Qoğal — Azərbaycan mətbəxinə məxsus, dairəvi formalı xəmir məmulatıdır. Qoğal iki əsas növdə hazırlanır: şorqoğalı və şirinqoğal.
Qoğalın xəmirini hazırlamaq üçün un, süd və ya su, yağ və digər inqrediyentlərdən istifadə olunur, həmçinin xəmirə maya əlavə edilir. Bişirməzdən əvvəl qoğalın üzərinə toxum səpilir. Adətən şorqoğalının üzərinə xaşxaş, şirinqoğalın üzərinə isə küncüt vurulur. Bu iki növ arasındakı əsas fərq içlik tərkibindədir. Şor qoğalın içliyinə kardamon, istiot və digər ədviyyatlar qatılır, şirinqoğalın içliyi isə un, sarıkök və şəkər qarışığından hazırlanır.
Tarixi Qoğalın hazırlanması Azərbaycan xalq bayramları ilə, xüsusilə Ramazan bayramı və Novruz bayramı ilə bağlıdır. Qoğal Günəşi simvolizə edir. Novruz bayramı zamanı qoğal adətən paxlava, şəkərbura və badambura ilə birlikdə bişirilir, şor qoğal isə bayram süfrəsinə təqdim olunur.
Hazırlanması Şorqoğalı
Şirinqoğal Qoğalın xəmiri üçün maya ilıq suda həll edilərək 5–10 dəqiqə ərzində köpüklənməyə buraxılır. Süd azacıq qızdırılır, üzərinə sarıkök əlavə edilərək qarışdırılır. Un ələnərək qaba tökülür və ortası açılır. Ardınca yumurta, duz, mayalı məhlul və sarıköklü süd əlavə olunur. Qarışıq tam homojen kütlə alınana qədər yoğurulur. Əldə olunan xəmir yumşaq konsistensiyada olur. Xəmirin üzəri klyonka və dəsmalla örtülərək təxminən iki saat ərzində acımağa qoyulur. İçliyin hazırlanması üçün un tavada daim qarışdırılmaqla qızılı rəng alana qədər qovrulur. Daha sonra əridilmiş yağ əlavə edilərək qarışdırılır və alınan kütlə soyumaq üçün ayrıca qaba tökülür. Soyuduqdan sonra qarışığa şəkər tozu və hil əlavə olunur, nəticədə qoğalın içliyi hazır vəziyyətə gətirilir. Yuxaların yağlanması üçün yağ ayrıca qabda əridilir, üzərinə çəkilməsi üçün yumurta bir qaba sındırılır. Xəmir acıdıqdan sonra ondan təxminən 15 kündə düzəldilir və beş dəqiqə ərzində dincəlməyə buraxılır. Daha sonra kündələr nazik şəkildə yayılır. Hər bir yuxanın arası dartılaraq böyüdülür və yağlanır. Bütün laylar hazır olduqdan sonra kəsilərək ortasına içlik qoyulur, ağzı bükülür və formaya salınır. Hazırlanmış qoğalların üzəri yumurta sarısı ilə yağlanır, üstünə xaşxaş səpilir. Məhsul 220°C temperaturda qızılı rəng alana qədər bişirilir.
İstinadlar
Kateqoriya:Azərbaycan mətbəxi