Türkan Örs Baştuğ () — türk müəllim və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci və 6-cı parlamentində Antalya seçki dairəsinin millət vəkili olaraq fəaliyyət göstərib.
Erkən həyatı Türkan Örs Baştuğ 1900-cü ildə Üsküdarda anadan olub. Onun atası Mehmet Səbri bəy, anası Abidə xanımdır. Baştuğ ibtidai və orta təhsilini Bezmialem liseyində tamamladıqdan sonra Darülfünunun fəlsəfə bölməsində ali təhsil almışdır.
Pedaqoloji fəaliyyəti O, on ilə yaxın Feyziati (Boğaziçi) liseyində müəllim və idarəçi işləyib. O burada ictimai elmlər, mənəviyyat, məntiq və metafizikadan dərs deyirdi. Baştuğ 1927-ci ildə 3 ay müddətinə Qız müəllimlər məktəbində, 1930-cu ildə 3 ay müddətinə İstanbul qız liseyində müvəqqəti müəllim kimi fəlsəfə dərsini tədris edib.
Siyasi fəaliyyəti Türkiyədə qadınlara seçkilərdə seçmək və seçilmək hüququ verildikdən sonra keçirilmiş ilk parlament seçkiləri olan 1935-ci il parlament seçkilərində Türkan Örs Baştuğ CHP tərəfindən Antalya millət vəkili olaraq namizəd göstərilmiş və Baştuğ 590 seçicinin səsi ilə 5-ci dövr Türkiyə Böyük Millət Məclisinə daxil olmuşdur. O 1935-ci il martın 1-də and içib və 1935-ci il martın 7-də qeydiyyat şəhadətnaməsini alıb. Səlahiyyət müddəti 27 dekabr 1938-ci ildə başa çatan Baştuğ 3 aprel 1939-cu ildə yenidən məclisin üzvü seçilib.
Türkan Baştuğ millət vəkili seçildiyi dövrdə Türkiyədə Soyad Qanunu qüvvəyə minmiş və Türkana "Baştuğ" soyadı prezident Mustafa Kamal Atatürk tərəfindən verilmişdir. Baştuğ 1937-ci ildə Bekir İzzet Örs ilə evlənərək " Örs " soyadını alıb. 1946-cı ildə onların evliliyi bitmiş və o yenidən Baştuğ soyadını götürmüşdür.
1943-cü il dekabrın 15-də Baştuğun parlamentdəki vəzifəsi başa çatmış və o, Ankara Atatürk liseyinə fəlsəfə müəllimi təyin edilmişdir. Baştuğ 1963-cü il oktyabrın 5-də təqaüdə çıxana qədər müəllim işləyib.
Türkan Baştuğ 1975-ci il sentyabrın 27-də İstanbulda vəfat edib.
İstinadlar
Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:Türkiyə pedaqoqları