Əlisahib Selman oğlu Ələkbərov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən xüsusi əməliyyat zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Əlisahib Selman oğlu Ələkbərov 1994-cü il, yanvarın 14-də Salyan rayonunun Piratman kəndində anadan olub.
2000-2009-cu illərdə Ə. Əliyev adına Piratman-Gəncəli kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmrlərinə əsasən "leytenant" və "baş leytenant" hərbi rütbələri verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 4 il ərzində kəşfiyyat bölüyünün kəşfiyyat taqımının komandiri, dağ-atıcı taborun dağ-atıcı bölüyünün dağ-atıcı taqımının komandiri, tank əleyhinə bölüyün tank əleyhinə taqımının komandiri, dağ-atıcı taqımın komandiri vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri uğrunda gedən xüsusi əməliyyata qatılıb. Sentyabrın 29-da Göygöl rayonu istiqamətində döyüş mövqeyində qarşı tərəfdən açılan atəş nəticəsində şəhid olub. Salyan rayonunun Piratman kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Orxan və Əlisahib adında 2 oğlu var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar