Robert Volker İrvin (; ) – ABŞ biznesmeni və Havay krallığının Yaponiyadakı diplomatik nümayəndəsi. "Yaponların Havay adalarına miqrasiyasının atası" hesab olunur.

Həyatı Robert Volker İrvin 1844-cü ildə Danimarkanın Kopengahen şəhərində pensilvaniyalı ailədə doğulmuşdur. "Pacific Mail Steamship Company" şirkətinin üzvü olan qardaşı Riçard onu 1866-cı ildə şirkətin agenti kimi Yaponiyanın Yokohama şəhərinə göndərmişdir. Daha sonra Yokohamada "Walsh, Hall and Co" ticarət şirkətində işləməyə başlamış, burada siyasətçilər Kaoru İnoye və Takaşi Masuda, eləcə də, biznesmen Okada Heyzo ilə tanış olmuşdur. 1876-cı ildə onlarla birlikdə "Mitsui" şirkətini qurmuşdur.

1880-ci ildə ABŞ-nin Yaponiyadakı baş konsulu olan Harlan Lillibricin ABŞ-yə qayıtmasından sonra İrvin Havay adaları əlaqələri ilə məşğul olmağa başlamışdır. Tezliklə Lillibric onu Havay krallığının Yaponiyadakı birinci baş konsulu təyin etmişdir. 1884-cü ildə xüsusi nümayəndə statusuna yüksəlmiş və Havay adaları ilə Yaponiya arasında ilk miqrasiya müqaviləsində vasitəçi rolunu oynamışdır. İrvinin vasitəsilə bir çox yapon Havay adalarına səyahət edərək işlə təmin olunmuş və şəkər plantasiyalarında işləməyə başlamışdır. Onun yaratdığı sistematik miqrasiya planı nəticəsində 1885–94-cü illərdə 28.691 yapon Havay adalarına miqrasiya etmişdir.

İrvin 1900-cü ildə Tayvanda "Taiwan Seito" adlı şəkər emalı zavodu qurmuşdur. Daha sonra Yaponiya vətəndaşlığına qəbul edilmiş, Yaponiya hökuməti tərəfindən "Doğan günəş" və "Müqəddəs xəzinə" ordenləri ilə təltif olunmuşdur. 1925-ci ildə Tokioda ölmüşdür. Onun Qunma prefekturasının İkaho şəhərində yerləşən yay evi 1986-cı ildə bərpa edilmişdir.

Ailəsi Robertin atası Vilyam Volles İrvin ABŞ siyasətçisi və diplomatı olmuşdur. Anası isə Bencamin Franklinin dördüncü nəsildən birbaşa davamçısı idi. Robertin 4 bacı-qardaşı var idi.

Robertin ən böyük qızı Sofiya İrvin və ya digər adı ilə Bella İrvin 1884-cü ildə Tokioda doğulmuşdur. Kolumbiya Universitetində təhsil aldıqdan sonra 1916-cı ildə Yaponiyaya qayıtmış və 1917-ci ildə Tokioda müəllimlər üçün İrvin məktəbinin əsasını qoymuşdur. 1942-ci ildə Yaponiya vətəndaşlığına qəbul edilmiş, 1947-ci ildə atasından qalan maddi vəsaitlə məktəbi böyütmüşdür.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Havay krallığı şəxsləri Kateqoriya:Yaponiyadakı ABŞ qürbətçiləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:Diplomatlar