Mona Liza ( və ya La Gioconda, ) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.
Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir.
Subyektin çox vaxt sirli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.
Adı və subyekti
thumb|left|Louis Béroud-un 1911-ci ildə Mona Lizanı təsvir edən rəsm əsəri oğurluqdan əvvəl Luvr muzeyində nümayiş etdirildi, Berud onu aşkar edib mühafizəçilərə bildirdi. Əsərin Azərbaycan dilində "Mona Liza" kimi tanınan adı İntibah dövrü sənət tarixçisi və rəssam Corco Vazarinin "Leonardo, Françesko del Cakondonun sifarişi ilə onun həyat yoldaşı Mona Lizanın portretini çəkməyi öhdəsinə götürdü" məlumatına əsasən yaranmışdır. "Mona" italyanca nəcib müraciət forması olan "ma donna" ifadəsinin qısa forması olmaqla "Ma’am", "Madam" və ya ingiliscə "My lady" ifadələri ilə yaxındır. Əsərin adında adətən "Mona" ifadəsi işlədilsə də (Vazarinin istifadə etdiyi kimi), müasir italyancada əsasən "Monna Lisa" kimi ("mona" bəzi italyan ləhcələrində vulqar səslənir) qeyd edilir.
Vazarinin Mona Liza haqqında məlumatı onun Leonardonun ölümündən 31 il sonra, 1550-ci ildə nəşr etdiyi rəssamın bioqrafiyasında verilmişdir. Həmin əsər rəssamın həyatı və əsərlərinin mənşəyi haqqında ən mühüm və etibarlı mənbə hesab edilir. Leonardonun tələbəsi Salainin şəxsi qeydlərinə əsasən, o, 1524-cü ildə vəfat edərkən, ona Leonardo tərəfindən vəsiyyət edilmiş və "la Gioconda" adlandırılan portretə malik olmuşdur.
Leonardonun bu əsərin müəllifi olması və əsərin tarixi haqqında məlumat 2005-ci ildə Heydelberq Universitetinin Kitabxanasında aşkarlanmış Qədim Roma filosofu Siseronun əsərinin 1477-ci ildə nəşr nüsxəsinə yazılmış qeydlə dəqiqləşdirilmişdir. Qeyd, 1503-cü ilin oktyabrında Leonardonun müasiri Aqostino Vespuççi tərəfindən yazılmışdır. Qeyddə Leonardo, əsərdə adı çəkilən Qədim Yunanıstan rəssamı Apelleslə müqayisə edilir və onun həmin dövrdə Liza del Cakondonun portreti üzərində işləməsi bildirilir.
Bu sənədin kəşf olunmasına cavab olaraq Luvr muzeyinin sözçüsü Vinsent Deliuvin deyir ki, "1503-cü ildə Leonardo da Vinçi florensiyalı xanım Liza del Cakondonun rəsmini çəkməyə başlamışdır. Biz indi buna tam əminik. Təəssüf ki, biz Liza del Cakondonun haqqında bəhs edilən portretinin Luvrdakı əsər olmasına tam əmin deyilik."
Əsərin modeli olan Liza del Cakondo Florensiya və Toskanada məskunlaşmış Gerardini ailəsinin üzvü, florensiyalı ipək taciri Françesko del Cakondonun həyat yoldaşı olmuşdur. Əsər ailənin yeni evə köçməsi və Andrea adlı övladlarının doğulmasını qeyd etmək məqsədi ilə sifariş edilmişdir. Əsərin italyanca adı olan "La Gioconda" həm də "xoşbəxt", "şən" (ingiliscə "jocund", "jovial") anlamını ifadə edir. Əsərin fransızca adı olan "La Joconde" də eyni anlamı daşıyır.
Bu kəşfdən qabaq alimlər portretin subyekti ilə bağlı müxtəlif fikirlər səsləndirmişdilər. Bəzi tədqiqatçılar Liza del Cakondonun başqa portretdə təsvir olunduğunu qeyd edərək, Vazarinin qeyd etdiyi Mona Liza portretini başqa əsərlərlə identikləşdirmişdilər.
Portretdə digər məşhur orta əsr İtaliya qadınlarının təsvir edilməsini qeyd edənlər də olmuşdur. Araqonlu İzabella (Milan hersoqinyası), Sesiliya Qallerani, Konstanza d'Avalos, İzabella d'Este, Pasifika Brandano və ya Brandino, İzabella Qualanda, Katerina Sfroza, həmçinin Salai və Leonardonun özü də portretin ehtimal edilən subyektləri arasında olmuşlar. XXI əsr sənət tarixçilərinin ortaq rəyinə əsasən əsərdə ənənəvi olaraq hesab edildiyi kimi Liza del Cakondonun təsvir edilməsi dəqiqləşdirilmişdir.
Tarixi
Leonardo "Mona Liza" portreti üzərində işləməyə 1503 və ya 1504-cü illərdə İtaliyanın Florensiya şəhərində başlamışdır. Luvr muzeyinin əsərin "şübhəsiz ki, 1503–1506-cı illərdə çəkilməsini" qeyd etməsinə baxmayaraq, incəsənət tarixçisi Martin Kemp qeyd edir ki, "əsərin əsl tarixini müəyyənləşdirməkdə müəyyən çətinliklər vardır." Karlo Pedretti və Alessandro Vezzosi kimi bir çox nüfuzlu Leonardo mütəxəssisləri əsərin Leonardonun yaradıcılığının son mərhələsinə aid xarakteristik stilə malik olmasını qeyd etməklə, 1513-cü ildən sonrakı dövrə aid edirlər. Digər tədqiqatçılar isə sənədləşməni əsas götürərək, Leonardonun portreti 1513-cü ildən sonra çəkməsini bildirirlər. Leonardonun müasiri olmuş Corco Vazari bildirir ki, "o, dörd il əsər üzərində çalışdıqdan sonra onu tamamlanmamış qoymuşdu". Ömrünün sonuna yaxın Leonardo "heç vaxt heç bir əsəri tamamlamadığına görə təəssüf hissi keçir"diyini qeyd edirdi.
1504-cü ildə Rafaelin mürəkkəb və qələmlə çəkdiyi və hazırda Luvr muzeyində saxlanılan eskizdə subyekt iki böyük sütunun ortasına yerləşdirilmişdir. Bütün mütəxəssislər eskizin Leonardonun "Mona Liza"sı əsasında çəkildiyini təsdiqləyirlər. Oslodakı Mili Sənət, Memarlıq və Dizayn Muzeyi, həmçinin Baltimordakı Volters Sənət Muzeyindəki sonrakı dövrlərə aid kopyalarda da geniş sütunlar görünür. Buna görə əvvəllər düşünülürdü ki, Luvrdakı "Mona Liza" əvvəllər yan sütunlara malik olmuş və sonradan kəsilmişdir. Lakin, 1993-cü ildə alman sənət tarixçisi Frenk Zöllner əsəri tədqiq edərək onun heç vaxt kəsilmədiyini bildirmişdir. 2004-cü ildə aparılmış testlər seriyası nəticəsində bu fakt təsdiqlənmişdir. Bununla əlaqədar olaraq, Luvr muzeyinin XVI əsr İtaliya rəssamlığı üzrə kuratoru Vinsent Deliuvin qeyd edir ki, Rafaelin eskizi və sonrakı dövrə aid digər eskizlər ola bilsin ki, əsərin başqa versiyası əsasında çəkilmişdir. Frenk Zöllner isə bildirir ki, eskizlər rəssamın ikinci "Mona Liza" portreti işləməsini də sübut edir.
Əsərin kimin üçün çəkilməsi də dəqiq deyil. Corco Vazari portretin Liza del Cakondonun həyat yoldaşı Françesko del Cakondonun sifarişi ilə çəkildiyini qeyd edir. Lakin, 1517-ci ildə Leonardonu ziyarət edən Antonio de Bitis yazır ki, "Mona Liza" Culyano di Lorenzo de Mediçinin sifarişi ilə çəkilmişdir. 180px|thumb|left|Fransa kralı I Fransisk həyatının sonuna kimi Leonardoya himayədarlıq etmiş, rəssamın ölümündən sonra isə onun bir neçə əsərini, o cümlədən Mona Lizanın portretini alaraq (ehtimal ki, rəssamın varisi hesab edilən tələbəsi və sevgilisi Salaidən) Fransa kral kolleksiyasına qatmışdır. Portretin müəllifi Jan Klue, təxminən 1530-cu illər, Luvr muzeyi. 1516-cı ildə Fransa kralı I Fransisk Leonardonu öz ölkəsinə dəvət edərək, krala aid Ambuaz qəsri yaxınlığındakı Klo-Lüse qəsrində yaşamağı və çalışmağı təklif edir. Tədqiqatçılar rəssamın "Mona Liza"nı da özü ilə Fransaya apardığını və orda əsər üzərində işləməyə davam etdiyinə inanırlar. Sənət tarixçisi Karmen Bembeç belə nəticəyə gəlir ki, Leonardo 1516–1517-ci illərdə əsəri təkmilləşdirməyə davam etmişdir.Leonardo, Carmen Bambach, Rachel Stern, and Alison Manges (2003). Leonardo da Vinci, master draftsman. New York: Metropolitan Museum of Art. p. 234.
Leonardonun ölümü ərəfəsində və ölümündən sonra əsərin taleyi ilə bağlı alimlərin fikirləri müxtəlifdir. Martin Kemp kimi bəzi sənət tarixçiləri Leonardonun ölümqabağı əlində qalmış bütün əsərlərini tələbəsi (və ehtimal ki sevgilisi) Salaiyə vəsiyət etdiyini və 1525-ci ilə kimi əsərlərin Salaidə qaldığını düşünürlər. Digərləri isə "Mona Liza"nın "Müqəddəs Anna, Madonna və körpə ilə" və "Vəftizçi İohann" əsərləri ilə birlikdə 1518-ci ildə Salai tərəfindən I Fransiskə satıldığına inanırlar. Luvr muzeyi əsərin Kral kolleksiyasına 1518-ci ildə daxil olduğunu bildirir.
Rafaelin eskizində əsəri iki sütunun əhatə etməsi, sifarişçinin dəqiq bilinməməsi, Leonardonun ölümü ərəfəsində əsərin taleyi haqqında dəqiq məlumat olmamasını nəzərə alan bir sıra tarixçilər rəssamın "Mona Liza"nın iki variantını çəkdiyini iddia edirlər. İlk versiya 1503-cü ildə Françesko del Cakondo tərəfindən sifariş edilmiş, kənarlarında sütunlara malik olmuş, Leonardo tərəfindən tamamlanmamış buraxılmış və rəssamın ölümündən sonra 1525-ci ilə kimi Salaidə saxlanmışdır. İkinci versiya isə Culyano de Mediçi tərəfindən 1513-cü ildə sifariş edilmiş, sütunlara malik olmamış, 1518-ci ildə Salai tərəfindən I Fransiskə satılmış və hazırda Luvr muzeyində saxlanılır.
Kral XIV Lüdovik tərəfindən Versal sarayına aparılana kimi portret Fontenblo sarayında saxlanılmışdır. Böyük Fransa inqilabından sonra "Mona Liza" Luvr sarayına gətirilmiş, lakin, qısa müddət Napoleonun Tüilri sarayındakı yataq otağında asılmışdır.
Fransa–Prussiya müharibəsi (1870–1871) zamanı əsər Luvr sarayından Brest arsenalına gətirilmişdir. İkinci Dünya müharibəsi zamanı təhlükəsizliyinin təmin edilməsi üçün "Mona Liza" Luvrdan çıxarılaraq əvvəlcə Ambuaz qəsrinə, daha sonra Lok-Dyö abbatlığına, ordan Şambor qəsrinə və nəticədə Montoban kommunasındakı Enqr muzeyinə gətirilmişdir.
2015-ci ilin dekabrında Fransa alimi Paskal Kottenin işığın əks etdirilməsi texnologiyasını tətbiq edərək rəsmin əsas boya qatı altında başqa bir portret tapdığı haqqında məlumat yayılır. Portret modelin kənara baxan əsas obrazıdır. 2004-cü ildə Luvrdan əsər üzərində işləmək üçün icazə almağa nail olan Kotte, portretin əsas boya qatının altını tədqiq etmək üçün on il vaxt sərf etmişdir. Kottenin fikrincə əsas boya qatı altındakı təsvir Leonardonun orijinal "Mona Liza"sıdır.
Lakin, bu portret əsərin mühüm tarixi mənbələrdə qeyd edilən təsviri ilə üst-üstə düşmür: həm Corco Vazari, həm də Covanni Paolo Lomaçço subyektin gülümsəməsini qeyd edirlər; Kottenin portretindəki subyekt isə gülümsəmir. Bundan başqa, portretdə Rafaelin 1504-cü ilə aid olan eskizindəki sütunlar da yoxdur. Həmçinin, Kotte etiraz edir ki, onun tədqiqatı irəli sürdüyü nəzəriyyənin təsdiq edilməsinə əsaslanmışdır və ortaya çıxardığı ikinci portret əsl hesab edilməməlidir; o, təsvirin heç vaxt mövcud olmamasını qeyd edir. Kemp də həmçinin vurğulayır ki, Kottenin ortaya çıxardığı portret heç bir halda əsərin əsli hesab edilə bilməz.
Oğurlanması və vandalizm
21 avqust 1911-ci ildə portret Luvr muzeyindən oğurlanmışdır. Növbəti günə kimi əsərin oğurlanması aşkar olunmamışdır, rəssam Lui Berud beş il ərzində "Mona Liza"nın sərgiləndiyi Karre Salonunda gəzərkən əsərin yerində yalnız dörd dəmir asılqanın qaldığını görür. Berud təhlükəsizlik xidmətinin rəhbərinə məlumat versə də, təhlükəsizlik xidməti təbliğat üçün əsərin fotolarının çəkilməsi məqsədiylə ekspozisiyadan götürüldüyünü düşünür. Bir neçə saat sonra Luvrun seksiya rəhbəri ilə əlaqə saxlayır və onlar "Mona Liza"nın çəkiliş üçün götürülmədiyini təsdiqləyir. Növbəti həftə tədqiqat üçün Luvr tamamilə bağlanır.
Hadisə ilə əlaqədar daha əvvəl Luvru yandırmağa çalışmış Fransa şairi Giyom Apolliner şübhəli bilinərək həbs edilmişdir. Apolliner dostu rəssam Pablo Pikassonun adını çəkdiyinə görə o da dindirilmiş, daha sonra onlar hər ikisi azad edilmişdirlər. İki il sonra oğru etdiyi əməli etiraf etmişdir. Luvrun əməkdaşı Vinçenso Perucia adi iş vaxtında muzeyə gələrək əsəri oğurlamış və daha sonra paltosunun altında gizlədərək muzeydən çıxarmışdır. İtalyan millətçisi olan Perucia əsərin İtaliya muzeylərindən birində sərgilənməli olduğunu düşünürdü.