Haytarma — 2013-cü ildə istehsal edilmiş rusca və Krım tatarcasında çəkilmiş Ukrayna istehsalı film.

Haqqında Filmin çəkilişinə 2012-ci ildə Krımda başlanmışdır. Başlanğıcda filmin büdcəsi 2.5 milyon dollar idi. Filmin maliyyə ehtiyyacı Ukraynanın televiziya kanalı olan ATR-in sahibi Lenur İslam tərəfindən qarşılanmışdı. Filmə ilk baxış 2013-cü ilin mart ayında keçirilmiş, premyerası isə 2013-cü ilin 18 mayına nəzərdə tutulmuşdu. Bu tarix Krım tatarlarının sürgün edilməsinin 69-cü ildönümü idi. Premyerada Əhmədxanın nəvəsi Veronika, Sovet Hərbi Hava Qüvvələrinin pilotları, rus generalları və müxtəlif xarici ölkələrin səfirləri dəvət edilmişdi.

Filmdə krımlı tatar olan Sovet İttifaqı qəhrəmanı və sınaq pilotu Əhmədxan Sultanın həyatından və 18 may 1944-cü ildə Krım tatar sürgünündən bəhs edilir. Haytarma "geri dönüş" mənasına gəlməkdədir.

Krımın bütün şəhərləri ilə yanaşı Kiyev, Moskva, Nyu-York, Kazan və Berlində nümayiş etdirilmişdir. 50-ci Qızıl Portağal Film Festivalında nümayiş etdirilən film Türkiyənin müxtəlif bölgələrindən gələn Krım tatarı kökənlilərin toplu olaraq filmi izləməsinə səbəb olmuşdur. Rejissorluğunu və baş rol aktyorluğunu Axtem Seytablıyevin yerinə yetirdiyi filmdə rus və ukraynalı aktyorlarla birlikdə Krım sürgününü yaşamış bir çox şəxs də rol almışdır. Film 86-cı Akademiya Mükafatları Xarici Dildə Ən Yaxşı Film nominasiyasında namzidəlik üçün Ukraynanın son üç filmi arasına girmiş və müsbət tənqidlər almışdır.

Reaksiyalar Kiyev Post filmə müsbət rəy vermiş və onu tarix maraqlılarının "mütləq baxmalı olduğu filmlər" siyahısına salmışdır. Simferopoldakı Kosmos Sinema filmə ilk həftə ərzində 6 min insanın baxdığını, sonradan isə hər gün min nəfərin baxdığını hesablamışdır. Bu 4 iyuna qədər belə davam etmişdir. Kinoteatr ilk əvvəl hər günə iki seans nəzərdə tutsa da, gözlənilməyən səviyyədə yüksək maraqdan sonra əlavə olaraq 1 senans da əlavə edilmişdir.

Simferopoldakı rus konsulu Vladimir Andreyev Krım tatarlarının Nasist Almaniyası ilə əməkdaşlığını əks etdirməyi üçün filmi tarixi saxtalaşdırmaqda ittiham etmiş və ictimai müzakirələrə səbəb olmuşdur. O, premyeraya dəvət edilən, lakin iştirak etməyən bir neçə rus generalına demişdi ki, Krım tatarları sürgün edilməyi haqq edirdilər. Onun bu sözləri onnu kütləvi qınanmasına səbəb olmuşdu. O, sonra bildirdi ki, əslində o, filmi izləməmişdir:

İctimaiyyət öz narazılığını dilə gətirdi və 23 may 2013-cü ildə təxminən 300 nəfər konsulluğun qarşısında Andreyevin sözlərinə etiraz mitinqi təşkil etdilər və onun persona non grata elan edilməsini tələb etdilər. Ukraynanın XİN isə onun sözlərini "uyğunsuz" deyə qiymətləndirdi. Andreyev əvvəlcə film haqqında məlumat sahibi olmadan dilə gətirdiyi tatarofob sözlərinin üstündə durdu və üzr istəmədi. Lakin Rusiya XİN-in də onun sözlərini "uyğunsuz və səhv" adlandırmasından sonra, nəhayət Rusiyanın onu dəstəkləmədiyi üçün qəzeb içində istefa verdi.

Həmçinin bax Krım tatarlarının sürgünü Əhmədxan Sultan

İstinadlar

Kateqoriya:Krım-tatarca filmlər Kateqoriya:Ukraynanın dram filmləri Kateqoriya:Krım tatarları mədəniyyəti Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:Rusca filmlər