Talib Zeynalov () — Azərbaycanı təmsil edən pauerliftinqçi.
3 qat Avropa Rekordçusu, Avropa Çempionu, Dünya Çempionatının gümüş medalçısı, Dünya Kubokunun qızıl və gümüş medalçısı.
Həyatı Talib Zeynalov 23 avqust 2004-cü ildə Bakı şəhərində hərbçi ailəsində doğulub.
III qrup əlildir. 2021-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin Regionşünaslıq ixtisasına qəbul olub. 2019-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin tərkibində olan parapauerliftinq (ağırlıq qaldırma) idman növü ilə məşğul olur. Şəxsi məşqçisi İlqar İbişovdur. 2024-cü il fevral ayında Prezident İlham Əliyevin iştirak elədiyi Xocalı Soyqırım Memorial Kompleksinin təqdimatında iştirak etmişdir.
Karyerası 14 noyabr 2019-cu ildə V Uşaq Paralimpiya İdman Oyunlarında 105 kq çəki qaldıraraq qızıl medal qazanıb. 24 dekabr 2021-ci ildə VI Uşaq Paralimpiya İdman Oyunlarında 138 kq çəki qaldıraraq qızıl medal və kubok qalibi olmuşdur. 2022-ci il 24–28 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Açıq Avropa Çempionatında +107 kq çəki kateqoriyasında 155 kq çəki qaldıraraq qızıl medal sahibi olmuş və eyni zamanda rus idmançının rekordunu yeniləyib yeni avropa rekorduna imza atmışdır.
29 aprel — 1 may 2023-cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda 146 kq çəki qaldıraraq qızıl medala sahiblənmişdir. 22–30 avqust 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Çempionatında +107 kq çəki dərəcəsində 160 kq çəki qaldıraraq gümüş medala sahiblənsə də avropa rekordunu yenidən yeniləmişdir. 2025-ci il Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunda böyüklər arasında gümüş medal qazanmışdır.
İstinadlar