Zeynallı Hənəfi Baba oğlu () — müəllim, ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri,1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, həmçinin, Mərdəkan kəndində mahir sənətkar kimi tanınmışdır. Hənəfi Zeynallı altı yaşında olarkən atası vəfat etmişdir. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır.

Təhsili Zeynallı yeddinci rus-tatar məktəbinə daxil olmuş, on iki yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olmuşdur. O, rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirmişdir.

Hənəfi Zeynallı 1916-cı ildə həmin məktəbi uğurla bitirir. Daha sonra imtahan verib müsabiqə yolu ilə ali-texniki məktəbə daxil olur. Eyni zamanda, Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləyir. Bu illərdə o, tələbələrin gizli inqilabi fəaliyyətləri ilə tanış olur və fəal tələbə-inqilabçılardan birinə çevrilir. Buna görə də o, institutun ikinci kursundan xaric edilir.

Daha sonra 1920-ci ilin yanvar ayında İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olur, lakin Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə əlaqədar partiya və sovet idarələrində işləmək üçün 1920-ci ilin iyul ayında Türkiyədən geri çağrılır. Hənəfi Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunur və oranı 1927-ci ildə birinci dərəcəli diplomla qurtararaq hərbi xəstəxana həkimi adını alır.M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 118. 1930-cu ildə dosent olmuşdur.

Fəaliyyəti

Əmək fəaliyyəti Hənəfi Zeynallı 1920–1922-ci illərdə respublikanın ictimai həyatında yaxından iştirak etmişdir. O, Göyçay, Şamaxı, Muğan, Salyan qəzalarında partiya və sovet orqanların yaranmasında iştirak etmiş, həmin illərdə AKP MK-nın qadınlar şurasında, məktəbdənkənar və kənddə iş şöbələrində müdir işləmişdir. Eyni zamanda, keçmiş Xalq Maarif Komisarlığı kollegiyasının üzvü olmuş və burada məktəbdənkənar şöbəyə rəhbərlik etmişdir.

O, 1921–1922-ci illərdə keçmiş "Kommunist" qəzetinin redaksiya heyətinin üzvü olmuşdur. Eyni zamanda, Şuşa qəza partiya komitəsinin katibi, daha sonra isə Azərbaycan Həmkarlar İttifaqları Şurasının orqanı olan "Zəhmət" qəzetinin redaktoru kimi fəaliyyət göstərmişdir. Azərbaycan KP V qurultayının nümayəndəsi olan Hənəfi Zeynallı həmin qurultayda təftiş komissiyasının üzvü seçilmişdir.

Hənəfi Zeynallı 1927–1928-ci illərdə Bakı Dövlət Universitetinin tarixi kafedrasına, daha sonra Ali Pedaqoji İnstituta elmi işçi təyin edilmişdir. O, ilk əvvəl professorlardan Bəkir Çobanzadənin, S. Vasilyevin, T. Berinin, A. Baqrinin və b. rəhbərliyi altında işləyib. 1930-cu ildən isə Hənəfi Zeynallı APİ-nin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti kimi tələbələrə Azərbaycan ədəbiyyatı tarixi, dünya ədəbyyatı tarixi fənlərindən mühazirələr oxumuşdur.

Bəzi mənbələrdə bu tarix 1922–1927-ci illər olaraq göstərilir. Belə ki, 1922–1927-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alan Hənəfi Zeynallı bu təhsil ocağının Şərq fakültəsinin Azərbaycan-türk ədəbiyyatı tarixi kafedrasında, 1930-cu ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır.

O, 1923–29-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalışmış, sonralar isə ömrünün axırına kimi redaktoru vəzifəsində çalışmışdır. Bu zaman özünün qeyd etdiyi kimi respublikada nəşr olunan bütün elmi-ədəbi əsərlər onun əlindən keçmiş və onlara münasib müqəddimə və başlanğıc yazmışdır. 1930–1935-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat bölməsində folklor şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. O, AKP MK-nin təklifi ilə Leninin altıcildlik "Əsərləri"nin tərcüməçisi, subredaktoru və Partizdatın müdiri işləmişdir.

Hənəfi Zeynallı keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat şöbəsinin müdiri olmuşdur. Həmin şöbə akademiyanın nəzdində instituta çevrildikdən sonra müxtəlif vaxtlarda folklor şöbəsinin müdiri, elmi katib, direktor müavini, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətində folklor komissiyasının sədri vəzifəsini icra etmişdir. Eyni zamanda, 1936-cı ilin sentyabrında AZFAN-ın yanında Baş Mətbuat Müvəkkili vəzifəsində işləmişdir. 1923–1936-cı illərdə Hənəfi Zeynallı elmi-tədqiqat işini üç istiqamətdə aparırdı. O, bir tərəfdən folklor materialların toplayıb qaydaya salır, digər tərəfdən müasir və klassik Azərbaycan ədəbiyyatını öyrənir, onun təbliği ilə məşğul olur, dərgilər və proqramlar tərtib edirdi.

1930–1935-ci illərdə isə SSRİ EA Azərbaycan filialı Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyat bölməsində Folklor şöbəsinin müdiri işləmiş, həmçinin "Kommunist", "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Maarif işçisi" qəzet və jurnalları ilə əməkdaşlıq edərək ədəbi-publisistik yazılarla çıxış etmişdir.

Yaradıcılığı Hənəfi Zeynallı elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, elmi-ədəbi yaradıcılıqla da məşğul olmuşdur. O, ilk şeir, hekayə və məqalələrini 1912-ci ildən Azərbaycan dövri mətbuatında dərc etdirməyə başlamışdır. Onun "Namus" adlı 68 səhifəlik ilk hekayə kitabı 1914-cü ildə Bakıda "Ümid" Nəşriyyatı şirkəti tərəfindən nəşr edilmişdir. Azərbaycan sovet dramaturgiyasının banisi Cəfər Cabbarlının şəxsi məktubları arasında Hənəfi Zeynallının 1 yanvar 1917-ci ildə Moskvadan ona göndərdiyi məktubunda qeyd olunub:

Azərbaycan folklorunu toplamaq və nəşr etmək işinin ilk təşəbbüskarlarından olan Hənəfi Zeynallı şifahi xalq yaradıclığının sovet dövründə daha da inkişaf etməsinə, onun elmi-nəzəri məsələlərinin aydınlaşdırılmasına, M. Qorkinin I Ümumittifaq sovet yazıçıları qurultayındakı məruzəsindən irəli gələn vəzifələri həyata keçirilməsinə çalışan ilk görkəmli folklorşünas-alimdir. 20-ci illərdə Azərbaycan xalq ədəbiyyatının (bayatılar, mahnılar, atalar sözü, tapmacalar, nağıllar , dastanlar) toplanması və nəşri işinə böyük əhəmiyyət verilirdi. Bu sahədə Hənəfi Zeynallının xidməti daha çox diqqəti cəlb edir. O, bir tərəfdən toplanmış materialları kitab halında nəşrinə çalışır, redaktə edir, digər tərəfdən isə bu kitablara müqəddimələr yazırdı. Azərbaycan folklorşünaslığı sahəsində onun bu xidməti 1922–1936-cı illər dövri mətbuatında dərc olunmuş məqalələrində aydın nəzərə çarpır. Bu əsərlərdə folklorşünaslığın mühüm elmi-nəzəri məsələləri, onun toplanması və tədqiqi prinsipləri aydınlaşdırılır.

Xalq lirikası, məzmun və ideya və forma məsələləri ədəbiyyatşünaslıq tarixində daha az tədqiq edilmişdi. Bu baxımdan bayatı Hənəfi Zeynallının tədqiqlərində ilk dəfə ətraflı araşdırılmışdır. Sovet dövründə ilk dəfə 1925-ci ildə "Azərbaycan ədəbiyyat cəmiyyəti" tərəfindən buraxılmış "Azərbaycan xalq ədəbiyyatından: Bayatılar" adlı 1-ci kitaba yazdığı müqəddiməsində Hənəfi Zeynallı qeyd edirdi:

Burada bayatılarla yanaşı, el manilərinin də ideya-bədii xüsusiyyətləri nəzərdən keçirilirdi.

Hənəfi Zeynallı "Azərbaycan tədqiq və tətəbbö cəmiyyəti"ndə folklor komissiyasının sədri olduğu və sonralar isə AZFAN-da folklor şöbəsinə rəhbərlik etdiyi illərdətez-tez respublikanın rayon və kəndlərinə ekspedisiyalar təşkil etmiş, Azərbaycan folklorunun müxtəlif janrlarını – bayatı və maniləri, lətifə və məsələləri, aşıq şeirləri və nağılları, yeni dastanları toplamaqla ciddi məşğul olmuşdu.

Hənəfi Zeynallı şəxsi iş qovluğunda saxlanılan əlyazmaları arasında elmi əsərlərinin öz dəsti-xətti ilə yazılmış siyahısında Ə. Muznibin "Molla Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri"(1928), S. Mümtazın iki cilddə "El şairləri" (1927–28, 1936), H. Əlizadənin "Azərbaycan el ədəbiyyatı" (1929), "Azərbaycan aşıqları"(1929–30), "Azərbaycan nağılları" (1929), "Aşıqlar"(1935) və s. kitablarını redaktə etməklə bunlara yığcam müqəddimələr yazdığını qeyd edir.

Hənəfi Zeynallı bütün ömrü boyu bayatıların, atalar sözü və məsəllərin, tapmaca və lətifələrin, nağıl və əfsanələrin rus dilinə tərcümə olunub Ümumittifaq miqyasına çıxması üçün çalışırdı. Nəhayət, 1930-cu ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutu tərəfində üç cilddən ibarət litoqrafik folklor seriyasından "Фолклор Азербайджана и прилегающих стран" adlı kitab buraxılır. Həmin kitabda Hənəfi Zeynallının "Художественный фолклор Азербайджана" adlı müqəddiməsi verilmişdir. Eyni zamanda, Hənəfi Zeynallı və A. Baqri tərəfindən rus dilində "Азербайджанские тюрскские сказки" adlı kitab buraxılmışdır. Kitabda müxtəlif sujetdən ibarət 74 nağıl vardır.

Hənəfi Zeynallı respublikada ilk dəfə "Azərbaycanda Mirzə Fətəli əsri" (1928), "M. F. Axundzadənin əsərlərində ideologiya" (1928), "M. F. Axundovun ədəbi və ictimai fəaliyyəti" (1928) kimi əsərlər yaratmaqla, xalqın ədəbi-ictimai fikir tarixini ciddi surətdə araşdırmışdır. Eyni zamanda, Hənəfi Zeynallının Seyid Əzim Şirvaninin "Seçilmiş əsərləri"(1930), "Natəvan Xurşid Banu"(1928), "Nakam (Seçmə parçaları)" (1928) kitablarına yazdığı müqəddimələr zəngin ədəbi irsin tədqiqinə yönəlmişdir.

Ədəbiyyatşünaslıq sahəsində geniş fəaliyyət göstərən Hənəfi Zeynallı 1925–1926-cı illərdə Firudin bəy Köçərlinin iki cilddən ibarət "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının redaktoru olmuş, həmin kitaba "Bir-iki söz" adlı müqəddimə yazmışdır. Hənəfi Zeynallı K. Marksın, F. Engelsin və V. İ. Leninin əsərlərini ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir.

Məqalələri Hənəfi Zeynallının elmi fəaliyyəti yalnız klassik irsin tədqiqi və nəşri ilə məhdudlaşmır. Yaradıcılığa başladığı ilk illərdə, yəni Böyük Oktyabr sosialist inqilabına qədər əsasən bədii yaradıcılıqla məşğul olan Hənəfi Zeynallı 20-ci illərin əvvəllərində qüvvətlənən ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində fəal iştirak edir. Onun bu illərdə "Gələcək", "Maarif və mədəniyyət", "Maarif incisi", "İnqilab və mədəniyyət", "Azərbaycan öyrənmə yolu" jurnallarının, "Kommunist" və ona əlavə "Xalq ədəbiyyatı həyatdan doğar" vərəqinin, "Zəhmət" və s. qəzetlərin səhifələrində 200-dən artıq ədəbi-tənqidi, elmi əsərləri çap olunmuşdur.

Onun "Gələcək" jurnalında dərc etdirdiyi "Sənət nə üçündür?" (1922) məqaləsində göstərirdi ki, ədəbiyyatı dərindən öyrənmək üçün sənətin əsas qaynaqlarını və onun estetik prinsiplərini bilmək lazımdır. O, 1922-ci ildən dövrü mətbuatda elmi və tənqidi məqalələrini dərc etdirirdi. O, Azərbaycan sovet ədəbiyyatına dair bir sıra dəyərli məqalələrin müəllifidir. Onun S. S. Axundovun "Laçın yuvası" xüsusunda" (1923), "Hüseyn Sadiq haqqında" (1928), "Fövzi haqqında" (1929), "Əbülhəsən haqqında" (1930) məqalələri vardır.

Hənəfi Zeynallı "Azərbaycan el nəğmələri" (1927), "Aşıq Pəri və müasirləri"(1928), "Azərbaycan el ədəbiyyatı" (1929), "Azərbaycan aşıqları haqqında bir neçə söz" (1929), "Azərbaycan aşıqları"(1930) və s. məqalələrin də müəllifidir. O, həmçinin çox mühüm nəzəri əhəmiyyəti olan "Azərbaycan el ədəbiyyatı"(1926), "Xalq ağız ədəbiyyatı"(1928), "Oktyabr inqilabı və Azərbaycan folkloru" kimi məqalələr də yazmışdır. Bu məqalələrdə Azərbaycan şifahi xalq ədəbiyyatının keçmiş tarixi, inkişafı, forma və məzmun xüsusiyyətləri dərindən tədqiq edilir. "Azərbaycan folkloru", "Azərbaycan el ədəbiyyatı" məqalələrində müəllif folklorşünaslıq tarixində ilk dəfə olaraq Azərbaycanda xalq ədəbiyyatının çap olunma və öyrənmə məsələlərini sistemləşdirməyə çalışmışdır.