– Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır.

Tarixi Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur. Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur. Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir.

Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur. O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir.

Xüsusiyyətlər Muzey altı şüşə piramidadan ibarətdir. Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır. Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir. Hər ilin 31 dekabr tarixində gecəyarısı qum saatı çevrilir.

Qum saatının yerləşdiyi şüşə piramida 21 metr hündürlüyündə və 17 metr enindədir. Qum saatı isə 5 metr hündürlüyündə və 1 metr diametrindədir. İçərisindəki qumun ağırlığı 1 tondur, hər qum dənəsi 0,13 millimetr ölçüsündədir. Qum diametri 0,85 millimetr olan dəlikdən tökülür.

Qum, zaman və ətraf mühit muzeyin üç konsepsiyasını təşkil edir. Muzeydə qum akustikasını nümayiş etdirən sənət əsərləri kolleksiyası mövcuddur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şimane prefekturasındakı muzeylər Kateqoriya:1991-ci ildə yarananlar Kateqoriya:Qum (süxur) Kateqoriya:Oda (şəhər)