Pənahəli xan və ya Pənahəli xan Cavanşir () — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1748-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır.

Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasınıQalanın ilk adı Pənahabad idi. tikdirib xanlığın iqamətgahına çevirdi. Qarabağ xanlığının ilk şəhəri olan Şuşanın siması Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi ərazilərin memarlıq üslublarını özündə əks etdirib.

Pənahəli xanın hakimiyyətini ilk olaraq Vərəndə məliki II Şahnəzər tanıdı. Bu tanıma həm də "nikah diplomatiyası" vasitəsilə möhkəmləndirildi. Onun qızı Hürzadla İbrahimxəlil ağa nikahlandı. Xaçın məliki Məlik Mirzədən tabe olmaqdan imtina etməsi Pənahəli xanın onun üzərinə yürüş etməsinə səbəb oldu. O, Ballıqaya adlanan yerdə məğlub olaraq mərkəzi hakimiyyəti tanımaq məcburiyyətində qaldı. Dizaq, Çiləbörd, Gülüstan məliklərinin də düşmənçilik siyasəti iflasa uğradı. Bir müddət sonra onlar da xan hakimiyyətinə tabe oldular.

Bayat savaşından sonra Qarabağ xanlığının ərazisi xeyli genişləndi. Şamaxı, Şəki, İrəvan, Naxçıvan, Təbriz xanlıqları Pənahəli xanın hakimiyyətini qəbul etdi. Pənahəli xan isə öz növbəsində Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili ələ keçirərək onların idarəsini öz adamlarına tapşırdı.

Qarabağ xanlığı kimi bir xanlığın yaranması ətrafdakı xanları və hakimləri ciddi narahat etməyə başladı. Onlarda biri də Astrabad hakimi Məhəmmədhəsən xan Qacar oldu. O, 1757-ci ildə güclü bir qoşunla Qarabağ xanlığı üzərinə yürüşə başladı. Döyüş Qarabağ qüvvələrinin qələbəsi ilə nəticələndi. Xanlıq 1759-cu ildə urmiyalı Fətəli xan Əfşarın hücumuna məruz qaldı. Fətəli xan Əfşarın üzərinə yürüşünü Qarabağ salnaməçiləri ətraflı şəkildə təsvir edirlər. Zənd hakimi Kərim xan, Fətəli xan Əfşarla arasında olan müharibəyə Pənahəli xanı da əlavə etdi. Pənahəli xan Kərim xana yardım məqsədilə Fətəli xanla mübarizə apardı. Döyüşlər Fətəli xanın məğlubiyyəti ilə nəticələndi və o, öldürüldü. Kərim xan Zənd isə ona yardım göstərən Azərbaycan xanlarını şənlik adı ilə Şiraza dəvət edib, əsir götürdü. Pənahəli xan 1763-cü ildə, 69–70 yaşlarında Şirazda vəfat etdi.

Pənahəli xan Bayat, Şahbulaq və Şuşa qalalarından əlavə, Əsgəran qalası və Qarabağ xan sarayının yaradıcısıdır. Hazırda qalalar və xan sarayı yararsız vəziyyətdədir. Pənahəli xan Şuşa qalasını tikdirdikdən sonra, burada sikkəxana açdırmışdı. Həmçinin sikkəxanada pənahabad adlı sikkə də buraxılmağa başlamışdı. Pənahabad sikkəsi və Şuşa qalasının parad qapısının açarı hazırda Azərbaycan Tarixi Muzeyində yerləşir.

Həyatının və fəaliyyətinin ilk illəri Pənahəli xan 1693-cü ildə İbrahimxəlil ağanın və Qızlarbəyim xanımın ailəsində, Qarabağın Alaqarğu kəndində anadan olub. Mirzə Adıgözəl bəy Cavanşir sülaləsinin yaradıcısı olan Pənahəli bəyin əslən Sarıcalı tayfasından olduğunu qeyd etmişdir. Mirzə Camal Cavanşir isə onun bu fikrini Cavanşirlərin Sarıcalı oymağından olmasını yazmaqla qəbul edir. Mirzə Camal bəy yazır: "Mərhum Pənah xanın əsl-nəsəbi Qarabağın Cavanşir elindəndir. Bu el qədim zamanlarda Türkistandan gəlmiş Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların atababaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar idilər".

1723-cü ildə Osmanlı ordusunun Qarabağı almasından sonra İbrahimxəlil ağa Sarıcalı Cavanşir övladlarını və oymağın bir hissəsini götürüb Araza üz tutdu. Qarabağ bəylərbəyi II Uğurlu xan Ziyadoğlu-Qacar isə II Təhmasibin yanına getdi. 1730-cu ildə şah onu 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərdi. Uğurlu xan Bərgüşad və Bərdə qəzalarından 12 min nəfərlik qoşun yığdı. İbrahimxəlil ağa və oğulları Fəzləli ağa, Pənahəli ağa, Behbudəli ağa, İsmayılxan ağa də onlara birləşdilər. Bu birləşmə Nadir şah Əfşarın tabeliyinə keçdi. Nadir şah Fəzləli ağaya bəy ünvanı verib, onu əvvəlcə naibi, sonra isə eşikağası təyin etdi. Fəzləli bəy vəfat etdikdən sonra, onun vəzifəsini kiçik qardaşı Pənahəliyə tapşırdılar. Mirzə Adıgözəl bəy yazır: "Nadir şah onun kiçik qardaşı Pənahəlini hüzuruna çağırıb, əlinə çomaq verdi, əynini qiymətli eşikağası xələti ilə bəzədi və böyük qardaşının mənsəbini ona verdi".

Pənahəli bəy qardaşının taleyinin onu da gözlədiyindən şübhələnərək sarayı tərk etdi. Pənahəli bəy müəyyən müddət Zəngəzur yaylağında, Qara Murtuza bəyin yanında qaldı, sonra isə öz tərəfdarlarını toplayaraq, inzibati mərkəzlərə — Gəncəyə, Naxçıvana, Şəkiyə və digər yerlərə basqınlar etdi. Əhməd bəy Cavanşir yazır: "Pənahəli bəy onu tutmaq üçün gələnlərə, habelə Dağıstan tərəfdən olan basqınlardan ölkəni qoruyanlarla mübarizədəki müvəffəqiyyətdən ruhlanaraq, gələcəkdə özü üçün daha əlverişli şərait yaranacağı təqdirdə əhalinin rəğbətini qazanmaq məqsədilə, xalqa zülm edənlərə qarşı amansız olmaqla, adi partizan dəstələri başçılarına nisbətən daha çox insanpərvərlik göstərirdi. Bu zaman təqribən 14–15 yaşına çatmış böyük oğlu İbrahimxəlil ağa, bir müddət sonra Qarabağa, Pənahəli bəyin yanına gəlir".

Nadir şah Təbriz və Şamaxı hakimlərinə Pənahəli bəyin tutularaq paytaxt Məşhədə gətirilməsini əmr edir. Lakin həmin dövrdə Cənubi Qafqazda baş vermiş siyasi qarışıqlıqdan istifadə edən Pənahəli bəy təqiblərdən yayına bilir.

Qarabağda hakimiyyəti right|200px|thumb|Nadir şah

1747-ci il iyulun 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət pis vəziyyətə düşdüyü üçün, o cümlədən Azərbaycanda xalq azadlıq hərəkatının qələbəsi üçün şərait yarandı. Azərbaycanda 20 müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapdı. Belə bir tarixi şəraitdə Pənahəli xan Qarabağ xanlığının əsasını qoydu. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib özünü xan elan etdi. Pənahəli bəy Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir və başqa Qarabağ tayfalarının vətənə qayıtmağına şərait yaratdı. Pənahəli xan onları qarşılamaq üçün Azərbaycan və İraq sərhədinə qədər gedib, onlara kömək göstərdi.

V. A. Potto qeyd edir ki, Pənah xan İrandan böyük miqdarda həmyerliləri ilə Vətənə qaça bildi. 1747-ci ildə Qarabağ xanlığı yarandı və Pənah xan özünü hakim elan etdi. Beləliklə, böyük dövlətin sərhədlərində öz müstəqilliyini inadla qoruyan kiçik bir müstəqil dövlət əmələ gəldi.

Nadir şahın ölümündən sonra onun qardaşı oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyətə gəlmişdi. Pənahəli xanın şöhrəti Azərbaycan hakimi Əmiraslan xana da yetişdi. Əmiraslan xan vaxt itirmədən Qarabağa gəldi və Pənahəli xanla görüşdü. Əmiraslan xan Pənahəli xana Adil şaha tabe olmağı təklif etdi. Pənahəli xan təklifi qəbul etdi. Adil şah öz növbəsində rəsmi surətdə Pənahəli xana xanlıq rütbəsi fərmanı, eləcə də cəvahiratla bəzədilmiş qılınc, hədiyyələr göndərdi. 1748-ci ildə Adil şah öldürülür və Pənahəli xan xanlığı tam müstəqil idarə etməyə başlayır.

1747-ci ildə məliklərdən biri, Vərəndə məliki II Şahnəzər öz əmisi HüsünüDigər mənbələrdə Osip deyərək keçilir. öldürərək məliklik hakimiyyətini ələ keçirdi. Xəmsə məliklikləri bu hadisəni eşitdikdə birləşərək Şahnəzərə qarşı düşmənçilik etməyi qəti qərara aldılar. Vərəndəyə basqın etdilər, xeyli kəndi qarət etsələr də Şahnəzərə qalib gələ bilmədilər. Qış düşdüyü üçün öz mülklərinə çəkilib yazda basqını təkrar etmək qərarına gəldilər. Pənahəli xan Şahnəzərlə əlaqə yaratdı. Şahnəzər xoşluqla Pənahəli xanın hakimiyyətini qəbul etdi və öz qızı Hurizadı xanın oğlu İbrahimxəlil ağaya ərə verdi.

Xaçın məlikini aradan götürmək üçün Pənahəli xan Xındırıstan kəndxudası Mirzəxanı çağırıb bildirdi ki, əgər o, Xaçın məliki Allahverdini tutub onlara təhvil versə, əvəzində özü məlik rütbəsi ala bilər. Mirzəxan belə də etdi. Beləliklə Xaçın məlikliyi də Qarabağ xanından asılı vəziyyətə düşdü. Digər məlumatlara görə isə, Xaçın məliki Ballıca oymağı yanında qızğın müqavimət göstərdikdən sonra oğlanları ilə birlikdə qılıncdan keçirildi. Dizaq məliki Yeqan da öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərmiş, lakin onların bir hissəsi qırılmış, bir hissəsi isə İslam dinini qəbul etmişdi. Çiləbörd məliki Allahqulu Pənahəli xanın təbəəliyini qəbul etdi. Lakin bir müddət sonra yeni Çiləbörd məliki Hətəm Talışda hakimiyyəti ələ keçirmiş məlik Usubla ittifaqa girərək Pənahəli xana qarşı mübarizəyə başladı. Darmadağın olan məliklər məğlubiyyətə uğrayıb Gəncə xanlığına qaçdılar və 7 il Şəmkir mahalında yaşadılar. Yalnız Qarabağ xanına itaət göstərdiklərini bildirdikdən sonra onlara geri qayıtmaq icazəsi verildi.

Qarabağ xanlığı ərazisində möhkəmləşdirilmiş şəhər yox idi. Bu səbəbdən xanın ilk işi etibarlı qala inşa etdirmək oldu. Pənahəli xan 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirdi. Pənahəli xan şəhərin bir çox adamlarını götürüb Bayat qalasında yerləşdi.

Xanlıqdan gözlədikləri payı almayan Cavanşir və Otuziki elinin nümayəndələri Xəmsə məliklikləri ilə birləşib Hacı Çələbi xanı Şəkidən Qarabağa çağırdılar. Tarixçi Mirzə Adıgözəl bəy yazır: "Sonra, palçıqları kin və həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və Otuziki əhalisinin ürəklərində ədalət alovu şölələndi və beyinlərinə kin havası hücum etdi. Onlar bu xanlığın yox olması uğrunda son dərəcə səy göstərirdilər. Onlar xəmsə məlikliklərini də özlərinə həmməslək və müttəfiq etmişdilər. Əbədi ixtiyar sahibi Hacı Çələbiyə ərizələr yazmışdılar. Ona bildirdilər ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısını almaq mümkün olmayacaqdır".

Bunlara inanan Hacı Çələbi, 1748-ci ilin sonunda Şamaxı xanı Hacı Məhəmmədəli xanla birləşərək Pənahəli xanı aradan götürmək üçün Bayat qalasına hücum etdi. Qala mühasirəyə alındı. Bir ay mühasirədə qalan qala təslim olmadı. Pənahəli xan düşmənə qəfil həmlələr edirdi. Nəticəsiz mübarizədən sonra, Hacı Çələbi xan müttəfiqi ilə geri çəkildi. Məqsədinə nail ola bilməyən və mübarizədə məğlub edilən Hacı Çələbi geri dönərkən "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq" deyə vurğuladı.

Bayat müharibəsindən sonra Pənahəli xan fikirləşdi ki, xanlığa daha etibarlı qala lazımdır. Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Pənahəli xan Ağdamın 5–6 kilometrliyində yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı. Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürtməsini Mirzə Adıgözəl bəy belə təsvir edir: "Bundan sonra Pənah xan düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala bina etdi".

1749-cu ildə şamaxılı Hacı Məhəmmədəli xan, şəkili Hacı Çələbi xan, qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan ilə birlikdə Gürcüstana hücum etmək üçün razılığa gəlirlər. Lakin yürüşə başlamazdan əvvəl Pənahəli xan daha çox qənimət əldə etmək üçün 4000 qoşunla İrəvan xanlığına basqın etdi. Qarabağ qoşunları əsasən, "Üçkilsə" monastırının ətrafındakı kəndləri qarət edərək bir çox əsir və qənimətlə geri döndülər.