Qvadelupe Urbina (; ) — Kosta-Rikalı müğənni-bəstəkar, şair və aktivist. O, xalq musiqiçisi olmuş və bəstələri doğulduğu Quanakaste bölgəsinin şifahi ənənələrini əks etdirir. Urbina Avropa və ABŞ-da çıxış etmiş, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müxtəlif mükafatlar qazanmışdır.
Bioqrafiyası Qvadelupe Urbina 28 oktyabr 1959-cu ildə Kosta-Rikanın Quanakaste bölgəsindəki Sardinal kəndində anadan olmuşdur. O, Nikaraquadan gəlmiş mühacir bir ailənin onuncu və ən kiçik övladı idi.
Urbina musiqiçi bir ailədə dünyaya gəlmişdi – həm atası, həm də anası evdə musiqi ifa edirdi. O, uşaqlıq illərində anası Anxela Xuaresdən öyrəndiyi ənənəvi nağılları sonralar səhnədə canlandırmışdır. Yerli radiolarda rançeralar və Viktor Manuel, Joan Manuel Serrat kimi müğənnilərin mahnıları səslənirdi, və Urbina musiqiləri batareyalı radio ilə dinləyirdi. 8 yaşından ailə tədbirlərində müntəzəm çıxış edirdi və geniş repertuara malik idi.
11 yaşında anasını itirən Urbina, San-Xoseyə köçərək bacılarının himayəsində böyümüşdür. 16 yaşında gitara çalmağı öyrənmiş və şeir yazmağa, bəstəkarlıq etməyə başlamışdır. Daha sonra Kosta-Rikanın Heredia şəhərində yerləşən Milli Universitetdə musiqi və gitara üzrə təhsil almışdır. Burada iki il ardıcıl olaraq universitetin mahnı festivalında birinci yerə layiq görülmüşdür.
İlk karyera illəri və xaricdə yaşadığı dövr (1980-2000-ci illər) 1980-ci illərdə müxtəlif kaset yazıları hazırlayan Urbina, ilk dəfə 1986-cı ildə "La Paz del Mundo comienza en Centroamérica" adlı LP albomunda yer almışdır. 1987-ci ildə Niderlandın Utrext şəhərində keçirilən Latın Amerikası Musiqi Festivalında çıxış etmiş və bir il sonra Beynəlxalq Amnestiya təşkilatının "Human Rights Now!" turu çərçivəsində Kosta-Rikadakı konsertə dəvət almışdır. Milli stadionda baş tutan bu tədbirdə Yussu N'Dur, Stinq, Piter Qabriel, Treysi Çepmen və Bryus Sprinqstin kimi məşhur musiqiçilərlə eyni səhnəni paylaşmışdır. 1980-ci illərin sonunda artıq İspaniya, Seneqal, Fransa, Kanada və ABŞ-da beynəlxalq turnelərdə çıxış etmişdir.
1994-cü ildə İspaniyanın Madrid şəhərində yerləşən Círculo de Bellas Artes tərəfindən Qaviota mükafatına layiq görülmüşdür. 1995-ci ildə isə Radio France tərəfindən "Amerikanın Kəşfi" mükafatını Yussu N'Durun təqdimatında almışdır. 1990-cı illərin ortalarında Niderlanda köçmüş və burada ənənəvi Guanacaste xalq mahnılarını araşdıraraq öz bəstələri ilə birləşdirmişdir. Dövlət təqaüdü ilə vokal texnikasını təkmilləşdirmiş, eyni zamanda Anjelika Kico, Bobbi Makferri və Mari Boyn kimi musiqiçilərlə birlikdə emalatxanalarda dərs demişdir.
Avropada yaşadığı dövrdə hər il bir neçə ay Kosta-Rikaya qayıdaraq uşaqlara mədəni irs haqqında nağıllar öyrətmişdir. 1999-cu ildə "Voz Propia" adlı təşkilatı təsis edərək gənclərin incəsənət sahəsində inkişafına dəstək vermişdir. 2000-ci ildə qızı böyüyərkən yazdığı nağılları təsvir etmək üçün rəsm çəkməyə başlamışdır.
2001-ci ildə "Trópico Azul De Lluvia" albomunu Belçika-Hollandiya musiqi leybli Culture Records vasitəsilə buraxmışdır. "Agosto Azul" adlı mahnısı "The Rough Guide to the Music of Central America" albomuna daxil edilmiş və RootsWorld jurnalı tərəfindən yüksək qiymətləndirilmişdir. Həmçinin Putumayo World Music leybli onu "Garden of Eden" (2001) albomuna daxil etmişdir. 2002-ci ildə "Benito, Pánfila y el perro garrobero" adlı uşaq kitabını nəşr etmişdir.
Sağlamlıq problemləri və Kosta-Rikaya qayıdışı (2000-2010-cu illər) 2002-ci ildə beyin xərçəngi diaqnozu qoyulan Urbina Belçikada müalicə aldıqdan sonra Niderlanda qayıtmışdır. Lakin Hollandiya hökuməti onu əmək qabiliyyətsiz elan etmişdir və o, Kosta-Rikaya qayıtmağa qərar vermişdir. Sağaldıqdan sonra yaradıcı fəaliyyətini davam etdirmiş, hətta musiqili tamaşa yazmışdır.
2003-cü ildə İspaniyanın Horas y Horas nəşriyyatı onun "Al Menudeo" adlı kitabını çap etmişdir. 2006-cı ildə o və jurnalist María Suárez Toro GAEA Fondundan təqaüd qazanmışdır. Bu təqaüd alternativ sosial reallıqları araşdıraraq ədalət, yaradıcılıq və davamlılıq prinsiplərini inkişaf etdirmək üçün çalışan şəxslərə verilirdi. Bu təqaüd sayəsində 2007-ci ildə ABŞ-ın Massaçusets ştatında iki aylıq yaradıcılıq proqramına qatılaraq "Wings of the Butterfly" adlı teatr tamaşasını yazmışdır.
2009-cu ildə Kosta-Rika Milli Muzeyində "Los Colores de Guadalupe Urbina" adlı sərgisi təşkil olunmuşdur. Bu sərgidə onun Maya nağıllarından ilhamlanaraq Pop Wuj əsəri əsasında çəkdiyi 25 rəsm əsəri nümayiş olunmuşdur. O, bu rəsmləri akril, yağlı boya, qələm və kollaj texnikalarından istifadə edərək mango lifləri, tütün, tamarind və düyü kimi materiallardan hazırlanmış kağızlar üzərində yaratmışdır.
Kitabları
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Folklorşünaslar