Fətəli xan () və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; ) — XVIII əsrdə yaşamış görkəmli azərbaycanlı dövlət xadimi və hərbi sərkərdə"Quba rayonunda Fətəli xanın abidəsinin ucaldılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 3 yanvar 1991-ci il tarixli 3 nömrəli Qərarı , Quba xanlığının VI xanı (1758–1789). Onun hakimiyyəti dövründə Quba xanlığı siyasi və hərbi güc baxımından bölgənin ən qüdrətli xanlıqlarından birinə çevrilmişdir.
Mənşəyi
Fətəli xan 1736-cı ildə Quba şəhərində, Quba xanı Hüseynəli xan və Qaytaq usmisi "Böyük" usmi Əhməd xanın qızı Pəricahan Bikənin ailəsində anadan olmuşdur.Родословная таблица Кубинских ханов // Акты, собранные Кавказской археографической комиссией. — Тифлис, 1875. — Т. VI, ч. II. — С. 907. İsgəndər bəy Hacınskinin bildirdiyinə görə, "o, heç bir xüsusi tərbiyə almayaraq, gəncliyini digər xanların oğulları kimi – avaraçılıqla keçirmişdir. Hətta bir dəfə etdiyi bir şıltaqlığa görə atası onu cəzalandırmaq istəmiş, lakin o, atasının qəzəbi səngiyənədək gizlənmişdir".
Fətəli xanın etnik mənsubiyyəti və özünüdərki, dövrün sənədlərinə əsasən, azərbaycanlı kimliyi ilə müəyyən edilirdi. Fətəli xanın babalarının mənşəyi Qaytaq türklərinə mənsub olan qumuqlarla əlaqələndirilir. Həmçinin o, nəsil etibarilə azərbaycanlı mənşəli Qacar sülaləsi ilə də bağlı olmuşdur. Hacı Zeynalabdin Şirvani 1832-ci ildə yazdığı Bustanüs-səyahə əsərində yazır ki, "Qubanın hakimləri … Seyyidüş-Şühəda Həmzənin qızından olan nəsildəndirlər". Onun ata tərəfinin mənsub olduğu Qaytaq usmiləri nəsli, II Şah Abbasın dövründə baş verən hadisələrdə rol oynamışdır. Abbasqulu ağa Bakıxanovun Gülüstani-İrəm əsərində bildirilir ki, bu nəslin nümayəndələri iki əsas qola — Məcalis və Yengikənd qollarına bölünürdü. Quba xanlarının sülaləsi məhz Məcalis qolundan gəlirdi. Usmi titulu bu qollar arasında yaşlılıq prinsipinə əsasən növbə ilə ötürülürdü. Lakin sonralar, təxminən 1640-cı illərin birinci yarısında, bu qollar arasında düşmənçilik yaranmış, Yengikənd qolu Məcalis qoluna hücum etmiş və yalnız azyaşlı Hüseyn xan Ayda bəyin köməyi ilə xilas olunmuş, sonralar İsfahana köçmüşdür. Bu müddətdə o, Qacar nəslindən olan bir zadəgan qızla ailə qurmuş və bu izdivacdan Hüseynəli xanın babası olan Əhməd xan doğulmuşdur. Məhz bu səbəbdən Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Abbasqulu ağa Bakıxanovun məlumatına görə, Hüseyn xan İranda yaşadığı müddətdə şiəliyi qəbul etmişdir. Bu dini etiqad sonradan Quba xanlarının sülaləsində davam etdirilmişdir.
Beləliklə, Şah Süleyman Səfəvidən əhəmiyyətli hərbi yardım alan Hüseyn xan 1688–1689-cu illərdə tərk etdiyi taxt-tacı ələ keçirmək üçün Qaytaqa yürüş etdi və irsi usmi mülkü olan Başlı kəndini tutdu, həmin illərdə Qaytaq usmisi oldu. Amma orada möhkəmlənə bilmədi və bir illik müddətdən sonra təxminən 1690-cı ildə Qubaya qayıtdı və orada vəfat etdi. XVII əsrin sonlarına doğru Hüseyn xanın oğlu Əhməd xan, Qaytaq və Qubadakı tərəfdarlarının dəstəyi ilə bölgədə nüfuz qazandı və 1706–1711-ci illərdə Qaytaq usmisi kimi fəaliyyət göstərdi. Lakin, sonradan Yengikənd usmilərinin nümayəndəsi olan "Böyük" usmi Əhməd xan hərbi qüvvə toplayaraq Başlını və Qaytaqın bir hissəsini ələ keçirdi. Nəticədə Qubalı Əhməd xan Məcalisə çəkilməyə məcbur oldu və 1711-ci ildə orada vəfat etdi. Əhməd xanın ölümündən sonra hakimiyyətə onun azyaşlı oğlu Sultanəhməd xan keçdi. Onun hakimiyyəti əsasən Quba şəhəri ilə məhdudlaşırdı. Lakin o, uzun müddət yaşamadı. 1718-ci ildə Sultanəhməd xan və onun ailə üzvləri Müşkürlü Hacı Davud tərəfindən edam edildi. Bu hadisədən yalnız onun azyaşlı oğlu, Fətəli xanın atası Hüseynəli xan xilas edilə bildi. Onu tərəfdarları Samurun yuxarı axarında yerləşən dağ kəndi Tahircara apararaq qorudular.А. А. Бакиханов Гюлистани -и Ирам Издательство "Ельм", Баку −1991. səh.123
Anası Pəricahan Bikə Qaytaq usmilərinin hökmdarı olmuş "Böyük" usmi Əhməd xanın qızı idi. Beləliklə, Fətəli xan ana xətti ilə Qaytaqın nüfuzlu feodal ailələrindən birinə mənsub idi. Ana tərəfdən Fətəli xan digər Qaytaq hökmdarları ilə də qohum idi. Qaytaq usmiləri Ustar xan və Əmir Həmzə onun həm dayısı oğlu, həm də qayını sayılırdı. Çünki, Fətəli xanın həyat yoldaşı Tuti Bikə Ustar xan və Əmir Həmzənin bacısı idi. Bundan başqa, Tuti Bikənin bacısı oğlu Avar nutsalı Ümmə xan onun dayısı nəvəsi olmuşdur.
Hakimiyyəti
İlk illəri O, atası tərəfindən 1755-ci ildə və ya 1756-cı ildə ata-baba mülkü olan Salyan nahiyəsini tabe etmək üçün göndərilmişdi və bu tapşırığı uğurla yerinə yetirdi.
1758-ci ildə atası vəfat etdi və iyirmi üç yaşlı Fətəli xan hakimiyyətə gəldi. Bu hadisədən istifadə edən Şamaxı xanı Məhəmmədsəid xanın qardaşı Ağa Razi bəy sərhəddə olan Qubanın Bərmək mahalına hücum etdi və 200-ə yaxın ailəni Şirvana köçürtdü. Hacınski yazır: "Atasının dəfni ilə məşğul olan Fətəli xan bu hadisədən atasının vəfatının yeddinci günü xəbər tutdu. O xanlıq taxtına çıxma mərasimini yüngülcə keçirib, qubalılardan mümkün olan qədər qoşun toplayaraq Şirvana hərəkət etdi." Tərəflər arasında toqquşma baş verdi. Döyüş zamanı qarşıdurmanın əsas səbəbkarı olan Ağa Rəzi bəy həlak oldu, Məhəmmədsəid xan isə tam məğlubiyyətə uğradı.
Birləşdirmə siyasəti Fətəli xanın əsas məqsədi Quba mərkəz olmaqla, bütün Azərbaycan xanlıqlarını öz hakimiyyəti altında birləşdirmək idi.
Dərbənd və Bakının siyasi yollarla birləşdirilməsi 1760-cı ildə Dərbənd əhalisinin Məhəmmədhüseyn xanın zülmündən narazılığından istifadə edən Fətəli xan şəhəri ələ keçirdi. Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiş akademik Qmelin igid sərkərdə Fətəli xanın xalq arasında böyük ehtirama layiq olduğu haqqında iftixarla yazır: "Dərbənd əhalisi onu sevirdi. Şamaxı təəbələri Fətəli xandan razı idilər. Bakı əhalisi, onun vergi, toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını istəyirdi. Fətəli xan Azərbaycanı birləşdirməyə 1759-cu ildə Dərbənddən başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı". Hacınski bu məsələ ilə bağlı yazır ki, Dərbənd xanından narazı olan Dərbənd bəyləri ilə Fətəli xanın gizli əlaqəsi hələ bir neçə il bundan əvvəl başlamışdı: "… onlara o qədər bəxşişlər verdi və nəvaziş göstərdi ki, onların bəziləri Qubaya köçdülər. Fətəli xan onların vasitəsilə Dərbəndin üzündə çoxlu tərəfdarlar əldə etdi və 1759-cu ildə əsgər qoşun toplayıb şəhərə hərəkət etdi, ona tərəfdar dərbəndlilərin köməyi ilə şəhəri döyüşsüz ələ keçirdi. Mülkü əlindən çıxmış Məhəmməd Həsən xan Fətəli xanın əmri üzrə bütün ailəsi ilə Bakıya köçərək, ömrünün sonuna qədər orada yaşadı".
Fətəli xan Bakını hərbi yolla deyil, diplomatik yolla, nikah diplomatiyasından istifadə edərək tabe etdi. O, bacısı Xədicə Bikəni 1767-ci ildə Bakı xanı Məlik Məhəmməd xana ərə verdi. Xədicə Bikə ağıllı və nüfuzlu bir qadın olaraq, qardaşının məsləhəti ilə Bakı xanlığının idarəçiliyində mühüm rol oynamış, Məlik Məhəmməd xanın yoxluğunda xanlıq işlərini yerinə yetirmiş və faktiki olaraq Bakını idarə etmişdir.
Şirvanın birləşdirilməsi Şirvan xanlığı strateji cəhətdən əhəmiyyətli idi. Fətəli xan bir neçə dəfə Şamaxıya yürüş etdi. Şəki xanı Hüseyn xanla müttəfiqlik edərək 1768-ci ildə Şamaxını ələ keçirdi. Şirvan xanlığının ərazisi Fətəli xan və Hüseyn xan arasında bölüşdürüldü. Sonradan Fətəli xan Şamaxıda Sərkərlər sülaləsinin hakimiyyətinə tamamilə son qoydu və Yeni Şamaxının əhalisini Köhnə Şamaxıya köçürdü. 1768-ci ildən başlayaraq rəsmi sənədlərdə və titul müraciətlərində Fətəli xan tez-tez "uca nəslindən olan, yüksək ehtiramlı Dərbənd, Quba və Şamaxı xanı" kimi adlandırılırdı. Bəzən onu "bütün Şirvan vilayətinin hökmdarı" və ya sadəcə "Şirvanlı Fətəli xan" kimi də qeyd edirdilər. Dornun qeyd etdiyi kimi, "onun simasında həqiqi bir Şirvanşah meydana çıxmışdı".
1774-cü ildə Avar qüvvələri yenidən Şamaxıya yürüş edərək qısa müddətə şəhəri ələ keçirdilər. Bunun cavabında Fətəli xan ənənəvi müttəfiqləri – Aquşa–Dargin icması və Tabasaran maysumları ilə birlikdə Bakı xanı Məlik Məhəmməd xanın başçılıq etdiyi dəstə ilə Şirvana hərəkət etdi. Avar nutsalı Köhnə Şamaxı yaxınlığında məğlub edildi. Fətəli xan ona təhlükəsizlik vəd edərək danışıqlara dəvət etsə də, sonra İbrahimxəlil xanın əsas müttəfiqi olan Avar hakimini qətlə yetirdi. Nutsal xanın ölümünü Bakıxanov bu cür izah edir: "Ağası xan Nutsal xanla birləşdi. Sonra isə Nutsal xan Qarabağa getdi; Ağası xan isə Şamaxını tutdu. Fətəli xan dağıstanlılardan və qubalılardan qoşun toplayaraq, Məlik Məhəmməd xanın da qoşunlarını birləşdirərək Şamaxının üzərinə yeridi. Baş verən döyüşdə Ağası xan məğlub oldu, Nutsal xan isə şəhərin yuxarı hissəsinə üz tutdu. Fətəli xan Nutsal xanı öz düşərgəsinə çağırdı. Fətəli xan, Nutsal xan və Məlik Məhəmməd xan çadırda söhbət edərkən Fətəli xanın qoşununda olan akuşalılar Fətəli xanı çağırıb Nutsal xanın öldürülməsini tələb etdilər. Məcburiyyət qarşısında Fətəli xan Məlik Məhəmməd xanı oradan çıxarıb, Nutsal xanın öldürülməsini əmr etdi".
1785-ci ildə Quba xanı Fətəli xan Şəki xanı Məhəmmədhəsən xana və keçmiş Şamaxı hakimi Ağası xana qarşı hərbi yürüş təşkil etdi. Döyüş nəticəsində Ağası xan təslim oldu, Şəki xanı isə Fətəli xanla sülh bağlamağa məcbur qaldı. Ağası xan və iki oğlu əvvəlcə Qubaya gətirildi, daha sonra isə Bakıya göndərildi. Fətəli xan bu hadisədən sonra Məhəmmədsəid xan adlı keçmiş Şirvan xanını da özünə tabe etməyə çalışdı və onun iki oğluyla birlikdə Salyana göndərilməsinə nail oldu. Beləliklə, Şamaxı xan nəslindən olan sərkərların siyasi nüfuzu zəiflədildi və Fətəli xan bölgədəki gücünü daha da möhkəmləndirdi. Bu hərbi və siyasi əməliyyatlar nəticəsində Şəki xanlığı faktiki olaraq Fətəli xanın təsir dairəsinə keçmişdir.
Muğan və Lənkəranın birləşdirilməsi 1768-ci ildə, Kür və Arazın qovuşduğu yerdə yerləşən Cavad xanlığı da könüllü olaraq Fətəli xanın hakimiyyətini qəbul etdi. Bu, Muğan torpaqları üzərində də Quba xanlığının nəzarətini təmin etdi.
1785-ci ildə Fətəli xan Lənkəran xanı Qara xanla ittifaq yaratmış, sonra isə onu özündən asılı vəziyyətə salmışdı. Bu səbəbdən də Qara xan Fətəli xanın yürüşlərində, o cümlədən Qarabağ və Gilan xanlıqlarına qarşı yürüşlərdə iştirak etmişdi. Talış xanlığı ilə münasibətlərin kəskinləşdiyi vaxtlar da olurdu. General P. Potyomkin 1786-cı il iyunun 25-də qraf A. İ. Voronsova yazırdı ki, "hal-hazırda Fətəli xan Kür çayından cənubdadır, o, Talış xanlarının qoşunlarını darmadağın etmişdir."
Qarabağa yürüşləri və Gəncənin tabe edilməsi 1783-cü ilin əvvəlində Quba xanı Fətəli xan Qarabağa genişmiqyaslı hərbi yürüş təşkil etmişdir. Onun düşərgəsi Ağdam yaxınlığında yerləşmişdi. Fətəli xanın ətrafında Şamaxıdan Məhəmmədsəid xan və Ağası xan, Şəkidən Hacı Əbdülqadir xan, Muğandan Həsən xan, Tərki şamxalı Murtuza Əli, Buynak, Qaytaq, Əndəri və Tavlin hakimləri də daxil olmaqla, bir çox müttəfiq və vassal hakimin qoşunları cəmləşmişdi. Yalnız muzdlu döyüşçülərin sayı 13 min nəfərə çatırdı və bəzi mənbələrə görə burada hətta Təbriz və Urmiyadan gələnlərdə daxil idi. Fətəli xanın qoşunları Şuşa ətrafındakı kəndlərə nəzarəti ələ keçirmişdi. Qarabağ xanı İbrahimxəlil xan bu gücə qarşı dura bilməyəcəyini anlayaraq Şuşaya çəkilmiş və hadisələrin gedişatını gözləmişdir. Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində Fətəli xan Ağdam və digər düzən əraziləri nəzarətə götürdü. Lakin yürüşlər zamanı yerli xanlıqların və Rusiyanın təzyiqləri onun bu bölgədə uzunmüddətli hökmranlıq planlarına mane oldu. 1784-cü ildə, Qarabağa yürüşü zamanı Fətəli xan həmçinin Kartli-Kaxetiya çarlığı və onun rus himayədarı II İraklinin Qafqazda nüfuzunu zəiflətməyə çalışırdı. Gürcü taxtına iddialı Aleksandr Amilaxvarini himayəsinə götürməsi, Rusiya komandanlığının narahatlığına səbəb oldu. Bu səbəbdən Rusiya rəhbərliyi onun fəaliyyətinə qarşı tədbirlər gördü və Fətəli xan Qarabağdan geri çəkilməyə məcbur oldu.