Zülqədəroğulları bəyliyi və ya Dulqədiroğulları bəyliyi (, ) — mərkəzi Əlbistan şəhəri olmaqla Kiçik Asiyanın cənubunda və Suriya şimalında mövcud olmuş türkman Anadolu bəyliyi və 1337–1522-ci illərdə burada hakimiyyətdə olmuş sünni türk sülaləsi. Sülalə Zülqədəroğulları, bəylik isə Zülqədər adlanırdı. Həm sülalənin, həm də bəyliyin banisi Zeynəddin Qaraca bəy Zülqədər oğlu olmuşdur. Bəylik və sülalə öz adını Qaraca bəyin atası olan mifik Zülqədərdən götürmüşdür. Zülqədəroğulları camaatının təşkil etdiyi icmalar Bayat, Əfşar və Bəydili tayfalarından ibarət idi, lakin Zülqədəroğulları bəylərinin hansına mənsub olduğu naməlumdur.

Bəylik Anadolunun şərqində, Tavr dağlarında, Fərat çayının yuxarı axarında yerləşirdi. Əlbistan Kiçik Asiya yarımadasına nüfuz etmək üçün əlverişli mövqeyə malik idi və yaradılmış Zülqədəroğulları bəyliyi Kiçik Asiyanın böyük dövlətləri – Osmanlı imperiyası, Məmlük sultanlığı, Ağqoyunlular dövləti və yeni yaranan Səfəvilər dövləti arasında bufer dövlət rolunu oynamışdır. Zülqədəroğulları bəyliyi üzərində nəzarət uğrunda rəqabət aparan Məmlüklər, Osmanlılar və Səfəvilər daim bəyliyin işlərinə müdaxilə etmiş və sülalə üzvlərindən öz namizədlərini hakimiyyətə gətirməyə çalışmışdılar.

Qaraca bəyin varisləri Məmlüklər, Osmanlılar, Səfəvilər və Qaramanoğulları arasında manevr etməyə çalışmışdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin tabelik cəhdlərinə Zülqədəroğulları müqavimət göstərməyi bacarmışdır. 1516-cı ildə I Səlimin Məmlüklərə qarşı qələbəsi regionda güc balansını Osmanlıların xeyrinə dəyişmişdir. 1517-ci ildə Durnadağ döyüşündə I Səlimin qoşunları Zülqədəroğulları bəyliyinin sonuncu hökmdarının ordusunu məğlub etmiş, bundan sonra bəylik Osmanlı imperiyasının eyniadlı əyaləti kimi onun tərkibinə daxil olmuşdur.

Adı Zülqədəroğulları bəyliyinin adı türk, ərəb və fars dillərində müxtəlif şəkildə yazılmışdır. Bu, adın mənşəyini müəyyənləşdirməyə çalışan tarixçilər və dilçilər üçün çətinlik yaratmışdır. Ərəb mənbələrində "Dulqədir" və "Tulqədir" yazılışları istifadə edilmişdir. Orta əsr erməni müəllifləri Zülqədəroğulları bəyliyini "tulqartsi", "tulqaratsi", "dulqaratsi", "tulqatartsi" və ya "dulqatartsi" kimi adlandırmışdır. Maraşda Ulu məsciddə salamat qalmış erkən yazıda və başqa bir binanın yazısında bu ad "Dülqədir" kimi qeyd olunmuşdur, lakin sonradan ad ərəbləşdirilmiş və təhrif edilmişdir. Sonrakı Osmanlı mənbələrində "Dulqədir" forması görünür və bu da mənşəcə türkcə olan adın adaptasiya edilmiş halıdır. Fars dilində yazan tarixçilər "Zülqədir" formasını istifadə etmişdir. Yazılış və tələffüzdəki müxtəliflik adın mənşəyi ilə bağlı fərqli fikirlərə səbəb olmuşdur. Şərqşünas R. Hartmann müxtəlif mənbələrdə adın transkripsiyasını təhlil etmiş və "Dülqədir" variantının düzgün olduğu qənaətinə gəlmişdir.

Qaraca bəyin adının Qaraca ibn Zülqədər olması səbəbilə onun atasının adının Zülqədər olduğu qənaətinə gəlinir. Zülqədər adının və ya ləqəbinin mənası və mənşəyi dəqiq məlum deyil, lakin onun türk mənşəli olduğu güman edilir. Türkoloq Lui Bazinin fikrinə görə, "Dülqədir" adı "zərər vurmaq" və ya "əziyyət çəkdirmək" mənasını verən "dolqa" terminindən törəmişdir. Faruq Sümerin təqdim etdiyi başqa bir varianta görə, bu müsəlmanlara məxsus Əbdülqədir adının türkmanlar tərəfindən təhrif olunmuş halıdır. Bu hal Elxanilər dövlətinin hökmdarı Əbu Səidin (hakimiyyəti: 1316–1335-ci illər) türkman təbəələri tərəfindən "Busad" kimi tanınmasına bənzərdir. Başqa bir tarixçi, Rəfət Yınanç da Sümerin bu fikrini dəstəkləmişdir. XVI əsr Almaniya tarixçisi Yohannes Leunklaviusa görə, Dülqədir türkcə Turqud adının təhrif olunmuş formasıdır. Frans Babinger bu ehtimalı məqbul hesab etmiş və bu adın hansısa başqa bir türk adından törədiyini, həmçinin bunun Zülqədəroğukladı sülaləsinin türkman Turqudlu tayfası ilə əlaqəli olduğunu göstərə biləcəyini irəli sürmüşdür. Annemari fon Qabayn adın interpretasiyasının başqa variantını təklif etmişdir: tulqa + dar = dəbilqə taxan. Sonradan bu ad ərəbləşdirilmiş və təhrif edilmişdir. "Zülqədər" ərəb dilində "qüdrətli" deməkdir və bu variant sonrakı Osmanlı mənbələrində rast gəlinir.

Tarixi

Mifik əcdad Arifi Paşa yazmışdır ki, bəylik və sülalənin banisi Qaraca bəy 1310-cu ildə vəfat etmiş müəyyən bir Zülqədər bəyin oğlu olmuşdur. Bu məlumatın mənbələri məlum deyil və onu yoxlamaq mümkün olmamışdır. Zülqədər haqqında bəzi məlumatlar XVI əsrin ortalarında Şikari tərəfindən yazılmış "Qaramannamə"də mövcuddur. Şikarinin bu əsəri Ələddin bəy Qaramanoğlunun sifarişi ilə Yərcani adlı bir müəllif tərəfindən yazılmışdır və Qaramanoğulları bəyliyinin tarixinə əsaslanır. "Qaramannamə"yə görə, Qaraca bəyin atasının adı Zülqədər olmuşdur və o, oğlunu qırx min nəfərlik ordu ilə səlcuq ordusuna Mehmed bəy Qaramanoğluya qarşı kömək etmək üçün göndərmişdir. Məhməd bəy Konyanı ələ keçirib Cimrini taxta çıxardığı zaman Zülqədərin oğlunu məğlub edərək onu həbsxanaya atmışdır. O, Ərətna bəyinin sayəsində xilas olmuş və Maraşda ailəsinə qayıtmışdır. Şikarinin məlumatı şübhəli görünür, çünki Məhməd bəy 1277-ci ildə vəfat etmişdir, Qaraca bəyin məlum fəaliyyəti isə 1335–1353-cü illərə aiddir. Erol Güngör Qaraca bəyin atasını Həsən Zülqədər bəy adlandırmışdır, lakin bununla bağlı mənbələri göstərməmişdir.

Qaraca bəy thumb|right|Zülqədəroğulları bəyliyindən əvvəl Anadolunun cənubu və Suriyanın şimalı.

Zeynəddin Qaraca bəy Məmlük sultanlığı tərəfindən regionun bir hissəsini idarə etmək hüququ verilmiş yerli türkman bəylərindən biri idi. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur. O, 1335-ci ildə Hülakülər dövlətinin dağılması ilə yaranmış siyasi boşluqdan istifadə edərək bölgədə nüfuz qazanmağa başladı. Həmin ilin mayında Qaraca bəy 5 min atlı ilə Kilikiya ərazisinə yürüş etmişdir. Eyni dövrdə Taraqlı Taraqlı Xəlil bəy ibn Tarafi, daha əvvəl Ərətna bəyliyindən Əlbistanı ələ keçirmişdi və Məmlüklərə sədaqət andı içmişdi. Bu rəqabət Qaracanın hərbi əməliyyatlarını sürətləndirmişdi və 1335–1337-ci illərdə Zülqədəroğulları Əlbistanı tutaraq bölgədə əsas qüvvəyə çevrilmişdir.

Tarixçilər Qaraca bəyin Bayat tayfasından olduğunu güman edirlər. Tayfanın yay otlaqları Tavr dağlarının şərqində yerləşirdi. Osmanlı tarixi üzrə ixtisaslaşmış Türkiyə tarixçisi Yınançın yazdığına görə, Zülqədəroğulları camaatının təşkil etdiyi icmalar Bayat, Əfşar və Bəydili tayfalarından ibarət idi, lakin Zülqədəroğulları bəylərinin hansına mənsub olduğu naməlumdur. Zülqədəroğulları arasında Bayat tayfasının nümayəndələri çoxluq təşkil etdiyinə görə bəylərin də Bayat tayfasından olması mümkündür. Zamanta qalası yaxınlığında yerləşən Süleyman bəy məscidində ailənin köklərinin Xorasandan olduğunu bildirən kitabə var. Atası 1310-cu və ya 1311-ci ildə vəfat etdikdən sonra Qaraca bəy Suriyanın şimalında Bozox tayfa konfederasiyasının lideri olmuşdur. Onun haqqında mənbələrdə ilk dəfə 1317-ci ildə bəhs edildiyi güman edilir. O zaman Məmlük sultanı Nəsrəddin Məhəmməd Birqada yaşayan bir türkman bəyinə əmir titulu vermişdi.

Məmlük sultanı Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların naibi kimi tanımışdır. Anadoluda monqol hakimiyyətinin süqut etməsi Qaraca bəyin regionda irəliləməsinə şərait yaratmışdı. O, Ərətna bəyliyinə qarşı hərbi yürüşlərə başlamış, 1338–1340-cı illərdə Harput, Gəmərək, Gürün və Darəndəni ələ keçirmişdir. Darəndənin fəthinə görə Məmlük sultanı ona xələt göndərərək təşəkkür etmişdi.

1340-cı ildə Qaraca bəy yenidən Ərətna torpaqlarına basqın etmişdir. Bu dövrdə Dəməşq valisi Dəniz onun əsas müttəfiqi idi və sultan da müəyyən qədər bu hərəkətləri dəstəkləyirdi. Qaraca bəy Ərətna bəyin oğullarını əsir almış, lakin qənimətin bir hissəsini qaytarmağa məcbur olmuşdur. Qaraca bəy ilə mübarizədə türkman əmiri Daşqın Hələbin valisi Altunboğadan kömək istəmişdir, lakin Dəniz müdaxilə edərək Daşqını həbs etdirmişdir.

1341-ci ildə Dənizin edam edilməsi Qaraca bəyin Məmlüklərlə münasibətlərini pozmuşdur. Qaraca müstəqillik iddiasını açıq göstərmiş və Ərətna bəy ilə Hələbi ələ keçirmək üçün ittifaq qurmağa çalışmışdır. Misirdəki hakimiyyət böhranından istifadə edən Qaraca bəy bir sıra əmirlərlə yaxınlaşdı, lakin müttəfiqi Daşteymurun edam olunmasından sonra şimala, Maraş şəhərinə çəkilməli olmuşdur.

1343-cü ildə Zülqədəroğulları qüvvələri Məmlüklərin göndərdiyi orduya qarşı qələbə qazanmışdır. Qaraca bəy Düldül dağında gizlənərək Məmlük hücumundan yayınmışdır, lakin ərzaq karvanını itirmişdir. Hələb valisi Yalbuğanın ordusu dağlarda pusquya düşərək məğlub olmuş, Qaraca bəy isə əsir düşmüş Məmlük döyüşçülərini və karvana hücum etmiş quldurları Qahirəyə göndərmiş, beləliklə sultanın qəzəbindən yayınmağı bacarmışdır.

Bu qələbə Qaraca bəyin nüfuzunu artırmış və 1345-ci ildə o, Kilikiya çarlığına basqınlar etmiş, Andırın və Qəbən qalasını tutmuşdur, lakin Hələbin yeni valisi Əriktay qalanı Məmlüklərə tabe etmək istəmişdi və nəticədə münaqişə yaranmışdır. 1346-cı ilin oktyabrında Kilikiya çarı III Konstantin Qəbəni geri almışdır.

thumb|right|Nəsrəddin Məhəmmədin hakimiyyəti dövründə (1310–1341) Məmlük sultanlığının təxmini sərhədləri və Məmlüklərin qonşuları, o cümlədən Zülqədəroğulları bəyliyi.

Qaraca bəy Məmlük sultanlığında tez-tez baş verən çevrilişlərdən istifadə etmiş və real müstəqilliyə yaxınlaşmışdır. O, məktublarında özünü "Məlik əz-Zahir", daha sonra isə "Məlik əl-Qahir" adlandıraraq 1348-ci ildə açıq şəkildə müstəqilliyini elan etmişdir.

1349–1352-ci illərdə Suriyada baş verən qarışıqlıq dövründə, Qaraca Məmlüklərə qarşı üsyan edən əmirləri dəstəkləmiş və Dəməşqə hücum etmişdir. Saleh Səlahəddin üsyanı yatırmaq üçün şəxsən yürüşə çıxmış, Qaraca bəy isə Zülqədəroğulları torpaqlarına çəkilmişdir. Hələb valisi Arqun Kamil Qaracaya üsyançıları təhvil verdiyi halda əfv ediləcəyini vəd etmişdir, lakin Məmlük rəhbərliyi hücuma hazırlaşmağa davam etmişdir. 1352-ci ildə Qaraca dəstəyini itirmiş, öz himayəsində olan əmirləri təhvil verməyə məcbur olmuşdur. Ardınca Qahirə sərkərdələri Taz və Şeyxu Əlbistan üzərinə yürüşə hazırlaşmışdır.

1353-cü ildə Arqun Kamilin rəhbərlik etdiyi 10–25 min nəfərlik Məmlük ordusu və düşmən türkman dəstələri Əlbistanı işğal etmiş, şəhəri və kəndləri yandırmışdır. Qaraca bəy Düldül dağında iyirmi gün müqavimət göstərmişdir, lakin məğlub olduqdan sonra döyüş meydanından qaçmışdır. Oğulları, o cümlədən varisi Qarsəddin Xəlil bəy əsir düşmüşdür. Məmlüklər əhalini və mal-qaranı Suriya və Misirdə satmışdır.

Qaraca bəy Kayseridə Ərətna hökmdarı I Qiyasəddin Məhəmməd bəyin sarayında sığınacaq tapmışdır, lakin Məmlüklərin tələbi ilə zəncirlənib 22 sentyabr 1353-cü ildə Hələbə göndərilmişdir. Onun azad edilməsi üçün edilən hücum uğursuz olmuş və 700 nəfər həlak olmuşdur. Sultan Saleh Qaraca bəyi Qahirəyə gətirdib 48 günlük həbsdən sonra işgəncə ilə öldürtmüşdür. Onun cəsədi üç gün Bab-Züvəylədə asılı saxlanılmışdır.

Son Osmanlı mənbələrində Qaracanın Məmlüklərə qarşı müqaviməti davam etdirdiyi və təxminən 100 yaşında (1378-ci və ya 1379-cu il) vəfat etdiyi iddia olunur, lakin orta əsr ərəb tarixçiləri bu məlumatı təkzib etmişdilər.

Məmlüklər Qaraca bəyin oğlu Xəlil bəyi Əlbistan valisi kimi tanımışdılar. Bəyliyin ərazisinin bir hissəsi Ramazanoğulları bəyliyinə verilmişdir. Qaraca bəyin Xəlil bəydən başqa daha beş oğlu var idi. Onlar Sülü Şaban, Davud, İbrahim, Osman və İsa idi.

Xəlil bəy Qaraca bəyin ölümündən sonra Zülqədəroğulları bəyliyinin rəhbərliyi oğlu Qarsəddin Xəlil bəyə keçmişdir. Əvvəlcə Məmlüklər onu tanımamış və 1354-cü ildə Ramazanoğulları bəyliyinin hökmdarı Ramazan bəyə "Türkmanların əmiri" titulu vermişdilər, lakin Ramazanoğulları Zülqədəroğullarına qarşı güclənə bilmədiyinə görə 1355-ci ildə Məmlük sultanı Xəlil bəyi bəyliyin hakimi kimi rəsmən qəbul etmişdir.