Müharibə Uşaqlığı Muzeyi () ― 2017-ci ilin yanvar ayında Bosniya-Herseqovinanın Sarayevo şəhərində açılan tarixi muzey. Muzeydə əşyalar, video ifadələri və hekayələrin vasitəsi ilə Bosniya müharibəsindən sağ çıxan uşaqların həyatlarından bəhs olunur. 2018-ci ildə muzey sənayesinin ən prestijli mükafatlarından biri olan Avropa Şurası Muzey Mükafatı bu muzeyə təqdim olundu. Hadisə 2018 "Avropada ilin muzeyi" müsabiqəsi çərçivəsində baş verdi.
Layihə 2010-cu ildə Sarayevolu təşəbbüskar, aktivist və “müharibə övladı” Yasminko Haliloviçin Bosniya müharibəsi illərində uşaq olmuş gənc yetkinlərin qısa xatirələrini toplamaq üçün onlayn platformadan istifadə etməsindən başladı. 1000-dən çox gənc yetkin öz xatirələri ilə bölüşmüşdür. Haliloviç bu xatirələrini 2013-cü ildə nəşr olunan kitabda paylaşdı. Kitab sonradan alman və yapon dillərinə tərcümə olundu.
Haliloviç xatirələrini təqdim edən gənc yetkinlərlə yazışmağa başladıqda, keçmiş "müharibə uşaqları"nın bir çoxunun hələ də xatirələri ilə əlaqəli xüsusi obyektlərə sahib olduğunu başa düşdü. Muzey kolleksiyasını inkişaf etdirmək üçün digər gənc mütəxəssislər qrupu ilə işə başladı, nəticədə 3000-dən çox əşyanı və 60-dan çox şifahi ifadələr hekayələrini topladı.
2016-cı ilin may ayında Müharibə Uşaqlığı Muzeyi Bosniya və Herseqovina Tarix Muzeyində ilk müvəqqəti sərgisini keçirdi. Daha sonra sərgilər Zenitsa və Visoko şəhərlərində təşkil olundu. 2017-ci ilin yanvar ayında muzeyin daimi sərgisi Sarayevonun Loqavina küçəsində açıldı.
Muzeyin kolleksiyalarında gündəliklər, oyuncaqlar, fotoşəkillər, geyim əşyaları və müharibə zamanı sağ qalanların bağışladığı başqa müxtəlif əşyalar var. Bütün əşyaların yanında onları təqdim edən şəxsin birinci şəxs tərəfindən yazılan xatirələri yerləşdirilib. Əşyalara əlavə olaraq ziyarətçilər həyat hekayələri dinləyə və götürülmüş intervyulardan parçaları oxuya bilərlər.
İstinadlar
Kateqoriya:Sarayevo muzeyləri Kateqoriya:2017-ci ildə yaradılmış muzeylər Kateqoriya:Bosniya-Herseqovinadaki tarix muzeyləri Kateqoriya:Hərbi muzeylər Kateqoriya:Uşaqlar müharibələrdə