Marvel's Spider-Man () — "Insomniac Games" tərəfindən hazırlanan, "Sony Interactive Entertainment" tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan videooyun. Bu, "Insomniac Games" şirkətinin ilk lisenziyalı videooyunudur və bütövlükdə 35-ci Hörümçək-adam videooyunudur. Oyun 7 sentyabr 2018-ci il tarixində PlayStation 4 konsoluna eksklüziv olaraq satışa çıxarılmışdır. Oyun "Marvel Comics" nəşriyyatının Hörümçək-adam kainatında, ABŞ-nin Nyu-York şəhərində cərəyan edir. Oyun uzunömürlü komiks mifologiyası və digər mediadakı adaptasiyalardan ilham almışdır.

Oyunun əsas süjet xətti 23 yaşlı kollec məzunu və tədqiqat üzrə köməkçi olan, bədbəxt hadisə nəticəsində radioaktiv bir hörümçək tərəfindən sancılmasından sonra superinsan qabiliyyətləri əldə edən Piter Parkerdən bəhs edir. Piter Parker artıq səkkiz ildir ki, alter eqosu olan Hörümçək-adam olaraq cinayətkarlarla vuruşur. O, öz superqəhrəman və şəxsi həyatı arasındakı balansı saxlamaqda çətinlik çəkir. Supercinayətkar olan Mister Neqativ Nyu-York şəhərinin kriminal aləminin idarəsini ələ almaq üçün plan qurur. Mister Neqativ öldürücü bir virusu yaymaq barədə hədə-qorxu gəldikdə, Hörümçək-adam onunla üz-üzə gəlir və bir tərəfdən öz mülki şəxsiyyəti Piter Parkerin şəxsi problemləri ilə məşğul olarkən, digər tərəfdən də şəhəri müdafiə edir.

Oyunun geympleyinin diqqət mərkəzi Hörümçək-adamın səyahət və döyüş qabiliyyətlərindədir. Bu, üçüncü-şəxs perspektivindən göstərilir. Hörümçək-adam Nyu-York şəhərində rahatlıqla hərəkət edə, personajlarla qarşılıqlı əlaqəyə girə, öz boynuna tapşırıqlar götürə, eləcə də əsas süjet xəttində irəliləyərək və ya tapşırıqları yerinə yetirərək yeni qadcetlər və kostyumların kilidi aça bilər. Süjet xətti xaricində, oyunçu əlavə məzmun və kolleksiya əşyalarının kilidi açmaq üçün yan tapşırıqları yerinə yetirə bilər. Oyunun geympleyinin döyüş seqmenti hücumları zəncirləyərək, ətraf mühitdən istifadə edərək və tor ataraq yağıları yararsızlaşdırmağa fokuslanır.

"Spider-Man" videooyunun istehsalına 2014-cü ildə start verilmişdir və təxminən dörd ilə başa çatmışdır. "Insomniac Games" şirkətinə videooyun istehsal etmək üçün "Marvel Comics" nəşriyyatının kataloqundakı istədikləri personajdan istifadə etmək imkanı verilmişdi. Şirkət Hörümçək-adamı seçdi. Bu qərarın iki səbəbi var idi işçilərin personajı xoşlaması və planlaşdırılan geympleyin əvvəlki layihələri olan "Sunset Overdrive" (2014) videooyununun geympleyinə çox oxşaması. Oyunun geymdizaynı üzrə işləyərkən "Insomniac Games" bütün medialarda görünmüş hər bir Hörümçək-adam variasiyasından ilham almışdır, lakin "Marvel Comics" və "Insomniac Games" oyunçulara mövcud bir əsərlə əlaqəsi olmayan orijinal bir hekayə təqdim etmək istəyirdi. Buna görə də şirkət Yer-1048 () adlı xüsusi bir kainat yaratmışdır. O vaxtdan bəri bu kainatdan romanlar, merçandayzinq və komikslərdə istifadə olunmuşdur.

"Spider-Man" PlayStation 4 konsoluna eksklüziv olaraq 7 sentyabr 2018-ci il tarixində satışa çıxarılmışdır. Oyun hekayəsi, personajları, döyüş və tordan istifadə edən səyahət mexanikalarına görə təriflənmiş, ancaq açıq-dünya dizaynı yenilikçi olmadığı üçün bəziləri tərəfindən tənqid edilmişdir. Gözdən keçirilənlərin bir qismi oyunu tarixin ən yaxşı superqəhrəman oyunlarından biri adlandırmış, sevilən "Batman: Arkham" seriyası ilə müqayisə etmişdir. "Spider-Man" 2018-ci ilin ən tez satan oyunlarından birinə, ən çox satan PlayStation 4 oyunlarından birinə və ABŞ-də ən tez satan superqəhrəman oyununa çevrilmişdir. "Spider-Man" videooyununun davamçısı hekayəyə əsaslanan üçhissəli endirilə bilən məzmun olan "Spider-Man: The City that Never Sleeps" buraxılışıdır. Bu buraxılışın hər hissəsi aylıq şəkildə 2018-ci ilin oktyabr ayından dekabr ayına qədər satışa çıxarılmışdır.

Geympley thumb|left|thumbtime=0:02|Hörümçək-adam qabiliyyətlərindən və torlarından istifadə edərək üfüqi və ya şaquli istiqamətdə hərəkət edərək, maneələrdən durmadan keçərək şəhərdə rahatlıqla səyahət edə bilir. (0:12)|link=Special:FilePath/Marvel's_Spider-Man_Web_Traversal_System.webm

Ümumi "Spider-Man" əsas süjet xətti ABŞ-nin Nyu-York şəhərinin Manhetten borosunun uydurulmuş bir versiyasında cərəyan edən açıq-dünya döyüş-macəra videooyunudur. Oyun oyunçu personajı ekranda göstərərək və kameranın rahatlıqla onun ətrafında fırladılmağına imkan verərək üçüncü-şəxs perspektivindən təqdim edilir. Əsas oynanıla bilən personaj superqəhrəman Hörümçək-adamdır.

Döyüş Döyüş sistemi üç butonun istifadə edilməsindən ibarətdir biri fəndbazlıq, biri fiziki zərbələr endirmək, biri isə tora əsaslanan hücumlar üçündür. Toratmadan yağıları yararsızlaşdırmaq və onları yaxın obyektlərə yapışdırmaq onları birbaşa döyüşdən uzaqlaşdırmaq üçün istifadə etmək olar. Yüksəklikdən düşən düşmənlər Hörümçək-adam tərəfindən avtomatik şəkildə tor baramalarına çevrilir və beləliklə, onlar ölümdən xilas olunur. Hörümçək-adam döyüş zamanı ətraf mühitdən istifadə edə də bilər. O, divarlardan tullana, kürəbənd qapaqları, qumbaraları və torla bürünmüş düşmənləri tullaya bilər.

Müvəffəqiyyətli və ardıcıl zərbələr "fokus" yaradır. Bu, qismən tamamlandıqla Hörümçək-adamın sağlamlıq səviyyəsini artıra, tam şəkildə tamamlandıqda isə hər hansı bir düşməni dərhal zərərsizləşdirən xüsusi finiş zərbələri endirmək imkanını yaradır. Hörümçək-adamda "hörümçək hissi" var ki, bu da oyunçu personajın başının üzərində ağ rəngli bir ikona olaraq göstərilir. Hörümçək hissi gələcək hücumu və ondan fərdbazlıqla yayına bilinəcəyini oyunçuya öncədən xəbər verir. Zərbə endiriləndən çox az əvvəl gerçəkləşdirilmiş yayınma hərəkəti Hörümçək-adama zərbəsindən yayındığı düşmənə toratma ilə cavab zərbəsi endirmək imkanını verir. Bəzi düşmənlər başqa yollardan istifadə edərək məğlub edilməlidir. Əlbəyaxa döyüş silahı daşıyan düşmənlər oyunçu personajın endirdiyi zərbələri əngəlləyir, buna görə də oyunçu personaj düşmənlərə onları göyə uçuracaq güclü zərbə endirməlidir. Qalxanlı düşmənlər də Hörümçək-adamın endirdiyi zənrbələri əngəlləyə bilirlər. Buna görə də Hörümçək-adam onların arxalarına keçib onlara oradan zərbə endirməlidir. Qamçı daşıyan düşmənlər Hörümçək-adamı göydə yaxalaya bilər və onu özünə çəkərək ona zərbə endirə bilər. Onları məğlub etmək üçün cavab zərbələrini dəqiq endirmək zəruridir. Digər düşmən tiplərinə məğlub olmazdan əvvəl daha çox zərər ala bilən ağır zirehli agentlər, qaba adamlar və havada qala bilən raket arxa çantası geyən düşmənlər aiddir.

Səyahət Hörümçək-adam dünyada yeriyərək, tullanaraq, binalar arasından tor ataraq yellənərək, divarlar boyunca qaçaraq və maneələrin üzərindən avtomatik şəkildə tullanaraq hərəkət edə bilir. Əlavə olaraq, o, binaları çox asanlıqla dırmaşa, akrobatik hərəkətlər yerinə yetirə bilir. Personaj özünü müəyyən nöqtələrə çəkmək üçün torları dəqiq şəkildə nişanlaya bilir. Yellənmək üçün istifadə olunan torları bərkitmək üçün fiziki obyektlərə ehtiyac duyulur. Yellənməyin güc və sürətini toru müəyyən nöqtələrdə buraxaraq idarə etmək olar. Bunu edərək personaj yellənərkən daha yüksəyə qalxır və sürətini artırır. Oyunda Nyu-York metropolitenindən istifadə edən seçimə bağlı sürətli səyahət sistemi xüsusiyyəti mövcuddur.

Avadanlıqlar Hörümçək-adamın döyüş zamanı işə sala biləcəyi müxtəlif qadcetləri var. Bu qadcetlərə elektrik toratma, kontuziyaya səbəb olan hava axını və düşmənləri arxaya itələyən zərbəli toratma aiddir. Oyunçu qadcetlərin kilidini oyunun əsas süjet xəttində irəliləyərək aça bilər. Bu qadcetləri radial menyudan istifadə edərək işlətmək olar. Hörümçək-adamın bir neçə kilidi açıla bilən kostyumları var. Bu kostyumlar digər mediafa mövcud olan Hörümçək-adam kostyumlarına əsaslanır. Əlavə olaraq, bu kostyumlara oyun üçün hazırlanmış orijinal kostyumlar da daxildir. Bu kostyumların çoxu daha sürətlə artan fokus, qravitasiyanın azaldılması, gizliliyin təkmilləşdirilməsi, oyunçunun toxunulmazlaşdırılması və düşmənlərin silahlarını yararsız hala gətirmək üçün elektromaqnetik impuls yaymaq kimi döyüş zamanı oyunçuya kömək edə biləcək xüsusi qabiliyyətlər təqdim edir. Kilidi açılan zaman kostyumlar və gücləri istənilən vaxt kombinə etmək olar. Gizli döyüş sistemi Hörümçək-adamın yüksək yerlərdə hərəkət edərək qadcetlərdən və ya torlardan istifadə edərək yalnız qalmış düşmənləri zərərsizləşdirməsindən ibarətdir. Səviyyə adlamaq oyunçuya bacarıq ağacındakı üç kateqoriyaya yer üzərində döyüş, havada döyüş və səyahət kateqoriyalarına ayrılmış bacarıqların kilidini açmaq imkanını verir.

Digər Kostyumlar, kostyum modifikasiyaları, qadcetlər və onlara bağlı inkişaflar oyunçuya müəyyən tapşırıqların yerinə yetirilməsi nəticəsində verilən jetonlar () adlı resurslarla satın alınır. Kilidi açılan bilən hər bir əşya müxtəlif növ jetonların müəyyən miqdarını tələb edir. Jetonlar 6 növə ayrılır. Onlar Taskmasterin verdiyi vaxt və bacarığa əsaslanan döyüş, gizlilik və səyahət tapşırıqlarını yerinə yetirməklə qazanılan çağırış jetonları; Hörümçək-adamın köhnə arxa çantalarının yerini tapmaqla qazanılan arxa çantası jetonları; tədqiqat mərkəzi tapşırıqlarını, elmi mini-oyunları yerinə yetirməklə və göyərçin toplamaqla qazanılan tədqiqat jetonları; ətraf mühitdə gerçəkləşən cinayət hadisələrinin qarşısını almaqla qazanılan cinayət jetonları; düşmən bazalarını yağılardan təmizləyərək qazanılan baza jetonları; şəhərdə yerləşən müəyyən məkanların şəklini çəkərək qazanılan görməli yer jetonları. Tamamladıqda oyunçuya təcrübə balları və tədqiqat jetonları verən elektrik torunu düzgün sıralamağı tələb edən halqa pazlları və mürəkkəb parçalardan istifadə edərək müəyyən naxışları yenidən qurmağı tələb edən naxış pazlları kimi mini-oyunlar da mövcuddur. Oyunçu şəhərin müxtəlif möqtələrində yerləşən radio qüllələrini bərpa edə bilər. Radio qüllələri bərpa edildikdə əhatə dairəsindəki bütün toplanıla bilən əşyaları, tapşırıqları və aktiv cinayət hadisələrini nişanlayır.

Oyunun bəzi seqmentlərində oyunçu Hörümçək-adamın alter eqosu olan Piter Parkeri, onun dostları Meri Ceyn Uotsonu və Maylz Moralesi idarə edir. Oyunçunun Parkeri idarə etdiyi hissələr adətən pazlları həll etməkdən ibarətdir, fəqət oyunçunun Meri Ceyn və Maylzı idarə etdiyi hissələr isə düşmənlərdən yayınmaq üçün gizlilikdən istifadəyə fokuslanır. Oyunda ilkin mərhələdə üç çətinlik səviyyəsi olacaqdı. Onlar Dostcul (asan), Heyranedici (normal) və Valehedici (çətin). Oyun satışa çıxarıldıqdan sonra təqdim edilən yeniləmədə oyuna dördüncü "Mükəmməl" çətinlik səviyyəsi gətirilmişdir. Bu çətinlik səviyyəsində düşmənin verdiyi zərər və onların sağlamlığı artırılır, Hörümçək-adamınki isə azaldılır. Əlavə olaraq, bu yeniləmə oyuna "New Game Plus" xüsusiyyətini də gətirmişdir. Bu xüsusiyyət sayəsində oyunçu yenidən başlatdığı oyunda əvvəlki oyunkeçmədə kilidini açdığı bütün kostyumlar, güclər, qadcetlər və kostyum modifikasiyalardan istədiyi zaman istifadə edə bilər. Oyunda həmçinin, əlverişlilik nizamlamaları var. Bu nizamlamalarla pazl mini-oyunlarını ötürə, daha böyük subtitrları aktivləşdirə, "quick time event" hissələrini avtomatik olaraq tamamlaya və butonabasma funksiyasını butonusaxlama funksiyası ilə dəyişdirə bilər. Oyunda müxtəlif şəkil filterləri, etiketləri və çərçivələrindən istifadə edərək Hörümçək-adamın və ətraf mühitin şəklini çəkmək üçün şəkil rejimi də var. Kameradan selfi çəkmək üçün istifadə etmək olar və şəkil çəkmək üçün oyunu hər an dayandırmaq mümkündür.

Süjet

Qurma