Dmitri Buynov () — Bakıda doğulmuş və fəaliyyət göstərmiş memar. O, Bakı real məktəbinin binasının və Müqəddəs Nina qız gimnaziyasının binasının müəllifidir.

Həyatı və fəaliyyəti Dmitriy Buynov 6 avqust 1859-cu ildə Bakıda anadan olub. Onun atası 2-ci Bakı xəzinədarlığı şöbəsinin müdiri olub. İlk təhsilini Bakı real məktəbində alıb. 1878-ci ildə Tikinti məktəbinə daxil olur buranı 1884-cü ildə bitirdikdən sonra birinci dərəcəli mülki mühəndis rütbəsi alır. Əmək fəaliyyətinə Volınsk quberniyasında kiçik mühəndis kimi başlayıb. Burada 1884–1886-cı illərdə Ostroq şəhərində Viliyu və Qorın çayları üzərində 5 taxta körpü inşa edir.

1886-cı ildə Bakı quberniya idarəsinin tikinti şöbəsində fəaliyyət göstərməyə başlayır. 1886–1890-cı illər arasında Nikolayev (indiki İstiqlaliyyət) küçəsində Müqəddəs Nina qız gimnaziyası üçün bina inşa edir.

1889-cu ildə titulyar məsləhətçi rütbəsini alır. 1893-cü ildə Dmitriy Buynov Bakı quberniya memarı təyin olunur. O, bu vəzifədə 1900-cü ilə qədər fəaliyyət göstərir. 1900-cü ildə Buynov Bakı quberniya mühəndisi təyin olunur və bu vəzifədə 1907-ci ilə qədər fəaliyyət göstərir.

1901–1904-cü illər ərzində Bakı real məktəbi üçün öz verdiyi layihə üzrə yeni binanın tikintisi ilə məşğul olur.

1907–1908-ci illərdə Buynovu işləmək üçün Tiflisə göndərirlər. Burada o Qafqaz canişininin yanında tikinti və yol hissəsi üzrə mühəndis kimi xidmət edir. Bundan başqa o, Canişin idarəetməsinin yanında Texniki şuranın sədri olur. 1909-cu ildə həqiqi müşavir rütbəsini alır. 1916-cı ildə onu Rusiya Qırmızı Xaç Cəmiyyətinin Qafqaz Dairəsinin Təftiş Komissiyasına daxil edirlər.

Həyatının sonrakı dövrləri haqqında məlumat yoxdur.

Həmçinin bax İosif Ploşko İosif Qoslavski Yevgeni Skibinski Balaxanı-Sabunçu müqəddəs Makari kilsəsi

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Bakı real məktəbinin məzunları Kateqoriya:XX əsr memarları