Nikolay Müasir İncəsənət Mərkəzi (, 2006–2010-cu illərdə bina həmçinin Udstillingsbygning (sərgi mərkəzi) olaraq da adlanırdı) — Danimarkanın paytaxtı Kopenhagenin mərkəzində yerləşən və keçmiş Müqəddəs Nikolay kilsəsinin () yerində fəaliyyət göstərən sərgi-ekspozisiya salonu və şəhərin mühüm turistik istiqamətlərindən biridir. Kilsə binası Höybro meydanı (), onunla parallel şəkildə kəsişən Amagertorv və Avropada ən uzun piyada ticarət küçələrindən biri hesab edilən Strögetin yaxınlığında yerləşir. Kilsə binasını, hündürlüyü 90 metr (300 fut) olan əcaib və təkrarolunmaz görünüşə malik qüllə bəzəyir. Qüllənin yuxarısından şəhər mərkəzinə fantastik dərəcədə gözəl mənzərə açılır.
Qısaca olaraq Kunsthallen adlandırılan keçmiş Müqəddəs Nikolay kilsəsi tarix boyu bir neçə dəfə ciddi dəyişikliyə məruz qalmışdır ki, bu da onun zahiri görünüşünün zamanla tamamilə dəyişməsinə gətirib çıxarmışdır. Dövrümüzdə binada danimarkalı və beynəlxalq səviyyədə musiqi, rəsm, memarlıq və digər sahələrdə məşhurlaşan əcnəbilər üçün hər il 5 və ya 6 sərgi düzənlənir. Burada həmçinin mədəni tədbirlər, tamaşalar, sərgilər, ekskursiyalar düzənlənir, daxilində kitab mağazası və bədii kitabxanana fəaliyyət göstərir. Binanın ikinci hissəsində zəngin şərab kolleksiyasına sahib olan "Maven" restoranı yerləşir; burada milli danimarka və fransız mətbəxlərinin ləziz təamları çoxsaylı şəhər qonaqlarına və yerli şəhər sakinlərinə təklif edilir.
Tarix
Tikintisi təxminən 1200-cü ilin əvvəlində başlanan Müqəddəs Nikolay kilsəsi, öz zəngin tarixi ilə Kopenhagenin 3-cü ən qədim binası hesab edilir. Başlanğıcda kilsə eyni anda Kopenhagenin yaxınlığında məskunlaşmış və balıqçılıqla məşğul olmuş kənd sakinlərinə, eləcə də dəniz ticarəti ilə zənginləşmiş şəhər sakinlərinə xidmət göstərirdi, binanın dəniz sahilinin yaxınlığında inşa edilməsi səbəbindən isə, o, dənizçilərin himayədarı hesab edilən Müqəddəs Nikolaya ithaf olunmuşdur. Aparılan çoxsaylı arxeoloji qazıntılar nəticəsində, gecikmiş roman üslublu birinci kilsə binasının kərpic materialların köməyi ilə inşa edildiyi sübut olunmuşdur. 1500-cü ildə isə, kilsə sökülərək, yerində üç apsidalı və qotik üslublu yeni binanın əsası qoyulmuşdur. 1520-ci ildə inşası tamamlanan kilsə, Danimarkanın mühüm lüteranlıq mərkəzinə çevrilmişdir. 1536-cı ildə Danimarka rəsmi olaraq katolisizmdən imtina edir və Kopenhagendə reformasiya hərəkatının banisi olmuş Hans Tausen həmin kilsənin baş keşişi və yepiskopu təyin edilir. Hans Tausen Bibliya kitabını ilk dəfə olaraq danimarka dilinə tərcümə etməsi ilə də məşhur idi, o dövrün tarix kitablarında onu tez tez Danimarka Lüteri də adlandırırdılar.
1574-cü ildə Oldenburqlar sülaləsinin varisi, Norveç və Danimarka kralı II Frederik kilsənin yenidən qurulması məqsədilə memar Kristoffer Valkendorfu dəvət edir. Memarın qarşısına qoyulmuş mühüm məqsəd, şəhərin başlıca dominantına çevriləcək zəng qülləsinin kilsə binasının üzərində inşa edilməsi idi. Deyilənlərə görə, Valkendorf inşa işlərinə rəhbərlik etməklə yanaşı, həmçinin taxta-şalbanlarının üzərinə qalxaraq, bənnalara düzgün daş yonma mexanizmlərini öyrədirdi. Zəng qülləsinin inşası 1591-ci ildə tamamlanır və yaxınlıqdakı alçaq binalar və tikililər ilə müqayisədə, onun həcmi insanlarda valeh hissi oyadırdı. Zəng qülləsi kilsə binası, həm də şəhərin yeni yaraşıqlı elementi olmaqla bərabər, həmçinin mühüm praktiki funksiyaya malik idi — buradan şəhərdə baş verə biləcək bütün yanğın hadisələrini öncədən müşahidə etmək və qarşısını almaq məqsədilə zınqırovlardan istifadə etmək mümkün idi. Kral IV Kristianın dövründə tendensiyaya çevrilmiş renessans memarlığı, zəng qülləsindən də yan keçməmişdi və tikilinin bir çox hissəsi məhz bu memarlıq üslubunda yenidən qurulmuşdu. Lakin torpağın həddindən artıq bataqlıq olması, və zəng qülləsinə quraşdırılmış şpilin həddindən artıq ağır olması, kilsə divarlarında müxtəlif ölçülü çatların əmələ gəlməsinə gətirib çıxarmışdı. Vəziyyətin stabilləşdirilməsi istiqamətində təkrar təmir işlərinə start verilmişdir.
1628-ci ildə Öresund boğazından şəhərə doğru daxil olan güclü tufan, kilsənin zəng qülləsinin şpilini yerlə yeksan etmişdi (şpilin bərpası 1669-cu ildə tamamlanmışdı). XVIII əsrin başlanğıcında, Müqəddəs Nikolay kilsəsi daha dənizçi və ticarətçilər üçün dini mərasimlər yerinə yetirmirdi; belə ki, kral sarayının birbaşa nəzdinə daxil olan kilsə, dini liturgiya xidmətlərini ancaq yüksək aristokratiya üzvlərinə keçirirdi.
20 oktyabr 1728-ci ildə Danimarka tarixində baş vermiş ən böyük yanğın nəticəsində, şəhər mərkəzinin 28% yanaraq məhv olmuş, əhalinin 20% isə evsiz qalmışdır. Höybro meydanındakı qədim binaların əksəriyyəti, həmçinin Müqəddəs Nikolay kilsəsinin interyeri, şpili, damı və içərisində qorunub saxlanılar relikviyaların əksəriyyəti də yanaraq yararsız vəziyyətə düşmüşdür.
Kopenhagen baş keşişinin və şəhər şurasının birgə səylərinə baxmayaraq, baş vermiş müflisləşmə səbəbindən, dövlət xəzinəsində kilsənin bərpası üçün lazım olan pul vəsaiti yox idi və restavrasiya prioriteti başqa binalara verilmişdir. Prixod 1805-ci ildə ləğv edilmiş, rahiblər isə yaxınlıqdakı digər kilsələrə köçürülmüşdülər. Həmin dövrdən etibarən kilsə öz dini funksiyasını tamamlamışdır. 1817-ci ildə kilsə xarabalıqlarının sökülməsi qərarı verilmiş, yeganə salamat qalan zəng qülləsi isə yanğından mühafizə departamentinin müşahidə məntəqəsinə çevrilmişdir. Höybro meydanındakı kilsə qəbiristanlığının söküldüyü ərazidə böyük ət dükanlarının əsası qoyulmuşdur. Xalq arasında bu dükanlar Maven, yəni "mədə" adlanırdılar, keçmiş kilsədə hazırda fəaliyyət göstərən restoran da tarixə hörmət əlaməti kimi bu cür adlandırılmışdırDirckinck-Holmfeld: På sporet af København(s.29), forlaget Borgen, København 1993, ISBN 87-418-6815-3..
Kilsə binası XX əsrdə
Binanın individuallığının qorunub saxlanılması və yeni funksiyası ilə həmahəng görünməsi məqsədilə, sonrakı dövrlərdə bir neçə müxtəlif plan və ideyalar ortaya qoyulmuşdur. Planların əksəriyyəti, əvvəlki dini obyektin artıq ət dükanlarına çevrilmiş məkanının daha əlverişli istifadə olunmasını nəzərdə tuturdu. Bu məqsədlə memarlar tərəfindən çoxlu rəsm və eskizlər yaradılmışdır. Eskizlərdə gözəl park, arkadalı böyük mağazalar, köhnə kilsə ilə yanaşı duran iki monumental bina, monastır məktəbi və köhnə qəbiristanlığın yerində bağın salınmasını özündə əks etdirən layihələr təsvir olunmuşdur. Çertyojların dəqiq, ideyaların isə kifayət qədər düşünülmüş olmasına baxmayaraq, şəhər şurası onların hamısından imtina etmişdir. 1909-cu ildə Danimarkanın məşhur Carlsberg pivələrinin yaradıcı olmuş Karl Yakobsen keçmiş kilsənin zəng qülləsini bir zamanlar bəzəmiş şpilin təkrarən bərpasına külli miqdarda vəsait ödəmiş, onun daimi sekretarı Rentzman isə, binanın qalan hissəsinin yenidən inşasına pul ayırmışdır. Bunun üçün 1917-ci ildə ərazidəki sonuncu ət dükanının sökülməsi qərara alınmışdır. Şpili inşa etdirmək istəyi Yakobsendə daha öncələr də mövcud idi. Belə ki, hələ 1902-ci ildə, o, bu layihəni şəhər rəhbərliyinə təqdim etmiş və bunu o, şəhərdə gözəl qüllələrin çatışmazlığı ilə əlaqələndirmişdir. Yakobsen, öz istəyinə çatmaq üçün bir neçə il layihənin əleyhdarı olan şəhər şura üzvləri ilə məhkəmə çaxnaşmalarını sürdürməyə məcbur olmuşdur.
Yeni binada şəhər kitabxanası, şəhər tarixi muzeyi və mühazirə zalı yerləşdirilmişdir, altar hissəsi isə bayram günlərində bəzi dini mərasimlər üçün yenə də istifadə olunurdu. Şəhər kitabxanasının bütün kolleksiyası buraya 1922-ci ildə köçürülmüşdür və 1957-ciə qədər burada öz fəaliyyətini davam etdirirdi. İkinci Dünya müharibəsi illərində, keçmiş kilsənin cənub kapellasında bir müddət Danimarka Qurtuluş Ordusunun etimad çağrı telefon mərkəzi yerləşirdi. Bundan başqa, 1958–1979-cu illərdə binanın birinci mərtəbəsində Kral Hərbi Dəniz muzeyinin filialı fəaliyyət göstərirdi. 1957-ci ildə danimarkalı rəssam və demokratiya uğrunda müqavimət hərəkatının lideri Knud Petersen, kilsənin birinci mərtəbəsində olduqca kiçik bir sahəni icarəyə götürdü və burada incəsənət emalatxanasını yaratmaq qərarına gəldi. Müasir incəsənətin inkişafında Petersenin etdiyi bu addım olduqca mühüm idi və fluksus kimi avanqard üslublarının inkişafında həmin emalatxana böyük rol oynadı. 1981-ci ildə burada Kopenhagen incəsənət şurasının dəstəyi ilə ilk dəfə olaraq müasir ekspozisiya və sərgi mərkəzinin açılışı həyata keçirildi.
1795-ci ilin yanğını zamanı zəng qülləsinin şpilinin demontajı zamanı divarın əks tərəfində binanın hələ kilsə kimi fəaliyyət göstərdiyi dövrlərə aid edilən məzar başdaşısı aşkar edilmişdir. Məzar daşı, Müqəddəs Nikolay kilsəsində keşiş kimi çalışmış və 1571-ci ildə vəfat etmiş Yakob Nilsenə aid edilmişdir. Kilsə binasının XX əsrdə dini funksiyaları yerinə yetirməməsinə baxmayaraq, 1931-ci ildə konsert və digər musiqi təqdimatlarının keçirilməsi məqsədilə neflərdə böyük orqan quraşdırılmışdır. Marcussen & Son şirkəti tərəfindən hazırlanan orqan, müsbət beynəlxalq reputasiya əldə edərək, müasir barokko tipli digər orqanların inkişafında mühüm rol oynamışdır. Orqan zalını qotik üslublu böyük çılçıraq bəzəyir; onun şamdan hissələrini stilizə edilmiş qüllələr, Danimarka kral tacı və Davud ulduzları bəzəyir. Burada həmçinin 1900-cü illərdə qumdaşı materialından hazırlanmış dənizçilərinin himayədarı olan Nikolayın heykəlini görmək olar.
Maven 1795-ci ildə baş vermiş yanğın zamanı güclü dağıntıya məruz qalmış Müqəddəs Nikolay kilsəsinin xarabalıqlarının çox hissəsinin sökülməsindən sonra, şəhər şurasının rəsmi rüsxətnaməsi ilə, həmin ərazidə və Höybro meydanının ətrafında ət dükanlarının formalaşdırdığı xüsusi məhəllənin yaradılmasına dair qərar verilmişdir. 1810-cu ildə ət satışı ilə məşğul olan şəxslər burada çoxsaylı köşklər açırlar; sahə tezliklə qəssabların, tacirlərin və dulusçuların toplaşdığı mühüm alış-veriş mərkəzinə çevrildi. Primitiv şəkildə bəzədilmiş bu taxta mağazalar bəzən müxtəlif sənətkarların anbarları qismində də fəaliyyət göstərirdilər.
1842-ci ildə meydanda artıq 82 köşk və tribunlar mövcud idi. Kilsə ərazisi ilə yanaşı, qəssab dükanları həmçinin Qrobrödretorv, Nütorv və Qammeltorv meydanlarına da yayılmışdır. Kilsə ərazisinin zamanla sıxlaşması səbəbindən, memar K. F. Hansen tərəfindən yeni alış-veriş sahəsinin yaradılması layihəsi təqdim olunmuşdur. Vizual cəhətdən göz oxşamayan köşklər bir neçə il içərisində yeni tikililər ilə əvəz olunmuşdur.
1845–1846-cı illərdə memar P. S. Hagemann tərəfindən neoqotik tərzdə layihələndirilmiş və Haynrix Qustav Ferdinand Holm tərəfindən çuqun materialların istifadəsi ilə inşa edilmiş yeni qəssabxanalar Nikolay kilsəsinin perimetri boyunca yerləşdirilmiş və meyadana daha impozant görkəm vermişdir"H. G. F. Holm" , Den Store Danske. Retrieved 16 June 2011.. 1846-cı ilin yayında qəssabxanalar istifadəyə artıq hazır idilər; şəhər şurası bütün bu tipli dükanları şəhərin bir nöqtəsində cəmləşdirməyi planlaşdırsa da, Maven məhəlləsi tezliklə Lille Kongensqade, Nikolayqade, Vinqordstrəde və Admiralqade küçələrinə kimi genişlənməyə müvəffəq olmuşdur.
Küçələrdə yerləşmiş qəssab dükanları adətən orta keyfiyyətli və daha sərfəli qiymətə ət məhsullarını satırdılar, kilsənin daxilindəki dükanlar isə əksinə, ən yüksək növ məhsulları yüksək aristokratiya üzvləri üçün daha baha qiymətə təklif edirdilər. 100 ilə yaxın ərzində fasiləsiz fəaliyyət göstərən Maven məhəlləsinə həmçinin Farer adalarından, Norveç krallığının Finnmark bölgəsindən, İslandiya və Qrenlandiyadan balıq, balina yağı, suiti dərisi və başqa mallar skandinaviyalı ticarətçilər tərəfindən gəmilərlə gətirilirdi.