– Yaponiya tarixində xristianlığı qəbul etmiş ilk daymyo. Xristianlığa keçdikdən sonra özünə Bartolomeu adını götürmüşdür.

Həyatı Sumitadanın mənsub olduğu Omura ailəsi Kamakura dövründən etibarən Hizen əyalətinin Sonoqi bölgəsində məskunlaşmışdı. Sumitada 1533-cü ildə qonşu daymyo Arima Haruzuminin oğlu kimi doğulmuş, 1538-ci ildə Omura ailəsi tərəfindən övladlığa götürülmüşdür. O, ailədaxili müxalifətə baxmayaraq 1551-ci ildə ailənin başçısı olmuşdur. Yaxın qohumları ilə olan münaqişələrdən və gəlirinin azlığından narazı olan Sumitada daymyo statusunu gücləndirmək üçün portuqal tacirlərlə və yezuitlərlə əlaqələr qurmaq qərarına gəlmişdir.

1562-ci ildə ona məxsus olan Yokoseura limanında yezutilər üçün böyük imtiyazlar vermiş, bunun qarşılığında portuqallar illik ticarətlərini Hirado limanından bu limana yönləndirmişdirlər. 1563-cü ildə Sumitadanın xristianlığı qəbul etməsi səbəbilə başlayan üsyan zamanı Yokoseura limanı məhv edilmişdir. Lakin portuqallar 1571-ci ildən etibarən ona məxsus olan Fukuda və Naqasaki limanlarına gəlməyə başlamış, hətta Sumitadaya hərbi yardım göstərmişdirlər. O, 9 iyun 1580-ci ildə Naqasaki bölgəsini "daimi olaraq" Yezuitlər ordeninin ixtiyarına vermiş, onlara inzibati və məhkəmə gücü, hətta ölüm cəzası vermək hüququ qazandırmışdır.

1584-cü ildə Şimazu ailəsinin ordusu Naqasakini işğal etmiş, 1587-ci ildə isə Toyotomi Hideyoşi Şimazunu məğlub edərək Naqasakini öz torpaqlarına daxil etmiş və antixristianlıq barədə hökm çıxarmışdır. Sumitada bu hökmdən 2 ay qabaq ölmüşdür.

Sumitada 1585-ci ilə qədər 60.000 yaponu xristianlığa keçməyə məcbur etmiş, 87 kilsə tikdirmiş, buddist və şinto məbədlərini məhv etmişdir. Onun bu addımları Hideyoşi tərəfindən tənqid olunmuşdur. Sumitada 1582-ci ildə Avropanın katolik ölkələrinə göndərilmiş Yaponiya nümayəndəliyinin sponsorlarından biri olmuşdur.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Daymyo Kateqoriya:Yaponiyanın Roma katolikləri Kateqoriya:Vərəm xəstəliyindən ölənlər