Riçard Kantilyon (; ) — İrlandiya və Fransa iqtisadçısı, Uilyam Stenli Cevons tərəfindən "siyasi iqtisadiyyatın beşiyi" olaraq qəbul edilən "Ticarətin təbiəti haqqında ümumi oçerk" () kitabının müəllifi. Kantilyonun həyatı haqqında az məlumat olsa da, gənc yaşlarından müvəffəq bir bankir və tacir olduğu məlumdur. Müvəffəqiyyəti, əsasən, ailəsi və onu ilk işə götürən Ceyms Brics vasitəsilə qurduğu siyasi və işgüzar əlaqələrin nəticəsi idi. 1710-cu illərin sonu və 1720-ci illərin əvvəllərində Kantilyon spekulyasiya etdi və daha sonra böyük sərvət əldə edəcəyi Con Loun Mississipi Company şirkətini maliyyələşdirdi, lakin müvəffəqiyyəti öldüyü 1734-cü ilə qədər borcluları tərəfindən qaldırılan məhkəmələr, cinayət ittihamları və hətta öldürmə planlarına səbəb olaraq, onu rahat qoymadı.

Oçerk Kantilyonun iqtisadiyyat elminə verdiyi yeganə töhfə olaraq qalır. Əsər 1730-cu illərdə yazılmış və geniş əlyazmalar şəklində yayılsa da, 1755-ci ilə qədər nəşr olunmamışdır. Təxmini 1770-ci illərin sonlarında Qaspar Melçor de Covellanos tərəfindən ispan dilinə tərcümə edilmiş "Ticarətin təbiəti haqqında oçerk" iqtisadiyyat üçün vacib ədəbiyyat hesab edilmişdir. Oçerk fiziokratiyanın və klassik iqtisadi məktəblərin erkən inkişafına çox böyük təsir göstərməsinə baxmayaraq, 19-cu əsrin sonlarında Cevons tərəfindən yenidən kəşf edilənə qədər diqqətdən kənar qalmışdı. Kantilyon bir bankir kimi təcrübələrindən və Con Loun Mississippi Company spekulyativ köpüyündən təsirlənmişdi. Bundan əlavə, əvvəllər iqtisadçılardan, xüsusən də Uilyam Pettinin iqtisadi baxışından böyük ilham almışdı.

İqtisadiyyatla bağlı bu oçerk iqtisadiyyat elminə çoxsaylı töhfələr verən ilk tam traktat hesab olunur. Bu töhfələrə aşağıdakılar daxildir: Kantilyonun səbəb və nəticə metodologiyası, pul nəzəriyyələri, sahibkarın risk daşıyıcısı olma anlayışı və məkan iqtisadiyyatının inkişafı. Kantilyonun bu əsəri Adam Smit, Ann Tyürqo, Jan Batist Sey, Frederik Bastiat və Fransua Kenenin əsərləri daxil olmaqla, siyasi iqtisadiyyatın erkən inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Həyatı Riçard Kantilyonun bioqrafiyası ilə bağlı təfərrüatlar az olsa da, 1680-ci illərdə İrlandiya Kounti Kerridə anadan olduğu düşünülür. O, Belliheyqin torpaq sahibi Riçard Kantilyonun oğlu idi. 18-ci əsrin ilk onilliyinin ortalarında Kantilyon Fransaya köçdü və burada Fransa vətəndaşlığını qəbul etdi. 1711-ci ildə Kantilyon paymaster general Ceyms Bricsin İspaniyada İrs müharibəsi əsnasında ingilis əsirlərinə ödəmələri təşkil etdiyi İspaniyada işə düzəldi. Kantilyon Parisə qayıtmadan əvvəl bir sıra biznes və siyasi əlaqələrini inkişaf etdirərək 1714-cü ilə qədər İspaniyada qaldı. Cantillon daha sonra o dövrdə bir ailə bankının Paris filialının aparıcı-müxbiri olan əmisi oğlu üçün işləyərək, bank sektoruna daxil oldu. İki il sonra Ceyms Bricsin maliyyə dəstəyi sayəsində Cantillon əmisi oğlunun hissələrini aldı və banka sahib oldu. Həm ailə, həm də Ceyms Brics vasitəsi ilə nail ola bildiyi iqtisadi və siyasi əlaqələrləri olan Cantillon Paris və London arasında pul köçürmələri sahəsində ixtisaslaşaraq, olduqca uğurlu bir bankir olduğunu sübut etdi.

Eyni zamanda, Kantilyon Mississipi Company vasitəsilə britaniyalı merkantilist Con Loula yaxın əlaqələr qurmuşdu. Uilyam Potterin 1650-ci ildə yazdığı Sərvətin açarı kitabında bəhs olunan monetar nəzəriyyəyə əsaslanan Con Lou pul təklifindəki artımların məhsuldarlığı artıraraq, istifadəsiz torpaq və əməyin istismarına səbəb olacağını bildirirdi. 1716-cı ildə Fransa hökuməti onu "Banque Generale"-yi (daha sonra Fransa Mərkəzi Bankına çevriləcəkdi) qurmaq və Mississipi Company adı altında Şimali Amerikadakı Fransa ərazilərinin inkişafının defakto inhisar icazəsini verməklə mükafatlandırdı. Lou da qarşılığında hökumətə hökumət borclarını daha aşağı faiz dərəcəsiylə maliyyələşdirmə sözü verdi. Lou öz investorlarını maliyyələşdirmək üçün dəyərli kağız çıxarmaq məqsədiylə Banque Generalda olan faktiki inhisar hüquqularından istifadə edərək və Mississipi Company-nin də hissələrini satmaqla iqtisadi spekulyativ köpük yaratdı.

Riçard Kantilyon da bu iqtisadi köpükdən istifadə etdi. O, Mississipi Company-nin hissələrini ilk başda aşağı qiymətdən alıb, yüksələn qiymətlərdən sataraq böyük sərvət əldə etdi. O, bu müddətdə Loun şəxsi bankiri kimi də fəaliyyət göstərirdi. Kantilyonun maliyyə sahəsindəki bu uğuru və artan təsiri onun Con Loula olan münasibətlərində sürtünmələrə səbəb oldu və bu səbəblə az sonra Con Lou onu 24 saat içində ölkəni tərk etməməsi halında həbsə atmaqla təhdid etdi. Kantilyon da cavabında: "Mən heç yerə getməyəcəm, ancaq sənin sisteminin müvəffəq olmasına kömək edəcəm" — dedi. Bu məqsədlə, 1718-ci ildə Lou Kantilyon və varlı spekulyator Cozef Geyc Şimali Amerikada gələcəkdə yaranacaq daşınmaz əmlak spekulyasiyasını maliyyələşdirməyi hədəfləyən özəl bir şirkət qurdu.

Kantilyon 1719-cu ildə Amsterdama getmək üçün Parisi tərk etsə də, 1720-ci illərin əvvəllərində geri qayıtdı. Parisdə borc verdikdən sonra, Kantilyonun London və Amsterdamda ona yenidən ödənilməli olan külli miqdarda borclar var idi. Mississipi köpüyünün çökməsiylə birlikdə, Kantilyon borclarını yüksələn faiz dərəcəsiylə geri ala bilmişdi. Ona borclu olanların əksəriyyəti dəymiş maliyyə zərərindən əziyyət çəkmişdi və buna görə ölənə qədər Kantilyonu günahlandırmışdılar. Kantilyon ömrünün sonuna qədər ölüm təhdidləri və ona açılan məhkəmə işləri ilə əlləşməli oldu.

1722-ci il fevralın 16-da Kantilyon varlı tüccar və keçmiş irland general Kount Danyel Omahoninin qızı Meri Mahoni ilə evlənərək, 1720-ci illərin qalanını arvadı ilə birlikdə Avropanı səyahət edərək keçirdi. Meri ve Kantilyonun iki uşağı var idi: erkən yaşda ölən oğlu və ardıcıl olaraq 3-cü Stafford qrafı və 1-ci Farnham qrafının arvadı olmuş qızı Henrietta. Kantilyonun 1729–1733-cü illər arasında tez-tez Parisə qayıtmasına baxmayaraq, onun daimi yaşayış yeri Londonda idi. 1734-cü ildə onun Londondakı mülkü təmamilə yanıb külə döndü və Kantilyonun da bu evin içərisində yanaraq öldüyü düşünüldü. Yanğının səbəbi naməlum olaraq qalsa da, ümumi qəbul olunan fikir bunun bir sui-qəsd olduğu idi. Kantilyonun həyatını araşdıran Antoin Mörfi Kantilyonun əslində yanğında ölmədiyini və yanğını da borclularından qaçmaq üçün qəsdən onun tərəfindən başlanması ilə bağlı nəzəriyyəni ortaya atdı. Mörfiyə görə o, daha sonra Çevalyer de Lüviqni adıyla Surinamda görünmüşdü.

İqtisadiyyata töhfələri Riçard Kantilyonun yazdığı çox sayda əlyazmaların olduğu sübut olunmasına baxmayaraq, sadəcə "Essai Sur La Nature Du Commerce En Général" (), qısaca "Oçerk", bu günə qədər gəlib çıxmışdı.. Əsər 1730-cu ildə yazılmış, ölümündən 21 il sonra 1755-ci ildə fransız dilində nəşr edilmiş və ancaq 1932-ci ildə Henri Hiqz tərəfindən ingilis dilinə tərcümə edilmişdir. Araşdırmalar göstərir ki, oçerkin iqtisadiyyat elminin ilkin inkişafında çox böyük təsiri olmuşdur. Ancaq Kantilyonun bu əsəri 19-cu əsrdə böyük dərəcədə diqqətdən kənar qalmışdır. 19-cu əsrin sonlarına doğru oçerk onu "siyasi iqtisadiyyatın beşiyi" adlandıran Uilyam Stenli Cevons tərəfindən yenidən kəşf edildi. Bu kəşfdən sonra Kantilyonun oçerkinə olan diqqət sürətlə artmağa başladı. Oçerk iqtisadi nəzəriyyəylə bağlı ilk tam traktat olaraq qəbul edildi və Kantilyon "təşəbbüs iqtisadiyyatının atası" olaraq adlandırıldı.

left|200px|thumb| Kantilyonun düşüncələrinə ən çox təsir edən məşhur iqtisadçı Uilyam Petti

Kantilyonun yaradıcılığına ən böyük təsir edənlərdən biri ingilis iqtisadiyyatçı Uilyam Petti və onun 1662-ci ildə vergilərlə bağlı yazdığı elmi iş idi. Petti Kantilyonun oçerkinin təməlini təşkil etməsinə baxmayaraq, Antoni Bruyer Pettinin təsirinin şişirdildiyini iddia edir. Pettidən başqa Kantilyonun düşüncələrinə təsir edənlərə Con Lokk, Mark Tulli Siseron, Tit Livi, Böyük Plini, Kiçik Plini, Çarlz Deyvnant, Edmund Halley, İsaak Nyuton, Sebastyan Voban, və Jan Boizardı misal göstərmək olar. Kantilyonun Con Loun spekulyativ köpüyünə daxil olması onun pul təklifindəki artım, qiymət və istehsal arasındakı əlaqələrə olan baxışına əsaslı və böyük ölçüdə təsir etmişdir.

Metodologiya Kantilyonun oçerkini digər merkantilist sələflərindən ayıran tərəf oçerkin yazıldığı fərqli metodoloji üslub idi. Oçerk Kantilyonun iqtisadi hərəkət və fenomenlər arasındakı səbəb və nəticə əlaqəsini tətbiq etmək mənasına gələn "təbii" sözüylə dolu idi. İqtisadçı Marrey Rotbard Kantilyonu iqtisadi hadisələri idarəsi mümkün olmayan dəyişkənlərin birləşdiyi, sadə olmayan modellərlə teoriyalaşdıran ilk nəzəriyyəçilərdən biri kimi qəbul edir. Kantilyon asılı olmayan dəyişənləri zərərsizləşdirmək üçün oçerik boyunca ceteris paribus anlayışından tez-tez istifadə edir. Bundan əlavə, o, mürəkkəb hadisələri sadə müşahidələrdən çıxartmaqla Karl Mengerin metodoloji fərdiyyətçiliyinə bənzər bir metodologiyadan istifadə edir.

Səbəb-nəticə metodologiyası iqtisadiyyat elminə nisbi olaraq dəyərdən təcrid olunmuş nəzəriyyələrin daxil olmasına səbəb oldu. Əslində, Kantilyon hər hansı bir iqtisadi hərəkətin və ya fenomenin yaxşı tərəflərini ortaya çıxarmaqda maraqlı deyildi, o daha çox dəyişkənlər arasındakı əlaqələrə fokuslanmışdı. Bu da Kantilyonun əvvəlki merkantilist yazıçılardan daha böyük ölçüdə iqtisadiyyatı siyasət və etikadan ayırmağına səbəb oldu. Onun bu və hökumət tərəfindən dəstəklənən ticarət profisiti və nağd toplanılmasının müsbət iqtisadi stimul olaraq görməsi Kantilyonun sadəcə bir merkantilist yoxsa ilk anti-merkantilist olaraq qəbul edilməsi müzakirələrini də özüylə gətirdi. Araşdırmaçıların bir qismi Kantilyonun merkantilist olduğuna işarə edən düşüncələriylə, əslində onun merkantilist siyasətin açıq bir şəkildə çox limitli olduğunu göstərərək, neytral bir təhlil ortaya qoyduğunu düşünür.

Monetar nəzəriyyə Kantilyon ilə öncül merkantilistlər arasındakı fərqlər bazarda sərvətin və qiymətin necə ortaya çıxması ilə bağlı mövzularda özünü göstərirdi. Kantilyon sərvətin "ərzaq, rahatlıq və həyat zövqündən başqa bir şey olmadığını" nəzərə alaraq, pul və sərvəti bir birindən ayırırdı. O, istehsalata daxil olan torpaq və əməyə əsaslanan (istehsal xərci) həqiqi dəyər nəzəriyəsini müdafiə etsə də, bir çoxları düşünür ki əslində o bununla subyektiv dəyər nəzəriyyəsinə toxunmuşdu. Kantilyon iddia edirdi ki, qiymətlər bir başa malın həqiqi dəyəri tərəfindən yox, bazardakı tələb və təklifdən yaranır. O, bazar qiymətlərinin müəyyən bir bazarda müəyyən bir malın miqdarı olan təklif və mübadilə üçün bazara gətirilən pulun miqdarı olan tələbin müqayisəsindən törəndiyini düşünürdü. Bazar qiymətlərinin həqiqi qiymətlərə yaxınlaşma meyilliyinin olduğuna inanan Kantilyon qazancın eyniliyi prinsipinin (malın bazar qiymətindəki dəyişikliklər qazancdakı artım və azalışlara cavab olaraq təklif miqdarında dəyişikliklərə səbəb ola bilir) əsasını qoymuş ola bilərdi. 200px|right|thumb|Kantilyonun primitiv dövr axının təsviri (ingilis dilində)