Xəyalə Ağayeva (tam adı: Xəyalə Zakir qızı Ağayeva; ) — azərbaycanlı jurnalist və siyasi məhbus; 2015-ci ildən "Meydan TV"nin reportyoru.
Xəyalə Ağayeva peşə fəaliyyəti ərzində dəfələrlə saxlanmalarla, polis müqaviməti və pis rəftarla üzləşmiş, 2024-cü il, dekabrın 6-da isə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsində "Meydan TV" jurnalistləri barəsində açılmış cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılmış, dekabrın 8-də Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdi.
Xəyalə Ağayeva və iş üzrə həbs edilən daha altı nəfər (sonradan, 2025-ci ilin fevral-avqust ayları ərzində iş üzrə daha beş nəfər həbs edilmişdi) barəsində Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Avqustda isə ibtidai istintaqı aparan BŞBPİ İstintaq və Təhqiqat İdarəsi işi üzrə təqsirləndirilən şəxslərə, o cümlədən Xəyalə Ağayevaya qarşı yeni ittihamlar irəli sürmüşdü. Bununla da onların hər biri ümumi olaraq Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurdu: Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3-cü (…mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193–1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193–1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma — mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə).
Xəyalə Ağayeva və iş üzrə həbs edilmiş digər jurnalistlər birqayda olaraq ittihamları rədd etmiş, həbslərini peşə fəaliyyətləri ilə əlaqəndirmişdi. Onların həbsi ABŞ Dövlət Departamenti və Avropa Parlamenti tərəfindən, həmçinin bir sıra nüfuzlu yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi motivli hesab olumuş, onların azadlığa buraxılması üçün Azərbaycan iqtidarına çağırışlar edilmişdi.
Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Erkən illəri və jurnalist fəaliyyəti Xəyalə Zakir qızı Ağayeva 18 yanvar 1997-ci ildə Bakıda anadan olub. Rabitə Kollecində təhsil alıb.
2015-ci ildən Meydan TV-də jurnalist-reportyor olaraq çalışır. Peşə fəaliyyəti ərzində dəfələrlə saxlanmalarla, polis müqaviməti və pis rəftarla üzləşib.
2019-cu il, mayın 29-da Prezident Administrasiyasının qarşısında peşə fəaliyyətini yerinə yetirən zaman polislər tərəfindən saxlanılıb. Ağayeva Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsində 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb.
2019-cu il, oktyabrın 19-da Milli Şuranın etiraz aksiyası zamanı peşə fəaliyyətini yerinə yetirən zaman polislər tərəfindən saxlanılıb, bir neçə saat Nəsimi Rayon Polis İdarəsində (RPİ) saxlandıqdan sonra sərbəst buraxılıb.
2020-ci il, iyulun 14–15-də Milli Məclisin qarşısında baş verən etiraz aksiyasında peşə fəaliyyətini yerinə yetirən zaman polislər tərəfindən təzyiqlə üzləşib, onun telefonu və xidməti vəsiqəsi əlindən alınıb.
2022-ci, dekabrın 14-də Xəyalə Ağayeva və "Meydan TV"nin digər jurnalisti Aytac Tapdıq Xankəndi–Laçın yolunda etiraz aksiyasını işıqlandırmağa getsə də, orada "mülki geyimli və qara maskalı şəxslər" tərəfindən saxlanılmışdı. Heç bir səbəb göstərilmədən və izahat verilmədən, onlar sadəcə maşına mindirilib geri göndərilmişdi. Sərbəst buraxılmazdan əvvəl onların telefonları müsadirə edilmiş, video görüntülərin bir hissəsi isə silinmişdi. Bununla belə Tapdıq və Ağayeva lentə aldığı materialların bir hissəsini saxlamağa nail olmuş, həmin materiallar etiraz aksiyasında müstəqil media nümayəndələri tərəfindən lentə alınan yeganə material olmuşdu.
2024-cü il, noyabrın 15-də Xəyalə Ağayeva və Aytac Tapdıq BMT-nin İqlim Dəyişmələri Konfransı (COP29) zamanı heyvan hüquqları fəalı Kamran Məmmədlinin etirazını işıqlandıran zamanı mühafizəçilər tərəfindən saxlanılmışdı. Ağayeva və Tapdığ zorla xidməti otağa aparılmış, ardınca isə onlar tədbir ərazisindən çıxarılmışdı.
Xəyalə Ağayeva ənənəvi olaraq 8 martda baş tutan feminist aksiyalarında iştirak edib. O, Azərbaycan hökumətindən qadınlara qarşı zorakılıqla mübarizə aparmaq, həmçinin Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyaya (İstanbul Konvensiyası) qoşulmağı tələb edib.
Həbs edilməsi (2024) 6 dekabr 2024-cü ildə, günorta saatlarından etibarən sosial medialarda "Meydan TV"nin jurnalistləri, həmçinin bir sıra vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla 15-ə yaxın şəxsin polislər tərəfindən oğurlanması barədə məlumatlar yayılmışdı. Axşam saatlarında Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən Azərbaycana qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polislər tərəfindən bir neçə şəxsin araşdırma çərçivəsində saxlanılması, həmçinin bir sıra ünvalarda əməliyyat-axtarış tədbirlərinin aparılması barədə rəsmi məlumat verilmişdi.
Məlumata əsasən "Meydan TV" jurnalistləri Xəyalə Ağayeva və daha altı nəfər — Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko), həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsində "Meydan TV"nin jurnalistləri barəsində açılmış cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılmışdı. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Onlar birqayda olaraq ittihamları rədd etmiş, həbslərini peşə fəaliyyətləri ilə əlaqəndirmişdi. Xəyalə Ağayevanın vəkili Nazim Musayevin sözlərinə görə, Xəyalə Ağayeva fiziki təzyiqdən şikayət etməyib, amma ona psixoloji təzyiq göstərilib. "Xüsusilə, vəkili gəlməmişdən əvvəl Ağayeva ifadə verməyə məcbur edilib. Mən onu müdafiə etməyə başladıqdan sonra o, birinci ifadəsindən imtina edib", — deyə Musayev qeyd edib.
Dekabrın 8-də Xətai Rayon Məhkəməsində Xəyalə Ağayeva və saxlanılan digər altı nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılmışdı. Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda baş tutan iclaslarda təqdimatlara baxılmışdı. Nəticədə təqdimatlar təmin edilmiş və Xəyalə Ağayeva da daxil olmaqla saxlanılan şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmə qərarından sonra Xəyalə Ağayeva Sabunçu rayonunun Zabrat qəsəbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tabe olan Bakı İstintaq Təcridxanasına göndərilmişdi. Ağayevanın vəkili Nazim Musayev məhkəmənin qərarını əsassız adlandırıb: "Bu, tamamilə əsassız qərardır. Müvəkkilim Xəyalə Ağayeva ittihamların mahiyyətini belə başa düşməyib. Sadəcə onun dalınca gəlib evindən aparıblar. Onun həbsi ilə bağlı vəsatət ümumi formada yazılıb və jurnalistin təqsirini sübuta yetirən heç bir dəlil təqdim edilməyib", — deyə o bildirib.
13 dekabr 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsində Xəyalə Ağayevanın istintaq dövründə həbsdə saxlanması barədə Xətai Rayon Məhkəməsinin 8 dekabr 2024-cü il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb. Hakim Zaur Hüseynovun sədrliyilə qapalı baş tutan iclasda Xəyalə Ağayeva, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı tamamilə əsassız adlandırıb.
Xəyalə Ağayevanın vəkili Nazim Musayev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qaçaqmalçılıq ittihamı verilib, lakin onun ölkəyə qanunsuz yolla valyuta gətirməsi və yaxud bu cinayətdə iştirakı barədə heç bir sübut ortaya qoyulmayıb: "Xəyalə Ağayeva nə vaxtsa, ölkəyə qaçaqmal yolu ilə valyuta gətirib? Yaxud da gətirilməsində onun rolu nədən ibarət olub? Bununla bağlı bircə sübut varmı?", deyə Musayev əlavə edib. Nazim Musayev Xəyalə Ağayeva haqqında həbs qərarının ləğvini istəyib. Nəticədə hakim Zaur Hüseynov apellyasiya şikayətini təmin etməyib və Xəyalə Ağayeva haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qüvvədə qalıb.
14 yanvar 2025-ci ildə Xətai Rayon Məhkəməsimdə Xəyalə Ağayevanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfinin vəsatətini təmin edilməyib. Xəyalə Ağayeva prosesdə həbsinin birbaşa jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib. Vəkil Nazim Musayev prosesdə, Xəyalə Ağayevanın 40 gündür heç bir sübut-dəlil olmadan həbsdə saxlandığını xatırladıb, həmçinin dəlil və sübutlar ortaya qoyulmadan jurnalist haqqında dekabrın 8-də həbs qərarını hazırda ev dustaqlığıyla bağlı vəsatətə baxan hakimin elə Sülhanə Hacıyeva olduğunu xatırladıb.
Xəyalə Ağayeva və müdafiəçiləri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verib. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində baş tutan qapalı iclasda Xəyalə Ağayevanın apellyasiya şikayəti rədd edilib və qərar qüvvədə saxlanılıb.
14 mart 2025-ci ildə Xətai Rayon Məhkəməsi Xəyalə Ağayevanın barəsində seçilmiş həbs müddətinin daha 3 ay uzadılması barədə qərar verib.
24 iyun 2025-ci ildə Xətai Rayon Məhkəməsi istintaq orqanının Xəyalə Ağayeva barəsində seçilmiş həbs qətimkan tədbirinin üçüncü dəfə uzadılması ilə bağlı vəsatətinə baxıb. Məhkəmənin qərarına əsasən Ağayeva barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2025-ci il oktyabrın 6-dək uzadılıb.
2 iyul 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsində Xəyalə Ağayeva barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb. Hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfinin şikayəti təmin edilməyib.
28 avqust 2025-ci ildə ibtidai istintaqı BŞBPİ İstintaq və Təhqiqat İdarəsində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslərə, o cümlədən Xəyalə Ağayeva qarşı yeni ittihamlar irəli sürüldü. Bununla da onların hər biri ümumi olaraq Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurdu: Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3-cü (…mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193–1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193–1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma — mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə).
20 sentyabr 2025-ci ildə Xətai Rayon Məhkəməsi istintaq orqanının Xəyalə Ağayeva barəsində seçilmiş həbs qətimkan tədbirinin dördüncü dəfə uzadılması ilə bağlı vəsatətinə baxıb. Məhkəmənin qərarına əsasən Ağayeva barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2026-cı il yanvarın 6-dək uzadılıb.
30 sentyabr 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsində Xəyalə Ağayeva barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb. Hakim Zamin İbrahimovun sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfinin şikayəti təmin edilməyib.
Reaksiyalar
Ölkədaxili Meydan TV jurnalistlərinin həbsi beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqid edilib. Azərbaycanın müxalifət düşərgəsi – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP), Müsavat Partiyasının, REAL Partiyasının və Milli Şuranın liderləri jurnalistlərinin həbsini pisləyən bəyanatlarla çıxış ediblər. Həmin dövrdə həbs olunmuş hüquq müdafiəçisi Rüfət Səfərov isə istintaq təcridxanasından yaydığı bəyanatında Meydan TV jurnalistlərinin həbsini qınayaraq Azərbaycan iqtidarını repressiyalara son qoymağa çağırmışdı.
Beynəlxalq