Yusuf Heydər oğlu Məmmədəliyev və ya bilinən adı ilə Yusif Məmmədəliyev () — Azərbaycan-sovet kimyaçısı, kimya elmləri doktoru (1942), professor (1942), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945) və prezidenti (1947–1951 və 1958–1961), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958), Azərbaycan SSR əməkdar elm xadimi (1956), "Stalin" mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958–1961) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış, 1955–1959) deputatı.

Həyatı Yusuf Heydər oğlu Məmmədəliyev 31 dekabr 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Naxçıvan Muxtar Respublikası) Ordubad şəhərində zəhmətkeş ailədə anadan olmuşdur. Atası Hacı Heydər Məmmədəli oğlunun xüsusi təhsili olmasa da, o, Yusufu ilk təhsil üçün mollaxanaya qoymuşdur. Yusuf burada Quran oxumağı öyrənmiş, klassik Şərq ədəbiyyatının Sədi və Hafiz kimi nümayəndələrinin əsərləri ilə tanış olmuş, ərəb və fars dilləri haqqında ilkin təsəvvür qazanmışdır. Sonralar rus dilini də öyrənmişdir.

Yusuf Məmmədəliyev hələ kiçik yaşlarından dövrün ziyalı mühiti ilə təmasda olmuş, "Əncüməni-şüəra" məclisinin toplantılarında iştirak etmişdir. Onun dünyagörüşünün formalaşmasında ailə mühitinin də rolu olmuşdur. Belə ki, anası Gülsüm xanım Şərq poeziyasını və xalq nağıllarını yaxşı bilir, bunları uşaqlara oxuyurdu. Bu mühit gələcək alimin ədəbiyyata, elmə və maarifə marağının inkişafına təsir göstərmişdir.

Yusuf Məmmədəliyev hələ 13 yaşında ikən ərəb, fars və rus dillərində sərbəst oxuyub danışa bilirdi. Atası onun rus dili və ədəbiyyatı üzrə təhsil almasına xüsusi önəm vermiş, mollaxana təhsilindən sonra Yusufu ev şəraitində yeni tipli məktəbə (üsuli-cədid) göndərmişdi. 1916-cı ildə isə Yusuf atasının təşəbbüsü ilə Ordubad Dövlət Ali İbtidai Məktəbinə daxil olmuşdur.

Yusuf mollaxanada iki il yarım oxuduqdan sonra 1917-ci ildə təhsilini Mirməhəmməd Səməndərov və Mirmehdi Seyidovun Ordubadda açdıqları yeni tipli məktəbdə davam etdirmişdir. Bu məktəbdə türk dili və hesabla yanaşı, dünyəvi fənlər də tədris olunurdu. O, burada təxminən il yarım oxumuşdur. 1918-ci ildə daşnak dəstələrinin Ordubada hücumları və bölgədə yaranmış təhlükəli vəziyyət səbəbindən Hacı Heydər ailəsinin təhlükəsizliyi üçün doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdır. Ailə Təbrizə köçmək qərarına gəlmiş, lakin Araz çayını keçərkən Yusufun kiçik qardaşı həlak olmuşdur. Bu hadisə ailəyə ağır təsir göstərmişdir.

Yusuf Məmmədəliyev 1918–1920-ci illərdə Təbrizdə yeddiillik ingilisdilli məktəbdə və mədrəsədə oxumuşdur. O burada əsasən ingilis, həmçinin fars və ərəb dillərinə yiyələnmiş və sonralar da bu sahələr üzrə biliklərini dərinləşdirmişdir. 1920-ci ildə siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Məmmədəliyevlər ailəsi Təbrizdən Ordubada qayıtmışdır. 1921-ci ildə, 15 yaşı olarkən Ordubadda orta təhsilini tamamladıqdan sonra həmin şəhərdə müəllimlik fəaliyyətinə başlamış və 1922-ci ildə Zaqafqaziya Həmkarlar İttifaqına üzv seçilmişdir. O, əvvəlcə öz yaşıdlarına, sonralar isə axşam məktəbində özündən yaşca böyük insanlara dərs demişdir.

Yusuf Məmmədəliyev 1923-cü ildə ali təhsil almaq məqsədilə Bakıya gəlmiş və Azərbaycan Ali Pedaqoji İnstitutunun hazırlıq fakültəsinə daxil olmuşdur. Həmin il institutun Təbiət fakültəsinə qəbul edilən Yusuf Məmmədəliyev burada Almaniyanın Darmştadt Universitetində təhsil almış azərbaycanlı kimyaçı, professor Sadıq Hüseynovla tanış olmuşdur. Sadıq Hüseynov Yusuf Məmmədəliyevin təbiət elmləri sahəsindəki biliklərini nəzərə alaraq kimya ixtisasını seçməsini tövsiyə etmişdir. Bu tövsiyədən sonra Yusuf Məmmədəliyev kimyaçı olmağa qərar vermişdir. İnstitutda oxuduğu dövrdə tələbələr arasında fərqləndiyinə görə 1924-cü ildə Azərbaycan ziyalılarının birinci qurultayına nümayəndə seçilmiş və qurultayda məruzə ilə çıxış etmişdir. Həmin ildə o, Azərbaycan Həmkarlar İttifaqları Şurasının Rəyasət Heyətinə üzv seçilmişdir.

Pedaqoji institutda təhsilini başa vurduqdan sonra, 1926-cı ildə Gəncə şəhərindəki orta məktəblərdən birinə göndərilmiş və burada iki il müəllim işləmişdir. 1928-ci ildə təyinat əsasında İrəvana göndərilmiş, buradakı Türk Pedaqoji Texnikumunda və fəhlə fakültəsində dərs demişdir.

Yusuf Məmmədəliyev 1929-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsində təhsilini davam etdirmişdir. Kimya sahəsində hazırlıq səviyyəsi nəzərə alınaraq o, birbaşa ikinci kursa qəbul olunmuşdur. Burada dövrün tanınmış alim və pedaqoqları N. D. Zelinski, A. A. Balandin, B. A. Kazanski və A. N. Nesmeyanovdan dərs almışdır. Yusuf Məmmədəliyev 1931-ci ildə təhsilini başa vurmuş və 1932–1933-cü illərdə kimya sənayesi proseslərini daha dərindən öyrənmək məqsədilə Moskvadakı 1 nömrəli kimya zavodunda kimyaçı-mühəndis kimi çalışmışdır.

Yusif Məmmədəliyev Azərbaycana qayıtmış və Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Üzvi kimya" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Paralel olaraq 1934-cü ildən etibarən Azərbaycan Dövlət Universitetində çalışmış, Neft kimyası kafedrasının dosenti, professoru olmuş və kafedraya rəhbərlik etmişdir.

Yusif Məmmədəliyev 1933-cü ildə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunda elmi işçi, böyük elmi işçi, laboratoriya və sektor rəhbəri, həmçinin institut direktoru vəzifələrində çalışmışdır. Bu dövrdə apardığı tədqiqatlar onun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1942-ci ildə "Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusunda dissertasiya müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almış və professor elmi adına layiq görülmüşdür. Həmin il Bakıda fəaliyyətə başlayan Ziyalılar evinin Texniki Şurasına rəhbərlik etmişdir.

1941-ci ilin aprelində Yusuf Məmmədəliyev Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilmiş tələbələrdən biri olan İsmayıl Axundovun bacısı qızı, konservatoriya tələbəsi Bilqeyis xanımla ailə qurmuşdur. Bilqeyis xanımın iki dayısının repressiyaya məruz qalması səbəbindən bu evliliyə qarşı çıxanlar olsa da, Yusuf Məmmədəliyev qərarından dönməmişdir. Onun Gülarə, Sevda və Rəna adlı üç qızı dünyaya gəlmişdir.

1945-ci ildə Yusuf Məmmədəliyev Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. O, akademiyanın yaradılmasında iştirak etmiş, onun təsisçilərindən və Azərbaycanın ilk 15 akademikindən biri olmuşdur. Həmin il Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü və Elmlər Akademiyasının Neft İnstitutunun direktoru seçilmişdir. 1945-ci ildə Moskvada, Qızıl meydanda keçirilən faşizm üzərində Qələbə Paradına xüsusi dəvət almış və tribunada fəxri qonaq kimi iştirak etmişdir. thumb|220px|Yusuf Məmmədəliyev 1940-cı illərdə 1946-cı ildə Yusuf Məmmədəliyev SSRİ Neft Sənayesi Nazirliyi yanında Elmi-Texniki Şuranın sədri vəzifəsinə təyin edilmişdir. Bir il sonra 1947-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti seçilmişdir. Akademiyaya rəhbərlik etdiyi dövrdə SSRİ Elmlər Akademiyasının prezidenti akademik Sergey Vavilovun 1950-ci ildə imzaladığı qərara əsasən SSRİ neft sənayesinə elmi kömək komissiyasının üzvü təyin olunmuşdur. 1950-ci ilin yazında isə mənbələrdə qərəzli qərar kimi qiymətləndirilən prosesin nəticəsində Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti vəzifəsindən azad edilmişdir.

Yusuf Məmmədəliyev 1951–1954-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika-kimya elmləri və neft bölməsinin akademik-katibi olmuşdur. 1952-ci ildə Azərbaycan Sülhü Müdafiə Komitəsi İdarə Heyətinin, həmçinin Respublikanın İstehsal Qüvvələrinin Öyrənilməsi üzrə Şuranın üzvü seçilmişdir. 1954–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır. Onun rektorluğu dövründə universitetdə kargüzarlıq işləri ilk dəfə Azərbaycan dilində aparılmağa başlanmışdır.

1955-ci ildə dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovetin Sənaye Komissiyasının sədri seçilmişdir. 1957–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm-Texnika Komitəsinin üzvü olmuşdur. 1958-ci ildə kimya texnologiyası ixtisası üzrə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmiş və bu ada layiq görülən ilk azərbaycanlı alim olmuşdur. Həmin il Azərbaycan SSR Elmlər Akademiyasına yenidən prezident seçilmiş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır. 1959-cu ildə SSRİ Nazirlər Soveti yanında Elm-Texnika Komitəsinin üzvü seçilmiş, həmin il sovet neft-kimya alimləri nümayəndə heyətinin tərkibində ABŞ-yə səfər etmişdir.

Yusuf Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Elmi fəaliyyəti

Neft-kimya və sənaye tətbiqləri 1933–1935-ci illərdə Yusuf Məmmədəliyevin təşəbbüsü ilə Azərbaycanda təbii qazların neft-kimya sənayesində xammal kimi istifadəsi məsələləri araşdırılmış və bu istiqamət elmi tədqiqat mövzusuna çevrilmişdir. Onun bu sahədəki əsas tədqiqat və nailiyyətləri metil və etil spirtlərinin qida məhsullarından deyil, neft və təbii qazlardan alınması üçün yeni üsulun işlənib hazırlanması və sənayedə tətbiqi ilə bağlı olmuşdur. Yusuf Məmmədəliyevin rəhbərliyi ilə Azərbaycanın neft qazlarından sintetik kauçuk istehsalında xammal kimi istifadə imkanları öyrənilmiş, polimer kimyası sahəsində tədqiqatların əsası qoyulmuşdur. O həmçinin neft qazlarından hidrogen alınması və onun səmərəli yanacaq mənbəyi kimi istifadəsi istiqamətində araşdırmalar aparmışdır.

Alimin elmi fəaliyyəti neft karbohidrogenlərinin halogenləşməsi sahəsini də əhatə etmişdir. Bu istiqamətdə apardığı tədqiqatlar nəticəsində halogenli birləşmələrin alınmasında təbii qazlardan ilkin maddə kimi istifadə olunması təklif edilmiş, halogenləşmə reaksiyalarının partlayışsız aparılması üzrə mühüm nəticələr əldə olunmuşdur. 1936–1937-ci illərdə Yusuf Məmmədəliyevin işləyib hazırladığı üsul əsasında dördxlorlu karbohidrogenlərin istehsalı üçün zavod tikintisi layihəsinin hazırlanması Dövlət Plan Komissiyasına həvalə edilmişdir. O həmçinin neftin distilləsi və emal dərinliyinin artırılması, piroliz və krekinq proseslərinin elmi əsaslarının işlənib hazırlanması, təbii qazdan yanacaq xarakterli karbohidrogen xammalının alınması və bu xammalın neft-kimya sintezində tətbiqi istiqamətlərində araşdırmalar aparmışdır. Xlorlu karbohidrogenlər əsasında bəzi infeksion, trofik və digər xəstəliklərin müalicəsində istifadə olunan preparatların sintezi, eləcə də strateji əhəmiyyətli maddələrin alınması sahəsindəki işləri xarici alimlərin, xüsusilə alman tədqiqatçılarının diqqətini cəlb etmiş və elmi əsərlərinə çoxsaylı istinadlar edilmişdir.

1939-cu ildə Yusuf Məmmədəliyevin işləyib hazırladığı metod əsasında metan qazından stasionar "qaynar lay" katalizator təbəqəsində sənaye miqyasında dördxlorlu karbon istehsalına başlanılmışdır. 1950-ci illərdə bu istiqamətdə aparılan işlər genişləndirilmiş, həmin üsul Azərbaycandan əlavə, Rusiya və Ukraynanın Kiyev, Yaroslavl, Kaluqa və digər şəhərlərində də tətbiq edilmişdir. Halogenləşmə prosesləri üzərində işləyərkən alim əsas məhsulla yanaşı alınan metilxloridin ayrılması, yüksək təmizliklə əldə olunması və tətbiq imkanlarını da araşdırmışdır. Sonradan bu üsul əsasında metilxlorid istehsalına başlanılmış, həmin birləşmə aviasiya sənayesində həlledici, sonrakı tədqiqatlarda isə alkilləşdirici agent kimi istifadə edilmişdir. Tədqiqatın nəticələri haqqında məlumatlar 1941-ci ildə İngiltərədə nəşr olunan "Journal of Petroleum Technology" və ABŞ-də dərc edilən "Oil and Gas Journal" jurnallarında yayımlanmışdır.

Alkilləşmə və strateji yanacaq tədqiqatları 1940–1942-ci illərdə Yusuf Məmmədəliyevin tədqiqatları aromatik karbohidrogenlərin alkilləşdirilməsi istiqamətində davam etmişdir. O, piroliz üsulundan fərqli olaraq, benzolun metilxloridlə alkilləşdirilməsi əsasında toluolun yüksək çıxımla alınması prosesini işləyib hazırlamışdır. Müharibə dövründə strateji əhəmiyyət daşıyan bu üsulun Azərbaycanda və SSRİ-nin neft-kimya, eləcə də neft emalı müəssisələrində tətbiqi barədə SSRİ Xalq Neft Sənayesi Komissarlığının kollegiyası tərəfindən qərar qəbul edilmişdir.