Elnur Şəmistan oğlu Bağırov () — Azərbaycan iqtisadçısı və marketinq mütəxəssisi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri (2025-ci ildən).

Həyatı Elnur Şəmistan oğlu Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991–1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlamış, 2000-ci ilədək burada maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə, 2001–2002-ci illərdə isə "Coca-Cola" şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində işləmişdir. 2003–2021-ci illərdə "Imperial Tobacco" şirkətinin Azərbaycandakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərmişdir. 2021-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 27 avqust 2024-cü ildə bu qurum əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılmış və 12 fevral 2025-ci ildə Elnur Bağırov həmin agentliyinin sədri təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan iqtisadçıları