"Savalan" və ya əvvəlki adı ilə "Qırmızı Oktyabr" — Azərbaycanda mebel fabriki. 1998-ci ildən "Savalan" ASC-nin tərkibindədir. Azərbaycanda əhəmiyyətli hesab olunan fabriklərdən biridir.

Tarixi

SSRİ-də "Qırmızı Oktyabr" mebel fabriki XX əsrin birinci yarısında Azərbaycan SSR-də tikilmişdir.

Fabrik hüquqi olaraq Azərbaycan SSR-də Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 noyabr 1978-ci il tarixli və 43/694 nömrəli "Torpaq sahələrinin ayrılması haqqında" qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Prodolnaya küçəsi, məhəllə 2021 ünvanında (indiki Bakı şəhəri, Keşlə qəsəbəsi, 1-ci Önünə küçəsi, ev 19 ünvanı) təsis edilmişdir. Fabrikin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü inşaat pasportunda və plan-ölçü sənədlərində 14 hektar olaraq göstərilmişdir. Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsi tərəfindən 1978-ci ildə hazırlanmış və təsdiq edilmiş inşaat pasportuna əsasən, "Qırmızı Oktyabr" mebel fabrikinə sexlərin tikintisi və rekonstruksiyası məqsədilə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 1978-ci ildən etibarən hüquqi cəhətdən cəmiyyətin istifadəsində və mülkiyyətində qalmaqdadır.

Yenidənqurma dövründə "Qırmızı Oktyabr" mebel fabrikində aktivizm hərəkatı başlamışdır. Aktivistlər 16 yanvar 1990-cı ildə yayımladıqları bəyanatda Qarabağ münaqişəsinin həll edilməsini tələb etmişdilər.

Azərbaycan Respublikasında Sonradan "Qırmızı Oktyabr" mebel fabriki "Azərmebelsənaye" Dövlət Konserninin "Savalan" mebel fabriki adı ilə fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 10 noyabr 1997-ci il tarixli 998 nömrəli sərəncamına əsasən "Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na, "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"yə və Azərbaycan Prezidenti Heydər Əliyevin 5 iyun 1997-ci il tarixli 573 nömrəli sərəncamına uyğun olaraq, keçmiş "Azərmebelsənaye" Dövlət Konserninin tabeliyində olan, Bakı şəhəri, Nizami rayonu, 1-ci Önünə küçəsi, 19 ünvanında yerləşən Bakı "Savalan" mebel fabrikinin əsasında "Savalan" Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu proses zamanı sərəncama əlavədə göstərilən istehsal sahələri istisna edilmişdir. Yeni yaradılmış "Savalan" ASC-nin Nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmiş, sonradan cəmiyyətin səhmlərinin 100%-i özəlləşdirilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən 16 fevral 2011-ci ildə verilmiş çıxarışa əsasən, "Savalan" ASC rəsmi olaraq 5 yanvar 1998-ci ildə qeydiyyata alınmışdır.

2023-cü il üzrə məlumatlara əsasən, "Savalan" ASC-nin nizamnamə kapitalı 2,416,824 manat təşkil edir.

1 iyun 2014-cü ildə "Savalan" ASC-nin ərazisində sahəsi 1000 m³ olan taxta sexinin pəncərə çərçivəsi və ətrafda olan taxta yonqarı 5 m³ sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın həmin gün söndürülmüşdür.

Bakı Fond Birjasının 2016-cı il məlumatlarına əsasən, "Savalan" ASC-nin səhmlərinin dəyərində əhəmiyyətli artım müşahidə edilmişdir. 15 noyabr 2016-cı ildə təkrar bazarda müəssisənin 20 səhminin alqı-satqısı üzrə əqd bağlanmışdır. Səhmlərin nominal dəyəri 2 manat olmasına baxmayaraq, onlar 63,5% artımla 3,27 manata satılmışdır. Bu, bir ay ərzində "Savalan" ASC-nin səhmləri üzrə qeydə alınmış üçüncü əqd olmuşdur. Belə ki, 27 oktyabrda şirkətin 20 səhmi nominal dəyərindən 20% baha – 2,4 manata, 1 noyabrda isə 43,5% baha – 2,87 manata satılmışdır. Ümumilikdə, 20 gün ərzində səhmlərin dəyəri 36,25% yüksəlmişdir.

"Savalan" ASC 2020-ci illərdə artan mənfəət dinamikası nümayiş etdirmişdir. Şirkətin əsas əməliyyat gəlirləri 2022-ci ildə 51 min manat təşkil etdiyi halda, 2023-cü ildə bu göstərici 703 min manata çatmışdır. Satışın maya dəyəri isə 2022-ci ildəki 431 min manatdan 2023-cü ildə 466 min manata yüksəlmişdir. 31 dekabr 2023-cü il tarixinə "Savalan" ASC-nin ümumi aktivləri 1 milyon 960 min manat təşkil etmişdir. Müqayisə üçün, 2022-ci ilin sonunda bu göstərici 1 milyon 781 min manat idi. Şirkət 2022-ci ildə daşınmaz əmlakın icarəsindən 563 min manat gəlir əldə etmişdir, lakin 2023-cü ildə bu sahədən gəlir qeydə alınmamışdır. Növbəti il, illik müqayisədə, şirkətin gəlirləri 652 min manat və ya 13,8 dəfə artmış, maya dəyəri isə 35,3 min manat və ya 8,2% yüksəlmişdir. Buna baxmayaraq, ümumi mənfəət 143,1 min manat və ya 37,7% azalaraq 236,9 min manata enmişdir.

2023-cü ildə "Azsığorta" şirkəti "Savalan" ASC-ni məhkəməyə vermişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan fabrikləri Kateqoriya:1978-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1998-ci ildə yaranan şirkətlər Kateqoriya:1998-ci ildə Azərbaycanda yarananlar