I Manuçar ( ; ) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1590-1611-ci illərdə hakimiyyətdə olmuşdur. Atası Meqreliya knyazı I Levandır. 1590-cı ildə böyük qardaşı IV Mamianın ölümündən sonra Meqreliya taxtına çıxmışdır.

Meqreliya knyazlığı İmereti çarlığının tərkibindəki inzibati-ərazi vahidlərindən biri olmuşdur. I Manuçarın dövründə Gürcüstanda siyasi olaraq qarışıqlıq hökm sürürdü. Bu dövrdə I Manuçar xələfləri kimi İmereti çarlığı üzərində Dadianilərin təsirini artırmağa çalışırdı. Həmçinin Gürcüstanı bütünlüklə hakimiyyəti altına almaq istəyən Kartli çarı I Simona qarşı mübarizə aparmış və ona qarşı İmereti çarı Rüstəmə dəstək vermişdir.

Həyatı I Manuçarın taxta çıxdığı 1590-cı ildə Şərqi Gürcüstanda hökm sürən Kartli çarı I Simon İmeretidəki hakimiyyət dəyişikliyindən istifadə edərək bölgəni öz hakimiyyəti altına salmağa çalışdı. O, topla təchiz olunmuş ordusu ilə Lixi dağlarını keçərək İmeretiyə daxil oldu. I Simon Kartli çarı Rüstəmi Meqreliyaya qarşı hücuma keçməyə məcbur etdi. I Manuçar Rüstəmə təklif etdi ki, hücumu dayandıracağı təqdirdə onun vassallığını qəbul edəcək və həmçinin I Simona itaət edəcək. Lakin I Simon bu təklifi qəbul etmədi və I Manuçardan təslim olmasını tələb etdi. Həmçinin onu təslim olmayacağı təqdirdə Meqreliyaya hücum etmək ilə təhdid etdi.

I Manuçar buna qarşılıq olaraq ordu yığmağa başladı. Sonradan İmereti çarı Rüstəmin də dəstəyini alan I Manuçar, Opşkvitidə I Simona hücuma keçdi və onu məğlub etdi. Həmçinin I Simonun ordusuna aid olan toplar da I Manuçarın əlinə keçdi. I Simonun Kartliyə doğru geri çəkilməsindən sonra Rüstəm I Manuçarın mühafizəsi altında İmeretiyə geri döndü. Bu dövrdə I Simon və Rüstəm arasında sülh əldə edilməsindən sonra Qərbi Gürcüstanda siyasi sabitlik yarandı. XVIII əsr tarixçisi Vaxuşti Baqrationiyə görə I Manuçar ov zamanı maral sürüsünü təqib edərkən həlak olmuşdur. Onun yerinə taxta oğlu II Levan keçmişdir.

İstinadlar

Kateqoriya:Meqreliya Kateqoriya:XVI əsrdə Gürcüstan Kateqoriya:Dadianilər sülaləsi