Əfşar imperiyasının hərbi sistemi — Əfşarların hərbi sistemlərinin kökü Səfəvilər dövlətinin dağılması ərəfəsində Xorasandakı qanlı toqquşmalar dövrünə əsaslanırdı. Yerli sərkərdə olan və türkman Əfşar tayfasına mənsub Nadirqulu xan Əfşarın komandanlığı altındakı döyüşçülərin sayı cəmi bir neçə yüz nəfər idi və onlar indiki İranın şimal-şərqində fəaliyyət göstərirdilər. Nadirqulu özünü şah elan etdikdən sonra onun komandanlığı altındakı döyüşçülərin ümumilikdə sayı 375 minə çatırdı. Tarixçi Maykl Eksvortiyə görə bu ordu öz dövrünün ən güclü ordusu olmaqla birlikdə, onun ən böyü üstünlüyü ən istedadlı və uğurlu sərkərdə olan Nadir tərəfindən idarə olunması idi.

Nadir şahın 1747-ci ildə öz sərkərdələrindən bir qrupunun əli ilə qətlə yetirildikdən sonra dövlət tədricən dağılmağa və on illər boyunca davam edəcək vətəndaş müharibəsinə sürüklənməyə başladı. Elə bu proseslərin başlaması ilə də Nadirin bir zamanların nə güclü ordusu hesab edilən ordusu da dağıldı. Ali hakimiyyəti ələ almaq üstündə Əfşarlardan bir çox mübarizə aparsa da, onlardan başqa da namizədlər çox idi. Ölkədəki ali hakimiyyətin bərpası isə yalnız Ağa Məhəmməd şah Qacarın dövründə bərpa edildi. Bu XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacarın uğurlu hərbi yürüşlərindən sonra mümkün oldu.

Ümumi baxış Əfşar ordusu əsasən süvari birliklərə əsaslanan bir ordu idi. Bu ordudakı döyüşçülərin sayı 1743-cü ildə öz zirvəsinə çataraq 375 min nəfər oldu. Bu rəqəm həddindən artıq çox olmaqla birlikdə, davamlı olaraq bu qədər insanın orduda saxlanması istehsalın azalması və sərfiyyatın çoxalmasna səbəb olaraq ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxarırdı. Əfşar ordusunun əvvəlki dövrlərdəki ordulardan əsas fərqi odlu silahdan geniş şəkildə istifadə olunması idi. Səfəvi ordusu dövründə, yəni XVI əsr boyunca artilleriya və tüfəngçi bölmələrinin nüvəsi formalaşdırılsa da, onların sayı həmişə ordunun əsasını təşkil edən ənənəvi süvari ordu döyüşçülərinin sayından az olmuşdur. Bu ənənəvi ordudakı döyüşçülər ənənəvi silahlarla - balta, qılınc, əmud, ox-kaman ilə silahlanırdı və yarım köçəri ya da tam köçəri tayfalardan toplanırdı. Avropada süvarilər tapançalar və karabinlərlə silahlandırılan dönəmdə Səfəvilərdəki şahların orduları ənənəvi silahlarla silanlandırılırdı. Yalnız Nadir şahın dövründə ilk dəfə ordunun böyük bir qismini odlu silahlarla silahlandırmaq mümkün oldu. Elə buna görə də, odlu silahlarla davranmağı öyrənilməsinə diqqət, təlim və tədrisə diqqət artırıldı. Belə bir hal Avropada bir əsr əvvəldən artıq başlamışdı.

Nadirin ordusunun üzvlərinin çox az bir qismi etnik olaraq iranlı və ya fars idi. Özünün ən çox üzvü olduğu zamanda bu ordunun üzvlərindən 60 mindən çoxu Azərbaycandan, 60 mini türkmən və özbəklərdən, 70 mini əfqanlardan və indiki pakistanlılardan, 65 mini Xorasandan, 120 mini isə digər fərqli-fərqli Qərbi İran etnoslardan (Kürdüstan, Həmədan, Luristan, Baxtiyari, Fars və Xuzistan) toplanırdı. Göründüyü kimi bu ordudakı ən çox döyüşçü müxtəlif türk tayfalarından toplanırdı. Bu döyüşçülərin çoxu yüngül silahlarla silahlanmış süvarilər idi. Bu döyüşçülər başlarına Kulə-i Nadiri adlanan papaqlar qoyurdu. Bu papaqla 18 düyüm hündürlükdə olmaqla birlikdə, ətrafına keçi və ya qoyun dərisi sarılmış olurdu. Döyüşçülərin çiynindən yundan hazırlanmış mantiya asılır, qırmızı, sarı və ya yaşıl rəngli açıq köynək, dəri çəkmələr geyinirdilər. Çox döyüşçünün həm ağır, həm də zəncirli zirehlərdən ibarət zirehli geyimləri var idi. Yüngül silahlandırılmış hər bir süvari qılıncla, tüfənglə və balta ilə təchiz edilirdi. Bəziləri qalxan da daşımaqda idilər. 1744-cü ildə Nadirin ordusuna 13 min mühafizəçi süvari qvardiyası, Nadirin öz tayfası olan Əfşarlardan ibarət 20 min süvari, 50 min əfqan süvari, 12 min cəzayirçi, 40 min adi piyada tüfəngçisi və sayı bilinməyən artilleriya, qarnizon döyüşçüləri mövcud idi. Orduda həmçinin, Qacarlar kimi tayfalardan toplana çox sayıda döyüşçü də var idi. Döyüşçülərin çoxu çaxmaqlı və ya köhnə miquelet kilidli muşketlərlə silahlanmışdı, bəzilərində matçlok tipli tüfənglər də var idi. Piyadalar süngülərdən istifadə etmirdilər. Əfqanlar çox zaman odlu silahlara malik olmurdular, çünki onların döyüşdəki tapşırıqları əsasən nizədən istifadə etmək idi. Türk və digər tayfalardan toplanan yüngül silahlı süvarilər döyüşçülər də odlu silahalrdan o qədər də istifadə etmirdilər, onlar döyüşdə qılıncdan, nizələrdən və oxlardan istifadə edirdilər.

Piyadalar

Səfəvilər dövründə olduğu kimi Nadir zamanında da piyada bölmələri ikinci dərəcəli bölmə kimi dəyərləndirilirdi və əhəmiyyətinə görə süvarilərdən sonra dəyərləndirilirdi. Buna əlavə olaraq, odlu silahla silahlandırılmış piyada bölmələri heç vaxt tam olaraq inkişaf etdirilməmişdi. Buna istisna olaraq, islahatları ilə odlu silahlı piyada bölmələri Səfəvi ordusuna gətirmiş Şah Abbası göstərmək mümkündür.

Bütün piyada korpusunda kolah-e Naderi (کلاهِ نادری) adlanan hündür papaqlı mavi tunika və qırmızı şalvardan ibarət standart bir forma var idi.

Nadirin Əfqanıstanın qərbindəki Abdali əfqanlarına qarşı ilkin yürüşləri ona güclü süvari orduya qarşı savaşa bilmək üçün həll yolu tapmağa sövq etdi. Odlu silahlarla təchiz edilmiş piyadalar sisteminin təkmilləşdirilməsi, artilleriya qüvvələri və manevr edə bilən süvarilər kimi həll yolları ilə Nadir Abdali əfqanlarının süvari döyüşçülərini məğlub etməyi bacardı.

Tüfəngçilər Tüfəngçi ordunun nizami tüfənglə silahlandırılmış bölməsi idi və Səfəvilər dövründən etibarən bu bölmənin döyüşçülərinin sayı durmadan artmışdır. Tüfəngçi həmçinin uzun xənzər və ənənəvi bölgə silahlarından olan şəmşirlə də silahlandırılırdı. Ümumilikdə tügəngçi cəzayirçi ilə müqayisədə daha yüngül tüfənglə təchiz edilirdi.

Cəzayirçilər

Cəzayirçi Nadirin ordusunun tüfəngçiləri arasında elit qüvvələri təşkil edirdi. Bu piyadalar tərəfindən istifadə edilən çaxmaqlı tüfəng olan Jazāyer (جزایر) Avropadakı analoqlarından daha ağır çaplı idi və nəticədə daha geniş diapazona, eləcə də təkmilləşdirilmiş dəqiqliyə malik idi. Ortalama Avropa tüfəngi 5 kiloqram ağırlığında olmaqla, 18 millimetrlik diametrlə atəş açırdısa, cəzayir 18 kiloqram idi və 24 millimetr diametrlə atış açırdı.

Avropadakı tüfənglərdən fərqli olaraq, cəzayir kağız kartrij əvəzinə burnuz vasitəsiylə doldurulurdu. Bu da o deməkdir ki, bunun məsafə, təsir və dəqiqlik kimi üstünlükləri olsa da, Avropadakı analoqları ilə müqayisədə onların doldurulması üçün daha uzun vaxt sərf etmək lazım gəlirdi. Səfəvi ordusunda cəzayirlərdən istifadə barədə məlum olan ilk məlumatın tarixi XVII əsrin ortalarına qədər gedib çıxmaqdadır. Cəzayirçilər cəzayir adlanan tüfəngdən əlavə, şəmşir adlanan soyuq silahla da silahlanırdılar. Piyada qoşunun cəzayirçilər bölməsi aramsız təlimlər və məşqlə məşğul olurdular. Bu tipdə təlimlərdən birinin şahidi olan şəxs xatirələrində belə yazır:

Cəzayirçi bölmələri hər gün saatlarla məşq edirdi. Döyüşçülərin təlim-məşqlərdə təcrübə qazanmalarına xüsusi önəm verilirdi. Nadir cəzayirçi bölmələrini şəxsən özü təşkil etmişdi və döyüşlərdə tez-tez cəzayirçilərə şəxsən komandanlıq edirdi. Başqa bir şahidin bildirdiyinə görə, cəzayirçilər yaxşı təşkil edilmişdilər və ən yaxşı sursatla təmin edilmişdilər.

Cəzayirçilərin ümumi sayı barədə müxtəlif məlumatlar mövcuddur və hesabatlardakı rəqəmlər bir-birindən fərqlənməkdədir. Lakin ümumilikdə ortalama olaraq götürsək, bu korpusun döyüşçülərin sayının bir neş on min olduğu təxmin edilə bilər. Conas Hanvet 1744-cü ilə aid yazısında bildirirdi ki, Nadirin 12 minlik cəzayirçisinə əlavə olaraq, 40 minlik nizami tünfəngçisi də var idi. Nadir həmçinin özünün Mərkəzi Asiya yürüşündə 12 min nəfərdən ibarət cəzayirçi korpusuna komandanlıq etmişdir.

Cəzayirçilərin piyada qoşun növü olmasına baxmayaraq, bəzən yürüşlər zamanı zəruriyyət qarşısında onlar süvari dəstələr kimi də döyüşlərdə iştirak edirdilər. Belə döyüşlərə misal olaraq Karnal döyüşünü göstərmək olar. Onlar təchizatlarının və hərbi bacarıqlarının yüksəkliyinə görə Nadirin müxtəlif yürüşlərində ən fərqli və çətin döyüş tapşırıqlarını yerinə yetirmiş və qələbədə mühüm paya sahib olmuşdurlar. Belə döyüşlərə misal olaraq Damğanı, Murçexortu, Kərkükü, Muradtəpəni, Karnalı və Qarsı göstərə bilərik.

Karnal döyüşündə oynadığı həlledici rola görə, cəzayir barədə "ox cəzayirə cavab verə bilməz" deyə bir şahid tərəfindən qeyd dedilmişdir.

Süvarilər

Ən əvvəldən süvari bölmələri ordudakı ən önəmli bölmə hesab edilirdi. Nadir süvari ordu bölmələrində mühüm islahatlar həyata keçirdi. Bu islahatlardan biri süvarilərin atlarının maliyyə təminatının dövlət tərəfindən yerinə yetirilməsi idi. Buna qədər süvarilər öz atları ilə riskə getmək istəmirdilər, çünki adətən bu atlar öz sahiblərinin ən dəyərli mülklərindn bir hesab edilirdi. Süvari korpusu əsas etibarilə iki hissəyə bölünmüşdü. Birincisini dövlət tərəfindən ordu üçün toplanmış süvarilər, ikincisini isə tabe olan tayfaların orduya göndərdiyi və ya böyük torpaq sahibləri tərfindən orduya göndərilən süvarilər təşkil edirdi.

Səfəvilər dövründən etibarən ənənəvi olaraq süvarilər öz Osmanlıdakı analoqları üzərində üstünlüyə sahib idilər:

Süvarilərin çoxu şəmşirlə, nizəylə və xəncərlə silahlansa da, bəzən odlu silahdan da istifadə edirdilər. 1736-cı ildən etibarən tüfəng süvarilərin birinci dərəcəli silahlarından biri oldu. Bu qoşunlara həm kəşfiyyatda, həm də atışmada mühüm dərəcədə yardım edirdi. Sonuncuya misal olaraq Karnal döyüşü göstərilə bilər.

Dövlətin süvari bölmələri arasında ən prestijlisi şahın şəxsi süvari qvardiyası hesab edilirdi. Ən məşhur birliklərdən biri tərcüməsi Səltənət süvariləri mənasını verən Savaran-e Saltanati bölməsi idi. Əfşarlar, Qacarlar, Cəlairilər kimi tayfalar Nadirin süvarilər toplaması üçün əsas mərkəzlər hesab edilirdi. Həmçinin başda Şahsevənlər olmaqla, müxtəlif Azərbaycan tayfalarından da süvarilər toplanmaqda idi. Savaran-e Sepah-e Khorasan bölməsində 20 fovj mövcud idi ki, hər bir fovjda 1000 əsgər var idi. Beləliklə, Savaran-e Sepah-e Khorasanda 20 min süvari cəmlənməkdə idi.

Şahın qulamları və ya Gholāmān-e Shāh bölməsində isə 3 min seçmə süvari xidmət etməkdə idi. Bu bölmənin tapşırığını Nadir şahın şəxsi mühafizəsini təşkil etmək idi.

Köməkçi süvarilər Nadirin süvari bölmələri içərisində bir digər prestijli bölmə Savaran-e Sepah-e Xorasan idi. Bu termin Xorasanın atlı/süvari ordusu kimi tərcümə edilə bilər. Bu bölmədəki döyüşçülər əsasən Gilzay, Abdali, Kürd və imperiyanın digər tayfalarından toplanırdı. Həm Gilzay, həm də Abdali əfqan süvariləri Asiyadakı ən yaxşı süvarilərdən hesab edilirdilər. Bu ordu bölməsinin sayı hər zaman dəyişmişdir, lakin bir qaynaqda bunların sayının 70 min olduğu bildirilmişdir. Xorasanın atlı/süvari ordusundan olan süvarilər tez-tez Nadir tərəfindən Səltənət süvariləri bölməsinə yüksəldilirdi. Bu bölmə Qars döyüşündə həlledici rol oynamışdır. Beləki, onlar döyüşün gərgin anında Nadirin komandanlığı altında cinah hücumu təşkil etmiş və nəticədə qızılbaş ordusu qələbə qazanmışdır.

Artilleriya

Nadirin hərbi sahədə apardığı islahatlardan ən çox yararlanan ordu növü sözsüzki artilleriya idi. Səfəvi sülaləsinin hakimiyyəti dövründə artilleriya qüvvələrindən hərbi işdə məhdud çərçivədə istifadə edirdilər. Lakin Nadirin yürüşlərində artilleriyadan geniş ölçüdə istifadə edilirdi. Nadirin yürüşlərinin adətən aqressiv sürətli hücumlara əsaslanmasına görə ağır artilleriya silahlarını daşımaq problem təşkil etsə də, Nadir ordu daxilində artilleriyadan istifadənin inkişf etdirilməsinə daim xüsusi diqqət ayırmışdır.

Nadirin ordusunun əsas tədarükçü fabrikləri Amül, Kirmanşah, İsfahan və Mərvdə yerləşirdi. Bu hərbi fabriklər yüksək keyfiyyətdə silah istehsal edir və ordularını yaxşı istifadə qabiliyyətinə malik toplarla təmin edirdilər. Bununla belə, səyyar emalatxanalar Nadirə strateji hərəkətliliyini qoruyub saxlamaqla yanaşı, tələb olunduqda ağır mühasirə topunun yerləşdirilməsi kimi sahələrdə çox yönlülüyünü qoruyub saxlamağa imkan verdi.