Əsakiri-mənsureyi-Məhəmmədiyyə () — Yeniçəri ocağının Vaqieyi-xeyriyyə ilə aradan qaldırılmasından sonra, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan yeni ordunun adıdır. 16 iyun 1826 — 1920-ci illərdə fəaliyyət göstərmişdi. De-fakto 1912-ci ildən fəaliyyətinə son verilmişdir. Mudros sülh müqaviləsindən sonra isə fəaliyyəti tamamilə ləğv edilmişdir. Qərargahı İstanbul və Selanikdə olmuşdur. Bu ordudan 1877-1878-ci illərdəki Rusiya-Osmanlı müharibəsi, Krım müharibəsi, 1897-ci ildəki Osmanlı-Yunan müharibəsi, Balkan müharibələri və Birinci Dünya müharibəsi zamanı istifadə edilmişdir.
Dindar insanların reaksiyasını azaltmaq üçün Məhəmmədiyyə adı əlavə edilmişdir. Keçmiş yeniçəri ağalarından olan Ağa Hüseyn Paşa birinci olaraq “sərəsgər” adı ilə Əsakiri-mənsureyi-Məhəmmədiyyənin rəhbərliyinə gətirilmişdir.
Əsakiri-mənsureyi-Məhəmmədiyyə “tərtibat” adlandırılan səkkiz qoşundan ibarət idi. Hər tərtibatın başında “mayor” adlandırılan bir komandir var idi. Bu mayorlar “baş mayora” tabe idi. Hər tərtib 16 sıra (saf) idi. Hər saf bir kapitanın əmri altında idi. Hər kapitanın iki “mülazim” köməkçisi var idi. Hər tərtibatda bir artilleriya var idi.
Artilleriyaya “artilleriya başçısı” adlı bir zabit rəhbərlik edirdi və toplara əmr verirdi. 16 cərgədən (saf) ibarət olan tərtibatlar səkkiz sağ və səkkiz sol olaraq ikiyə ayrılmışdı. Bunlara “sağ qolağaları” və “sol qolağaları təyin edilmişdi. İki il sonra bu təşkilat yenidən təşkil edilmiş və tərtibatlara “alay” komandirlərinə miralay deyildi. “Saf” termini “bölük” olaraq dəyişdirildi. Hər alay mayorun komandanlığı altında üç batalyondan ibarət idi.
Sol və sağ qolağası adını alan iki zabit, bir katib, bir sancaqdar, hər bölüyə “kapitan” və “mülazim”dən başqa “baş çavuş” və “dəstə komandiri” əlavə edilmişdi. Hər alayda “miralay” köməkçisi olan kaymakam var idi. İki alay bir “mirliva” və üç alay bir “ferik”in komandirliyi altında idi. Miralaydan yuxarı zabitlərə “paşa” deyilirdi. Əsakiri-mənsureyi-Məhəmmədiyyənin ən böyük komandiri “müşir” idi.
Bu ordu Osmanlı ordusunun tərkibində fəaliyyət göstərmiş daimi hərbi təşkilatdır (ocaqdır). II Mahmud tərəfindən Yeniçəri ocağının ləğv edilməsindən sonra, 7 iyul 1826-cı ildə yaradılmışdır. Ağa Hüseyin Paşanın komandanlıq etdiyi bu hərbi təşkilatda Qoca Xosrov Mehmed Paşa sərəskər olaraq komandan olmuşdur. I Əbdülməcid tərəfindən 14 iyun 1843-cü ildə ordunun adı Əsakiri-mənsureyi Şahanə olaraq dəyişdirilmişdir. Bu tarixdən etibarən ordu qısaca Nizamiyyə ordusu adlandırılmağa başlanmışdır. Əsakiri-mənsureyi-Məhəmmədiyyə Osmanlı imperiyasının son klassik ordu strukturudur. 1923-cü ildə səltənətin ləğv edilməsi və respublikanın elan olunması ilə Türkiyə Quru Qoşunlarına çevrilmişdir.
thumb|1-ci ordunun qərargahı kimi istifadə olunmuş Səlimiyyə kazarması (Noyabr 2013). Kazarma birinci olaraq Əsakiri Mənsurə birlikləri üçün inşa edilmişdir
Yaradılmasından dərhal sonra həm paytaxt İstanbuldan, həm də əyalətlərdən Əsakiri-mənsureyi-Məhəmmədiyyəyə daxil olmaq üçün çoxlu sayda könüllü müraciət etmişdir. Hazırlanmış nizamnaməyə əsasən, "kimliyi naməlum, avaralanan şəxslər" və "islamı yeni qəbul edənlər (mühtədilər)" bu təşkilata qəbul edilmir, ilkin şərt olaraq yaşları 15 ilə 30 arasında olan yararlı şəxslərin qeydiyyatı aparılırdı. Bununla belə, 40 yaşınadək olan sağlam və gümrah şəxslər də xidmətə qəbul oluna bilərdilər. Yaşı 15-dən aşağı olub orduya yazılmaq istəyən uşaqlar üçün Şahzadəbaşındakı köhnə Əcəmi ocağı kazanması təlim meydanı (təlimxana) olaraq ayrılmışdı. Qısa müddətdə böyüyən "Mənsurə əsgərləri" üçün Üsküdar və Leventdəki mövcud kazarmalara yeniləri də əlavə edilmişdir. Yeni yaradılmış ordunun ilkin şəxsi heyəti 12,000 nəfərdən ibarət idi. Bu heyət hər biri 1,500 nəfərlik olan 8 subyektə ("tərtib") bölünmüşdü. Tərtibin ən yüksək rütbəli zabiti minbaşı (mayor) idi. Bu 8 minbaşının üzərində isə bir başminbaşı dayanırdı. Bir tərtibin ümumi heyəti iki sağ və sol qolağası, topçubaşı, arabaçıbaşı, cəbəxanaçıbaşı, mehterbaşı, imamlar, həkim və cərrahla birlikdə 1,527 nəfərə çatırdı. Hər tərtib sağ və sol olmaqla iki qola ayrılmış və onların hər biri bir qolağasının tabeçiliyinə verilmişdi. Hər qol da "saf" adı altında 6 hissəyə bölünmüşdü. Hər safın başında bir yüzbaşı (kapitan) dayanırdı. Bu yüzbaşıların əmrində iki mülazım (leytenant), bir sancaqdar, bir çavuş və 10 onbaşı var idi.
1827-ci ilin iyulunda "tərtib" anlayışı Tabor (batalyon), "saf" isə bölük (rota) terminləri ilə əvəz olunmuş və bu hərbi terminlər varlıqlarını günümüzə qədər hifz edib saxlamışdır. 8 tabordan ikisi növbəli şəkildə Sərəskərlik binasını mühafizə edir və İstanbulun təhlükəsizliyini təmin edirdi. Nizamnamədə göstərildiyi kimi, Yeniçəri ocağının yerinə qurulan Əsakiri-mənsureyi-Məhəmmədiyyə onun təkcə müharibə dövründəki xidmətlərini deyil, həm də dinc dövrdə şəhərin daxili təhlükəsizliyinin mühafizəsi və müvəqqəti olaraq yanğınların söndürülməsi kimi vəzifələrini öz üzərinə götürmüşdü. Digər 6 tabor isə başda Davudpaşada inşa edilən Əsakiri-mənsurə kazarması olmaqla, yenidən təmir edilən Səlimiyyə və Rami kazarmalarında hərbi təlimlərlə məşğul olurdu.
Yeni ordunun Sərəskərlikdən sonra gələn ən səlahiyyətli orqanı Əsakiri Mənsurə Nəzarəti (Nazirliyi) idi. Təşkilatın maaş və digər inzibati-texniki işlərinə nazir cavabdehlik daşıyırdı. Yeni nizamlı orduda həyata keçirilən təhsil-tərbiyə tədbirləri qısaca belə idi: hər saf üçün bir məktəb yaradılır, buralarda hər gün Qurani-Kərim və elmihal (dini qaydalar) dərsləri keçirilirdi. Əsgərlər beş vaxt namazı camaatla qılmalı idilər. Bunun üçün də hər safa (bölüyə) bir imam təyin edilirdi.
Yeni ordunun bölük, tabor, alay kimi hərbi vahid adları III Səlim dövründə yaradılıb qısa müddət sonra ləğv edilməyə məcbur qalan Nizami-Cədid ordusu ilə eyni idi. Mənsurə əsgərlərinə təlim keçmək üçün xaricdən mütəxəssislər dəvət olunmuşdu. Mənsurə ordusunda rütbə artımı işgüzarlığa və bacarığa görə tənzimlənirdi, yəni sıravi əsgər qabiliyyəti sayəsində başminbaşı rütbəsinə qədər yüksələ bilərdi.
Ən yüksək rütbəli zabitdən tutmuş sıravi əsgərə qədər hər bir nəfərin maaşı və təyinat sağlamlığı təmin edilirdi. Maaşlar aydan aya ödənilirdi. Yeni ordunun xərclərini qarşılamaq üçün ayrıca bir xəzinə yaradılmışdı. "Mənsurə xəzinəsi" adı verilən bu müəssisə üçün yeni gəlir mənbələri tapılmış, beləliklə, dövlət büdcəsinə əlavə yükün düşməsinin qarşısı alınmışdı. 1827-ci ildə Hüsrev Paşanın sərəskər olmasından sonra Əsakiri Mənsurədə bəzi dəyişikliklər edilmişdi. Məsələn, ilk yaradıldığı vaxtlarda forma olaraq başlarına şubara adlı dilimli papaq qoyan əsgərlərə 1828-ci ildən etibarən fəs qoyulmağa başlanmış və geyim formasında vahidlik təmin edilmişdi. Hər 3 tabordan bir alay təşkil olunmuş, başminbaşı rütbəsi ləğv edilərək hər alayın başına bir miralay (polkovnik) təyin edilmişdi. Bundan əlavə, hər alaya bir alay əmini (təsərrüfat rəisi) və bir kaymakam (polkovnik-leytenant) verilmişdir. 1828–1829-cu illər Rusiya-Osmanlı müharibəsindən sonra alayların sayı çoxaldılmış, iki alaydan bir liva (briqada) təşkil edilərək bir mirlivanın (general-mayor) komandanlığına verilmişdi. 1831-ci ildə İstanbuldakı alaylara "xassə", Üsküdardakılara isə "mənsurə" adı verilmiş, beləliklə yeni ordu iki hissəyə ayrılaraq hər birinin başına bir fəriq (general-leytenant) təyin edilmişdi. Xassə birlikləri yalnız İstanbulda yerləşdiyi halda, Rumelinin və Anadolunun müxtəlif vilayətlərində yeni Mənsurə birlikləri yaradılmışdı. Əyalətlərdəki Mənsurə birliklərinin zabitləri İstanbuldan göndərilir, əsgərləri isə yerli əhali arasından seçilərək qeydiyyata alınırdı.
Əsakiri Mənsurədə təqaüdə çıxmaq 12 illik xidmətdən sonra mümkün olurdu. Bu şəkildə təqaüd hüququ qazanan şəxslərə aldıqları maaş həcmində aylıq təqaüd bağlanırdı. Yaşlılıq və ya şikəstlik (əlillik) kimi səbəblərdən vaxtından əvvəl tərxis olunanlar isə vəziyyətdən asılı olaraq maaşlarının üçdə birini və ya üçdə ikisini alırdılar.
1832-ci ildə müşir (marşal) rütbəsi təsis edilmiş və hərbi rütbə iyerarxiyası aşağıdan yuxarıya doğru bu şəkli almışdı: Nəfər (Sıravi əsgər), Onbaşı, Bölük emini, Çavuş, Başçavuş, Mülazım (Leytenant), Yüzbaşı (Kapitan), Sol kolağası, Sağ kolağası (Baş kapitan), Minbaşı (Mayor), Kaymakam (Polkovnik-leytenant), Miralay (Polkovnik), Mirliva (General-mayor), Fəriq (General-leytenant), Müşir (Marşal).
Ordunun zabit ehtiyacını ödəmək məqsədilə 1834-cü ildə Hərbiyə məktəbi açılmış, həmçinin Avropaya tələbələr göndərilmişdi.
Əsakiri-mənsureyi-Məhəmmədiyyə yeni və bir qədər tələskənliklə yaradılmış bir təşkilat olduğu üçün 1829-cu ildə Rus ordusuna, 1831–1833-cü illərdə isə Misir qoşunlarına qarşı aparılan müharibələrdə özündən gözlənilənləri tam doğrulda bilməsə də, yeniçərilərin son dövrlərinə nisbətən daha üstün olduğunu, nizamlı rus və Misir qüvvələrinə qarşı iki il kimi uzun bir müddət müqavimət göstərməklə sübut etmişdi. Yeni ordunun dəstəklənməsi və ölkə müdafiəsinin gücləndirilməsi üçün 1834-cü ildə "Rədifi-əsakiri-mənsurə" adıyla bir ehtiyat ordu yaradılmış və həmin il çıxarılan nizamnamə ilə əyalətlərdə rədif (ehtiyat) birlikləri yaradılmağa başlanmışdı. Bu birliklərin formalaşmasından sonra Əsakiri Mənsurə ifadəsi yerini Əsakiri Nizamiyyə termininə buraxmış və uzun illər bu ikinci ad işlədilmişdi. "Nizamiyyə" sözü bu gün də hifz edilib saxlanmaqdadır və kazarma girişləri Türkiyədə hələ də bu terminlə adlandırılır.
Tənzimat dövründən sonra sərəskərlik məqamının əhəmiyyəti daha da artmışdı. Sərəskərlik sədarətdən (baş nazirlikdən) sonra ikinci mühüm dövlət məqamı olmuş, hətta Sultan Əbdüləziz dövründə bir neçə dəfə sədarət vəzifəsi ilə birləşdirilmişdi. 1843-cü ildə müddətli hərbi xidmət dövrü 5 ilə, rədiflik (ehtiyat qüvvə) müddəti isə 7 ilə salınmışdı. Həmin tarixdə mövcud birliklər Xassə, Dərsəadət, Rumeli, Anadolu və Ərəbistan orduları olmaqla 5 böyük orduya ayrılmışdı. 1847-ci ildə hərbi çağırışda püşkatma (püşk) üsulu qəbul edilmişdi. 1879-cu ildə Sərəskərliyin yerinə Hərbiyyə Nəzarəti (Nazirliyi) yaradılsa da, 1884-cü ildə yenidən Sərəskərliyə qayıdılmışdı. 1908-ci ildə isə Hərbiyyə Nazirliyi qəti olaraq Sərəskərlik vəzifəsini əvəz etmişdi.
Piyada sinfi bu şəkildə nizamlanarkən, daxili nizamı pozulmuş və sayları olduqca azalmış Qapıqulu süvariləri də ləğv edilmiş və hazırlanan qanunnaməyə əsasən yeni süvari alayları yaradılmışdı. İlk olaraq İstanbulda formalaşdırılan bu birliklər üçün, bu gün Quləli Hərbi Liseyi kimi istifadə olunan binanın yerində böyük bir süvari kazanması tikilmiş, daha sonra İstanbuldan kənarda da süvari alayları təşkil olunmuşdu.
Sultan Əbdülməcid yeni ordunun adını öz istək və təklifi ilə 14 iyun 1843-cü ildə Əsakiri-mənsureyi-Məhəmmədiyyə Şahanə olaraq dəyişdirmişdi. 6 sentyabr 1843-cü ildə İstanbul və Ədirnədə rəsmi mərasimlər keçirilərək Əsakiri Nizamiyyəyi Şahanə ordusu ilə əlaqədar edilən son tənzimləmələr elan olunmuşdur. Sonradan bu ad qısaldılaraq sadəcə Əsakiri Nizamiyyə formasına salınmışdır.
İstinadlar
Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:II Mehmed