thumb|right|200px|İsa müxtəlif təsvirləri Xristianlıq ( — məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid digər adı ilə İncil (anlamı xoş müjdə) dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteist dünya dini. Üç əsas dünya dinlərindən (Yəhudilik və İslamla bərabər) biri, İbrahimi dini kimi də sayılır.
Xristianlar inanırlar ki, Nazaretli olan İsa "məsh olunmuş ilahi varlıqdır (Məsihdir)", Tanrının Kəlamıdır, bəşər olmuş Kəlamdır, Tanrıdır, Tanrının oğludur və bəşəriyyəti xilas edəcək Məsihdir.
Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir. Avropada, hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır.
Xristianlığın üç əsas cərəyanları Katoliklik, Pravoslavlıq və Protestantlıqdır. Demək olar ki, hər Xristian məzhəbi kilsə formada təşkil olunur. Xristianlıq Üçlü Birliyə digər adı ilə Üç üqnuma, yəni, tək Tanrının üç ilahi Şəxsiyyətdə var olmasına inanır.
Xristianlıq bizim eranın I əsrində Roma İmperiyasının tərkibində olan İsrail torpağında, yəhudilərin arasında yaranıb. Sonradan o digər əyalətlərdə və xalqların arasında yayılmağa başladı.
Adı Qurana və İslam adətlərinə uyğun olaraq bu dinə nəsranilik və ya nəsraniyyət deyilir, sözün kökü nəsranilərin (xristianların) tapınağı olan Nəsra (Nazaret) şəhərinin adından gəlir.
Azərbaycanda el içində daha çox Xaçpərəstlik (farsca pərəst — sitayiş edən, sevən) sözü işlənilir.
Xristianlıq sözü Azərbaycan dilində 1920-ci illərə kimi istifafə olunmayıb, rusca Христианство sözündən keçib, ora isə yunanca (Xristianismos) sözündən.
Digər adları: məsihçilik, məsihilik, tərsa.
Xristianlığın məzhəbləri Xristian dinində 3 məzhəb var: Katolisizm Ortodoks Protestantlıq
Doktrinası Xristianlığın əsas ehkamı odur ki, İsanın ölümü və dirilməsi vasitəsilə günahkar insanlar Ata ilə barışmış, əbədi həyatı əldə etmişlərdir. Xristianlar inanırlar ki, bəşəriyyətin nicatına görə məsh edilmiş İsa Əhd-i ətiq peyğəmbərliyini yerinə yetirmək üçün dünyaya gəlmişdir. Onlar həmçinin inanırlar ki, o şəxslənmiş Tanrıdır, həmçinin tamamilə ilahi və tamamilə insani. Bu o deməkdir ki, İsanın iki təbiəti vardır: ilahi və insani. Nicat ilahi iltifat vasitəsilə nail olunur. Esxatologiyasında adamın ölümündən sonra onun ruhu cənnətə və ya cəhənnəmə gedir (katolisizmdə həmçinin əraf var). Məhşərdən sonra ölülər dirilmiş olacaqlar.
Tarixi thumb|left|350px|Dünya ölkələrində xristian əhalinin yerli əhaliyə faizlə nisbəti
İlk dövrlər
Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim Yəhudi Dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx surətdə əlaqədar olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I əsrdə Yəhudi Dövləti Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Nəticədə isə, imperiyadaxili çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaqdan ötrü imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar. Bu səbəbdən də yəhudi xalqı arasında İsraili xilas edən Məsihin gəlməsinin yaxın olduğu ideyası geniş yayılmışdı. Hətta o zamanlar bir neçə şəxs özlərini peyğəmbər elan edərək üsyan etməyə cəhd etsələr belə, sonda fəaliyyətləri məğlubiyyət ilə nəticələnmişdi.
Bu cür gərgin ictimai-siyasi vəziyyətdə, yəhudilər arasında İsa adlı bir adam peyğəmbərlik edərək, bir sıra yeni dini və etik prinsipləri ifadə etmişdir. O, qədim yəhudi dininin bəzi müddəalarına yeni baxışlarla çıxış etmişdir. Rəvayətlərə görə İsa özünü bir Məsih kimi təqdim etmişdi. Xristianlığın Müqəddəs Kitabı olan İncil adlı Kitab, İlahi olaraq qəbul edilmişdir. Bu gün mövcud olan müxtəlif İncil adlı kitablar var, bunların əsasən ilk 4-ü ivrit dilində, digər hissələri isə (məktubları) yunan dilində yazılıması heç də sirr deyildir. İsanın yunan dilində danışdığı ilə bağlı məlumat yoxdur. İsanın fəaliyyətindən narazı olan yəhudi kahinləri çox çəkmədi ki, İsanı öldürmək fikrinə düşdülər və bu işi həyata keçirmək üçün Roma imperiyasının Fələstində olan canişininə müraciət etdilər. Məqsəd isə İsanın İsraili xilas edən Məsih olmadığını sübut etmək idi. Onlar inanırdılar ki, məğlub olan adam Məsih ola bilməzdi. Məsih yalnız xalqı xilas edən adam olmalı idi. Onların inancına görə Məsih yenidən görkəmli İsrail Dövləti qurmalı idi amma İsa bunu etmədikdə onların İsanın Məsih olmasına inancıda qalmamışdı. Bu məqsədlərinə nail olmaqdan ötrü böyük qəzəblə Ponti Pilata müraciət etdilər. Bunun ardından onlar, İsanın tutularaq edam olunmasına nail oldular. Belə bir hadisənin baş verdiyinin, hətta şahidlərinin belə olduqları barədə məlumatlar Xristian ənənəsində də öz təsdiqini tapdı. İsanın ardıcılları arasında onun ölümü və ya qeybə çəkilməsi haqqında vahid fikir yox idi. Daha sonralar İsanı artıq peyğəmbər kimi qəbul etmiş bəzi yəhudilər, öz əqidələrini Roma imperiyasının müxtəlif yerlərində yaymağa başladılar. Belə ki, çoxlu sayda dini dəvətçilər bu işi həyata keçirməyə başladı. Nəticədə isə, dərin mənəvi böhran keçirən Roma imperiyasının müxtəlif sosial təbəqələri arasında yeniləşmiş yəhudi dininə meyillər günü-gündən artmağa başlamışdı. Ənənəyə görə Xristianlığı yaymağa həvarilər Pyotr və Pavel başlamışdılar. Roma imperiyasının müxtəlif bölgələrində İsanın ilk ardıcılları yığıncaqlarını keçirirdilər və özləri bütpərəstliyə qarşı etiraz səslərini ucaldırdılar. İsanı onlar Xristos adlandırırdılar. Bu söz isə yəhudilərin "Maşiax" (Məsih) sözünün yunancaya tərcüməsidir. Roma imperiyasında Xristianlıq əvvəlcə qullar, miskinlər arasında yayılırdı. Dözülməz şəraitdə yaşayan bu adamlar Xristianlıqda nicat yolunu tapırdı, bu ideya onlara mənəvi qida verirdi. Lakin sonra Xristianlığı tədricən varlı zümrələrin nümayəndələri də qəbul etməyə başladılar. Məsələ bundadır ki, Roma imperiyasında ənənəvi yayılmış bütpərəst inanclar artıq cəmiyyətdə təsir gücünü itirmişdi. Onlar artıq Roma imperiyasında hökm sürən ədalətsizliyin və istibdadın rəmzinə çevrilmişdi. Buna görə də imperiyada müxtəlif qeyri-ənənəvi dinlər yayılmışdı. Onların arasında Misir tanrıları İzida və Osiris, İran tanrısı Mitranın kultlarını xüsusilə qeyd etmək lazımdır. Belə ki, bir vaxtlar onlar Xristianlıqla ciddi rəqabət aparır, hətta bəzi tədqiqatçılara görə, məsələn mitraizmin bəzi inancları sonralar Xristianlığa daxil olmuşdur. Belə ki, məsələn, ölən və dirilən tanrı ideyası mitraizmin əsaslarından biri idi. Lakin sonda Xristianlıq bu rəqabətdən qalib çıxa bildi.
Romada geniş xalq kütlələri tərəfindən Xristianlığın qəbul edilməsi prosesi kilsənin və keşiş zümrəsi olan klerosun (yepiskoplar, arxiyepiskoplar və s.) yaranması ilə nəticələndi. Getdikcə bu dində təşkilatlanma prosesi gücləndi və onun strukturları imperiyanın ictimai-siyasi həyatında aparıcı rol oynamağa başladı. İmperator Konstantinusun () (306–337) hakimiyyəti zamanı isə, kilsələrin dövlət maraqlarına qulluq etməsi məqsədilə, Xristianlıq rəsmi dövlət dini elan edildi. Bundan sonra bütün bütpərəst məbədlərinin bağlaması prosesi başlandı. Nəhayət 451-ci ildə Kalkedon Ümumdünya Kilsə Yığıncağı son olaraq Romanın həm Qərbində, həm də Şərqində Xristianlığı rəsmi dövlət dini kimi təsdiq etdi. Cənubi Qafqazda yeni din yaranandan yayılmağa başlamışdır. Albaniyalı həvari Yelisey, Yerusəlimin birinci patriarxı həvari Yaqub tərəfindən Qafqaz Albaniyası patriarxı təyin olunmuşdu. 313-cü ildə çar Urnayr Xristianlığı Qafqaz Albaniyasında dövlət dini elan etdi. Qeyd etmək lazımdır ki, Xristianlıqla bütpərəstliyin mübarizəsi təkcə ideoloji mübarizə müstəvisində aparılmırdı. Məsələn, imperatorlardan Nero (54–68), Domitianus (81–96), Trayan (98–117), Markus Aurelius (161–180), Septimi Sever (193–211), Maksimus (235–238), Valerian (253–260), Dialektian (284–305) öz hakimiyyətləri zamanı Xristianlara qarşı təqiblər və zorakılıqlar həyata keçirməklə yadda qalmışdırlar. Bunun əsas səbəbi isə, Xristianların imperatorları Tanrı kimi tanınmamaları idi. Öz növbəsində Xristianlıq da qalib gələndən sonra bütpərəstliyə qarşı hücuma keçdi. Belə ki, bütpərəstlərin məbədləri məhv edilir, kahinləri öldürülür, ədəbiyyatları isə yandırılırdı. Məsələn, II Teodosiusun və III Valentinusun əmri ilə 448-ci ildə Porfirinin məşhur "Xristianların Əleyhinə" kitabı tonqallarda yandırılmışdı. 30 il ondan qabaq isə Misirin İsgəndəriyyə şəhərində Hipatiya adlı tanınmış riyaziyyatçı alim qadın Xristian yepiskopu Kirilin (Cyril) iştirakı ilə təəssübkeş kütlə tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bu hadisələrdən sonra Avropada azadfikirlilik qadağan olunmuş və hamı Xristianlığı qəbul etmək məcburiyyətində qalmışdı.Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə I Fəsil, İlk Xristianlığın qısa tarixi icmalı
Xristianlığın parçalanması thumb|250px|Dünyanın məşhur xristianları 858-ci ildə Konstantinopolis kilsəsinin patriarxı vəzifəsinə Fotius () adlı dünyəvi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius () isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Lakin onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolisdə (İstanbulda) yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir. Lakin, onlar Roma papasına müraciət edərək, 861-ci ildə daha bir Kilsə Məclisinin yığılmasına nail oldular. Bu dəfə də onların mövqeyi pislənmişdi. Lakin Roma papası Nikolas 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan etdi. Bundan sonra Qərb və Şərq Kilsələri arasında ilk dəfə olaraq və sonda kilsənin parçalanmasına gətirən, bir ixtilaf baş vermiş oldu. Papas Nikolas bu addımı Bolqarıstan Kilsəsinin üzərində hakimiyyəti əldə etmək və bu Kilsəni Bizans patriarxlarının hakimiyyətindən almaq üçün atmışdı. Əslində isə, Xristian Kilsəsinin bölünməsi artıq bir zərurətə çevrilmişdi. Məsələ bundadır ki, həm Roma papaları, həm də Konstantinopolis patriarxları bütün Xristian dünyası üzərində başçılıq etmək istəyirdilər və onların arasındakı rəqabət getdikcə dərinləşirdi.