Tac qrupu — 1990-cı ilin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş rok qrupdur.

Tarixi

TAC (rus. «Тадж») — 1990-cı ildə Bakıda yaradılmış rok qrupudur. Qrupun yaradılması Xana Qalsanovanın təşəbbüsü ilə baş tutmuşdur. O, "Karvan" qrupundan ayrıldıqdan sonra bəstəkar Eldar Mansurova yeni yaradılacaq kollektivə rəhbərlik etməyi təklif etmişdir. Mansurov vaxtının məhdud olması səbəbindən qrupun gündəlik fəaliyyətini üzərinə götürməsə də, onun bədii rəhbəri olmağa razılıq vermiş, repertuar üçün mahnılar bəstələmiş və kollektivin televiziya, radio və digər kütləvi informasiya vasitələrində tanıdılmasına kömək etmişdir. Qrupun adını musiqiçi Vidadi Mirzəyev təklif etmişdir. İlk heyətdə Xana Qalsanova, Yaşar Baxış, Vidadi Mirzəyev, Marina Zaxarova, Zaur Abdullayev və Pavel Bulak yer almışdır. Qrupun əsas aranjımançısı Yaşar Baxış olmuşdur. Qrupun ilk televiziya çəkilişləri Bakı TV kanalının fəaliyyətə başladığı dövrdə həyata keçirilmişdir. Qısa müddət ərzində qrup bir çox konsert və festivallarda çıxış etmişdir. Müxtəlif zamanlarda qrupun tərkibində Cəsur Neymatov, Samir Bağırov kimi müğənnilər, eləcə də Xana Qaqlsanova çıxış etmişdir. Kollektiv 1991-ci ildə Bakıda, Respublika stadionunda İntergeo Tetis adlanan beynəlxalq elmi-texniki kompleksin keçirdiyi "Odlar yurdu - 90" beynəlxalq musiqi festivalında iştirak etmişdir.«Шампанское для "папы Джека"» // Ежедневные новости. № 13. 15 dekabr 1995. Postsovet məkanında öz miqyası və təşkilatçılığı ilə fərqlənən bu tədbir dövrün tanınmış musiqiçilərini və ifaçılarını bir araya gətirmişdir. Həmçinin 1991-ci ildə keçirilən beynəlxalq elmi simpoziumun bağlanış mərasimində konsert proqramı ilə çıxış etmişdir. Daha sonralar isə Yaşıl teatrda keçirilən konsertlərdə iştirak etmişlər. Eldar Mansurov qrup üçün bir sıra mahnılar bəstələmiş, həmçinin bəstəkarı olduğu "Bəxt üzüyü", "Müqəddəs oda yanaram" və "Hökm" filmlərinin musiqisinin yazılışına TAC qrupunu cəlb etmişdi. 1991-ci ildə fəaliyyətini dayandıran TAC qrupunun ömrü qısa olsa da, Azərbaycan rok musiqisinin 1990-cı illərin əvvəllərində yaranmış kollektivlərindən biri hesab olunur.

İstinadlar

Həmçinin bax Bir sabah

Xarici keçidlər

Mübariz Tağıyev & Tac qrupu — Bir Sabah Tac qrupu & Cəsur Nemətov - Avara Eldar Mansurov — Şirin-şirin (İfa: Marina Zaxarova) | 1993 Eldar Mansurov — Əhməd (İfa: Marina Zaxarova)

Kateqoriya:Azərbaycan musiqi qrupları Kateqoriya:Azərbaycan rok-qrupları