Aşıq Hüseyn Saraçlı (tam adı: Hüseyn Qurban oğlu Həsənov; ) — Azərbaycanlı ustad aşıq. Azərbaycan Aşıqlar Birliyinin üzvü. Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi.

Həyatı Aşıq Hüseyn Saraçlı 15 fevral 1916-cı ildə Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində Borçalının məşhur şəxslərindən olan Qurban kişinin ailəsində doğulub. Atası Qurban Hasan oğlu 15 fevral 1931-ci ildə 54 yaşında kəndə kolxoz qurmağa gəlmiş rus bolşevikləri tərəfindən "Qaraqaya"nın döşündə camaatın gözü qarşısında "siyasi mənsubiyyətinə görə" sorğu-sualsız, güllələnmişdir.

Hüseyn Saraçlı 1923–1925-illərdə molla məktəbində İsa Əfəndidən, daha sonra isə kənd ibtidai məktəbində təhsil almış, eyni zamanda Aşıq İsmayıl Saraçlıya şəyirdlik etmişdir.

1931–1933-cü illərdə Quşçu Aşıq İbrahimə qulluq edib, 1933-cü ildə ustadla birlikdə Bolnisi Mədəniyyət evinin ansamblı tərkibində Tiflisdə keçirilən respublika xalq yaradıcılığı olimpiadasında uğurla çıxış etdikdən sonra sərbəst aşıqlığa başlasa da sənətdə daha da kamilləşməsi üçün Saraçlı şair Hüseynə, Şair Ağacana, Faxralı şair Nəbiyə saz tutur və eyni zamanda Faxralı aşıq Sarvan Bayramnan dərs alır.

1937-ci ildə ilk dəfə olaraq Bolnisi rayon mədəniyyət evinin üzvü kimi Respublika olimpiadasında iştirak edir və ilk mükafat (Fəxri fərman, Gürcüstan gerbinin üzərində çonquri şəkli olan döş nişanı və tar) alır. 1938-ci ildə respublika xalq yaradıcılığı olimpiyadasında iştirak edir, ailə həyatı qurduqdan sonra iki dəfə "pantürkist" adı ilə həbs olunaraq, əvvəlcə Qullar sovxozunda yerləşən həbsxanada, sonra isə Tiflisin Ortacala həbsxanasında günahsız cəza çəkir.

1941–1945-ci illərdə Mollaoğlu (Zop kəndində yerləşən Sadaxlı mərmər karxanasında, əvvəlcə Desyatnik, sonra isə Texnadzor olaraq çalışır), 1945–1948-ci illərdə Çatax, 1948–1950-illərdə İncəoğlu kəndində yaşayır. 1947-ci ildə yenə respublika xalq yaradıcılığı olimpiyadasında iştirak edir. 1948-ci ildə Qazaxıstana sürgün olunmaqdan güc və qoçaxlığı sayəsində yaxa qurtarır. 1950-ci ildə doğma Saraçlıya qayıdır.

1959-cu ildə Moskvada keçirlən Azərbaycan Mədəniyyəti Ongünlüyündə, 1961-ci ildə Gürcüstan SSR-nin yaranmasının 40 illiyinə həsr olunmuş konsertdə, Azərbaycan aşıqlarının 3-cü qurultayında, 1963-cü ildə Bakıda keçirilən Borçalı aşıqlarının konsertində iştirak edir. 1963-cü ildə Marneuli şəhərində yerləşən N saylı hərbi hissədə təşkil olunmuş konsertdə isə möhtəşəm çıxışına görə hissə rəhbərliyi tərəfindən "50–58 QRÇ" dövlət qeydiyyat nişanlı "Ford Amfibiya" avtomobili ilə mükafatlandırılır.

1964-cü ildə şəyirdləri (Aşıq Əhməd Sadaxlı, Aşıq Sədi Ulaşlı və Aşıq Oruc Quşçu) ilə birlikdə Göyçədə Aşıq Ələsgərin qəbrini ziyarət edir, 1966-cı ildə 145, 1972-ci ildə isə 150 illik yubleyində iştirak edir.

1965 və 1971-ci ildə Naxçıvana dəvət olunur, Naxçıvan radiosunda və televiziyasında çıxışlar edir.

18 mart 1966-cı Bakı şəhərində konsert verərkən böyük qardaşı Həsən müəllim 56 yaşında qəflətən öldüyü xəbərini alır və konsertdən yarımçıq Borçalıya qayıdır. 1967-ci ildə Sovet hökumətinin qurulmasının 50 illiyinə həsr olunmuş konsertdə iştirak edir.

1972-ci ildə Ladiqarsdan Borçalının Keşəli kəndinə təşrif buyuran aşıq İslam Ərdənərlə görüşür və İslam Ərdənərin Qarsdan gətirdiyi Qızıl Saz Döş Nişanı ilə təltif olunur.

1974-cü ildə Orta Asiyada səfərdə olarkən şair Bimar Mehralıdan qızıl saat hədiyyə alır.

1976-cı ildə anadan olmasının 60 illik yubleyi qeyd olunur, həyat və yaradıcılığı haqqında film çəkilir.

1977-ci ilin aprel və may ayında Aktyorlar evinin səhnəsində Dədə Qorqud obrazını canlandırır və dastanını danışır. 14 dekabr 1977-ci ildə Moskvada keçirilən Ümumittifaq Folklor Festivalında iştirak edir və qızıl medalla təltif olunur.

"1975-ci ildə Gürcüstanın "İlk baxışdan məhəbbət", Azərbaycanın "Tütək səsi", "Firəngiz", "Ələsgər", 1981-ci ildə "Nəğməkar torpaq", "Uzun ömrün akkordları" filmlərində fərqli saz havaları ifa edir. "Tütək səsi" filmində çaldığı "Ruhani" havası isə tamaşaçıları əfsunlayan möhtəşəm bir sənət nümunəsi kimi əbədi yaşam qazanmışdır. Sonralar yazıçı, ssenarist İsa Muğanna filmin çəkilişinə dəvət almış 25 nəfər aşıq arasında Hüseyn Saraçlının ifasının bəyənilərək filmə daxil edilməsini xüsusi qeyd etmişdir.

1980-ci ilin sentyabr ayında Gürcüstan SSR-nin "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülən, 1981-ci ildə anadan olmasının 65, aşıq yaradıcılığının isə 50 illik yubileyi Gürcüstanda böyük təntənə ilə qeyd olunan və ömrünün sonuna qədər Bolnisi rayon mədəniyyət evi, aşıqlar ansamblının rəhbəri olan böyük sənətkarın çoxsaylı şəyirdləri olmuşdur.

1982-ci ildə Saraçlı kənd Sovetinin deputatı seçildikdən bir müddət sonra Moskvada keçirilən Azərbaycan Konservatoriyasının 60 illik yubileyində iştirak edir.

1984-cü ildə Azərbaycan aşıqlarının 4-cü qurultayında münsif olaraq tribunada əyləşir, qurultayın sonunda isə ev üçün füsunkar bir büstü hədiyyə olunur.

1986-cı ildə Gürcüstanda aşıq Hüseyn Saraçlının 70 illik yubleyi zamanı həyat və yaradıcılığı haqqında tam metrajlı filim çəkilir.

20 aprel 1987-ci ildə musiqişünas-alim, tarizən Faiq Çələbiyev tərəfindən Leninqrad şəhərində keçiriləcək Ümumittifaq Musiqişünaslıq Konfransına Aşıq Əmrah ilə birlikdə dəvət olunsa da təəssüf ki, 12 mart 1987-ci ildə aşıq Əmrah, 16 aprel 1987-ci ildə isə aşıq Hüseyn Saraçlı vəfat edir və konfransda iştirak edə bilmirlər. Hüseyn Saraçlının məzarı Saraçlı qəbiristanlığındadır.

Böyük Ozan haqqında Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: "Hüseyn Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayiət edəni də. Eyni zamanda o, həm liberetto müəllifidir, həm də bəstəkar".

Hüseyn Saraçlı həm də yaradıcı aşıq idi. "Gürcü Qızınnan Qaçaq Kərim", "Bimar və Gülnar", "Dostluq", "Aşıq Ələhvərnən şəyirdi Qaranın əhvalatı", "Hüseyn Saraçlının Yaylaq Səfəri", "Hüseyn Saraçlının Naxcıvan səfəri", "Hüseyn Saraçlının Türkiyə səfəri" və başqa bir neçə dastanının müəllifi olan, 1951-ci ildə Qürbəti Kərəmi", 1964-cü ildə "Bağdad dubeyti" adlı saz havasını bəstələyən, 1967-ci ildə "Baş sarıtel" və "Qəhramanı" havasını, balabançı Azayın müşayiəti ilə ifa edən, "Şur" muğamından bir parça oxuyub lentin yaddaşına yazdıran, aşıq Hüseyn Saraçlı bir çox şair və aşıqlarla deyişmişdir.

40-dan artıq böyük xalq dastanları, ümumilikdə isə 400-dastan, rəvayət hekayə bilən, Aşıq Hüseyn Saraçlı həm də sazband olub. Adı bir aşıq kimi bütün Qafqazda, Türkiyə və Orta Asiyada dillər əzbəri olan Aşıq Hüseyn Saraçlı, dəfələrlə Dağıstanda, Qazaxıstanda, Qırğızıstanda və digər ölkələrdə ağır məclislər keçirmişdir.

Borçalı aşıqlarına rəhbərlik edən və hər il Bakıda konsert verən ustadın son konserti 1987-ci ilin fevralında Azərbaycan Dövlət Filarmoniyasında keçirilmişdir.

İranın Marağa şəhərində bağlanan sazı və 1974-cü ildə bağlanan sazı evində, 1961-ci ildə bağlanan sazı isə Bakı şəhərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindədir.

1989-cu ildə Estoniyanın paytaxtı Tallində 4-metrlik heykəli hazırlansa da təəssüf ki, Saraçlı kəndinə gətirilə bilmir və Tallin şəhərində qalır. 1997-ci ildə isə Saraçlı kəndində büstü ucaldılır. Heykəl və büstlərin müəllifi heykəltaraş Fərhad Qulu oğludur.

2007-ci ildə Xalq şairi Zəlimxan Yaqub "Hüseyn Saraçlı dastanı"nı yaratmışdır.

1992-ci ildə "Şeirlər Söyləmələr", 2011-ci ildə "Hüseyn Saraçlı və onun yaylaq səfəri", 2016-cı ildə "Saz amanatı", "Hüseyn Saraçlı", "Nəğməli sinəmdə yüz dastan yatır", 2018-ci ildə "Ben Feleği arıyorum" adlı kitabları çap olunmuş və şeirləri Zezva Medulaşvili tərəfindən tərcümə olunaraq gürcü dilinə çap edilmişdir. (Kitabın məsləhətçi: Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İdarə Heyətinin sədri Fazil Həsənov, Redaktoru: Gürcüstan Mədəniyyət, İncəsənət və Aşıqlar Birliyinin sədri Dərviş Osman, Rəyçilər: Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və Filologiya elmləri namizədi, dosent Şakir Albalıyevdir.) Bu kitabda görkəmli saz-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilmiş, aşığın böyük oğlu İsfəndiyar Həsənovdan əldə edilmiş və indiyə kimi heç harada çap olunmamış "Aşıq Hüseyn Saraçlının Yaylaq səfəri" adlı dastanı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun "Aşıq Hüseyn Saraslı" və şair Nizami Saraçlının Ustad aşığa həsr etdiyi "Yalan ola ayrılıq!" poemaları müəlliflərin dilinə toxunmadan oxuculara təqdim edlmışdir.

Kitabları Aşıq Hüseyn Saraçlı. "Şeirlər. Söyləmələr". Bakı, "Yazıçı", 1992. 208 səh. "Saz amanatı". Bakı, "Kristal-N" MMC, 2016 Hüseyn Saraçlı. Bakı, "Elm və təhsil", 2016. 368 səh. (+8 səh. şəkil) Hüseyn Saraçlı. "Nəğməli sinəmdə yüz dastan yatır". Bakı, "Elm və təhsil", 2016 Aşık Hüseyn Saraçlı. "Ben feleği arıyorum" (Şiirler). Bakü, "Elm ve tehsil", 2018. 112 seh.

Haqqında yazılanlar Zəlimxan Yaqub. "Hüseyn Saraçlı dastanı". Bakı, "Pedaqogika", 2007 Fikrət Süleymanoğlu. Borçalı Saraçlısı. Bakı, 2009 Müşfiq Borçalı. "Hüseyn Saraçlı və onun yaylaq səfəri". Bakı, 2011

İstinadlar

Xarici keçidlər Aşıq Hüseyn Saraçlının ifasında Misri Koroğlu

Kateqoriya:Borçalı aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Gürcüstan aşıqları Kateqoriya:Azərbaycan dilində yazan şairlər