Sütəmurdov — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində Sütəmuradov ərazi dairəsində yerləşən kənd.

Etimologiyası Sütəmurdov kəndinin adı toponimik araşdırmalara əsasən talış və Azərbaycan dillərindən formalaşıb. Buna əsasən kəndin adı iki hissəyə bölünür: sütə və murdov. Sütə – “yanmış”, murdov isə – “bataqlıq” mənasını verir. Buna əsasən "Sütəmurdov" toponimi “yanmış bataqlıq” deməkdir.

Coğrafiyası Sütəmurdov kəndi Azərbaycan Respublikasının cənub-şərqində, Lənkəran şəhərinin Xəzər dənizi sahilində yerləşən yaşayış məntəqəsidir. Kənd Lənkəran ovalığında, əsasən düzənlik ərazidə qurulub. Ərazinin hündürlüyü dəniz səviyyəsindən aşağıdır (təqribən –22 metr). Bu xüsusiyyətinə görə kəndin torpaqları məhsuldar, iqlimi isə nisbətən rütubətli və subtropikdir.

İqlim şəraiti kənd təsərrüfatı üçün çox əlverişlidir. Sütəmurdovda çayçılıq, tərəvəzçilik, sitrus meyvəçilik və digər sahələr inkişaf edib. Kəndin yaxınlığında yerləşən Hirkən Milli Parkı və Qızılağac Dövlət Qoruğu bölgənin zəngin təbii ehtiyatlara malik olduğunu göstərir. Burada nadir ağac və heyvan növləri qorunur.

Kənddə əhali sıxlığı orta səviyyədədir (4634 nəfər). Yerli infrastruktur əsasən kənd təsərrüfatı və yaşayış tələblərinə uyğun inkişaf edib. 1930-cu illərdə inşa olunmuş Sütəmurdov körpüsü kəndin Lənkəran şəhəri ilə birbaşa əlaqəsini təmin edir.

Tarixi Arxeoloji və tarixi tədqiqatlar göstərir ki, Lənkəran bölgəsi Azərbaycanın ən qədim yaşayış ərazilərindən biridir. Neolit və Tunc dövrlərindən başlayaraq Talış dağlarının ətəkləri və Xəzərsahili düzənliklərdə insanlar məskunlaşmışdır. Sütəmurdov ərazisində bu dövrə aid birbaşa qazıntılar məhdud olsa da, onun yerləşdiyi ərazi qədim yaşayış arealının tərkib hissəsi hesab edilir. Bu ərazilərdə əhali əsasən əkinçilik, maldarlıq, ovçuluq və balıqçılıqla məşğul olmuşdur.

Makedoniyalı İsgəndərin imperiyası dağıldıqdan sonra Azərbaycanın cənub torpaqları Atropatena dövlətinin tərkibinə daxil oldu. Müasir Lənkəran bölgəsi də bu dövlətin şimal-şərq hissəsində yerləşirdi. Həmin dövrdə bölgə Xəzər dənizi vasitəsilə ticarət əlaqələrinin inkişaf etdiyi ərazilərdən biri idi. Yerli əhali kənd təsərrüfatı, üzümçülük və heyvandarlıqla məşğul olur, dövlətə vergi ödəyirdi.

III–VII əsrlərdə bölgə əvvəlcə Sasani imperiyasının, daha sonra ərəb xilafətinin hakimiyyəti altına keçdi. İslamın yayılması ilə bölgədə məscidlər və dini mərkəzlər formalaşmağa başladı. Lənkəran ətrafı mühüm kənd təsərrüfatı zonası kimi inkişaf etdi.

IX–XV əsrlərdə Lənkəran ətrafı müxtəlif yerli hakimlərin idarəsində olmuş, Talış bölgəsinin yaşayış məntəqələri inkişafını davam etdirmişdir. Əhali əsasən düyüçülük, bağçılıq və maldarlıqla məşğul olmuşdur.

XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Lənkəran bölgəsi dövlətin mühüm sərhəd ərazilərindən birinə çevrildi. Sütəmurdovun yerləşdiyi ərazi Talış mahalının tərkibində idi. Bu dövrdə kənd təsərrüfatı genişləndi, düyü və çay üçün əlverişli torpaqlardan istifadə edildi.

Qədim mənbələr kənddə yerləşən qədim məscidin XVIII əsrin əvvəllərində Hacı Novruzəli tərəfindən tikdirildiyi göstərilir. Bu, Sütəmurdovun həmin dövrdə artıq formalaşmış yaşayış məntəqəsi olduğunu göstərən mühüm tarixi faktlardan biridir.

1747-ci ildə Nadir şahın ölümündən sonra Talış xanlığı yarandı. Lənkəran xanlığın paytaxtı oldu və Sütəmurdov paytaxtın yaxınlığındakı kəndlərdən biri kimi strateji əhəmiyyət qazandı.

Bu dövrdə Sütəmurdov yaxınlığında yerləşən Dairəvi qala Lənkəran qalasının müdafiə sisteminin mühüm hissəsi idi. Tarixi mənbələr onun XVIII əsrin ikinci yarısında inşa edildiyini göstərir.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra bölgə tam şəkildə Rusiya imperiyasının tərkibinə daxil edildi. Sütəmurdov Lənkəran qəzasının kəndlərindən biri idi.

Bu dövrdə:

• kənd təsərrüfatı genişləndi;

• düyüçülük və bağçılıq inkişaf etdi;

• yol və körpü infrastrukturu quruldu.

Lənkəran çayı üzərində salınmış metal konstruksiyalı Sütəmurdov körpüsü XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa edilmiş və bu gün də tarixi memarlıq abidəsi kimi qorunur.

Azərbaycan Xalq Cümhuriyyəti illərində Lənkəran bölgəsi mürəkkəb hərbi-siyasi hadisələrin mərkəzində idi.

1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin hücumları zamanı Lənkəran qəzasının bir sıra yaşayış məntəqələri kimi Sütəmurdov da ağır hadisələr yaşamışdır. 1919-cu ildə Lənkəran uğrunda gedən döyüşlərdə Azərbaycan Xalq Cümhuriyyətinin qələbə qazanmasından sonra kənd strateji mövqelərdən biri olmuşdur.

1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra kənd kolxoz sisteminə daxil edildi.

Bu dövrdə:

• kollektiv təsərrüfatlar yaradıldı;

• məktəb və tibb məntəqələri açıldı;

• elektrik və yol infrastrukturu inkişaf etdirildi;

• çayçılıq, tərəvəzçilik və sitrus bağları genişləndirildi.

Sütəmurdov Lənkəran şəhərinin inkişaf edən kəndlərindən biri kimi tanındı.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Sütəmurdov yeni inkişaf mərhələsinə qədəm qoydu.

1999-cu ildə bələdiyyə sistemi yaradıldı. Sonrakı illərdə:

• yeni yollar çəkildi;

• körpü və kommunikasiya şəbəkələri yeniləndi;

• məktəb və sosial obyektlər əsaslı təmir edildi;

• sahibkarlıq və xidmət sektoru inkişaf etdi.

Hazırda kənd Lənkəran şəhərinin ən iri yaşayış məntəqələrindən biridir.

Əhalisi Sütəmurdov kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 4.634 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.

Tanınmış şəxsləri Baloğlan Abbasov – Azərbaycan-sovet snayperi, İkinci Dünya Müharibəsi iştirakçısı. Fərman Quliyev — kənd təsərrüfatı elmləri doktoru, professor. Atakişi Quliyev – Azərbaycan-sovet mühəndis-hidrotexniki, təsərrüfat rəhbəri və dövlət xadimi, "Azərbaycan Respublikasının Əməkdar mühəndisi". Rüfət Quliyev — III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı.

İqtisadiyyatı

Sütəmurdov kəndi Azərbaycan Respublikasında hallabonqun əkildiyi ilk kənd kimi tarixə düşmüşdür. Sütəmurdov kəndinin ərazisində ümumi sitrus bağının sahəsi 80 hektardan çoxdur ki, bunun 10 hektarında təxminən 4 minədək hallabonq ağacı əkilmişdir. Bu ağaclar kənd iqtisadiyyatına mühüm töhvə verir.Aqronom: Əkin yeri yaxşı olarsa, hallabonq ağacından ildə 3-4 dəfə məhsul götürmək mümkündür VİDEO . azertag.az, 28.11.2018

Gəzməli və görməli yerləri

Sütəmurdov körpüsü — Lənkəran şəhərində 100 ilə yaxın yaşı olan Sütəmurdov körpüsündən bu gün də intensiv istifadə olunur. Bir vaxtlar alman mütəxəssisləri tərəfindən inşa olunmuş bu körpünün əsas özəlliklərindən biri onun beton deyil, tamamilə dəmir konstruksiyalardan inşa olunmasıdır. Körpü Lənkəran şəhəri ilə Sütəmurdov kəndini birləşdirir və həm piyadalar, həm də avtomobillər üçün nəzərdə tutulmuşdur. Körpüdən günəşin batışını və Talış dağlarının əsrarəngiz mənzərəsini izləmək mümkündür. Sütəmurdov Məscidi — Lənkəran şəhərinin tarixi baxımdan ən qədim dini tikilisidir. XVIII əsrin əvvəllərində kənd sakini Hacı Novruzəli adlı bir imkanlı şəxs - tacir öz şəxsi vəsaiti hesabına tikdirib. Xəzər Lənkəran Mərkəzi Stadionu — Xəzər Lənkəran FK-na məxsus stadion. Stadion azarkeşlər tərəfindən "Fırtınalar meydanı" adlandırılır. Sütəmurdov çimərlikləri — Xəzər dənizinin sahilində yay fəslində fəaliyyət göstərən çimərliklər kompleksi. Çimərliklər pullu və pulsuz olmaqla fəaliyyət göstərir. Çimərliklərdə otellər, kafelər və restoranlar da mövcuddur. Palıdlı Sahil İstirahət Mərkəzi — geniş və yaşıl parkları ilə ziyarətçilərə təbiətlə iç-içə dincəlmə imkanı təqdim edir. İdman mərkəzləri, müxtəlif idman növləri ilə məşğul olmaq istəyənlər üçün müasir və tam təchiz olunmuş şərait yaradır. Mərkəzdə həmçinin, açıq hava fitness sahələri və yürüş yolları da mövcuddur, bu da ziyarətçilərə sağlam və aktiv istirahət etməyə imkan verir. Dörd Fəsil Restoranı — Lənkəranda yerləşən və yerli mətbəxin ləziz təamlarını təqdim edən tanınmış bir məkandır. Restoran, hər fəsilə uyğun dizayn edilmiş interyerə malikdir və ziyarətçilərə unikal bir atmosfer təqdim edir. Burada təzə və yerli məhsullarla hazırlanan ənənəvi Azərbaycan yeməklərinin dadını çıxarmaq mümkündür, bu da Dörd Fəsil Restoranını həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici bir məkan edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri