntis Ulmanis, Latviya Seyminin V (1993) və X (2010–2011) çağırış üzvü olub.

Həyatı Quntis Ulmanis 1939-cu il sentyabrın 13-də Riqa şəhərində anadan olub. Quntis Ulmanisin babasının qardaşı Sovet işğalından əvvəl mövcud olan Latviya dövlətinin sonuncu Prezidenti Karlis Ulmanisdir. Quntis Ulmanis və ailəsi 1941-ci ildə Sibir regionuna sürgün olunub və 1946-cı ildə Riqa şəhərində yaşamamaq şərti ilə Latviyaya dönmələrinə icazə verilib. Ulmanis ailəsi əvvəlcə Kuldiq rayonunun Edole qəsəbəsində, sonra isə Yurmala şəhərində yaşayıb.

Orta təhsilini Yurmala şəhərində alan Quntis Ulmanis, 1963-cü ildə Latviya Universitetini iqtisadçı ixtisası üzrə bitirib. 1963–1965-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub.

Fəaliyyəti Hərbi xidmətini başa vurduqdan sonra Quntis Ulmanis, inşaat sahəsində iqtisadçı olaraq çalışdı. Daha sonra Riqa Tramvay-trolleybus İdarəsində çalışan Quntis Ulmanis, Riqa şəhər İcra Komitəsinin rəhbərinin müavini təyin edildi. Amma bir neçə aydan sonra sahib olduğu Ulmanis soyadına görə işdən qovuldu. Quntis Ulmanis 1965-ci ildə Kommunist Partiyasının sıralarına üzv oldu, 1989-cu ildə isə həmin partiyadan ayrıldı.

Quntis Ulmanis 1993-cü il iyulun 7-də baş tutan Prezident seçimlərinə yeganə namizəd oldu. Kəndçi İttifaqının namizədi olan Quntis Ulmanisin lehinə 53, əleyhinə isə 26 deputat səs verdi. Səsvermənin nəticələrinə əsasən Quntis Ulmanis üç il müddətinə Latviya Respublikasının Prezidenti seçildi. Onun andiçmə mərasimi iyulun 8-də baş tutdu. O, dövlət müstəqilliyinin bərpa edən Müstəqil Latviya Respublikasının ilk Prezidenti oldu.

Ailəsi Quntis Ulmanis Ayna Ulmane ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.

Təltifləri

Latviya təltifləri Latviya : "Üç Ulduz" ordeni Latviya : "Viestura" ordeni Latviya : "Etiraf" xaçı

Xarici təltiflər Almaniya : "Almaniya qarşısında xidmətlərə görə" ordeni Birləşmiş Krallıq : "Müqəddəs Mixail və Georgi" ordeni Danimarka : "Fil" ordeni Estoniya : "Mariya Torpağı Xaçı" ordeni Fransa : "Fəxri Legion" ordeni Finlandiya : "Ağ qızılgül" ordeni İslandiya : "İslandiya qızılquşu" ordeni İsveç : "Serafimlər" ordeni İtaliya : "İtaliya qarşısında xidmətlərə görə" ordeni Litva : "Müqəddəs Vitautas" ordeni Norveç : "Müqəddəs Olaf" ordeni Polşa : "Ağ qartal" ordeni

İstinadlar

Kateqoriya:Latviya prezidentləri Kateqoriya:Latviya Seyminin V çağırış deputatları Kateqoriya:Latviya Seyminin X çağırış deputatları Kateqoriya:Latviya siyasətçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasını tərk edənlər Kateqoriya:SSRİ-də xalqların deportasiyasının qurbanları