Queen – İngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkyuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rok və hevi metal tərzlərindən ilham alsa da, daha sonra radio yayım formatlı pop rok və arena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər.

Queen 1970-ci ildə Mey və Teylorun Smile qrupunu qurması ilə başlamışdır. Merkyuri Smile qrupunun pərəstişkarı olmuş və onları daha mürəkkəb səhnələşdirmə və səsyazma üsullarını sınamağa təşviq etmişdir. 1970-ci ildə o qrupa qoşulmuş və "Queen" adını təklif etmişdir. Qrup 1973-cü ildə "Queen" adlı ilk debüt albomunu buraxmazdan əvvəl Dikon 1971-ci ildə qrupa qoşulmuşdur. Queen 1974-cü ildə "Queen II" adlı ikinci debüt albomu ilə Böyük Britaniyanın hit-paradlarına daxil olmuşdur. Onlar eyni ildə "Sheer Heart Attack" və 1975-ci ildə "A Night At The Opera" albomu ilə beynəlxalq uğur qazanmışdır. "A Night at the Opera" albomunda yayımlanan "Bohemian Rhapsody" adlı mahnı musiqi video formatını populyarlaşdırmış və doqquz həftə Böyük Britaniya hit-paradlarında bir nömrədə qalmışdır. 1977-ci ildə çıxan "News of the World" albomunda idman tədbirlərində himnlərə çevrilən "We Will Rock You" və "We Are the Champions" kimi mahnılar yer almışdır. 1980-ci illərin əvvəllərində Queen dünyanın ən böyük stadion rok qruplarından birinə çevrilmişdir. 1980-ci ildə buraxdıqları "The Game" adlı albomundan "Another One Bites the Dust" adlı mahnısı onların ən çox satılan sinqllarından biri olmuş və 1981-ci ildə buraxılan "Greatest Hits" kompilyasiya albomu Birləşmiş Krallıqda ən çox satılan albom olmuş və Amerika Səsyazma Sənayesi Assosiasiyası tərəfindən on doqquzuncu yerdə qərarlaşmışdır. Onların 1985-ci ildə Live Aid konsertindəki çıxışı rok musiqisi tarixinin ən böyük çıxışlarından biri hesab olunur. 1986-cı ilin avqust ayında Merkyuri Queen qrupu ilə birlikdə İngiltərədəki Knebvvortda son dəfə çıxış etmişdir.

Merkyuriyə 1987-ci ildə QİÇS diaqnozu qoyulanda şəxsi həyatını davam etdirsə də, Queen 1989-cu ildə "The Miracle" və 1991-ci ildə "Innuendo" adlı daha iki albom buraxmışdır. Merkyuri 1991-ci ildə QİÇS-in səbəb olduğu ağciyər iltihabından vəfat etməzdən əvvəl 23 noyabr 1991-ci ildə QİÇS xəstəliyinə tutulduğunu açıq elan etmişdir. Daha sonra Merkyurinin vokal səsyazmalarından ibarət "Made in Heaven" adlı albomu 1995-ci ildə işıq üzü görmüşdür. Dikon 1997-ci ildə təqaüdə çıxmış, Mey və Teylor 2004-cü ildən Pol Rocers və Adam Lambert ilə birlikdə "Queen +" adı altında qastrol səfərlərinə davam etmişdir.

1999-cu ildə Channel 4 tərəfindən keçirilən "Music of the Millenium" sorğusunda ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albom, 18 sinql və 8 DVD-i dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır.

Qrup, həmçinin "Flash Gordon" və "Highlander" filmlərinin mahnılarını hazırlamış, bundan əlavə "Ueynin Dünyası" filmində Queen qrupunun məşhur "Bohemian Rhapsody" adlı mahnısından istifadə edilmişdir.

Queen 250 milyondan 300 milyona qədər nüsxə sataraq dünyanın ən çox albom satan musiqi qruplarından birinə çevrilmişdir. 1990-cı ildə Queen Britaniya musiqisinə görkəmli töhfələrinə görə "Brit" mükafatına layiq görülmüşdür. 2001-ci ildə onlar Rok-n-roll şöhrət zalına, 2003-cü ildə isə dörd üzv hit sinql bəstələdiklərinə görə Mahnı bəstəkarları şöhrət zalına daxil edilmişdir. 2005-ci ildə Britaniya Mahnı bəstəkarları, Bəstəkarlar və Müəlliflər Akademiyası tərəfindən "İvor Novello" mükafatına, 2018-ci ildə isə "Qremmi ömür boyu müvəffəqiyyət" mükafatına layiq görülmüşdür.

Musiqi üslubu və təsirləri thumb|left|Brayan Mey özü üçün xüsusi olaraq hazırlanmış Red Special gitara ilə 2017-ci ildə Londondakı the O2 Arena-dakı ifası. O, bu gitaradan yalnız 1970-ci illərin əvvəllərində qrupun qurulmasından bəri istifadə etmişdir.

Queen 1960-cı və 1970-ci illərin əvvəllərindəki Britaniya rok qruplarından, o cümlədən the Beatles, the Kinks, Cream, Led Zeppelin, Pink Floyd, The Who, Black Sabbath, Slade, Deep Purple, Devid Boui, Genesis və Yes-dən ilham almışdır. Merkyuri həmçinin rok-n-roll müğənniləri Litl Riçard, Elvis Presli və qospel müğənnisi Areta Franklindən də təsirlənmişdir. Brayan Mey Beatles haqqında belə demişdir: "Onlar musiqi tərkibi, aranjiman və istehsal baxımından bizim müqəddəs kitabımız idi. "The White Album", mahnı hazırlamaq üçün studiyadan necə istifadə olunacağına dair tam kataloqdur". Merkyuri də həmçinin "Con Lennon həyatın özü idi və mütləq dahi idi. Hətta onlar Beatles qrupunda olanda da mən həmişə Con Lennonun işlərinə üstünlük verirdim. Bilmirəm niyə. Sadəcə olaraq, onda bir növ sehr var idi." Mey və Merkyuri həmçinin Cimi Hendriksdən təsirlənmişdir; Merkyuri bu haqda "O, həqiqətən bir rok-n-roll ulduzunda ola biləcək hər şeyə sahib idi" demişdir. Mey isə, "Cimi, əlbəttə ki, mənim bir nömrəmdir. Və mən həmişə deyirdim ki, […] Cimidən öyrənməkdən heç vaxt əl çəkmirəm." İlinq Kollecində Merkyurinin tezis mövzusu Hendriks idi. Merkyuri və Teylor Hendriksin vəfat səbəbilə 18 sentyabr 1970-ci ildə Kensinqton bazarındakı dükanlarını bağlamışdır.

1970-ci illərin əvvəllərində Queen qrupunun musiqi üslubu "Led Zeppelin Yes ilə görüşür" kimi təsvir edilmişdir; bu, "akustik/elektrik gitara ifratları və fantaziyadan ilhamlanmış çox hissəli mahnı dastanlarının" birləşməsindən irəli gəlir. Merkyuri Robert Plenti ən sevimli müğənnisi və Led Zeppelini "ən böyük" rok qrupu kimi təsvir etsə də, o, Queen-in "Led Zeppelinlə müqayisədə Liza Minnelli ilə daha çox ortaq cəhətləri olduğunu" qeyd etmişdir: "Biz rok-n-roll ənənəsindən daha çox şou-biznes ənənəsinə daha yaxınıq". Eddi Trank "Essential Hard Rock və Heavy Metal" kitabında Queen-i "hər kəs üçün nəsə təklif edə bilən əzəmətli və teatral bir hard rok qrupu" kimi təsvir etmiş və qrupun "Britaniya mənşəli səsləndiyini" qeyd etmişdir. Judas Priest qrupunun solisti Rob Helford qrup haqqında belə demişdir: "Qrupun üslubunu müəyyənləşdirmək üçün çətinlik çəkmək nadir hallarda rast gəlinən bir durumdur. Əgər hevi metal qrupusunuzsa, hevi metal qrupu kimi görünməli və səslənməlisiniz, ancaq Queen-i təsvir edə bilməzsiniz. Onlar bir gün pop qrupu, ertəsi gün "Bicycle Race" mahnısını yazan qrup, ertəsi gün isə tam inkişaf etmiş bir metal qrupu ola bilər. Onların musiqi üsulunun genişliyi müəyyən dərəcədə Beatles-ə çox bənzəyirdi". Onlar müxtəlif musiqiçilərin və janrların təsirlərinə istinad etsələr də, "Guitar World" jurnalından Coy Bosso bu haqda belə yazmışdır: "Queen, öz dəstxətti üzrə gedir".

Queen musiqisində bir çox fərqli janrdan ilham almış və tez-tez əsərlərində yumordan istifadə etmişdir. Onların musiqi üslubuna proqressiv rok (simfonik-rok kimi də tanınır), art-rok, qlem-rok, arena rok, hevi metal, operatik pop, pop rok, psixodelik rok, barokko-pop və rokabilli kimi janrlar daxildir. Queen həmçinin opera, music hall, folk, qospel, raqtaym və rəqs/disko musiqi janrlarından ilhamlanaraq mahnılar yazmışdır. Onun 1980-ci ildə buraxılmış "Another One Bites the Dust" adlı mahnısı fank-rok janrında böyük hit olmuşdur. İdman arenalarında və stadionlarda marş mahnıları ilə tanınan Queen, "We Will Rock You" və "We Are the Champions" kimi mahnıları ilə tamaşaçıların iştirakını hədəfləmişdir. Eynilə, "Radio Ga Ga" mahnısı da qrupun canlı ifalarında məşhurlaşmışdır çünki konsert ərzində "izdiham Nürnberq mitinqindəki kimi alqışlayırdı".

1963-cü ildə yeniyetmə Brayan Mey və onun atası xüsusi olaraq əks-səda əldə etmək üçün nəzərdə tutulmuş məşhur "Red Special" gitarasını hazırlamışdır. Mey, 1960-cı illərin sonu və ya 1970-ci illərin əvvəllərində Londonda keçirilən bir konsertdə uzun müddətdir pərəstişkarı olduğu Rori Qallaqer ilə tanış olduqdan sonra demək olar ki, yalnız Vox AC30 gücləndiricilərindən istifadə etmişdir. O, istədiyi səsi əldə etmək üçün altı qəpikdən plektrom kimi istifadə edir. Sonic eksperimentasiyası Queen mahnılarında əhəmiyyətli yer tutur. Queen musiqisinin fərqli xüsusiyyəti, əsasən Mey, Merkyuri və Teylorun səslərindən ibarət vokal harmoniyalarıdır ki, bunlara ən yaxşı nümunə "A Night at the Opera" və "A Day at the Races" studiya albomlarıdır. Bu səs inkişafının bir hissəsi prodüser Roy Tomas Beyker və mühəndis Mayk Stoun ilə əlaqələndirilir. Vokal harmoniyalarına əlavə olaraq, Queen çoxhissəli-səsyazmaların təkrarları ilə böyük bir xor səsini təqlid etməklə də tanınır. Məsələn, Brayan Meyin dediyinə görə, "Bohemian Rhapsody" mahnısında 180-dən çox vokal təkrarı var. Qrupun vokal strukturları The Beach Boys ilə müqayisə edilmişdir.

Media

Loqo thumb|right|Queen loqosu

Qrafik dizayn üzrə təhsil almış Merkyuri, qrupun ilk albomunun çıxarılmasından qısa müddət əvvəl, onun rəsmi loqosunu çəkir və "Queen xaçı" adlandırır. Loqoda qrup üzvlərinin bürcləri göstərilmişdi: iki şir Şir bürcünü (Dikon və Teylor), yencək Xərçəng bürcünü (Mey) və iki pəri Qız bürcünü (Merkyuri) təmsil edir. Şirlər stilləşdirilmiş şəkildə qucaqlaşaraq Q hərfini əmələ gətirir, xərçəng hərfin üstündə dayanır, pərilər isə, onların hər biri bir şir altında qorunur. Q hərfinin içində tac, üstündə isə böyük Simurq quşu təsvir olunmuşdur. Ümumilikdə qrupun loqosu Birləşmiş Krallığın krallıq gerbi ilə oxşarlıqlara malikdir. Orijinal loqo, qrupun debüt albomunun arxa qapağında göründüyü kimi sadə bir rəsmdir, ancaq sonrakı albom üz qabığı təsvirlərində daha ətraflı və rəngarəng versiyalar yer almışdır.

Mahnı klipləri

Brüs Qouersin rejissorluq etdiyi "Bohemian Rhapsody" mahnısının klipində qrup "qürurlu 'qlem' həssaslığını" qəbul etmişdir. Queen II albomunun üz qabığında Mik Rokun fotoşəkilini təqlid edərək - bu da öz növbəsində "Şanxay Ekspresi" filmindəki aktrisa Marlen Ditrixin fotoşəkilindən ilhamlanmışdır - videoda üzləri görünən qrup üzvləri qaranlıqda almaz formasında dayanırlar. a kapella bölməsi onların vokal ifası ilə açılır.

Musiqi sənayesinin əsas rejissorlarından biri olan Devid Mallet qrupun sonrakı kliplərinin çoxunun rejissoru olub. Sonrakı bəzi musiqi videolarında klassik kinofilm kadrlarından istifadə olunur; "Under Pressure" mahnısının klipində 1920-ci illərin səssiz ağ-qara filmləri, o cümlədən Sergey Eyzenşteynin "Potemkin" döyüş gəmisi və F. V. Murnaunun "Nosferatu" kinofilmlərindən kadrlar daxildir; "Radio Ga Ga" mahnısı üçün 1984-cü ildə çəkilmiş klipdə Fritz Lanqın "Metropolis" filmindən kadrlar istifadə olunmuşdur. "Calling All Girls" mahnısının klipi Corc Lukasın "THX 1138" filminə tribyut idi və 1995-ci ildə "Heaven for Everyone" mahnısının klipində Jorj Meliesin "Aya səyahət" və "Mümkün olmayan səyahət" filmlərindən kadrlar göstərilir. Malletin "I Want to Break Free" mahnısı üçün çəkdiyi klipin birinci hissəsi Britaniyanın uzun müddət məşhur olmuş "Coronation Street" adlı sabun operasını satirikləşdirib.

"Innuendo" mahnısının klipində stop-moşn animasiyası və rotoskopinq texnikası birləşdirilir. Qrup üzvləri kinoteatr ekranında "Min doqquz yüz səksən dörd" distopik filminin üslubunda əvvəlki Queen musiqi videolarından çəkilmiş illüstrasiyalar və şəkillər kimi təqdim olunur. "Flash" ("Flash Gordon" filmindən) və "Princes of the Universe" ("Highlander" filmindən) mahnıları üçün hazırlanmış videokliplərə qrupun mahnılarını bəstələdiyi filmlərin kadrları daxildir (ikinci videoklipdə Merkyurinin baş obrazla qılınc döyüşü səhnəsini qısa müddətə canlandırmasını əhatə edir). "We Will Rock You" 1977-ci ilin yanvarında Rocer Taylorun həyətində qış fəslinin soyuq bir günündə çəkilib. Həmin ilin sonunda New London Teatrında lentə alınan "We Are the Champions" mahnısının videoklipində Merkyuri öz imzası olan Harlikvin kostyumunda tamaşaçı kütləsinin qarşısında çıxış edir. Qrupun Merkyuri sağ ikən çəkdiyi son klipi isə "These Are the Days of Our Lives" mahnısına aid olur. Bu klip Merkyurinin xəstəliyini gizlətmək üçün ağ-qara rəngdə çəkilmişdir.

Musiqili teatr