Aslan bəy Ağalar bəy oğlu Səfikürdski () — Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919), Xalqçı Partiyasının yaradıcısı, ilk və son sədri.
Həyatı thumb|Səfirkürdskinin Peterburq Universiteti tərəfindən verilmiş tələbə bileti|leftAslan bəy Ağalar bəy oğlu Səfikürdski 1881-ci il sentyabr ayının 30-da Yelizavetpol qəzasının Səfikürd kəndində (indiki Goranboy rayonunda) anadan olmuşdur. Onun atası Ağalar bəy 1890-cı ildə vəfat etmiş və Aslan bəy kiçik yaşlarından anası Maytavan xanımın və əmilərinin himayəsində böyümüşdür. Aslan bəyin özündən kiçik iki qardaşı vardı. Doğma kəndlərində məktəb olmadığından Aslan bəy orta təhsil almaq üçün Gəncəyə gedir, qohumlarının evində yaşayaraq onların himayəsilə Gəncə klassik gimnaziyasına daxil olur və orta təhsilini 1901-ci ildə başa vurur. Həmin ildə Xarkov Universitetinin Hüquq fakültəsinə qəbul olunur. 1902-ci ildə öz xahişi ilə Rusiya Sankt-Peterburq Universitetinə köçürülür. O, Sankt-Peterburqda keçirilən inqilabi tələbə tətillərinə qoşulur və ona görə 1903-cü ilin mart ayında Universitetin professor-müəllimlərdən ibarət daxili nizam-intizam məhkəməsi şurasının qərarına əsasən yarım il müddətinə oradan xaric edilir. Onun bərpa edilməsi 1904-cü ilin yanvar ayının 20-də mümkün olur. Aslan bəy Səfikürdski azərbaycanlı tələbələrin təşkil etdiyi "Həmyerlilər" təşkilatının üzvü olmuşdu.
Fəaliyyəti Aslan bəy 1907-ci ildə ali təhsilini başa vuraraq Gəncəyə qayıtmışdır. 1907–1911-ci illərdə Gəncədə ədliyyə orqanlarında andlı müvəkkil köməkçisi vəzifəsində işləyib. O, Gəncədə Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri, həmçinin Aktyorlar Cəmiyyətinin sədri olmuşdur. 1911–1917-ci illərdə Aslan bəy Şuşa Şəhər Dumasında iş kəsmək üzrə iclasçı, sonralar isə andlı müvəkkil vəzifələrində çalışıb. Rusiyada 1917-ci il fevral inqilabından sonra mart ayında Səfikürdski Gəncə Qəza İcraiyyə Komitəsinin, həmçinin Gəncə Müsəlman Milli Şurasının üzvü seçilmişdi.
Aslan bəy Səfikürdski 1915-ci ildə Qasım bəy Əmircanovla birlikdə Peterburq Universitetinin professoru Boden-de Kutilin sədrliyi altında Kiyevdə keçirilən Rusiyanın qeyri-rus millətlərinin qurultayında iştirak etmiş, məhz bu qurultayda ilk dəfə "Azərbaycan muxtariyyəti" məsələsini qaldırmışdı."Azərbaycan " qəzeti, 28 may 1919-cu il, № 10. Sonralar bu haqda rəsmi dövlət qəzeti "Azərbaycan"a bəhs edən A. Səfikürdski 1919-cu ildə yazırdı:
1917-ci il noyabr ayının 11-də Tiflisdə Zaqafqaziyanın siyasi partiya və ictimai təşkilatlarının nümayəndələrinin konfransı çağırıldı. Həmin konfransın işində Səfikürdski də iştirak etmişdi. 1918-ci il fevralın 28-də Aslan bəy "Eser" partiyasının tərkibindən çıxaraq Zaqafqaziya Seymi tərəfindən təsdiq olunmuş "Müsəlman fraksiyası"nın tərkibində "Müsəlman Sosialistləri Bloku"na daxil oldu."Odlar Yurdu" qəzeti, 1992-ci il, № 6, s. 3. Onun başçılıq etdiyi blok Rusiya Müəssislər Məclisinə seçkilərdə üç yer qazanmışdı. Rusiya Müəssislər Məclisi buraxılandan sonra yaradılan Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, sonra isə Azərbaycan Milli Şurasının üzvü idi.Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. Bakı, 2005, s. 334. Seymin Müsəlman Sosialistləri Blokunun lideri kimi Səfikürdski Bakıda 1918-ci il 31 martda müsəlman əhaliyə qarşı vəhşiliklərin qarşısının dərhal alınmasını tələb etmişdi.
AXC-də fəaliyyəti 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Yaranmış Azərbaycan Milli Şurasının məqsəd və vəzifələrini Zaqafqaziyanın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün nümayəndələr göndərmək qərara alındı. Bu nümayəndələr içərisində Aslan bəy Səfikürdski də vardı. thumb|1918-ci ildə İstanbul Konfransına göndərilmiş Azərbaycan Heyəti Aslan bəy Səfikürdski 1918-ci il yanvarın 9–12 arasında Şəmkir, Dəllər və Zəyəm dəmiryol stansiyalarında çar Rusiyasının Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində iştirak edən 9 rus əsgərlərinin tərksilah edilməsində məsləkdaşları Xudadat bəy Rəfibəyli, Şəfi bəy Rüstəmbəyli və başqaları ilə birlikdə yaxından iştirak etmişdi. Aslan bəyin rus əsgələrindən aldıqları silahlar AXC hökuməti Tiflisdən Gəncəyə köçəndə Milli Ordumuzun təşkili zamanı gərək olmuşdu.
İyunun əvvəllərində Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti çox ciddi daxili və xarici problemlərlə üzləşdi. Bu vaxt artıq Nuru paşanın rəhbərlik etdiyi türk hərbi mütəxəssislərindən ibarət 300 nəfərlik qrup Gəncədə idi. Onların fikrincə, Milli Şura və onun yaratdığı hökumət həddən artıq sol və inqilabi mövqelərdə dururdu.А. Балаев. Азербайджанское национально-демократическое движение 1917–1920 гг. Баку, 1990, с. 30.
Aslan bəy Səfikürdski türklərin hərəkətini qəti surətdə pislədi və qeyd etdi ki, biz sosialistlər həmişə türklərin tərəfində olmuşuq və bu istiqamətdə işləmişik.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti açıldı. Aslan bəy Səfikürdski Milli Şuranın 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi Məbusanın təsisi haqqında qanun" a əsasən Qazax qəzasından Azərbaycan Cümhuriyyətinin ali qanunverici orqanına — Parlamentə millət vəkili seçildi.
O, Parlamentdəki "Sosialistlər fraksiyası" nın liderlərindən biri idi. Səfikürdskinin adı parlamentdə sosialistlərin təqdimolunma oxunuşu zamanı 13 nəfərin siyahısında sayca 8-ci çəkilirdi. Sosialist Aslan bəy Səfikürdski 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentindəki çıxışında Fətəli xan Xoyskinin başçılığı altında yaradılacaq yeni hökumətin koalisyon olması və demokratik prinsiplərə əsaslanması tələblərini irəli sürmüşdü. Lakin o, başqa səmərəli təkliflərlə də çıxış etmişdi. Bu, özünü Parlamentin 1918-ci il dekabrın 10-da keçirilən 2-ci iclasında və sonrakı 15 dekabr tarixli 3-cü iclasında ordu barədəki müzakirələr zamanı da göstərmişdi. O, Parlamentin 1918-ci il dekabrın 25-də keçirilən iclasında siyasi dustaqların amnistiyası üzrə yaradılan 5 nəfərdən ibarət komissiyasının üzvü seçilmişdi.
1919-cu il iyunun 9–11-də AXC-nin ali səlahiyyətli fövqəladə orqanı – Dövlət Müdafiə Komitəsi (DMK) yarandıqda Səfikürdski həmin qurumun üzvlüyünə daxil olmuşdu. 1919-cu il sentyabrın əvvəllərində İstanbul Konfransı olmuşdu. Konfransa AXC-nin nümayəndə heyəti də dəvət olunmuşdu. 1918-ci il sentyabrın 6-da Bakınnı xilaskarı Ənvər paşa İstanbul danışıqlarında iştirak edən nümayəndə heyətimizi Türkiyədə yenicə hakimiyyətə gəlmiş sultan VI Məhəmmədə təqdim etmişdi. Sultana təqdim olunan nümayəndə heyətinin tərkibində Aslan bəy də var idi.
Poçt və teleqraf naziri vəzifəsində Aslan bəy Səfikürdski Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi üçüncü hökumət kabinəsində poçt və teleqraf və naziri təyin olundu. Onun təşəbbüsü ilə cümhuriyyətin ayrı-ayrı bölgələrindəki poçt-teleqraf müəssisələrində əməliyyat və poçt daşınmaları işləri bərpa edilmiş, telefon danışıq məntəqələri istismara buraxılmışdı. Səfikürdski rabitə sahəsində kadr hazırlanması işinə də xüsusi diqqət verirdi. Məhz onun səyi nəticəsində 1919-cu ildə Bakıda xüsusi poçt-teleqraf məktəbi fəaliyyət göstərməyə başladı. Onun qonşu dövlətlərlə rabitə işlərinin qaydaya salınmasında və inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. Nazir olduğu dövrdə üzərində Azərbaycan dövlətinin nişanları olan poçt markaları buraxılmağa başladı. Bundan əlavə, teleqraf blankları rus dili ilə yanaşı, Azərbaycan dilində də çap edilməyə başladı. Aslan bəy bir nazir kimi, Azərbaycan Cümhuriyyəti ilə qonşu dövlətlər və ilk növbədə, Zaqafqaziya cümhuriyyətləri arasında rabitə vasitələrinin, poçt-teleqraf işlərinin nizama salınmasında və daha da inkişaf etdirilməsində çox böyük xidmətləri olmuşdur.
O, 1919-cu ilin yanvar ayında teleqraf əlaqələrini gücləndirmək üçün Tiflisdə çağırılan beynəlxalq konfransın işində iştirak etmiş və Zaqafqaziya cümhuriyyətləri arasında teleqraf xidmətlərinin yaxşılaşdırılması şərtlərinin hazırlanmasında böyük əmək sərf etmişdi. Həmin konfransın qərarına müvafiq olaraq elə 1919-cu ilin yanvar ayında Azərbaycan və Gürcüstan cümhuriyyətlərinin iri şəhərləri arasında daimi teleqraf əlaqələri yaradılması haqqında 10 maddədən ibarət bəyannamə imzalandı. Bundan əlavə hər iki cümhuriyyət arasında poçt vasitəsilə əmanətlərin göndərilməsi xidmətini yaxşılaşdırmaq məqsədilə konvensiya imzalandı.Азербайджанская Демократическая Республика. Баку, 1998, с. 120 O, bu vəzifədə 1919-cu il martın 14-dək fəaliyyət göstərmişdi. Aslan bəy Səfikürdskinin təqdimatı ilə Azərbaycan hökuməti 1919-cu ilin dövlət büdcəsini təşkil edərkən poçt və teleqrafın, rabitənin inkişafı üçün 15 milyon manat pul ayırmışdı.
Ədliyyə və əmək naziri vəzifəsində thumb|I Yusifbəyli hökumətinin üzvləri. Soldan 1-ci oturan Aslan bəy Səfikürdski|264x264px|alt=1919-cu il yanvarın 21-də Azərbaycan Cümhuriyyətinin Əmək Nazirliyi yarandı. 1919-cu il martın əvvəllərində Fətəli xan Xoyskinin kabinəsi istefaya çıxdığı üçün Aslan bəy Səfikürdski tutduğu vəzifəni tərk etmiş, Nəsib bəy Yusifbəylinin 1919-cu il martın 14-də təşkil etdiyi kabinədə ədliyyə və əmək naziri təyin olunmuşdur.Азербайджанская Демократическая Республика. Баку, 1998, с. 127 Azərbaycan Nazirlər Şurasının qərarı ilə həmin Nazirliyin iclası da Aslan bəyə həvalə olundu. Səfikürdskinin göstərişi ilə Ədliyyə Nazirliyinin yanında Azərbaycan ilk dəfə olaraq hüquq elmi üzrə mükəmməl kitabxananın təşkilinə, Azərbaycanda Məhkəmə Palatası nəzdində andlı Müvəkillər Şurasının yaradılmasına başlanmışdı. Aslan bəy Cümhuriyyətin ərazisində 3 yeni dairə məhkəməsinin (Şəki, Şuşa, Kürdəmir) açılmasına nail olmuşdu.
Səfikürdski ədliyyə naziri, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin baş prokuroru idi. Aslan bəy parlamentin üzvü olmaqla bərabər, "Xalqçı" partiyasının da sədri idi. Partiyanın üzvləri "Müsəlman Sosialistlər Bloku" vasitəsilə Parlamentdə təmsil olunurdular. "Xalqçı" partiyası bütün məsələlərdə "Müsavat" a qarşı tənqidlərlə çıxış edirdi.
Geniş zəkaya və dərin hüquqi biliyə malik olan Aslan bəy Səfikürdski az bir müddət ərzində Ədliyyə Nazirliyinin fəaliyyətində böyük islahatlar aparılmasına nail oldu. O, nazirliyin əsas vəzifəsini aşağıdakı üç problemin həlli istiqamətinə yönəldə bildi: Ədalət məhkəmələrinin işlərinin yenidən qurulması. Burada əsas diqqət ölkənin bütün vətəndaşlarının qanuni hüquqlarının müdafiəsinin gücləndirilməsinə, əhalinin əmin-amanlığının və təhlükəsizliyinin təmin edilməsinə yönəldilirdi. Ədalət məhkəmələrinin işinə geniş ictimaiyyətin, xalq kütlələrinin cəlb edilməsi. Seçkili məhkəmə orqanlarının əhalinin yaşayış yerlərinə yaxınlaşdırılması.Ədliyyə Nazirliyi üzrə 1919-cu il 16 aprel tarixli əmr. 15. ARDA.f. 100, siy. 28/6, iş 84, v. 34.
Ədliyyə və məhkəmə orqanlarının işində köklü dəyişikliklər yaratmağa çalışan Aslan bəy Səfikürdski cümhuriyyətin müxtəlif nazirlik, idarə və təşkilatlarında, ayrı-ayrı müəssisələrində israfçılıqla mübarizəni gücləndirmək, rüşvətxorluq hallarını aradan qaldırmaq, qanun pozuntularının qarşısını almaq məqsədilə ciddi tədbirlər həyata keçirdi. A. Səfikürdskinin rəhbərliyi ilə qısa bir müddət ərzində yuxarıda deyilənlərə qarşı mübarizəni gücləndirmək məqsədilə müstəqil orqan — xüsusi Təftiş İstintaq Komissiyasının yaradılması haqqında qanun layihəsi hazırlanıb parlamentə təqdim edildi və 1919-cu il iyulun 27-də parlament Təftiş İstintaq Komissiyasının yaradılması haqqında qanun qəbul etdi.15 Öz fəaliyyətinə məsuliyyətlə başlayan komissiya az bir müddət ərzində cümhuriyyətin ərzaq, ticarət və sənaye nazirliklərində, onların təşkilatlarında və həmçinin, Bakı polis idarəsinin işində çox ciddi nöqsanlara, qanun pozuntularına yol verildiyini aşkar etdi və bu işdə təqsirkar olan bir qrup yüksək vəzifəli şəxslər haqqında cinayət işi qaldırıb onların məsuliyyətə alınmasına nail oldu.Азербайджанская Демократическая Республика (1918–1920). Законодательстве акты. Баку, 1998, с. 328.