II Süleyman () — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir.

Həyatı

Taxta çıxışı 15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687). O əsnada cülus mərasimində naqibüləşraf (Hz Məhəmmədin ailəsindən olanların hüquqlarını qoruyan dövlət məmuru), İstanbul naibi, nişançı vəzir, başqazılar, şeyxülislam, yüksəkrütbəli üləma və ordu rəhbərləri iştirak edirdi.

Səltənət illəri Sultan Süleymanın taxta çıxdıqdan sonra qarşılaşdığı ilk məsələ əsgərə paylanmalı olan cülus bəxşişi oldu. Bu əsnada Əndərun məktəbinin bəzi sinifləri ləğv edilərək bu sinfin nümayəndələri saraydan uzaqlaşdırıldı. Onların gördükləri saray işləri isə qapı ağasının səlahiyyətlərinə daxil edildi. XVI əsrdən bəri dəyişdirilən saray ağaları və zülüflü baltaçıların libasları əvvəlki formaya gətirildi. Yeddi ildir ki, boş qalan has odabaşı vəzifəsi Misirli Hacı Mustafa ağaya verildi. Sədarət naibi Körpülü Mustafa Paşanın vasitəçiliyi ilə Süleymaniyyə məscidinin hafizi olan Ərəbzadə Əbdülvəhab Əfəndi padşahın müəllimi təyin edildi və hər gün padşaha dərs deməsi müəyyənləşdirildi. Yeniçəri ağalarının təzyiqi ilə İstanbula gələrək Sancağ-ı Şərifi yeni padşaha təslim edən Abxaz Siyavuş Paşa sədarətdə saxlanıldı və üsyançıların üzərinə göndərildi. Belə ki, o əsnada paytaxtda Əhməd çavuş və Kiçik Mehmed adlı iki şəxsin rəhbərliyindəki dəstələr quldurluqla məşğul olurdular. Digər yandan Atmeydanında toplanan sipahilər gecikmiş ülufələrinin ödənilməsini istəyirdilər. Ancaq ödənilməli olan məbləğ xəzinədə olmadığından Əndərun xəzinəsindəki gümüş və qızıl qab-qacaq, qılınclar vəs . Əşyalar zərbxanaya təslim edildi və yeni sikkələr zərb olundu. Ancaq bu da bəs etmədi və bəzi dövlət adamlarından "imdadiye" adlı vergi yığılması qərarlaşdırıldı. Yeni padşah 27 noyabr 1687 tarixində Əyyub Sultan məscidində şeyxülislam Dabbaqzadə Mehmed Əfəndi və yeniçəri ağası Mustafa ağanın əlindən qılınc qurşandı, ertəsi gün isə ilk cümə salamlığına çıxdı. Bu əsnada ülufə və cülus bəxşişi məsələsi səbəbilə qapıqulları yenidən ayaqlandı. Çünki Misirdən gələn xəzinəylə toplanan "imdadiye" vergisi də kifayət etməmişdi. Nəhayət, ödənişlər çətinliklə də olsa, tamamlandı və 22 dekabrda ilk normal divan məclisi toplandı.

Bütün bunlar olarkən, digər yandan da səfər hazırlıqları davam edirdi. 22 yanvar 1688 tarixində səfər elan ediləndə isə yeni bir iğtişaş baş verdi. Yeniçəri ağası Harputlu Süleyman ağanın, sədrəzəmin əmrinə zidd olaraq şəhərdəki qoçuları cəzalandırması və Əhməd Çavuşu öldürməsinin ardından Hacı Əli ağanın təşviqi ilə ayaqlanan üsyançılar yeniçəri ağasını öldürdükdən sonra sədrəzəmdən sədarət möhürünü tələb etdilər. ancaq Abxaz Siyavuş Paşa möhürü yalnız padşaha təslim edəcəyini deyərək köşkünə sığındı və burada müdafiə tədbirləri gördü. Sədarət möhürünü isə şeyxülislam Seyid Feyzullah Əfəndiyə təslim etdi. Nəhayət üsyançılar padşaha gedərək Abxaz Siyavuş Paşanın vəzifədən alınmasına razı saldılar və ertəsi gün köşkünə hücum edərək paşanı qətlə yetirib mallarını yağmaladılar.

İstanbul əhalisi isə bu vəziyyətdən narahat idi. 1 martda vəziyyətin sakitləşdiyini görən tacirlər dükanlarını açdılar ancaq quldurların bura hücum etməsi ilə dükanlar yenidən bağlandı. Ardından tacirlər və böyük əhali kütləsi birləşərək saraya getdi və quldurların cəzalandırılmasını istədi. İrəvan köşkündə keçirilən məşvərət məclisindən sonra Sancağ-I Şərif Babüssəlam qapısının iki qülləsi arasına asıldı. Elan edilən fərmanla müsəlman olan hər kəsin bu sancağın altında toplanması deyildi. Sancaq hadisəsi adlanan bu hadisənın sonunda yeniçəri ocağındakı nüfuzlu şəxslər padşaha itaət etdiklərini bildirdi. Çaşbaş qalan üsyançılar isə Sultan Süleymanı taxtdan endirib, qardaşı Şahzadə Əhmədi və ya qardaşı oğlu Şahzadə Mustafanı taxta çıxarmaq istədilər. Hətta bunlardan bəziləri bütün Osmanlı sülaləsinin aradan qaldırılaraq taxta Krım xanının dəvət olunmasını təklif etdi. Əhalinin təkidiylə sədarət naibi Nişançı İsmayıl Paşa sədarətə, Dabbaqzadə isə şeyxülislamlığa gətirildi. Bu əsnada möhürü təslim edən sabiq şeyxülislam Seyid Feyzullah Əfəndi Sultan Mehmed tərəfdarı olaraq görüldü və Ərzuruma sürgün edildi. Xalqın təmsilçisi olan Osman Fəzli Əfəndinin tövsiyəsilə Bosniyalı Həsən ağanın yeniçəri ağası olması əhalini sakitləşdirdi. Ertəsi gün saray ətrafına toplana əhali bü dəfə də hərbi dəstə rəhbərlərinin dəyişdirilməsini istədi. Nəhayət üsyançı dəstə rəhbərlərinin də zərərsizləşdirilməsinin ardından Sultan Süleymanın taxta çıxışından bəri 4 aydır ki, davam edən iğtişaşlı dövr başa çatdı.

İstanbulda bu hadisələr baş verərkən sərhəd bölgələrindən qalaların bir-bir əldən çıxması xəbərləri gəlirdi. Osmanlının Avropadakı torpaqları Avstriyalıların və Venesiyalıların əlində bölüşdürülmüşdü. Digər yandan paşalığa gətirilən erməsi əsilli üsyançı Osman Paşa İstanbula yaxın bir ərazidə öz ordusu ilə toplanmış, paytaxtdakı üsyançılara dəstək verirdi. Mərkəzdən uzaqlaşdırılması üçün əvvəlcə Rumeli bəylərbəyi olaraq Belqradın mühafizəsi ilə vəzifələndirildi, ardından Macarıstan sərdarı təyin olundu. Bu təyində yeni sədrəzəmin səfərə getmək istəməməsi böyük rol oynadı. Ancaq getdiyi hər yerdə əhalini xərac verməyə zorlayan Osman Paşa sancağ-ı şəriflə birlikdə sədarət möhürünü istəyərək kəndxudasının da Qaraman bəylərbəyiliyinə gətirilməsini tələb etdi. Sərdarlıqdan alınan Osman Paşanın ələ keçirilməsi üzrə əhalidən əsgər toplandı və sərdarlığa xəzinədar Həsən Paşa gətirildi. Sədrəzəm Nişançı İsmayıl Paşa isə əyalətlərdəki üsyançıların gizlicə qətlə yetirilməsi üçün əyalət rəhbərlərinə fərmanlar yollamış, bu səbəblə padşahın müəllimi və Darüssəadə ağasının da tövsiyəsilə vəzifədən alınmışdı (2 may 1688). Yeni sədrəzəm Bəkri Mustafa Paşa isə üsyançıların sülhlə aradan qaldırılması üçün onlara əyalətlərdə vəzifələr verdi. Osman Paşa isə bağışlanaraq Bosniyaya göndərildi. Ancaq vəzifə yerinə getməyən Osman Paşa Belqraddakı Macarıstan sərdarı Həsən Paşanın üzərinə hücum edərək özünü sərdar təyin etdi (9 iyul 1688) və mərkəzi hökumət bununla razılaşdı.

Bəkri Mustafa Paşanın sədarəti dövründə Avstriya və müttəfiqləri ilə sülh bağlanmasına qərar verilmişdi. Sülh danışıqlar üçün divan katiblərindən Zülfiqar Əfəndi Vyanaya elçi olaraq göndərildi. Elçiyə dəstək olaraq Ədirnəyə qədər onunla gedən Sultan Süleyman burada səfər elan etdi (25 iyul 1688). Ancaq xəzinədə səfər üçün lazım olan pul məbləği yox idi. Çünki Osmanlı xəzinəsi Avropadakı torpaqların əldən çıxmasıyla buradakı qeyri-müsəlman əhalidən alınan vergilərdən məhrum olmuşdu. Digər yandan Anadoludakı üsyanlar buradan vergi yığılmasına da mane olurdu. Xəzinənin doldurulması üçün dəftərdar Mehmed Paşanın səyləri ilə yeni vergilər təyin olundu. Ancaq aparılan maliyyə islahatları əhalini çətin vəziyyətə saldı. Ən ağırı isə misdən kəsilən və "mangır" adlanan pul vahidinin dövriyyəyə buraxılması ilə başlayan inflyasiya oldu. Bu pul vahidi ilə ticarət aparmaq istəməyən tacirlər isə İstanbula mal göndərməyi dayandırmış, bu səbəblə paytaxtda qiymətlər bahalaşmışdı. Maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər, vergi toplanması üçün şərabxanaların yenidən açılması, tütünə gömrük vergisinin tətbiq edilməsi və s. tədbirlər də çarə olmadı.

Bu əsnada Osman Paşa məktub göndərərək Avstriyalılarla gedən döyüşlərdə məğlub olduğunu və əlavə hərbi dəstək istədiyini bildirmişdi. Belqrad qalasının mühasirəyə alınması ilə şəhər əhalisi qayıqlar vasitəsilə şəhərdən qaçmağa başlamışdı. Ardından Sultan Süleyman 11 sentyabr 1688 tarixində Ədirnəyə gəldi. Osman Paşaya göndərilən məktubla bölgənin mühafizə edilməsi əmr edildi. Padşah Ədirnənin Havsa bölgəsinə gələndə isə Belqradın itirildiyi xəbərini aldı və ağlayaraq "Emir Allah’ındır" ("Əmr Allahındır") dedi. Bir ay yarım Ədirnə yaylağında qalan padşah havaların soyuması ilə saraya çəkildi və orduun Ədirnədə qışlamasına qərar verdi. 6 ay davam edən bu dövr ərzində həm daxildəki üsyançılar yatırılmağa çalışıldı, həm də bahardakı səfər üçün orduya əsgər toplandı. Ancaq əsas üsyançı rəhbəri olan Osman Paşa hələ də fəaliyyətinə davam edirdi. Sofiya şəhərinə çəkilən Osman Paşa burada qaldığı bölgəyə adına uyğun olaraq Yeğenabad adını vermişdi. Topladığı qanunsuz vergilərlə yanaşı, padşahın əmrlərinə də riayət etmirdi. Buna cavab olaraq əvvəlcə sərdarlıqdan alındı və yerinə Ərəb Rəcəb Paşa Macarıstan sərdarı təyin olundu. Bir müddət təqib edilən Osman Paşa ələ keçirilərək edam olundu. Onun Anadoludakı müttəfiqləri olan Sivas bəylərbəyi Gədik Mehmed Paşa və Çorum sancaqbəyi Cəridoğlu da aradan qaldırıldı. Macarıstan səfərinə çıxmazdan öncə rusların böyük bir orduyla Krıma yaxınlaşması xəbəri gəldi və buna görə Səlim Gəray dərhal ordusunu toplayaraq vətəninə döndü. Burada rusları məğlub edərək (30 may 1689) yenidən Ədirnəyə dönən Səlim Gəray padşah tərəfindən mükafatlandırıldı.

Bir müddət öncə Vyanaya göndərilən Zülfiqar Əfəndinin sülh müzakirələri aparmaq əvəzinə həbs edilməsinin ardından padşah Macarıstana yeni bir səfərə çıxamağa qərar verdi. Bu əsnada Anadolu və Rumelindən toplanan əsgərlər də əsas orduya qoşuldu. O günlərdə isə orduda padşahın xəstə olması barədə şayiələr yayıldı. Sultan Süleyman həqiqətən xəstə idi və kəcavəylə yola çıxmışdı. Şiddətlə yağan yağışlar səbəbilə daşan çay sularının altında qalan Ədirnədən keçən Osmanlı ordusu 26 iyun 1689 tarixində Sofiyaya çatdı və padşahın burada qalmasına qərar verildi. Macarıstan sərdarı Rəcəb Paşaya Belqradın geri alınması əmri verildi. Bu əsnada sərhəd bölgələrindən qələbə xəbərləri gəlirdi. Bosniya sərhəddində mühasirəyə alınan Vişeqrad qalası mühasirədən azad olmuş, Banaluka və Dupniçaya edilən hücumların qarşısı alınmış, Valievo, Berçka və İzvornik qalaları düşməndən azad edilmiş, Temeşvar qalasına gedən yol açılmışdı. Bundan başqa Dunay çayında üzən Avstriya donanması və quruya çıxarılan ordusu məğlub edilmişdi. Venesiya cəbhəsində isə Rodos sahillərində gedən dəniz döyüşlərində qələbə qazanılmışdı. Ancaq sərdar Ərəb Rəcəb Paşanın fəaliyyəti elə də, parlaq deyildi. Xidmətindəki münəcciminin də təsiriylə yavaş hərəkət edən və idarəsindəki ordunu nizamlaya bilməyən Rəcəb Paşa 20 minlik süvari qoşunla Belqrad və Səməndirə ərazilərinə hücumlar edirdi. Yavaş irəliləməsi və idarəsindəki əsgərlərin ona olan etimadsızlığı isə qələbə qazanmasına mane olurdu. Nəticədə Batoniçada Rəcəb Paşa Avstriyalılara məğlub oldu və ordunun döyüş sursatı düşmən əlinə keçdi. Xəbəri alan Sultan Süleymanın isə ağlayaraq xainlərə qarğış etdiyi rəvayət olunur.