thumb|Türkiyə bayrağı. right|thumb|Türkiyə İstiqlaliyyət müharibəsi zamanı İzmirin qurtuluşunun millətçi təcəssümü.

Türkiyə milliyyətçiliyi və ya türk milliyyətçiliyi () — türk xalqını milli, etnik və ya dil qrupu olaraq təbliğ edən və şöhrətləndirən siyasi ideologiya.

Tarixi Osmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürk hakimiyyətə gəlmişdir. O, türk dilini yad təsirdən "təmizləmək" məqsədilə dil islahatı həyata keçirmişdir. Atatürk 1935-ci ildən Türkiyənin siyasi və təhsil dairələrində Günəş dil nəzəriyyəsini də təbliğ etmişdir. Hüseyn Cahid Yalçın və Rüfət Osman bəy kimi dövrün türk tədqiqatçıları da erkən şumerlərin prototürk olması fikrini irəli sürmüşlər.

Növləri Türkiyə milliyyətçiliyi ilə əlaqəli ideologiyalar arasında etnik və ya irqi əsasçılıq və ya milli mistisizmin bir forması olan türkçülük və ya turançılıq, türk milliyyətçiliyini islam kimliyi ilə birləşdirən türk-islam sintezi, türk millətini XI əsrdə səlcuqluların Anadolunu fəth etməsindən sonra inkişaf etmiş ayrı bir varlıq hesab edən anadoluçuluq, dünyəvi, vətəndaş milliyyətçisi kamalçılıq və başqa formaları daxildir.

Sol milliyyətçilik Sol milliyyətçilik və ya mərkəz sol milliyyətçilik, daha konstruktiv milliyyətçilik növü olub, etnik əsaslara yox, ideoloji əsaslara dayanır. Türk milliyyətçiliyinin, sol milliyyətçilik qanadına, Müsavatçılıq (Bərabərlik) və Ulusalçılıq daxildir.

Müsavatcılıq

XX əsrin əvvəllərində Azərbaycanda azadlıq hərəkatının güclənməsi ilə yaranmışdır. 1911-ci ildə Müsavat Partiyasının qurulması ilə ilk dəfə ideya kimi təşəkkül tapmışdır. İdeya müəllifləri Əli bəy Hüseynzadə və Ziya Göyalp olan ideya 3 təməl prinsipdən ibarətdir. "Türkçülük", "müasirlik"(demokratlıq), "islam sintezi" (konservatizm). Quruluş zamanında mərkəz sol ideya olan və solidar iqtisadiyyatı müdafiə edən "müsavatçılıq" zamanla spektrini dəyişmiş, nəticədə mərkəz sağ ideya olmuşdur. Hazırda Azərbaycanda dövlət qeydiyyatı olan Müsavat, AXCP, AXP, KXCP kimi partiyalar, özünü müsavatçı partiyalar adalndırır.

Kamalizm

Kamalizm, 1935–1937-ci illərdə və Atatürkün ölümündən sonra geniş yayılmış, Türkiyə Cümhuriyyətinin qurucu ideologiyasıdır və Atatürk Prinsiplərinə əsaslanır. Kamalizm, Mustafa Kamal Atatürkün tətbiq etdiyi kimi, dünyəviliyə və Qərb demokratiyasına əsaslanan milli və unitar bir respublika rejiminin qurulmasını, iqtisadi inkişaf və sənayeləşməni, ali təhsilə və elmi fəaliyyətlərə dövlət dəstəyini, idman və incəsənətə təşviqi, pulsuz və məcburi təhsili əhatə edən genişmiqyaslı siyasi, sosial, iqtisadi, mədəni və dini islahatları özündə birləşdirir. Atatürkün sözləri ilə desək, bu islahatların məqsədi "müasir sivilizasiyalar səviyyəsini aşmaq" və çağdaş həyat tərzini qəbul etmək idi. Kamalizmin kökləri Osmanlı İmperiyasının yaxınlaşan süqutunu önləmək məqsədilə həyata keçirilən müxtəlif islahatlara, xüsusilə XIX əsrin əvvəllərindəki Tanzimat islahatlarına dayanır. XIX əsrin ortalarında Gənc Osmanlılar, imperiyada artan etnik milliyyətçiliyin qarşısını almaq, vətən anlayışını formalaşdırmaq və konstitusiyalı monarxiya rejimi qurmaq üçün Osmanlıçılıq ideyasını irəli sürdülər. XX əsrin əvvəllərində isə Gənc Türklər hərəkatının daxilində dünyəvilik və Türk milliyyətçiliyi ideyaları ortaya çıxdı və xüsusilə İttihad və Tərəqqi idarəçiliyində geniş dəstək qazandı. Osmanlı İmperiyasının süqutundan sonra həm Gənc Osmanlıların, həm də Gənc Türklərin fikirlərindən və təcrübələrindən təsirlənən Atatürk, dünyəvilik və Türk milliyyətçiliyi cərəyanlarından ilham alaraq 1923-cü ildə Türkiyə Cümhuriyyətinin elanına rəhbərlik etdi və çoxsaylı islahatlar həyata keçirdi. Kamalizm, Altı Oxun (Altı Prinsip) ümumi adı olaraq, Cümhuriyyət Xalq Partiyasının 9 may 1935-ci ildə keçirilən IV Qurultayında qəbul edilən 1935-ci il Proqramına daxil edilib. Atatürkün Dil İnqilabı çərçivəsində, 1935-ci ildə ərəb mənşəli "Kemal" adını 1937-ci ilə qədər istifadə edəcəyi köhnə türk forması olan "Kamâl" adı ilə dəyişdirməsindən sonra "Kamâlizm" adını almışdır. 1953-cü ildə keçirilən X Qurultaya qədər Kamalizm partiya proqramında yerini qoruyub saxladı, bu tarixdə isə proqramdan çıxarılaraq "Atatürk Yolu" anlayışı gətirildi. 1930-cu illərdə kamalizm onun dedikləri və yazıları əsasında hər şeyi əhatə edən dövlət ideologiyasına çevrilmişdir. Kamalistlərin milliyyət anlayışı Türkiyə Respublikası Konstitusiyasının 66-cı maddəsinə inteqrasiya edilmişdir. Qanuni olaraq etnik kimliyi və dinindən asılı olmayaraq hər bir vətəndaş türk kimi müəyyən edilir. Türkiyə vətəndaşlığı qanununda göstərilir ki, vətəndaş yalnız vətənə xəyanət etməklə vətəndaşlığından məhrum edilə bilər.

Paradiqmaları:

Liberal kamalizm

Liberal Kamalizm Türkiyə Cümhuriyyətinin qurucu ideologiyası olan Kamalizm ilə liberal sosial baxışların birlikdə müdafiə olunması fikrini ifadə edir. Bu düşüncə Əhməd Ağaoğlunun liberal perspektivdən Kemalizmə verdiyi şərh kimi qəbul edilə bilər. Liberal Kamalistlər Altı Ox prinsipləri olan laiklik, respublikaçılıq və inqilabçılığı qəbul etməyə davam edirlər. Liberal Kamalizm Türkiyədə respublikanın ilk dövrlərində Əhməd Ağaoğlunun Kamalist fikirləri liberal baxış bucağından şərh etməsi nəticəsində ortaya çıxmışdır. Ağaoğlu özünü bir tərəfdən "inqilabçı və Kemalist" olaraq təqdim edərkən, digər tərəfdən "Liberal Kemalizm" anlayışını inkişaf etdirməyə çalışmışdır. O, Cümhuriyyət Xalq Firqəsi (CHF) daxilində fərdi azadlıqların müdafiəçisi kimi çıxış edib və partiyanın bəzi siyasətlərini tənqid etmişdir. II və III dövrlərdə Kars millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisində (TBMM) yer alıb. Daha sonra isə Atatürkün istəyilə CHF-dən uzaqlaşaraq Sərbəst Cumhuriyyət Firqəsi (SCF) qatılıb və partiyanın ideoloqlarından biri kimi qəbul edilib. SCF bağlandıqdan sonra CHF-yə geri dönməmişdir. Əhməd Ağaoğlu Türkiyə Cümhuriyyətinin ilk illərində geniş yayılmış aydın-siyasətçi modelinin önəmli nümayəndələrindən biri olub. Onun düşüncə və siyasi həyatında fərdiyyətçilik (individualizm) əsas yer tuturdu. Modernləşmə, cəmiyyət, demokratiya, azadlıq və iqtisadiyyatla bağlı fikirlərini fərdiyyətçilik çərçivəsində qiymətləndirirdi. Həm Türkiyədə, həm də dünyada siyasi atmosfer nəzərə alındıqda, Ağaoğlunun bu yanaşmasının o dövrdə olduqca istisna olduğu görünür. Liberalizmin intellektual və siyasi dairələrdə nüfuzunu itirdiyi həmin illərdə o, yeni dövlətin güclənməsi və inkişafı üçün siyasi, iqtisadi və ictimai mənada liberal prinsiplərin əsas götürülməli olduğunu müdafiə edirdi. Əhməd Ağaoğlu demokratiya və liberalizm arasında güclü bir əlaqənin olduğuna inanırdı. Ona görə, demokratiya fərdi azadlıqlar üzərində qurulmuş və hər cür qabiliyyətin inkişafına maneəsiz meydan açan bir sistemdir. O, fərdi azadlıqlarla yanaşı, sərbəst bazar iqtisadiyyatı və demokratiya arasında birbaşa əlaqə olduğunu qeyd edib. Bu fikrini əsaslandırmaq üçün Sovet Maarif Komissarı Lunaçarskinin bolşeviklərə dediyi sözləri nümunə gətirirdi: "Unutmayın ki, siz hələ heç nə yaratmamısınız. Bu gün istifadə etdiyimiz alətlər, faydalandığımız cihazlar və elmlər burjua mədəniyyətinin məhsuludur!". Ağaoğlu bu sözlərlə demokratiyaya qarşı çıxanların demokratiya və iqtisadi inkişaf arasındakı müsbət əlaqəni anlamalı olduqlarını vurğulayırdı.

Əhməd Ağaoğlu demokratiyanı birbaşa demokratiya və nümayəndəli demokratiya olaraq təsnif edirdi. O, nümayəndəli demokratiyanı dəstəkləyirdi, çünki birbaşa demokratiyanın tətbiqinin texniki baxımdan mümkün olmadığını və Türk xalqının demokratik hazırlığı ilə bağlı bəzi şübhələri olduğunu qeyd edirdi. 1922-ci il 18 iyul tarixində Hakimiyyəti Milliyə qəzetində yazdığı məqaləsində o, demokratik anlayışın cəmiyyətdə inkişafı üçün ziyalıların rolunu vurğulayaraq belə deyirdi: "Kəndli nə geyimimizdən, nə dinimizdən, nə adətimizdən, nə kitabımızdan, nə də yazımızdan başa düşür, biz və onlar tamamilə fərqli insanlarıq". Ağaoğlu ziyalılarla xalq arasındakı bu dərin uçurumun günahını Türk ziyalılarında görürdü. Ağaoğluna görə, Türkiyədə xalqın təmsil olunduğu demokratik sistem qurulacaqsa, ziyalılar öz düşüncə, söz və davranışlarında cəmiyyətin əsas hissəsini təşkil edən kəndli və fermerləri əsas almalı idilər. O, xalqın iradəsini əks etdirməyən bir idarə sisteminin demokratiya deyil, əksinə, zülm və zorakılıq rejimi olduğunu bildirirdi. Əhməd Ağaoğlu demokratiyanın müəyyən prinsiplərə əsaslanmalı olduğunu söyləyirdi. O, demokratiyanı izah edərkən, onun hansı şərtlərlə mövcud ola biləcəyini vurğulayırdı. Demokratiyanı çoxluğun iradəsinin hakimiyyəti, çoxluğun ehtiyaclarının ödənilməsi və onların istəklərinin ictimai həyata təsir etməsi kimi dəyərləndirirdi. Bununla yanaşı, o, çoxpartiyalı siyasi sistemi dəstəkləyirdi. Ona görə, siyasi partiyaların artması və müxtəlifləşməsi, ölkənin inkişafına töhfə verəcək və rəhbərliyə layiq olan şəxslərin yetişməsinə imkan yaradacaqdır. O, Türk cəmiyyətinin geri qalmasının səbəblərindən birini rəqabət mühitinin olmaması ilə izah edirdi. Beləliklə, Əhməd Ağaoğlu və onun ideyaları Liberal Kamalizmin əsaslarını təşkil edərək, fərdi azadlıqları, demokratik idarəetməni və sərbəst bazar prinsiplərini önə çıxarırdı.

Türkiyədə Cümhuriyyət Xalq Partiyası, Demokratik Sol Partiya, Məmləkət Partiyası və digər partiyalar, özünü ulusalcı partiyalar adalndırırlar. Kamalizmdən fərqli olaraq "neo-kamalizm" daha mərkəzçi ideya hesab olunur.

Sağ milliyyətçilik Sağ milliyyətçilik, sol milliyyətçilikdən fərqli olaraq daha radikal milliyyətçilik hesab olunur. Mühafizəkar milliyyətçilik və sekulyar milliyyətçilik olmaqla 2 yerə bölünür.

Sekulyar milliyyətçilik

Turançılıq

Turançılıq və ya Pan-Turanizm bütün Ural-Altay xalqlarının birliyini müdafiə edən siyasi baxışdır. İlk olaraq macarlar, finlər, estonlar və Rusiyadakı fin-uqor xalqları ilə yanaşı tunquslar, monqollar və türklərin bir araya gətirilməsi fikri kimi ortaya çıxmışdır. Türkçü və turançı olan Ziya Göyalp "Türkçülüyün Əsasları" adlı əsərində turançılığın macarları, monqolları, tunqusları və fin-uqor xalqlarını ehtiva edən bir xalqlar qarışığı olmadığını vurğulamış, onu yalnız türk xalqları ilə məhdudlaşdırmış və türkçülüklə eyni mənada istifadə etmişdir. Bugünkü türki dövlətlərdə turançılıq əsasən bu şəkildə qəbul edilsə də, bu ideya ilk dəfə fin tarixçi Matthias Alexander Castrén tərəfindən Ural-Altay xalqlarının birliyini təmin etmək məqsədilə irəli sürülmüşdür.

Turancı termini İran mənşəlidir və Orta Asiyada tarixdən əvvəlki bir insan qrupuna aid olduğu düşünülür. Bu termin 18-ci əsrdən etibarən Orta Asiyanı təsvir etmək üçün elmi ədəbiyyatda geniş istifadə olunmağa başlamışdır. Avropalı alimlər bu ifadəni Əbu əl-Qazi Bahadurun tarixi əsərlərindən götürmüşlər; onun "Şəcəre-i Türk" adlı əsərinin izahlı ingilis dilində tərcüməsi 1729-cu ildə nəşr olunmuş və qısa müddətdə Avropa alimləri üçün mühüm mənbəyə çevrilmişdir. İdeologiyanın əsasları fin dilçisi Matthias Alexander Castrénin araşdırmalarına əsaslanır. Castrén Pan-Turanizm ideologiyasını mənimsəmiş və Ural-Altay xalqlarının etnik birliyi və gələcəkdə böyük bir gücə çevriləcəyinə inanmışdır. O, finlərin Orta Asiyadan (xüsusilə Altay dağlarından) gəldiyini və tək bir izolyasiya olunmuş toplum deyil, macarlar, türklər və monqollar kimi xalqları özündə birləşdirən daha böyük siyasi birliyin parçası olduqlarını düşünürdü. Turançılığın anlayışı yalnız bütün türk xalqlarının birliyini (Pan-Türkizm kimi) deyil, həm də "Turan dilləri"ndə danışan bütün xalqların, yəni daha geniş bir Turan və ya Ural-Altay ailəsinin ittifaqını nəzərdə tutur. Turançılıq bütün Ural-Altay xalqlarının birliyi üçün bir siyasi hərəkat olsa da, onun sərhədləri və əhatə dairəsi ilə bağlı fərqli baxışlar mövcuddur. Türkiyəli Ziya Göyalpə görə, digər Turan xalqları (finlər, macarlar, monqollar və s.) mədəni cəhətdən çox fərqli olduqları üçün Turançılıq yalnız türk xalqlarına aid olmalı idi; buna görə də o, Turançılığı türkçülüklə eyniləşdirmişdir. thumb|400x400px|Türklərin yaşadığı ərazilər

I Dünya Müharibəsi dövründə Lothrop Stoddardın verdiyi tərifə görə: