Elnur Şahmurad oğlu Cabbarov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının əsgəri (MAHHXHQ); 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında ağır yaralanıb, bir həftə sonra müalicə aldığı hospitalda şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Elnur Şahmurad oğlu Cabbarov 1994-cü il, sentyabrın 12-də Ağcabədi şəhərində anadan olub. Əslən Laçın rayonunun Qarakeçdi kəndindəndir. Ailəsi Birinci Qarabağ müharibəsində, Laçının işğalından sonra Ağcabədi rayonunda qaçqın həyatı sürüb.
2001–2012-ci illərdə Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbində təhsil alıb.
2013-cü ildə Laçın Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013–2015-ci illərdə Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissədə xidmət edib.
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "MAHHXHQ hazırlığı kursu"nu bitirib. Müdafiə Nazirliyinin müvafiq əmri ilə Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmətə başlayıb.
2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 5-də Şuşa rayonu ərazisində ağır yaralanıb. Bir həftə sonra, noyabrın 12-də müalicə aldığı hospitalda şəhid olub. Ağcabədi şəhərində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Minayə adında bir qızı var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar