27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəlxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, Rusiya və Türkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir.

Azərbaycanda Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış, lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur" və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır". Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səfirliyə hücumda məsuliyyəti İranın daşıdığını əlavə etmişdir.

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət edərək hücumu törədənləri "ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamı"nı ifadə etmişdir. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırmışdır. Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını tələb etmişdir.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı yaydığı bəyanatda hadisənin partiya üzvlərində "ciddi narahatlığa və böyük hiddətə" səbəb olduğunu qeyd etmiş, İranın Azərbaycan xalqından üzr istəməli olduğunu əlavə etmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elman Nəsirov hücuma görə tam məsuliyyəti İran tərəfinin daşıdığını bildirmişdir. O, əlavə etmişdir ki, "Azərbaycan–İran münasibətlərində son dövrdə yaşanan gərginlik fonunda Tehrandakı səfirliyə silahlı hücumun olması çoxsaylı suallar yaradır". Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov hadisənin baş verməsində İranın daxilində Azərbaycana qarşı aparılan təbliğat da rol oynadığını vurğulamış və əlavə etmişdir ki, "kimsə bu cür addımlarla Azərbaycana təzyiq edəcəyini düşünürsə, bu, mümkün deyil". Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov silahlı hücumu "vəhşilik aktı" kimi təsvir etmiş, İran polisinin iddialarını "tamamilə cəfəngiyat və yalan" adlandırmışdır. O, hücumun "Azərbaycan dövlətinə qarşı yönələn düşmənçiliyin təzahürü" olduğunu vurğulamışdır. Milli Məclisin komitə sədri Tahir Mirkişili hücumu qınamış və demişdir ki, "heç kim və heç nə bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək". Milli Məclisin Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Madər Musayev "İranın ali rəhbəri Azərbaycan xalqından üzr istəməlidir demişdir". Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili, İran–Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Cəbi Quliyev hücumu "terror akt"ı hesab etmiş və onun fikrincə, İran bunu qəbul edərək üzr istəməlidir.

Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov qeyd etmişdir ki, "Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı mənfur hücumlara son qoyulmalıdır". Azərbaycanın keçmiş xarici işlər naziri, Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev 30 yanvar 1829-cu ildə Aleksandr Qriboyedovun da həlak olduğu Rusiyanın Tehrandakı səfirliyində qətliamdan bəhs edərək "İran dəyişmir" ifadələrindən istifadə etmişdir. Sabiq xarici işlər naziri Elmar Məmmədyarov hesab etmişdir ki, hadisənin hansı məqsədlə törədildiyini isə istintaq müəyyənləşdirməlidir və bunun üçün iranlı hüquq-mühafizə orqanları azərbaycanlı həmkarları ilə birgə işləməlidir. Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva və Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə hücumu qınamış, İranı Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırmışdır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov hücumu qınamışdır. Qafqaz Müsəlmanları İdarəsi yaydığı bəyanatda hücumu "qətiyyətlə" pisləmiş, onu "siyasi məqsədli terror aktı kimi qiymətləndirdiyini əlavə etmişdir.

İranda İran Prezidenti İbrahim Rəisi müvafiq orqanlara Azərbaycanın Tehrandakı səfirliyinə hücumun araşdırılmasını tapşırmışdır. O, mərhumun yaxınlarına başsağlığını bildirmiş, həmçinin yaralıların tezliklə sağalmasını arzulamışdır. İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzad hadisə ilə bağlı başsağlığı vermiş, "hadisənin heç bir təhlükəsizlik, terror və siyasi cəhəti" olmadığını, "hücum edənin şəxsi düşmənçiliyi ucbatından baş ver"diyini əlavə etmişdir. İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vahid Cəlalzadə hücumu pisləmiş və bu hadisə ilə bağlı Azərbaycan prezidentinin mövqeyinin "müdrikcəsinə" olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, İran Azərbaycan hakimiyyətinin "təmkinlə və iki ölkə arasındakı münasibətlərə baxaraq" mövqe tutacağını gözləyir. İranın daxili işlər naziri Əhməd Vahidi qeyd etmişdir ki, hadisə "tamamilə şəxsi hadisədir və bu istiqamətdə də tədbir görülməlidir".

İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda silahlı hücumu "kəskin şəkildə" pisləmişdir.> Nazirliyin sözçüsü Nasir Kənani səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı vermişdir. Xarici işlər naziri Hüseyn Əmirabdullahyan bildirmişdir ki, Azərbaycan ilə İran "bu hadisənin iki ölkə arasındakı münasibətlərə təsir etməsinə imkan verməmə"lidir. Prezident Aparatının siyasi müavini Məhəmməd Cəmşidi demişdir ki, "bir adamın şəxsi motivləri ilə törədilən cinayət əməli İran və Azərbaycan arasında qardaşlıq və tarixi münasibətləri poza bilməz".

Ərdəbil şəhərinin imam cüməsi Seyid Həsən Amili hücumu "qətiyyətlə" pisləmiş, "şəxsi və ailə motivləri" əsasında baş tutmuş hadisənin "iki ölkə arasındakı münasibətlərə kölgə salmamalı" olduğunu vurğulamışdır. Ayətullah Xameneinin nümayəndəsi və Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim səfirliyə hücumu pisləmiş, "iki ölkə arasında dostluq münasibətləri"nin qorunub saxlanmasına çağırış etmişdir.

İranda davam edən etirazlarda daxili etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu günahlandırırlar. Etirazçılar beynəlxalq ictimaiyyəti "SEPAH"-ı terror təşkilatı kimi tanımağa çağırırlar.

Hücumdan sonra İran azərbaycanlıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoymağa başlamışdılar. İran milli futbol çempionatında çıxış edən, Təbrizin "Traktor" futbol komandası yaydığı açıqlamada "qardaş acısını qardaş çəkər" ifadəsini işlədərək hücumu qınamışdır.

Digər ölkələr Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld hücum və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbərinin onu "sarsıtdı"ğını bildirmişdir. Birləşmiş Krallığın İrandakı səfirliyi də hücumu pisləmişdir. Fransa Xarici İşlər Nazirliyi hücumu pisləyərək İran hakimiyyətini "öz ərazilərində xarici diplomatların hüquqlarını qorumaq məsuliyyətinin bir hissəsi olaraq" hücumu araşdırmağa çağırmışdır. Fransanın Azərbaycandakı səfiri Ann Buayon "hücumdan kədərləndi"yini bildirmişdir. Fransa Senatının üzvü Natali Qule hücumu qınamışdır. İsrail Prezidenti İsaak Herzoq Əliyevə başsağlığı vermiş, Əliyev isə İsraildə Yerusəlim sinaqoquna edilən son hücumla bağlı başsağlığı vermişdir. İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat qeyd etmişdir ki, "hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib". İsrailin Azərbaycandakı səfiri Corc Dik də yazmışdır ki, "İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir". İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk hücumu kəskin şəkildə qınamış və hadisənin "dəhşətli" olduğunu vurğulamışdır. ABŞ Dövlət Departamenti, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays və ABŞ-nin Azərbaycandakı səfirliyi hücumu pisləmişdir. Ukrayna Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hücumu pisləmiş, qurbanın yaxınlarına dərin hüznlə başsağlığı vermiş, yaralıların tezliklə sağalmasını diləmişdir.

Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda səfirliyə hücumla bağlı Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı vermişdir və əlavə etmişdir ki, "biz bütün günahkarların məsuliyyətə cəlb ediləcəyini gözləyirik". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaharova yazmışdır ki, "Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının öldürülməsi bizi şoka salıb". Diplomat azərbaycanlı həmkarlarına başsağlığı vermişdir. O, sonradan əlavə etmişdir ki, "Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi şir kimi döyüşürdü". Rusiyanın Azərbaycandakı səfirliyi də hücumu qınamışdır. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov hücumu "qətiyyətlə" pisləmiş, səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırmışdır. O, Azərbaycan tərəfinin məqsədəuyğun hesab etdiyi istənilən yardımı göstərməyə hazır olduğunu bildirmişdir. Rusiyalı jurnalist, "TASS" agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da hücumu pisləmişdir.

250px|thumb|right|Misir Prezidenti Əbdülfəttah Əs-Sisi 27 yanvarda Azərbaycanda rəsmi səfərdə olarkən hücuma görə başsağlığı vermişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücumu şiddətlə qınadığını bildirmiş və əlavə etmişdir ki, "Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır". Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hadisəni "alçaq hücum" adlandıraraq buna görə məsuliyyət daşıyanların "dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb etdiyi"ni bildirmişdir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hücumu qətiyyətlə qınamış, "Can Azərbaycanın hər zaman yanında" olduğunun və Azərbaycanın "heç vaxt tək" olmadığını əlavə etmişdir. Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışmış, həyatını itirən səfirlik əməkdaşına başsağlığı vermiş və yaralananlara şəfa diləmişdir.