2025 İstanbul zəlzələsi — 23 aprel 2025-ci ildə Türkiyənin İstanbul şəhərində baş vermiş zəlzələ. Yerli vaxtla saat 12:49-da baş verən bu zəlzələ Marmara dənizinin dərinliyində, İstanbulun təxminən 40 kilometr cənub-qərbində yerləşən ərazidə qeydə alınmışdır. Zəlzələnin gücü moment maqnituda şkalasında 6.2 bal olaraq ölçülmüşdür.

Hadisənin təsviri Zəlzələ AFAD və Kandilli Rəsədxanası tərəfindən 10 kilometr dərinlikdə qeydə alınıb. Episentr Marmara dənizində yerləşmiş və zəlzələ İstanbulun demək olar ki, bütün bölgələrində hiss olunmuşdur. Zəlzələ təxminən 10 saniyə davam etmiş və bölgədə panikaya səbəb olmuşdur. Əhalinin böyük hissəsi ev və iş yerlərindən küçəyə çıxmışdır.

Zəlzələdən sonra 290-dan çox afterşok qeydə alınmışdır. Onlardan ən güclüsü 5.9 Mw gücündə olmuşdur.

Təsirlər Zəlzələnin episentrə yaxın bölgələrdə tikili və infrastruktur obyektlərinə ciddi zərər dəymişdir. 378 bina müxtəlif dərəcələrdə zədələnmiş, bir çox binada çatlar və struktural boşluqlar yaranmışdır. Fatih rayonunda bir bina tamamilə çökmüşdür.

236-sı İstanbulda olmaqla ümumilikdə 359 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bir nəfər Özbəkistan vətəndaşı qorxudan ölüb.

Rəsmi tədbirlər Zəlzələdən dərhal sonra AFAD və yerli fövqəladə hallar xidməti əraziyə cəlb olunmuşdur. Axtarış-xilasetmə qrupları aktivləşdirilmiş, çökən və zədələnmiş binalarda yoxlamalar həyata keçirilmişdir. Məktəblərdə dərslər müvəqqəti dayandırılmış, bəzi bölgələrdə elektrik və su təchizatı fasilələrlə təmin olunmuşdur.

Beynəlxalq reaksiyalar Bir sıra ölkələr, o cümlədən ABŞ, Almaniya, Azərbaycan və Fransa Türkiyəyə başsağlığı vermiş və ehtiyac olduqda yardım göstərməyə hazır olduqlarını bildirmişlər. Bəzi beynəlxalq təşkilatlar isə yardım fondları ayıracaqlarını bəyan etmişlər.

İstinadlar

- AFAD rəsmi saytı - Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu - 2025 Istanbul earthquake – AP News - Istanbul earthquake prompts global aid offers - Istanbul Earthquake Information – Financial Times

Xarici keçidlər AFAD rəsmi saytı Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu

Kateqoriya:Türkiyədə zəlzələlər Kateqoriya:23 apreldəki hadisələr Kateqoriya:2025-ci ildəki hadisələr Kateqoriya:2025-ci ildə İstanbul Kateqoriya:Mərmərə dənizi