Bencamin Aaron Şapiro (; ) — ABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısı və hüquqşünası. O, 17 yaşında olarkən ABŞ-də milli şəkildə sindikatlaşdırılmış ən gənc icmalçı olmuşdur. Şapiro "Creators Syndicate" və "Newsweek" üçün icmallar yazır, qurduğu "The Daily Wire" veb-saytının baş redaktoru, "The Ben Shapiro Show" gündəlik siyasi podkastı və canlı radioverilişinin aparıcısıdır. 2012-ci ildən 2016-cı ilə qədər "Breitbart News" veb-saytının redaktor-konsultantı olmuş Ben Şapiro bu günə kimi 11 kitab yazmışdır. Onların birincisi "Brainwashed: How Universities Indoctrinate America's Youth" (2004), ən yenisi isə "The Authoritarian Moment: How the Left Weaponized America's Institutions Against Dissent" (2021).

İlk illəri Bencamin Aaron Şapiro 15 yanvar 1984-cü il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində, Rusiya və Litva mənşəli bir yəhudi ailəsində anadan olmuşdur. O, 9 yaşında ailəsi ilə birlikdə ortodoks yəhudiliyə keçmişdir. Şapiro uşaq yaşlarından skripka ifa etməyi öyrənmişdi. O, on iki yaşında olarkən İsrail İstiqrazlar Banketində skripka ifa etmişdir. Şapironun valideynlərinin hər ikisi də Hollivudda işləyirdi. Onun anası bir teleşirkətdə administrator, atası isə bəstəkar olaraq çalışmışdır. Şapironun xalasıqızı ABŞ yazıçısı və keçmiş uşaq aktrisa Mara Uilsondur.

İbtidai məktəbdə oxuyan zaman Şapiro üzgüçülük yarışlarında bir neçə dəfə birinci olmuşdur. İki sinif adlayan (üçüncü və doqquzuncu) Şapiro Ualter Rid Orta Məktəbindən Los-Anceles Yeşiva Universiteti Orta Məktəbinə keçmişdir ki, o, buradan 2000-ci ildə, 16 yaşında məzun olmuşdur. O, 2004-cü ildə, 20 yaşında Kaliforniya Universitetindən summa cum laude və Phi Beta Kappa dərəcələri ilə, 2007-ci ildə, 23 yaşında isə Harvard Hüquq Məktəbindən politologiya üzrə incəsənət bakalavrı dərəcəsi ilə, daha sonra isə cum laude dərəcəsi ilə məzun olmuşdur. O, "Goodwin Procter" firmasında hüquq tətbiq etmişdir. 2012-ci ilin mart ayından ibarət o, "Benjamin Shapiro Legal Consulting" adlı Los-Anceles əsaslı hüquqi konsultasiya firmasına rəhbərlik edir.

Karyerası

Yazıçılıq Ben Şapiro siyasətlə gənc yaşlarından maraqlanmışdır. O, 17 yaşında olarkən milli şəkildə sindikatlaşdırılmış icmalçı olmuş və 21 yaşında olarkən iki kitab yazmışdır.

2004-cü ildə yazdığı ilk kitabı olan "Beyni təmizlənmiş. Universitetlər Amerikanın gəncliyini necə təlqin edir" kitabında Şapiro iddia edir ki, universitetlərdə tələbələrə fərqli-fərqli nöqteyi-nəzərlər nümayiş olunmur və sinif otaqlarında müzakirələr təşviq edilsə belə güclü fikirləri olmayan şəxslər liberal təşkilatların üstünlük təşkil etdiyi atmosfer tərəfindən əziləcəklər.

2011-ci ildə "HarperCollins" Şapironun dördüncü kitabını – "Praym-taym propaqanda. Solun sizin televizorunuzu necə ələ keçirməsinin gerçək Hollivud hekayəsi" kitabını nəşr etmişdir. Bu kitabda o, iddia edir ki, Hollivudun praym-taym əyləncə verilişlərində təbliğ etdiyi solçu siyasəti var. Bu kitabda "Xoşbəxt günlər" və "MEŞ" teleseriallarının prodüserləri qəbul edir ki, onlar pro-pasifist, anti-Vyetnam müharibəsi siyasət yürütmüşdülər. Həmin il Şapiro "David Horowitz Freedom Center" fondunun üzvü olmuşdur.

2013-cü ildə "Threshold Editions" Şapironun beşinci kitabını – "Zorbalar. Solun qorxu və qorxutma mədəniyyəti amerikalıları necə susdurur" kitabını nəşr etmişdir.

2019-cu ildə Ben Şapiro "Tarixin düzgün tərəfi. Səbəb və mənəvi məqsəd Qərbi necə möhtəşəm etdi" kitabını nəşr etdirmişdir. Kitab iudaist-xristian dəyərlərinin əhəmiyyətindən və həmin dəyərlərin müasir Amerikada süquta uğramasından bəhs edir. 2019-cu ilin may ayında "BBC" telekanalına verdiyi müsahibədə Ben Şapiro öz kitabını reklam edirdi, lakin daha sonra müsahib Endrü Nil Şapironun səsləndirdiyi şərhlərin kitabın mesajına zidd olduğunu demişdir. Şapiro bu tənqidi özünə təhqir kimi götürmüş, Nili solçuluqla ittiham etmişdir. O, Nilə dedi ki, "mənim populyar olduğuma və heç kəsin sənin adını eşitmədiyinə görə şıllaq atırsan" və müsahibəni əsəbi halda tərk etmişdir. Şapiro daha sonra öz boynuna aldı ki, o, Nil tərəfindən "darmadağın edilib". O, öz rəsmi Tvitter hesabında yazmışdır: "Mən öz qaydamı pozdum və buna tamamilə hazır deyildim".

Kitabın satışa çıxarılmasından sonra Şapiro elementar araşdırmanın və eksperimental elmin Qərbə özəl olduğunu demişdir. Miçiqan Universitetinin Orta Şərq Elmləri fakültəsinin professoru Xuan Koul Şepironun iddialarının yanlış olduğunu bəyan etmişdir. O, mürəkkəb elmin dünyanın digər hissələrində də tətbiq edildiyini demişdir. Koul nümunə olaraq, orta əsr ərəb alimi Əbu Əli Həsən ibn Heysəm Bəsrinin elmi metodikanı təqdim edən ilk insanlardan biri hesab olunmasını göstərmişdir. İqtisadçı Noa Smit kitabı tənqid etmişdir. O, qeyd etmişdir ki, elmi ustalığın ölçülməsi, məsələn, Nobel mükafatı, qüsurludur, çünki onları təqdim edənlər öz araşdırmalarını oxşar dillərdə yayımlayan Qərb alimlərindən daha çox xəbərdar olan isveçli alimlərdir.

İcmalçılıq thumb|150px|left|Ben Şapiro Missuri Kollec Respublikaçıları tədbirində müsahibə verərkən. 2015-ci il.

2012-ci ildə Ben Şapiro Endrü Breytbart tərəfindən təsis edilən "Breitbart News" mühafizəkar veb-saytının redaktor-konsultantı olmuşdur. 2016-cı ilin mart ayında Şapiro bu vəzifəsindən istefa etmişdir. Buna səbəb Donald Trampın keçmiş kampaniya meneceri Kori Levandovskinin müxbir Mişell Fildsə hücum etməsində veb-saytın müxbirə dəstək verməməsi idi. Şapironun işi atmasından sonra Breytbart bir məqalə yayımlamışdır. Bu məqalə də o yazmışdır: "Ben Şapiro Fox News qurumuna töhfə vermək üçün sadiq Breytbart oxucularına xəyanət edir". Buna baxmayaraq, o, daha sonra bu məqaləni silmişdir. Şapiro "Breitbart News" veb-saytını tərk etdikdən sonra o, antisemit ritorikaya məruz qalmışdır. 2016-cı ildə "Anti-Defamation League" tərəfindən tərtib edilən analizə görə, Şapiro ən çox antisemit reaksiyaya məruz qalan jurnalistdir.

7 fevral 2013-cü il tarixində Şapiro müəyyən olmayan senat mənbələrinə istinad verərək "HƏMAS-ın dostları" adlı bir qrupun Birləşmiş Ştatların Prezidenti Barak Obamanın onu namizəd göstərməsiylə Müdafiə Katibi vəzifəsinə təsdiqlənməyi gözləyən keçmiş ABŞ senatoru Çak Heygeli dəstəkləyənlərin arasında olduğundan bəhs edən bir məqalə yayımlamışdır, ancaq həftələr sonra "Slate" müxbiri Devid Veygel bildirmişdir ki, elə bir qrupun mövcud olması barədə heç bir dəlil yoxdur. Şapiro Veygelə demişdir ki, yayımladığı hekayə "əlində olan məlumatların hamısı idi".

7 oktyabr 2013-cü il tarixində Şapiro və biznes partnyoru Ceremi Boreynq ilə birlikdə "David Horowitz Freedom Center" ilə əlaqəli "TruthRevolt" veb-saytını təsis etmişdir. "TruthRevolt" 2018-ci ilin mart ayında fəaliyyətini dayandırmışdır.

14 yanvar 2021-ci il tarixində Şapiro "Politico Playbook" bülletenində qonaq yazıçı olmuş, burada o, Donald Trampın ikinci impiçmentinə qarşı çıxan Ağ Ev Respublikaçılarını qorumuşdur. Bülleten buna görə bəzi "Politico" işçisindən mənfi reaksiya almışdır. Onlardan bəzilərinə görə, Şapironun məqalə yazmasına icazə verilməməliydi. "Politico"nun baş redaktoru Metyu Kaminski üzr istəməkdən imtina etmiş və Şapironun məqalə yazmasına icazənin verilməsinə haqq qazandırmışdır. "Daily Beast" saytına görə, 100-dən çox "Politico" işçisi yayımçı Robert Allbrittona məktub göndərərək "Politico"nun Şapiroya məqalə yazmağa icazə verməsini və Kaminskinin reaksiyasını tənqid etmişdir.

Aparıcılıq 2012-ci ildə Şapiro "KRLA-AM 870" radiostansiyasına aparıcı olaraq qoşulmuşdur. O, Haydi Harris və Brayn Uaytmanla birlikdə radiostansiyanın səhər vaxtı verilən radioverilişində aparıcılıq edirdi. 2016-cı ildən etibarən o, "KRLA-AM 870" radiostansiyasının "The Morning Answer" radioverilişinin aparıcılarından bir idi. Daxili elektron poçtlar göstərmişdir ki, Şapiro radioverilişə sahibi olan "Salem Media" sindikatının adminstratorlarının təzyiqinə məruz qalmışdır. Onlar Şapiroya deyirdilər ki, 2016-cı il ABŞ Prezident seçkilərində Donald Trampa daha çox dəstək versin. Buna baxmayaraq, Şapiro Trampı bütün seçki boyunca sərt şəkildə tənqid etmişdir.

Ben Şapiro və Ceremi Boreynq 21 sentyabr 2015-ci il tarixində "The Daily Wire" saytını təsis etmişdir. O, saytın həm baş redaktoru, həm də ki saytın gündəlik yayımlanan və onlayn siyasi podkastı olan "The Ben Shapiro Show" verilişinin aparıcısıdır. "Podtrac" qurumunun verdiyi məlumata görə, "The Ben Shapiro Show" 2019-cu ilin mart ayından etibarən ABŞ-nin ən populyar ikinci podkastıdır. "Westwood One" şirkəti 2018-ci ilin aprel ayında "The Ben Shapiro Show" podkastını radioyaya sindikatlaşdırmağa başlamışdır. "Politico" qəzeti 2018-ci ildə podkastın "geniş miqyasda populyar" olduğunu demişdir. "Westwood One" 2019-cu ilin yanvar ayında Şapironun bir saatlıq podkastdan radioyaya verilişini genişləndirmiş, dövlət səviyyəsində sindikatlaşdırılmış iki saatlıq radioveriliş əlavə etmişdir. "Westwood One" şirkətinin verdiyi məlumata görə, 2019-cu ilin mart ayından etibarən, "The Ben Shapiro Show" 200-dən çox radiostansiyasında səsləndirilir. 2020-ci ilin iyun ayında Şapiro saytın qurulduğu gündən bəri tutduğu baş redaktor vəzifəsini tərk etmişdir.

2018-ci ilin sentyabr ayında Şapiro "Fox News" telekanalında yayımlanan "The Ben Shapiro Election Special" verilişinə aparıcılıq etməyə başlamışdır. Məhdudseriyalı veriliş 2018-ci il ABŞ ara seçkiləri ilə əlaqədar xəbərləri əhatə edirdi.

Şapiro tez-tez "PragerU" təşkilatının debatlarında iştirak etmişdir. Onun interseksionallıq və Hollivud haqqında olan debatları 2018-ci ilin dekabr ayında əldə edilən məlumatlara görə 4.900.000–8.400.000 izlənmə sayı qazanmışdır.

Kampus lektorluğu thumb|200px|Ben Şapironun Ferris Ştat Universitetindəki niqti. 2017-ci il.

Şapiro tez-tez müxtəlif kollec kampuslarında nitqlər səsləndirir. O, kampuslardakı auditoriyasına, adətən, öz mühafizəkar nöqteyi-nəzərlərini təqdim edir. Şapiro 2016-cı ilin əvvəllərindən 2017-ci ilin axırlarına qədər 27 kampusda nitq səsləndirmişdir.

Los-Anceles Kaliforniya Ştat Universitetindəki bəzi tələbələr və fakültə üzvləri o zaman "Breitbart News" saytının baş redaktoru olan Şapironun 25 fevral 2016-cı il tarixində keçiriləcək "Çeşidlilik problemə çevirələndə" () adlı nitqinə mənfi münasibət bəsləyirdilər. Universitetin prezidenti Uilyam Kovino nitqi onun tarixini müxtəlif kampus tələbələrinin çeşidliliyi üzrə müxtəlif nöqteyi-nəzərləri ehtiva etməsi üçün yenidən təyin etmək hədəfiylə keçirilməsindən üç gün əvvəl ləğv eləmişdir. Kovino axırda bu qərarını ləğv etmiş, tədbirin əvvəlcədən planlaşdırıldığı şəkildə səsləndirilməsinə icazə vermişdir. Tədbirin keçirildiyi gün tələbələr insan zəncirləri quraraq tədbirə olan yolları bağlamış, oturuş protesti təşkil etmişdir. Şapiro nitqini səsləndirməyə başlayan zaman etirazçılar yanğın alarmını aktivləşdirdilər. Nitqin səsləndirilməsi sona çatdıqdan sonra Şapiro kampus polisi eskortu ilə universiteti tərk etmişdir. "Young America's Foundation" bəyan etmişdir ki, universitetə qarşı məhkəmə işi açacaq. Fond iddia etmişdir ki, Kovinonun tədbiri ləğv etmək cəhdi, eləcə də tələbələrin tədbirə olan giriş və çıxışlarına fiziki şəkildə barrikada qurulması tələbələrin ABŞ Konstitusiyasının birinci və on dördüncü düzəlişlərində bildirilən hüquqlarını pozmuşdur.

2016-cı ilin avqust ayında De Pol Universiteti "təhlükəsizlik üzrə yaranan narahatlıqlara" görə Şapiroya kampusda tələbələrə nitq səsləndirmək haqqında verdiyi dəvəti geri çəkmiş və onun kampusa daxil olmasını qadağa etmişdir.

14 sentyabr 2017-ci ildə Şapiro Berkli Kaliforniya Universitetinin Berkli Kollec Respublikaçıları tələbə təşkilatının dəvəti ilə orada nitq səsləndirmişdir. O, bu nitqində kimlik siyasətini tənqid etmişdir. Bu tədbirdə çoxlu hüquq-mühafizə orqanı işçiləri iştirak etmişdir. Avqust ayında Berkli kansleri Kerol Xrist buna söz vermişdi. Həm universitet, həm də ki şəhər tədbirin təhlükəsizliyi üçün 600.000 ABŞ dolları xərcləmişdir. Nəticədə, böyük hadisələr baş verməsə də, doqquz nəfər polis tərəfindən nəzarətə alınmışdır.

Baxış bucağı

2016-cı il prezident seçkiləri