Ayaz Binyət oğlu Həsənov () — Azərbaycan hərbi xadimi, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi (2017–2021), 2-ci Ordu Korpusu və 4-cü Ordu Korpusunun sabiq komandiri.
Həyatı Həsənov Ayaz Binyət oğlu 1 aprel 1972-ci il tarixində Şamaxı rayonunda anadan olmuşdur. 1989-cu il tarixində C.Naxçıvanski adına Hərbi Liseyi, 1993-cü il tarixində Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini Dəniz piyada ixtisası üzrə (fərqlənmə ilə), 1999-cu il tarixində Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını (fərqlənmə ilə) bitirmişdir.
Müxtəlif zamanlarda Hava desant hazırlığı, habelə Xüsusi təyinatlı kurslarını müvəffəqiyyətlə bitirmişdir. Həmçinin, Türkiyə Silahlı Qüvvələrinin Qərargah və əməliyyat-taktiki təlimlərində iştirak etmişdir.
Ailəlidir. 2 övladı var.
Hərbi xidməti 1993-cü il tarixindən taqım, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, briqadanın qərargah rəisi, briqada komandiri, Ordu korpusunun qərargah rəisi-korpus komandirinin birinci müavini, Ordu korpusunun komandiri, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir.
2003-cü il 24 iyun tarixində Ümummili lider Heydər Əliyevin Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.
2007-ci il 21 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
2012-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub və "general-mayor" ali hərbi rütbəsi verilmişdir.
2013-cü il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
2017-ci il 20 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
2018-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-leytenant" ali hərbi rütbəsi verilmişdir.
2018-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi münasibəti ilə təşkil olunmuş təntənəli hərbi paradlara komandanlıq etmişdir.
2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.
2020-ci il 9 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə general-leytenant Ayaz Həsənov "Zəfər" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Aprel döyüşləri iştirakçıları Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları