IV Mehmed və ya Ovçu Mehmed () — 19-cu Osmanlı sultanı və 98-ci İslam xəlifəsidir. Atasının taxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşında sultan elan edildi. Tez-tez ova çıxması səbəbindən "ovçu" ləqəbini qazanmışdır. 39 illik səltənəti ilə I Süleymandan sonra ən uzun müddət hakimiyyətdə olan sultandır.

Hakimiyyəti dövründə bir çox memarlıq işləri görülüb. 60 ildir inşaatı bitməyən Yeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680-ci illərdə Rumeli və Anadolu hisarları təmir edilmişdir. Misir bazarı, Hünkar qəsri, Körpülü külliyyəsi, Safranbolu Körpülü Mehmed Paşa məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.

Həyatı

Taxta çıxışı 2 yanvar 1642 tarixində Osmanlı ənənəsində müqəddəs hesab olunan cümə axşamı günü İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Turhan Xədicə Sultandır. Ova çıxmağı sevdiyi üçün "Ovçu" ləqəbi ilə anılır. Uşaqlığı sarayda keçmişdir. Bu illərdə Şami Yusif və Şami Hüseyn Əfəndilər tərəfindən tərbiyə edilib. Atasının dövlət məsələlərindəki səriştəsizliyi səbəbilə nənəsi Kösəm Sultanın, dövlət adamlarının və yeniçərilərin müdaxiləsi ilə 8 avqust 1648-ci ildə hələ 6 yaşında ikən Osmanlı taxtına çıxdı. Yalnız şeyxülislamın, sədrəzəmin və vəzirlərin iştirakı ilə keçirilən cülus mərasimindən sonra nənəsi ilə birlikdə baş bostançıya təslim edildi. Bir həftə sonra 16 avqustda Əyyub Sultan məscidində şeyxülislam Əbdürrəhim Əfəndinin əlindən qılınc qurşandı. Cülus bəxşişi məsələsi isə başda Cindar Hüseyn Əfəndi olmaqla, Sultan İbrahim dövrünün nüfuzlu şəxslərindən alınan məbləğlərin hesabına həll edildi.

Səltənəti Səltənətinin ilk günlərində, tərəfdarları tərəfindən yenidən taxta çıxarılmaq istənilən atası Sultan İbrahim dövlət adamlarının və yeniçərilərin ittifaqı ilə öldürüldü. Yaşının az olması səbəbilə səltənətinin ilk səkkiz ilində dövlət idarəsi nənəsi Kösəm Sultanın, anası Turhan Sultanın və onların tərəfdarlarının əlində cəmləşdi və ölkə böyük bir çalxantı dövrü yaşadı. Yeniçəri və sipahilərə arxalanan Kösəm Sultanla sədrəzəm Sofu Mehmed Paşa arasındakı rəqabət, sipahilərin gecikən ülufələri, yeddi ildən bir baş tutan çıxmaların (bax: Əndərun) gecikməsi və yeniçəri ocağının nüfuzunun artması kimi məsələlərin nəticəsində 25 oktyabr 1648-ci ildə Sultan Əhməd məscidi hadisəsi baş verdi. Atmeydanında (indiki Sultanəhməd meydanı) toplanan və Sultan İbrahimin qətlinə etiraz edən sipahilərlə saray ağalarının üsyanı, yeniçərilər üzərində güclü nüfuzu olan Qara Murad ağa və Qoca Muslihiddin ağa tərəfindən yatırıldı. Ancaq bu dəfə dövlət idarəsi yeniçəri ağalarının əlinə keçdi. Yuxarıda adı çəkilən ağalarla yanaşı, Bektaş ağa və Qaraçavuş ağanın nüfuzları getdikcə artdı. Kösəm Sultanla müttəfiq olan yeniçəri ağaları Osmanlı donanmasının Venesiyaya məğlub olmasını bəhanə edərək Sofu Mehmed Paşanı sədarətdən uzaqlaşdırdı. Bununla Kösəm Sultan ən güclü düşmənlərindən birini aradan qaldırmış oldu. Böyük validənin tövsiyəsi və baş münəccim Hüseyn Əfəndinin məsləhəti ilə Qara Murad ağa sədrəzəm təyin edildi.

O əsnada Sivas, Antep və Afyon ərazilərində bəzi qoçular baş qaldırmışdı. Qara Murad Paşa qismən də olsa, bunların qarşısını ala bildi. Buna baxmayaraq Kösəm Sultanın və yeniçəri ağalarının dövlət işlərinə qarışmasından narazı idi. Şeyxülislam Əbdürrəhim Əfəndi və İstanbul qazısı olan oğlu Mehmed Əfəndi isə dəbdəbəli həyat tərzləri ilə əhalinin nifrətini qazanmışdılar. Bu ərəfədə ülufələrini ala bilməyən sipahilərin başlatdığı üsyan isə İstanbul və Qalata səmtindəki tacirlərdən toplanan icbari vergilərin hesabına yatırıldı. Bu əsnada Sultan Mehmedin və özündən 3 ay kiçik qardaşı Şahzadə Süleymanın sünnət mərasimi baş tutmuş (21 oktyabr 1649), Krit adasında avstriyalılarla gedən müharibədə Osmanlı ordusu ağır itkilər verməyə başlamışdı. Yeniçəri ağalarının ona qarşı yeni bir üsyan tərtib etdiyini öyrənən Qara Murad Paşa isə "Bir memlekette dört vezîriâzam olmaz" ("Bir dövlətdə dörd sədr-əzəm olmaz") deyərək sədarətdən çəkildi və yerinə Mələk Əhməd paşa gətirildi (5 avqust 1650). Yeniçəri ağalarının əlində oyuncağa çevrilən yeni sədrəzəmin dövründə isə xəzinə olduqca pis vəziyyətdə idi. Yeniçəri ağaları isə tam əyarlı pulları özlərinə ayırıb, əskik əyarlı sikkələri ülufə olaraq əsgərlərə paylayırdılar. Buna görə də ölkədə böyük miqyaslı inflyasiya meydana gəldi.

Bütün bu hadisələr cərəyan edərkən 10 yaşındakı Sultan Mehmed Əndərun ağalarının nəzarətində saray bağçalarında, keçirilən ov mərasimlərində vaxt keçirirdi. Dövrün fanatik dindar zümrəsi olan Qazızadəlilərin isə sarayda nüfuzu güclü idi. Bu zümrəyə mənsub olan Üstüvani Mehmed Əfəndi isə padşah şeyxi ünvanı almışdı. Bu illərdə baş tutan ən önəmli məsələ isə gələcəkdə Sultan Mehmed üçün asılılıq halını alan ov mərasimləri idi. Krit adasındakı məğlubiyyətlər və Paros adası yaxınlığında Venesiyalılarla baş tutan döyüşdən sonra Çanaqqala boğazının itirilməsi nəticəsində ticarət tənəzzülə uğramışdı. Dövlət idarəsi Kösəm Sultanın pula həris olan adamlarının əlində iflic olmuş, yüksək dərəcəli inflyasiya və rüşvətin səbəb olduğu qarışıqlıqlar İstanbuldakı tacirlərin və əhalinin ayaqlanmasına səbəb oldu. Əhali, aralarına şeyxülislam Qaraçələbizadə Əbdüləziz Əfəndini də alaraq saraya yürümüş, Sultan Mehmed ayaq divanına çıxmağa məcbur qalmışdı. Paytaxtın hər yerində elan edilən fərmanla, bundan sonra qanunsuz vergilərin yığılmayacağı və Mələk Əhməd Paşanın sədarətdən alınacağı bildirildi. Bu fərmanla və yeniçərilərin də köməyilə şəhərdəki iğtişaşlar tamamilə yatırıldı. Yaxın adamı və qızının kürəkəni olan Siyavuş Paşanı sədarətə gətirərək vəziyyəti öz lehinə dəyişən Kösəm Sultanın isə saraydakı düşmənləri getdikcə artmağa başlamışdı. Bu əleyhdarların başında isə saray ağalarının dəstəyini arxasına alan kiçik validə Turhan Sultan var idi. Saraydakı siyasi tarazlığın pozulduğunu anlayan Kösəm Sultan isə həm rəqiblərindən azad olmaq, həm də anası daha saf oln Şahzadə Süleymanı taxta çıxarmaq üçün Sultan Mehmedi taxtdan endirməyə cəhd etdi. Ancaq bu planını icra etmədən 2 sentyabr 1651 tarixində saray ağaları tərəfindən öldürüldü. Yaxın adamları olan yeniçəri ağaları isə ard-arda ələ keçirilərək aradan qaldırıldı.

Kösəm Sultanın ardından dövlət idarəsi Validə Turhan Sultan və saray ağalarının əlində cəmləndi. Yeni mərhələnin ilk önəmli hadisəsi isə Darüssəadə ağası Uzun Süleyman ağa ilə düşmən olan sədrəzəm Siyavuş Paşanın sədarətdən alınması oldu. Yerinə gətirilən Gürcü Mehmed Paşanın səriştəsizliyinin ardından yerinə Xocazadə Məsud Əfəndinin tövsiyəsilə Tarhuncu Əhməd Paşa gətirildi (20 iyun 1652). Əhməd Paşa gömrük, mətbəx və donanma xərclərini azaldaraq maliyyə vəziyyətini nisbətən yaxşılaşdırdı. Büdcə kəsrinin qarşısını almaq üçün dövlət adamlarından toplanan əlavə vergilər səbəbilə özünə düşmən qazanan Əhməd Paşa yaxın adamı olan Bahai Mehmed Əfəndini şeyxülislamlığa gətirməklə vəziyyəti öz lehinə çevirdi. Yeni vergilər xüsusilə Üsküdar əhalisinin və sipahilərin etirazına səbəb oldu və nəticədə Əhməd Paşa gözdən düşdü. 1652-ci ilin noyabrında çıxan böyük yanğın isə İstanbuləhalisinin vəziyyətini daha da pisləşdirdi. Sarayda çevriliş tərtib etməsi şayiəsi yayılan Əhməd Paşa isə 21 mart 1653 tarixində öldürüldü və yerinə kaptan-ı dərya Dərviş Mehmed Paşa gətirildi.

Yeni sədrəzəmin dövründə isə İstanbulda ərzaq qiymətləri olduqca yüksəldi. Kaptan-ı dərya Qara Murad Paşa idarəsindəki Osmanlı donanması isə Çanaqqala boğazında qələbə qazanmış, boğaz yenidən Osmanlıların əlinə keçmişdi. Ticarət yolunun bərpa edilməsi ilə paytaxtda iqtisadi vəziyyət normallaşdı, sədrəzəm Dərviş Mehmed Paşanın iflic olmasının ardından isə həm Anadoludakı Cəlalilərin aradan qaldırılması, həm də İstanbuldakı qoçuların yatırılması üçün sədarət möhürü Hələb bəylərbəyi İbşir Mustafa Paşaya göndərildi. Uzun müddət İstanbula gəlməyən İbşir Mustafa Paşa bu vəzifədə 6 ay qalmış, Anadoludan gətirdiyi əsgərlərin İstanbuldakı sipahi və yeniçərilərlə birləşməsi və əsas rəqibi olan Qara Murad Paşanın tərtibi ilə qətlə yetirilmişdi. Yerinə ikinci dəfə bu vəzifəyə gətirilən Qara Murad Paşa ordunun nizamsızlığı və maliyyə problemləri səbəbilə qısa zamanda vəzifədən istefa etdi. Xələfi Süleyman Paşa isə əsgərlərin ülufəsini əskik əyarlı sikkələrlə verməyə cəhd etmiş, nəticədə ayaqlanan yeniçəri qoçuları Atmeydanında toplanaraq saray ağalarının aradan qaldırılmasını tələb etdi. Yeniçərilərin təzyiqi ilə Sultan Mehmed tələb edilən saray ağalarını təslim etdi (4 mart 1656). Bu şəxslərin cəsədləri Sultanəhməd meydanındakı çinar ağaclarına asıldı. Bu səbəblə Osmanlı tarixində bu hadisə Vaka-i vakvakiye, yəni Çinar hadisəsi adlanır. Hadisənin ardından sədrəzəmliyə əvvəlcə Zurnazən Mustafa Paşa, daha sonra Siyavuş Paşa, onun ölümündən sonra isə Boynuyaralı Mehmed Paşa gətirildi. Bu sədrəzəmin dövründə isə Çanaqqala boğazını yenidən işğal edən Venesiyalılar Bozca ada, Limni və Semandrek adalarını işğal etdi. Kaptan-ı dərya Kənan Paşanın 26 iyun 1656 tarixində Venesiya donanmasına məğlub olması isə İstanbula təhlükə altında qoydu. Venesiyalıların paytaxta hücum etməsindən çəkinən Mehmed Paşa dərhal şəhərin sahilboyu divarları üzərindəki evləri dağıdaraq bərpa etmiş, bununla şəhərdə qarışıqlıqlar başlamışdı. Xəzinənin dolması üçün "imdadiyə" adlı vergi təsis edən Mehmed Paşa bu vergidən də ümid etdiyi gəliri əldə edə bilmədi. Sultan Mehmed topladığı məşvərət məclisində şəxsən səfərə qatılmaq istədiyini bildirmiş, ancaq sədrəzəm tərəfindən bu təklifin qarşısı alınmışdır. O əsnada Sultan Mehmedin yerinə qardaşı Şahzadə Süleymanın taxta çıxarılması ilə bağlı tərtib edilən sui-qəsdin üstü açılmış, bu tərtibin yaradıcı olan şeyxülislam Xocazadə Məsud Əfəndi Bursaya sürgün edilərək burada öldürülmüşdü. Sədarətə isə memar Qasım ağanın tövsiyəsi və Validə Turhan Sultan tərəfindən qəbul edilən bəzi şərtlərlə Körpülü Mehmed Paşa gətirildi (15 sentyabr 1656).

Artıq davamlı olaraq Ədirnədə yaşamağa başlayan Sultan Mehmed bu illərdə Moreya və Tesalya bölgələrinə qədər uzanan ov mərasimlərinə qatılırdı. Körpülü Mehmed Paşa əvvəlcə üsyan edən sipahi qoçularını və xəyanət edən Rum patriarxını aradan qaldırdı. Onun sədarəti dövründə dövlə daxildə və xaricdə əvvəlki gücünü bərpa etməyə başladı. Venesiyalılar məğlub edilərək Çanaqqala boğazından çıxarıldı və boğaza yaxın adalar ələ keçirildi. Ərdəldə baş verən hadisələr isə Osmanlının lehinə həll edildi. Abxaz Həsən Paşa rəhbərliyində Anadoluda çıxan böyük üsyan yatırıldı. 24 iyul 1660 tarixində baş tutan böyük yanğın İstanbulun böyük bir qismini külə çevirdi. Şəhərdə qıtlıq və epidemiya yayıldı. Ertəsi il, 63 ildir ki, inşası yarım qalan Yeni məscid külliyəsinin tamamlanma işləri başlandı. Bu əsnada bəzi yəhudi məhəllələri qarşılığı ödənilərək dağıdıldı. 30 oktyabr 1661 tarixində özünün tövsiyəsilə Mehmed Paşanın yerinə keçən böyük oğlu Fazil Əhməd Paşanın sədarət illərində isə Osmanlı dövləti xaricdə uğur qazanmağa başladı. Fazil Əhməd Paşa Osmanlı dövlətinin gücünü dənizdə Venesiya və Fransaya, Orta Avropada Lehistana və Avstriyaya qarşı göstərə bildi. Uyvar qalasının fəthi 1664-cü ildə Avstriya ilə bağlanan 20 illik Vasvar sülhü ilə tamamlandı. 1669-cu ildə Kandiye qalasının alınması ilə 25 ildir davam edən Krit məsələsi həll edildi.