thumb|Əməvi xilafətinin vilayəti olaraq Əndəlüs, 719-cu il Əndəlüs () — İslam hakimiyyətindəki İspaniya torpaqları. thumb|Kordova xilafəti, 1000-ci il
Etimologiyası Ərəblər tərəfindən İspaniya torpaqları üçün istifadə edilən və onların ölkədən qovulmasından sonra ispan dilinə "Andalucia" olaraq keçən Əndəlüs kəliməsinin etimologiyası tam olaraq dəqiq deyil. İlk dəfə bu ada hicrətin 98-ci ilində (miladi 716) kəsilən bir sikkə üzərində rast gəlinir. Bir digər versiyaya görə isə, bu kəlimənin kökü V əsrdə şimali Afrikaya keçmədən öncə 18 il bu bölgədə yaşamış olan vandalların adıyla bağlıdır.Lévi-Provençal, el-Ḥaḍâretü’l-ʿArabiyye fî İsbânyâ (trc. Tâhir Ahmed Mekkî), Kahire 1979. Ərəblər ilk olaraq cənubi Fransadakı Septimaniya bölgəsi də daxil olmaq üzrə, İspaniyada idarə etdikləri bütün torpaqları Əndəlüs adlandırsalar da, 718-ci ildə başlayan və təxminən 8 əsr boyunca davam edən rekonkista illərində ərəblərin idarə etdiyi bölgənin daralması səbəbilə bu toponim də özünün əvvəlki mənasını itirmiş, nəticədə Əndəlüs adı yalnızca Nasiri əmirliyinin idarəsindəki torpaqlara şamil edilmişdir. "Andalucia" toponimi günümüzdə İspaniyada hələ də istifadə edilir və Almeriya, Qranada, Xaen, Kordova, Sevilya, Xuelva, Malaqa və Kadis vilayətlərini özündə birləşdirən geniş bir ərazini ifadə edir.
Siyasi tarixi
Fəth və valilər dönəmi (711–755) İlk İslam fəthlərinin son mərhələsini Əndəlüsün fəthi təşkil edir. Bu hərəkatla bağlı o dönəmin yazılı mənbələrində məlumat olmadığı üçün sonrakı illərə istinad edilir, bu səbəblə bu hərəkatla bağlı bəzi tarixi və xronoloji uyğunsuzluqlar mövcuddur. İspaniyada ilk fəth hərəkatının başlanğıc tarixi haqqında 2 güclü rəvayət var: bunlardan ilkinə görə, bu tarix Xəlifə Osmanın əmriylə Abdullah ibn Nəfinin idarə etdiyi ordunun donanmayla bölgəyə gəldiyi 647-ci il; ikinci rəvayətə görə isə Tariq ibn Ziyadın idarəsindəki ordunun bölgəyə səfərə çıxdığı 711-ci ildir. Bunlardan ilkinin tutarsız olduğu bəllidir çünki 647-ci ildə ərəblər nə Tunis bölgəsindən qərbə keçə bilmiş, nə də dənizlərdə yetərli güc qazanmamışdı.
710-cu ilədək bir neçə şəhər və qala istisna olmaqla, ərəblər şimali Afrikanı tamamilə ələ keçirmişdi. Şimali Afrika valisi Musa ibn Nüseyr Əməvi xəlifəsi I Vəlidin icazəsiylə Tarif ibn Malik idarəsindəki 500 nəfərlik hərbi birliyi 710-cu ilin yazında kəşfiyyat məqsədilə İspaniyanın cənub sahillərinə yolladı. Bu birliyin bol qənimətlə dönməsinin ardından Musa ibn Nüseyr İspaniyanın fəthi üçün hazırlığa başladı və 711-ci ilin yazında bərbər əsilli Tariq ibn Ziyad idarəsindəki 7 min nəfərlik ordunu, daha sonra isə 5 min nəfərlik dəstək birliyini bölgəyə göndərdi. O əsnada İspaniyada hökm sürən Vestqot krallığı taxt mübarizəsi, cəmiyyət daxilindəki iğtişaşlar və yəhudilərə qarşı aparılan sərt dini siyasətin səbəb olduğu müxtəlif problemlərlə üz-üzə idi. Ərəblərin bölgəyə rahatlıqla daxil olmasında əsas meyarlardan biri isə vestqotlarla münasibəti pis olan Seuta hakiminin onlara göstərdiyi hərbi dəstək oldu. Tariq ibn Ziyad cənubi İspaniyadakı Cəbəllütariq dağında qərargah quraraq ətraf bölgələri nəzarəti altına aldı və Barbata çayı sahilində Vestqot kralı Rodriqonun rəhbərlik etdiyi ordunu 3 gün və ya bir həftə davam edən müharibənin ardından məğlub etdiİbn İzârî, el-Beyânü’l-muġrib, II, 4–5, 8.. Bu qələbə ərəblərə yarımadanın qapılarını açdı. Müharibənin ardından Tariq ibn Ziyadın təyin etdiyi komandirlər qısa zamanda Malaqa və Kordovanı ələ keçirərkən özü isə vestqotların paytaxtı Toledonu fəth etdi. Bu əsnada vestqotların idarəsindən məmnun olmayan əhali, xüsusilə də dini zorakılığa məruz qalan yəhudilər bir çox şəhər və qalanın qapılarını ərəblərə açıb təslim etdilər. 712-ci ildə fəthin tamamlanmasına yardım etmək məqsədilə Musa ibn Nüseyr əsasən ərəblərdən təşkil edilmiş 18 min nəfərlik orduyla İspaniyaya gəldi və bir çox ətraf bölgəni ələ keçirərək Toledoda Tariq ibn Ziyadla görüşdü. Hər iki komandirin rəhbərliyi ilə ordu fəth hərəkatını 2 ayrı istiqamətdə davam etdirdi və ertəsi il Leon, Qalisiya, Barselona və Saraqosa şəhərləri ələ keçirildi. Hətta bəzi rəvayətlərə görə, ərəblər Pireney dağlarını aşaraq Frank krallığının torpaqlarına daxil oldular.
714-cü ildə xəlifə I Vəlidin əmriylə Musa ibn Nüseyr Əndəlüsün hakimiyyətini oğlu Əbdüləzizə təslim etdi və Tariq ibn Ziyadla birlikdə xeyli qənimət toplayıb Dəməşqə qayıtdı. Beləliklə, Əndəlüsdə Valilər dönəmi (əsrül-vülat) adı verilən mərhələyə qədəm qoyuldu. 756-cı ildə I Əbdürrəhmanın Əndəlüs Əməvi dövlətini elan etməsinə qədər davam edən bu dönəmdə 21 vali bölgəni idarə etdi. Bunlardan bəziləri birbaşa Dəməşqdəki xəlifə və ya xəlifənin şimali Afrikadakı valisi tərəfindən təyin edilsə də, bəziləri Əndəlüsdəki əsgərlər tərəfindən seçildi. Valilər dönəmindəki mühüm siyasi fəaliyyətlərdən biri fəth hərəkatının Avropanın daxilinə qədər davam etdirmə cəhdləri oldu. Əbdüləziz ibn Musanın Teodomiro şəhərini ələ keçirməsinin ardından, ondan sonra təyin edilən bir çox vali Pireney dağlarını aşaraq Frank krallığının torpaqlarına səfərlər təşkil etdilər. Bu cəhdlərin nəticəsində ərəblər Fransanın cənubundakı Septimaniya və Narbon bölgələrini ələ keçirərək indiki Paris şəhəri yaxınlığına gəlib çatdılar. Müsəlmanların 732-ci ildə Tur və Puatye şəhərləri arasındakı bölgədə Frank ordusuna məğlub olması ilə bu hərəkat dayandı. Bu tarixdən etibarən bölgədəki ordu komandirləri fəthdən daha çox öz aralarında çıxan iğtişaşlarla məşğul oldular.
İlk daxili çəkişmələr ərəblərlə bərbərlər arasında meydana gəldi. Belə ki, idarəçilər tərəfindən layiqli dəyəri görmədiklərini və dağlıq bölgədə məskunlaşmağa məcbur edildiklərini bəhanə edən bərbərlər, şimali Afrikadakı soydaşlarının üsyanından cəsarətlənərək 741-ci ildə ayaqlandılar. Hər iki tərəfdən xeyli sayda insanın ölümüylə nəticələnən bu ayaqlanma, ertəsi il Suriyadan gələn Bəlc ibn Bəşr idarəsindəki Əməvi ordusunun müdaxiləsiylə yatırıldı. Bu hadisədən qısa müddət sonra, Əndəlüslü ərəblər öz torpaqlarına şərik olmalarından qorxduqları Əməvi əsgərlərinin bölgədə möhkəmlənmələrinə etiraz etdilər və bu dəfə yerli ərəblərlə sonradan bölgəyə gələn Əməvi əsgərləri arasında silahlı çatışmalar başladı. Bu iğtişaşlar yeni vali Əbül-Xəttar tərəfindən yerli xristianların orduya alınmasıyla həll olunsa da, onun Yəmənlilərin lehinə ayrı-seçkilik etməsi Qeysli-Yəmənli qruplar arasında yeni çaxnaşmalara səbəb oldu. Nəticədə Əndəlüsün bu 2 qəbilə tərəfindən sırayla idarə edilməsinə qərar verilərək sülh təmin edildi. Bu sülhə əsasən Qeyslilər adına Yusif ibn Əbdülrəhman əl-Fixri 747-ci ildə vali oldu. Ertəsi il bu vəzifəni Yəmənli birinə təhvil verməli olsa da, bu baş tutmadı və nəticədə tərəflər arasındakı mübarizə yenidən alovlandı. Digər yandan fəth hərəkatı zamanı İspaniyanın şimalındakı Asturiya bölgəsinə qaçan xristianlar güclənərək Əndəlüs mülklərinə hücum etməyə başlamışdılar.
Əndəlüsdə bunlar baş tutarkən Abbasilər Dəməşqdə çevriliş edərək hakimiyyəti ələ keçirmiş, Əməvi sülaləsinin bütün mənsublarını təqib edərək öldürməyə başlamışdılar. Bu qətliamdan qaça bilən azsaylı insanlardan biri də xəlifə Hişam ibn Əbdülməlikin nəvələrindən Əbdürrəhman ibn Müaviyə idi. Öncəliklə Fələstin və Misirə gedən Əbdürrəhman burada da təqib edildiyini anladı və 755-ci ildə Əndəlüsə qaçdı. Buraya gəlməkdə məqsədi sadəcə canını xilas etmək deyil, bölgədəki Əməvi tərəfdarlarını ətrafında toplayaraq mənsub olduğu sülalənin hakimiyyətini yenidən bərpa etmək idi. Bu məqsədlə Əndəlüsə ayaq basdığı andan etibarən bu istiqamətdə fəaliyyətə başladı və qısa zamanda, vali Yusif əl-Fixrinin qarşı çıxmasına baxmayaraq Yəmənlilərin və bərbərlərin dəstəyini alaraq Kordovanı ələ keçirərək özünü müstəqil əmir elan etdi (756).
Əndəlüs Əməviləri dönəmi (756–1031)
Əmirlik dönəmi (756–929) Müstəqil Əndəlüs Əməvi dövlətinin qurucusu və ilk əmiri olan I Əbdürrəhmanın qarşılaşdığı ilk problem, şübhəsiz ki, daxili çəkişmələr oldu. Belə ki, son vali Yusif əl-Fixri məğlub olmasına baxmayaraq onu əmir olaraq tanımaqdan boyun qaçırırdı. Digər yandan Yəmənlilər və bərbərlər də etdikləri dəstəyin qarşılığını tələb edirdilər. Ancaq I Əbdürrəhman ona dəstək verən Yəmənlilər və bərbərlər də daxil olmaq üzrə, bütün siyasi qrupları zəiflədərək mərkəzi hakimiyyətə tabe etdi. Tayfalar arasında ixtilaf yaradaraq onları öz tərəfinə çəkməyə çalışdı. Ərəblər arasındakı mübarizənin dövlət idarəsini zəiflətməsi səbəbilə, şimali Afrikadan pulla və hərbi əsirlərdən orduya əsgər toplamağa başladı. Bununla yanaşı I Əbdürrəhman daxili çəkişmələrlə birlikdə, 778-ci ildə şimali-şərq bölgəsindən hücuma keçən Franklarla da mübarizə apardı. Ancaq öz ölkələrində yaranan iğtişaşlar səbəbilə Franklar geri çəkilməyə məcbur oldular və geri çəkilərkən məruz qaldıqları basqınlarla xeyli itki verdilər. I Əbdürrəhman sonrakı illərdə xristianların əlinə düşən bəzi şəhərləri geri almağa çalışsa da, bunda müvəffəq ola bilmədi. Buna baxmayaraq 788-ci ildəki vəfatıyla, oğlu Hişama Abbasi və Bizanslılar tərəfindən belə tanınan bir dövlət miras qoydu.
Dindar xasiyyəti ilə seçilən I Hişam (788–796) taxta çıxdığı ilk illərdə qardaşlarının müxalifəti istisna olmaqla, heç bir daxili çəkişməylə üzləşmədi. Bundan istifadə edərək İspaniyanın şimalındakı xristian krallıqlarına qarşı səfərlər təyin etdi və Septimaniya bölgəsi, qısa müddətliyinə də olsa, yenidən ələ keçirildi. I Hişam dönəmində Malikilik Əndəlüsün rəsmi dini məzhəbi halına gəldi. Üləmaya göstərdiyi yaxın münasibət bu zümrənin dövlət idarəsində söz sahibi olmasıyla nəticələndi. Ancaq onun vəfatıyla yerinə keçən oğlu I Hakəm dönəmində (796–822) daxili çəkişmələr yenidən alovlandı. Diqqət çəkən məsələ isə budəfəki üsyanlarda ərəb və bərbərlərdən başqa üləma zümrəsinin də iştirak etməsi oldu. Bunda səbəb isə yeni əmirin israfçı olması və atasının əksinə dini vəzifələrini tam şəkildə yerinə yetirməməsi idi. Ancaq I Hakəm aldığı sərt hərbi tədbirlər və hiylə yoluyla bu üsyanları böyük ölçüdə azaltdı. Bu dönəmdəki üsyanlardan ən çox faydalanan isə 801-ci ildə Əndəlüsün ən mühüm sərhəd şəhəri olan Barselonanı ələ keçirən Franklar oldu.
I Hakəmdən sonra taxta çıxan oğlu II Əbdürrəhmanın səltənəti (822–852) əmirliyin ən parlaq dönəmi hesab olunur. Sona çatan daxili çəkişmələr nəticəsində yaranan əmin-amanlıq bölgənin iqtisadi həyatını canlandırdı və dövlətin strukturu yenidən formalaşdırıldı. Bu dönəmdə Bizans imperiyası ilə diplomatik əlaqələr quruldu. 844-cü ildə dəniz yoluyla hücum edən vikinqlər geri püskürdüldü.
II Əbdürrəhmanın oğlu və xələfi olan I Məhəmməd dönəminin (852–886) ilk illərində öncəki uğurlar davam etdirildi. Kordovada başlayan xristian fədailəri hərəkatı adlı üsyan nəzarət altına alındı və şimaldakı xristian krallıqlarına qarşı səfərlər tərtib edildi. Ancaq səltənətinin son 15 ilində hakimiyyət gənc və təcrübəsiz dövlət adamlarının əlində oyuncağa çevrildi. Nəhayət üləma zümrəsi başda olmaqla, ərəblər və bərbərlər müxtəlif şəhər və qalalarda mərkəzi hakimiyyətə qarşı ayaqlandılar. Bu üsyanlar I Münzir (886–888) və qardaşı Abdullah (888–912) dönəmlərində daha da şiddətləndi. Hətta mərkəzi hakimiyyət o qədər zəifləmişdi ki, sadəcə paytaxt Kordova üsyançılardan qorunub saxlanmışdı. Yaranan siyasi və sosial parçalanma səbəbilə ölkə ərazisində mərkəzi hakimiyyətə formal olaraq tabe olan və ya tamamilə müstəqilliyini elan edən iyirmiyə yaxın kiçik dövlət yarandı.
Əndəlüsü içinə düşdüyü bu vəziyyətdən Abdullahın yerinə taxta çıxan 21 yaşlı nəvəsi III Əbdürrəhman (912–961) xilas etdi. Mərkəzi idarəni gücləndirdikdən sonra xilas etdiyi bölgələrdən vergi toplanmasını təmin edən III Əbdürrəhman sırayla əmirliyin bütün bölgələrini azad etdi. Ölkədə əmin-amanlığı təmin etməsinin ardından həm qurulan siyasi birliyi davam etdirmək, həm də şimali Afrikada sürətlə güclənən şiə Fatimiləriylə mübarizə apara bilmək üçün 929-cu ildə özünü Nasir-lidinnal ünvanıyla xəlifə elan etdi. Beləcə Əndəlüs Əməvi əmirliyi Əndəlüs Əməvi xilafətinə çevrildi.
Xəlifəlik dönəmi (929–1031)