Mirzeynalabdin Mirqasımzadə, Abdin Mirqasımov və ya Mirzeynalabdin Qasımov () — azərbaycanlı hüquqşünas, siyasətçi, tərcüməçi, Cümhuriyyət tələbələrindən biri.

Mirzeynalabdin bəy Bakıda Aleksey məktəbində və İstanbulda Məktəbi-Sultanidə orta təhsil alıb, daha sonra Fransada yerləşən Nansi Universitetində ali təhsil alıb. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Paris Universitetinin hüquq fakültəsində təhsil alıb.

Təhsilini bitirdikdən sonra Fransada yaşamağa davam edib. Rus-sovet işğalına qarşı fəaliyyət göstərən Prometey təşkilatına üzv olub. Mühacirətdə fəaliyyət göstərən "Yeni Kafkasya", "Azəri Türk", "Azərbaycan" və "Prometey" jurnalları ilə əməkdaşlıq edib.

Mirzeynalabdin bəy professor Mirəsədulla Mirqasımovun qardaşı, Mir Mövsüm Ağanın dayısı oğlu, xalq artisti Oqtay Mirqasımovun və heykəltaraş Mirələsgər Mirqasımovun əmisidir.

Həyatı

İlk illəri 245x245px|thumb|1921-ci il, Paris.|leftMirzeynalabdin Mirələsgər oğlu Mirqasımov 1887-ci ildə Bakıda anadan olub. Bakıda yerləşən 6 sinifli Aleksey məktəbində orta təhsil alıb. 1907-ci ildə Nəşri-maarif cəmiyyəti tərəfindən seçilmiş bir neçə şagird təhsillərini davam etdirmək üçün İstanbula göndərilib. Seçilən şagirdlərin arasında Mirzeynalabdin Mirqasımov da olub. O, 1912-ci ildə İstanbulda yerləşən Məktəbi-Sultanini bitirib. Bakıya qayıdaraq "Səadət" müsəlman ruhani məktəbində fransız dili müəllimi işləyib. Fransada yerləşən Nansi Universitetində elektrotexnika sahəsində təhsil alıb. Daha sonra Türkiyənin işğal olunmuş vilayətlərində fəaliyyət göstərən hərbi valiliyin Bəhriqala dairəsində baş tərcüməçi kimi çalışıb.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1918-ci il iyulun 18-də AC Daxiliyyə naziri Behbud xan Cavanşirin əmri ilə Abdin Mirqasımov Daxiliyyə Nəzarəti İdarəsində draqoman təyin olunub.

1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.

Mirzeynalabdin bəy də xaricdə ali təhsil almaq üçün seçilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Fransada Mirzeynalabdin bəy Paris Universitetinin hüquq fakültəsində təhsil alıb. Aprel işğalından sonra xaricdə təhsil alan tələbələr təqaüdsüz qalıblar. Bu problemi həll etmək üçün Mirzeynalabdin bəy Avropada təhsil alan tələbələrin nümayəndəsi kimi 1920-ci ilin avqust ayında Bakıya gəlib. Tələbələrin mövcud vəziyyəti barədə məlumat verib və 83 nəfər azərbaycanlı tələbənin ölkələr üzrə siyahısını Azərbaycandakı Sovet hakimiyyətinə təqdim edib.

Universiteti bitirdikdən sonra Azərbaycana qayıtmayıb və Fransada yaşamağa davam edib. Rus-sovet işğalına qarşı fəaliyyət göstərən Prometey təşkilatının üzvü olub və mühacirətdə olan azərbaycanlılarla əlaqə saxlayıb. Parisdə nəşr olunan "Revue du monde musulman" jurnalında məqalələri dərc olunub.

1925-ci ildə Parisdə Rusiya İmperiyasından olan mühacirlər tərəfindən yaradılmış "Zolotoy Runo" mason lojasına üzv olub. Daha sonra bu lojanı digər qafqazlılarla birlikdə tərk edib və 1926-cı ilin sonunda Parisdə yaradılmış "Prometey" mason lojasının təsisçi üzvlərindən biri olub. 1927-ci ildə isə lojanı tərk edib.

Siyasi fəaliyyətlə yanaşı Mirzeynalabdin bəy tərcüməçiliklə də məşğul olub. Fransızcadan etdiyi tərcümələri azərbaycanlı siyasi mühacirlərin İstanbulda nəşr etdikləri "Odlu Yurd" jurnalında nəşr olunub. Mühacirətdə fəaliyyət göstərən "Yeni Kafkasya", "Azəri Türk", "Azərbaycan" və "Prometey" jurnalları ilə əməkdaşlıq edib. 1928-ci ildə Müsavat partiyasına üzv olub.

1929-cu ildə intihar edib və Parisdə dəfn olunub.

Haqqında xatirələr Mirzeynalabdin bəy intihar etdikdən sonra Türkiyədə mühacirətdə olan Azərbaycan Cümhuriyyəti Milli Şurasının birinci sədri Məmməd Əmin Rəsulzadə onunla bağlı "Odlu Yurd" jurnalında "Abdin Mirqasım" adlı məqalədə aşağıdakıları yazıb:

Ailəsi Mirzeynalabdin bəyin atası Mirəliəsgər Kərbəlayı Mirqasım oğlu Mirqasımov, Mir Mövsüm Ağanın dayısı idi. 1880-ci illərdə Seyid xanım Seyid Mehdi qızı ilə ailə qurub. Bu evlilikdən Mirzeynalabdin və Mirəsədulla adlı övladları dünyaya gəlib.

Mirzeynalabdin bəyin qardaşı Mir Əsədulla Mirqasımov 1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin tibb fakültəsini bitirib. Tibb elmləri doktoru adını alıb. 1934-cü ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülüb və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib və 1945–1947-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti olub. Göstərdiyi fəaliyyətinə görə "Lenin" ordeni, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni və medallarla təltif olunub.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Fransa azərbaycanlıları