Hüseynzadə Bağı oğlu Həmidağa () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gecən xüsusi əməliyyat zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Həyatı thumb|right|Bakı şəhərində onun adına olan küçə.

Həmidağa Bağı oğlu Hüseynzadə 1990-cı il, avqustun 13-də Bakı şəhərində anadan olub.

2008-ci ildə Nəsimi rayon A. Şaiq adına 54 nömrəli tam orta məktəbdən məzun olub. 2008–2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsində ali hərbi təhsil alıb. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 24 iyun 2012-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 25 iyun 2019-cu il tarixli əmri ilə "kapitan" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 8 il ərzində motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün tank əleyhinə taqımının komandiri, xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun baş kəşfiyyatçısı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı komandasının baş kəşfiyyatçısı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı komanda komandirinin müavini, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupun komandirinin müavini vəzifələrində xidmət edib. Tovuz, Ağdam və Füzuli rayonlarında fəaliyyət göstərib.

2016-cı ilin 2–5 aprel döyüşlərində iştirak edib. Lələtəpə yüksəkliyinin alınmasında roluna görə Prezident İlham Əliyev onu müvafiq medallarla təltif edib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri uğrunda gedən xüsusi əməliyyata qatılıb. Sentyabrın 28-də Göygöl rayonu istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub.

Həmidağa Hüseynzadənin məzarı Bakıda, 2 saylı Şəhidlər Xiyabanında yerləşir.

Şəxsi həyatı Atasının adı Bağı, anasının adı Gülnarədir. Amin adlı qardaşı var. Evli idi. Həmidə adında bir qızı var.

Xatirəsi Şəhadət günlərində (28 sentyabr) və doğum günlərində (13 avqust) Nəsimi rayonunda Yeni Azərbaycan Partiyası təşkilatı, Rayon İcra Hakimiyyəti, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən xatirə tədbirləri keçirilir. Elxan Yurdoğlu tərəfindən onun haqqında şeirlər yazılmışdır.

Təltifləri Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.

Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar Kateqoriya:Aprel döyüşləri iştirakçıları