Cahid Süleyman oğlu Quliyev (10 yanvar 1928, Ağdam — 16 iyul 1991, Bakı) — Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi
Həyat Quliyev Cahid Süleyman oğlu 10 yanvar 1928-ci il tarixində Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. 1944-cü ildə Ağdam şəhərində orta məktəbi bitirdikdən sonra Ağdam şəhərindəki iki illik müəllimlər institutunun fizika-riyaziyyat ixtisasına daxil olmuş, 1946-cı ildə həmin institutu bitirmişdir. Həmin il Cahid Süleyman oğlu Quliyev S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş, 1951-ci ildə bu təhsilini də müvəffəqiyyətlə başa vurmuşdur. 1951-ci ildə universitetin fəlsəfə şöbəsini bitirdikdən sonra C. S. Quliyev taleyini Azərbaycan Dövlət Pedaqoji İnstitutuna bağlamış, ömrünün 40 ilini respublika üçün müəllim kadrların hazırlanması işinə həsr etmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin elmi sovetində "Fəhlə və kəndlilərin ittifaqını möhkəmləndirmək kommunizm quruculuğu üçün mühüm şərtdir" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmlər namizədi alimlik dərəcəsi almışdır. 1962-ci ildə ona dosent elmi adı verilmişdir. Fakültə dekanı vəzifəsində çalışan C. S. Quliyev 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin elmi sovetində "İncəsənətdə humanizm" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1974-cü ildə ona professor elmi adı verilmişdir. Bu illərdə C. S, Quliyev elmi kommunizm kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Həyatı 1957-ci ildə Quliyeva Tamilla Talıb qızı ilə ailə həyatı qurmuş, 16.07.1991-ci il tarixində vəfat etmişdir. Beş övladı, on bir nəvəsi, on bir nəticəsi var.
Təltifləri "Şərəf nişanı" ordeni ilə təltif edilmiş C. S. Quliyev 01.02.1990-cı il tarixində elmimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
Elmi fəaliyyəti C. S. Quliyev 30-dan çox elmlər namizədi və elmlər doktoru yetişdirmiş, 50-dən artıq elmlər namizədi və elmlər doktoru adını almaq üçün keçirilən müdafiələrdə rəsmi apponent kimi çıxış etmişdir. 25 kitab və kitabçanın, 100-dən artıq qəzet və jurnal məqaləsinin müəllifi kimi tanınmışdır. Onun "Tale varmı?" adlı ilk məqaləsi 1955-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunmuşdur. C. S, Quliyevin yazdığı əsərlər iki istiqamətdə olmuşdur: elmi-nəzəri və tədris-metodiki.
Kitabların siyahısı 1. "Səməd Vurğun yaradıcılığında vətənpərvərlik və beynəlmiləlçilik" – 1959 2. "Səməd Vurğun yaradıcılığında estetika məsələləri" – 1976 3. "Tarixi materializm" – 1968, (metodik vəsait) 4. "Cəmiyyət, insan, dünyagörüşü" – 1968 5. "Şəxsiyyət və cəmiyyət" – 1969 6. "Dialektik materializm" – 1970, (metodik vəsait) 7. "Sovet adamının mənəvi siması" – 1976 8. "Azərbaycan Sovet incəsənətində humanizm" – 1976 9. "Kollektiv və şəxsiyyət" – 1981 10. "Böyük humanist" – 1981 11. "İki dünya – iki həyat tərzi" – 1985 12. "Səməd Vurğun" – 1986 13. "Odur ki, bağlıyam sana…" – 1986, (rus dilində)
İstinadlar