Dorotea Erksleben (; ) — Alman Maarifçiliyi dövrünün filosofu və Almaniyada tibb üzrə doktorluq dərəcəsi almış ilk qadın həkim.

Bioqrafiyası Dorotea Leporin Kristian Polikarp Leporin və Anna Sofiya (qızlıq soyadı Meynike) Leporinin ailəsində anadan olmuşdur. Atası Aşersleben şəhərində həkim idi, daha sonra isə Kvedlinburqda bələdiyyə tibb işçisi kimi fəaliyyət göstərmişdir. Anası Anna Sofiya isə Albert Meynikenin qızı idi. Doroteanın doğulduğu ev Kvedlinburqda, Ştaynvq 51 ünvanında yerləşir və hazırda memarlıq abidəsi kimi qorunur.

Dorotea erkən yaşlarından qeyri-adi intellektual bacarıqları və elmi araşdırmalara marağı ilə seçilirdi. O dövrdə qızlar üçün məktəb və universitetlərə qəbul qadağan olunduğuna görə, o, yerli gimnaziyanın rektoru tərəfindən fərdi şəkildə, məktub yazışmaları vasitəsilə latın dili üzrə təhsil almağa başlamışdır. Atası onun təhsilinə böyük önəm verirdi və Doroteanı qardaşı Kristian Polikarp Leporin ilə birlikdə dərslərə cəlb edirdi. O, burada xarici dillər, təbiət elmləri, incəsənət, eləcə də nəzəri və praktiki tibb sahələrini öyrənmişdir. Dorotea 16 yaşında olarkən, atası ona və qardaşına xəstələrə qulluq etmək icazəsi vermişdir. Qardaşı universitetə qəbul olunduqda, Dorotea da tibbi təhsil almaq istəyirdi. O, qadınların təhsil almasına qoyulan qadağalar haqqında düşüncələrini yazmağa başlamış və atasının tövsiyəsi ilə bu yazıları nəşr etdirmişdir.

O, İtaliyada təhsil alan qadın alim Laura Bassinin nümunəsindən ilhamlanaraq universitetə qəbul olunmaq üçün müraciət etmiş və Prussiya kralı II Fridrix onun ərizəsini qəbul etmişdir. Lakin bu zaman qardaşı hərbi xidmətə çağırıldığı üçün Dorotea təhsilini təxirə salmış və atasına xəstələrə baxmaqda kömək etməyə davam etmişdir. Atasının vəfatından sonra isə özbaşına tibb praktikasına davam etmiş, lakin bu fəaliyyətinə görə yerli həkimlər tərəfindən şarlatanlıqda ittiham olunmuşdur. Ona bildirildi ki, tibb sahəsində işləmək istəyirsə, rəsmi təhsil almalı və doktorluq dərəcəsi qazanmalıdır. Dorotea dissertasiyasını təqdim edərək, tibb üzrə doktorluq imtahanını müvəffəqiyyətlə vermiş və latın dilində suallara cavab verməsi ilə imtahan komissiyasını heyran etmişdir. Universitet rektoru onun çıxışını yüksək qiymətləndirərək, onu "kişi kimi" bacarıqlı adlandırmışdır. O, doktorluq dərəcəsini aldıqdan sonra tibb sahəsində çalışmaq hüququ qazanmışdır.

Traktat Dorotea Erkslebenin yazdığı traktat ("Gründliche Untersuchung") maarifçilik dövrünün ən mühüm feminist nəzəriyyələrindən biridir. O, qadınların təhsil almasına mane olan sosial qadağaları və yanlış inancları tənqid edirdi. Erksleben sübutlarla göstərirdi ki, bu qadağalar məntiqsiz və əsassızdır. O, qadınların elmi və akademik fəaliyyətə yararsız olduqları fikrini təkzib edərək, bu düşüncənin dini baxımdan da ziddiyyətli olduğunu qeyd edirdi. Əgər qadınlar intellektual cəhətdən kişilərdən zəif olsaydı, bu, onların ruhunun da kişilərdən fərqli olması demək olardı ki, bu da teoloji baxımdan qəbuledilməz idi.

Erksleben həmçinin vurğulayırdı ki, qadınların təhsildən kənarlaşdırılmasını əsaslandırmaq üçün irəli sürülən arqumentlər (fiziki zəiflik, həssaslıq və s.) əslində müəyyən sayda kişiyə də aid edilə bilər. Əgər bu arqumentlər məntiqli olsaydı, o zaman eyni xüsusiyyətlərə malik olan kişilər də təhsildən kənarlaşdırılmalı idi. Onun fikrincə, qadınların təhsil alması mümkündür, vacibdir və cəmiyyət üçün faydalıdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Feministlər Kateqoriya:Almaniya həkimləri Kateqoriya:Qadın ilkləri