– Yaponiya dəb dizayneri. Hazırladığı büzməli geyimlərə görə "Büzmələrin kralı" ləqəbi ilə tanınmışdır. 1980-ci illərdə Yaponiyanın moda gücünün simvollarından biri olmuşdur.
Həyatı İssey Miyake 22 avqust 1938-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1945-ci ildə Hiroşimaya atom bombasının atıldığı an sinifdə idi, lakin bu hadisədən sağ qurtula bilmişdir.
Miyake rəqqas və ya atlet olmaq istəsə də, bacısının dəb jurnallarını oxuduqdan sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. Tokio şəhərində yerləşən Tama İncəsənət Universitetində qrafik dizaynerlik təhsili aldıqdan sonra paltar dizaynını öyrənmək üçün 1965-ci ildə Parisə getmişdir.
5 avqust 2022-ci ildə qaraciyər xərçəngindən ölmüşdür.
Karyerası Miyake moda karyerasına 1966-cı ildə başlamışdır. O, Parisdə Qi Laroş, Ceffri Biin və Yuber de Jivenşi kimi dəb dizaynerləri ilə işləmişdir. 1970-ci ildə Tokioya qayıdaraq Miyake dizayn studiyasını qurmuşdur. 1973-cü ildə Paris dəb şousunda ilk kolleksiyasını nümayiş etdirmişdir. Tezliklə Nyu-Yorkun Bloomingdale alış-veriş mərkəzində Miyakenin yapon tatuları ilə dizayn edilmiş köynəkləri və saşiko texnikası ilə işlənmiş paltoları satılmağa başlanmışdır.
1980-ci illərdə parçanı kağız təbəqələrinin arasında bükərək və isidərək qat-qat geyim hazırlamağın yeni metodunu hazırlamış və "Pleats, Please" adlı geyim xəttini başlatmışdır. O, qadın və kişilər üçün onlarla çanta, saat və ətir xətti yaratmışdır. 1992-ci ildə yaratdığı "L’Eau d’Issey" onun ən məşhur ətir xətti hesab olunur. Bu ətir xətti okean qoxulu ətirlərin populyarlaşmasına səbəb olmuşdur. 1997-ci ildə təqaüdə çıxaraq özünü tədqiqata həsr etmək qərarına gəlmişdir.
Miyake Stiv Cobsla dostluq etmiş, onun üçün qara rəngli vadalaska geyimini dizayn etmişdir. Stiv Cobs ondan Apple işçiləri üçün vahid geyim yaratmasını istəmişdir.
Miyake işlərində Qərb və Şərq elementlərini birləşdirmişdir. Onun işləri tez-tez oriqami ilə müqayisə olunmuş, büzməli geyimlərinə görə "Büzmələr kralı" ləqəbi ilə tanınmışdır.
Mükafatları Miyake 2005-ci ildə Yaponiya İncəsənət Assosiasiyası tərəfindən təqdim olunan İmperiya mükafatına layiq görülmüşdür. 2006-cı ildə İnamori Fondu tərəfindən təqdim olunan Kioto mükafatına layiq görülən ilk dəb dizayneri olmuşdur. Mükafata diplom, 20 karatlıq qızıl medal və 50 milyon yen daxil idi.
İstinadlar
Kateqoriya:Tokioda vəfat edənlər Kateqoriya:Yaponiya modelyerləri Kateqoriya:Hibakuşa Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:Qaraciyər xərçəngindən ölənlər Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Yaponiya dizaynerləri